525.Az

Ustad və zaman...- (izahlı esse)


 

Ustad və    zaman...- <b style="color:red">(izahlı esse) </b>

QISA GİRİŞ 

O (Cəfər Cəfərov. 7 sentyabr 1914 – 19 sentyabr 1973)danışmağa başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri...

Özümüzü onun şagirdi adlandırmaq şərəfinə nail olduğumuz məqamda da: o danışmağa başlayanda biz susurduq... Sonra onunla həmkarlıqda bulunmaq səviyyəsinə yüksəldik, amma yenə də: o danışmağa başlayanda biz susurduq...

Moskvada yaşayan teatrşünas dostumuz Adilə xanım Səfərova bizlə arabir görüşəndə heyrət qarışıq qürurla deyirdi:-Paytaxtın ən mötəbər elmi məclislərində O danışmağa başlayanda hamı-kiçik elmi işçilərdən tutmuş sovet sənətşünaslığının “ağır topları”na qədər hamı susurdu...

...Özü də susmağı bacarırdı. Amma Onun susmağı başqa susmaq idi. Həmsöhbətini həvəsləndirici səbrlə dinlədiyi zaman susmağını demirəm, təlqinedici nitqinin ən maraqlı yerində birdən, sanki gözəgörünməz bir divara dirəndiyi kimi, əvvəl təəccüblə, sonra isə yorğun dözümlə bir müddət susub, yalnız ona bəlli olan mətləbdən vaz keçərək sözünə davam edərdi... Onun susmağı bizlərə bəzən dediklərindən daha maraqlı..., daha cəlbedici görünürdü, amma o zamanlar cürət edib Ustadımıza susmağı haqqında suallar verməzdik. Əslində, heç sual verə bilməzdik də: ağlımız hələ çox şeyi kəsmirdi, yalnız və yalnız DUYURDUQ... Duyurduq, təxmin edirdik ki, bu adam susduğu anlarda eyni ZAMANda bizlə deyil... haralardasa... ZAMANın başqa ölçülərində... başqa kəsiklərində görüb-anladıqlarından danışa bilmir. Uzun illər keçməliydi ki, o zaman ovsunlu, sehrli görünən halların əsl mənasını anlayaq: bu, Allahdan və təbiətdən nadir şəxslərə bəxş edilən ZAMANIN İÇİNDƏ bulunaraq hər şeyi – olub-olanları, olacaqları aydın, necə var, adekvat görmək bacarığı, VERGİsidir. Qədim kitabələrin birində deyilir ki, çoxlu bilgidə çoxlu kədər var, odur ki, bilgilərini artıran eyni zamanda kədərini, qəmini, ələmini artırır. Atalar da deyib ki, çox bilən çox danışmaz. Amma O, həm alim idi, həm müəllim, odur ki, həm bilgilərini artırmalıydı, həm də bildiklərini şagirdlərinə ötürməli, yəni çox danışmalı idi. Və indi-uzun ZAMAN məsafəsindən anlayırıq: məhz buna görə USTADımızın bütün sözlərində xəfif kədər sezilirdi, məhz bu səbəbdən danışığının ən şirin, ən maraqlı yerində O, birdən susurdu...

İndi mənə elə gəlir ki, USTADımız susduğu məqamlarında var olduğumuz XX əsrin 70-80-ci illərindən bu günlərin, yəni XXI əsrin başlanğıcındakı milli mədəniyyət və incəsənətimizin hal və olaylarını... şəxsiyyətlərini... sənət əsərlərini... ideya və fərziyyələrini apaydın görürdü, amma açıq danışa bilmirdi, çünki hamı onun kimi ZAMANın içində deyildi-çaşa bilərdilər...

...Sonrakı ağlımızın imkanlarından bəhrələnərək böyük alim... görkəmli pedaqoq... həssas sənətsevər... maraqlı, cazibəli insan... dövlət xadimi... milli mədəniyyət və incəsənətimizin böyük təəsübkeşi və uzaqgörən yönəldicisi CƏFƏR CƏFƏROVun susmaqla bildirdiyi məqam və mətləbləri bacardığımız qədər izah etmək cəhdində bulunub zamanın içində kiçik bir məntiqi-xəyali təcrübələr aparmaqla əziz xatirəsinə sayğı və minnətdarlığımızı bildirsək, zənnimizcə, azca da olsa borcumuzu ödəmiş olarıq...

 

ÖYRƏNDİKLƏRİMİZ

“...İnsan dünya haqqında bir çox əsas və vacib həqiqətləri beş yaşınacan öyrənir. Sonra yüz il yaşasa da qalan 95 il onun bu ilk beşillikdə öyrəndiklərini, mənimsədiklərini, inanıb-inanmadıqlarını təsdiq edir...”

ANA
(“Sizsiz”) 

...ANARIN ZAMAN qarşısında “Sizsiz” adlı duyğusal bədii-sənədli hesabatını ilk dəfə birnəfəsə oxuyanda, təbii ki, qəhərləndim: öz əzizlərimi xatırladım... itkilərin acı izləri bir də təzələndi... çağdaş Azərbaycan milli mədəniyyət və incəsənətimizin bütün səciyyələrini, problemlərini, suallarını və bir çox cavablarını özündə yaşadan böyük SƏNƏTKARın ağrılarını bölüşdüm... RƏSUL BƏYLƏ NİGAR XANIMA dönə-dönə rəhmət oxudum... ZAMAN həm də yaralara məlhəmdir, deyiblər. Növbəti dəfə “Sizsiz”i artıq sənətşünas gözüylə oxuyanda başqa, bəlkə də müəllifin heç nəzərdə tutmadığı mətləbləri sezməyə, öz problemlərimin inikasını görməyə başladım. ...Elm və sənət yolunun sıravi yolçusu olaraq bir çoxları kimi mən də bu möhtəşəm YOLa atdığım ilk addımlarımı çox yaxşı xatırlayıram və sayın Anarın sözlərinə azca düzəliş verib indi deyə bilərəm ki, bir çox əsas və vacib həqiqətləri CƏFƏR MÜƏLLİMdən beş il dərs aldığım zaman kəsiyində öyrəndim. Bir qədər bədiiləşdirib deyə bilərəm ki, “elmi uşaqlığım”ın ilk beşilliyində öyrəndiklərimi, mənimsədiklərimi bu günə qədər təsdiqləməyə çalışıram...

O ki qaldı inanıb-inanmamağa...

...Cəfər müəllim danışanda biz onun hər sözünə... hər yeni fikrinə-anlasaq da, anlamasaq da – şəksiz inanırdıq. Çünki onun dərsləri ənənəvi mühazirə üsulundan çox-çox uzaq idi: O, biz gənc tələbələrin qarşısında düşünürdü, düşündüklərini fövqəladə gözəl, səlis Azərbaycan dilində səsləndirirdi və bizdən cavab impulsunu alaraq tədricən qavrayışımızdan daha ali, daha mürəkkəb mətləblərin şərhinə başlayırdı. Çox həssas natiq idi: cavab impulsunun zəiflədiyini həmin andaca duyurdu, dodaqlarına güclə sezilən təbəssüm qonurdu və o, ustufca qavraya bildiyimiz səviyyəyə enirdi.

...Cəfər müəllim daim hərəkətdə, elmi dillə desək-arasıkəsilməz idrak prosesində idi və bu məqam onun dünyagörüşünü bütövlükdə təyin edirdi...

Elə ilk dərsdən O, bizlərə aşılamağa başladı ki, mədəniyyət və incəsənət olaylarını, konkret olaraq teatr sənətinin hadisələrini donuq halda deyil, yalnız və yalnız hərəkətdə, yəni PROSESDƏ dərk edib onu məhz bu mövqedən araşdırıb dəyərləndirmək olar. Xatırlayıram ki, bu mövzunu açıqlayıb özünəməxsus bəlağətlə danışanda tez-tez susurdu. İndi dəqiq bilirəm ki, O, Azərbaycan milli teatr prosesi haqqında, hələ o vaxtlar düşünürdü, amma məlum səbəblərdən milli teatr düşüncəsinin bütün inkişaf mərhələlərini öz adıyla, necə var deyə bilməzdi... “Ümumtürk mədəniyyəti”... “mistik başlanğıc”... “İslam mədəniyyətinin dəyərləri”... “milli-etnik kontekst”... “milli azadlıq İDEALları”... və bu kimi bu gün az qala ritorik ştamplara dönmüş ifadə-anlayışları o vaxtlar Cəfər müəllim dilinə gətirə bilməzdi. O, susurdu. Və bizə baxırdı. Sanki susduqlarının nə zamansa açıqlanmasını bizə vəsiyyət edirdi... Biz də inanırdıq ki, nə zamansa... kimsə bu mübarək işi görəcək. İnanmadığımız bir məqam da var idi: şəxsən mən inanmırdım ki, bu iş bizim yaş nəslinin payına düşəcək...

... “Teatr: seyr və sehr”... monoqrafiyamda Cəfər müəllimdən sitatlar o qədər də bol deyil, bunu mənə irad tutanlara deyirəm ki, elmi predmetimin qayəsini müəllimimin susaraq bizə ötürdükləri təşkil edib, susmağı isə sitata çevirmək müşkül işdir. Bunu yalnız poeziya bacarır: klassik yapon şeir forması olan xokkonun-dördlüklərin üçüncü misrası yoxdur, sükutdur... susmaqdır, amma şeirin “əsas və vacib həqiqətləri” məhz bu sükutda eşidilir...

...Deyilənlərə görə bir dəfə, özü də yurd dışında milli mədəniyyət və mənəviyyat haqqında yüksək rütbəli bir əcnəbi ilə söhbət zamanı Cəfər müəllim adətini pozaraq susmadı, düşüncələrini bütövlükdə, necə var, daxili senzurasız danışdı... Az keçmədi ki, Cəfər müəllim tutduğu yüksək vəzifədən uzaqlaşdırıldı... Bu haqda ondan soruşanda Sabirin misrasıyla cavab verdi:

–Öylə bilirdim ki, dəxi sübh olub...-deyə həmişəki kimi müəmmalı gülümsədi. Və susdu.

...Əminəm ki, Cəfər müəllim bu günləri-söz və düşüncə azadlığı şəraitində yazıb-yaratdığımız XXI əsrin əvvəllərini görürdü. Özü də yenə də necə var görürdü. Əks təqdirdə, niyə bir dəfə iki-üç nəfər etibar etdiyi tələbələrinə yarıyasaq olan SƏMƏD MƏNSURun “Söyüşkən” satirik şerini oxumuşdu?! O vaxtlar şerin yalnız rədifi-

–Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün.”

-yadımda qalmışdı. XX əsrin bitəcəyində 1999-cu ildə Anarın hazırlayıb nəşr etdirdiyi “Min beş yüz ilin Oğuz şeri” antologiyasında bu şeiri tam oxuyanda Cəfər müəllimin uzaqgörməsi məni heyrətə, hətta qorxuya saldı. Şeirin birinci bəndini göstərmək kifayətdir ki, məsələ tam aydın olsun:

Söyüşün, görsənə şücaətiniz,

Söyüşün, vazeh ola qeyrətiniz,

Söyüşün, kəşf ola nəcabətiniz,

Söyüşün, artıq ola hörmətiniz!

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

Şərhə ehtiyac varmı?...

 

BİLMƏDİKLƏRİMİZ

“...Zaman bizim bilə bilmədiyimiz, təsəvvür qabiliyyətimizdən çox-çox kənarda olan nəhəng məntiqi bir prosesdir. Bu proses həm də çox qorxulu, maddi bir əsas üstündədi və bəlkə də elə maddidir. Və ən əsası, hər şeyi həll edən odur...”

Afaq MƏSUD
(“Daranmamış fikirlər”)

...Qəribədir... Cəfər müəllimin kitabları çox deyil. Qəribəliyin birinci göstəricisi odur ki, Cəfər müəllimin bütün söylədiklərini kağıza köçürdüb onları kitab halında çap etdirmək imkanları həmişə olub. Bu imkanları həm də onun tutduğu vəzifələrin fəaliyyət şərtləri, məqsədləri diqtə edirdi və bütün texniki məsələləri onun əvəzinə əlinin altında, tabeçiliyində olan “aparat” yerinə yetirə bilərdi.

Qəribəliyin ikinci göstəricisi odur ki, Cəfər müəllimin elmi irsini təşkil edən fundamental əsərlərdən onu maraqlandıran, dərindən düşündürən məsələlərlə tanış olmaq, demək olar ki, çox çətindir. Mən indi də bilmirəm, niyə Cəfər müəllim özü əsl alim simasını kitablarda tam əks etdirməyib? Mən indi də bilmirəm, nədən O, başqalarını yazmağa sövq edərək gətirdiyi olduqca tutarlı arqumentləri özünə şamil etməyib? Mən indi də bilmirəm ki, hansı əsaslara görə o, müəlliflik iddiasından qurtula bilirdi? Hamıya məlumdur ki, o ideyalar generatoru idi və anlaşılmaz səxavətlə, hətta israfçılıqla ideyalarını paylayırdı!

Cəfər müəllimin haqqında düşünəndə təəssüflə etiraf etməli oluram ki, onun bu sirrini aça bilmirəm...

Hərdən mənə elə gəlir ki, məndən ötrü mücərrəd və bir çox mənalarda şərti anlayış olan “ZAMAN” Cəfər müəllim üçün, Afaq xanımın təbiriycə “maddi” varlıq idi, Cəfər müəllimin “ZAMAN”la münasibətləri mürəkkəb və “təsəvvür qabiliyyətimizdən çox-çox kənarda olan” ekzistensional müstəvidə gerçəkləşdirilirdi. Deyirəm, bəlkə məhz bu münasibətlərin gözəgörünməz şərtlərinə görə Cəfər müəllim yazmağı deyil, daha çox danışmağı və... susmağı tərcih edirdi?!

Bilmirəm...

Afaq Məsudun bədii və publisistik yazılarını oxuyanda bəzən sətirlərin arasından sanki Cəfər müəllimin mənə tuşlanmış baxışlarını görürəm-yəni ki, diqqət! Bu yer xüsusilə maraqlıdır! Müəllimin sözünə baxıb göstərilən parçanı bir də oxuyuram və... xatırlayıram ki, Afaq Məsudun açıq, cəsarətlə və məsuliyyətlə yazdıqlarını Cəfər müəllim eyham və ehtiyatla bizlərə deyirdi! Necə, hansı yollarla bütün bunlar zaman içindən Afaq xanıma ötürülüb?

Bilmirəm...

Bəlkə də, bilməməyim məsləhətdir, yoxsa hər şey adiləşər, sirli-sehrli ətrini itirər, belə yaşamaq isə, razılaşın ki, maraqsızdır. Qoy Cəfər Cəfərovla bağlı bəzi mətləblər elə qapalı qalsın. Zamanın içindən izn işarəsini görənəcən...

 

NƏ ETMƏLİ?

“...Olmaq ya olmamaq? Sual budur, bu!...”
ŞEKSPİR

“Hamlet”

Mənə elə gəlir ki, Cəfər Cəfərov üçün “hamletizm” yad idi... Düzdür, bu cür qəti fikir yürütməkdən ötrü kifayət qədər əsaslarım yoxdur: bu haqda MÜƏLLİMlə söhbətlərim olmayıb. Amma onun müxtəlif, o vaxtlar üçün aktual olan hadisələrə münasibətindən, açıq və eyhamlı mülahizələrindən aydın olurdu ki, bu adam dünyaya nikbinliklə baxır və nikbinliyinin  möhkəm əsasları var.

Təbii ki, zaman məsafəsindən Cəfər müəllimə baxanda, artıq tariximizdə baş vermiş hadisələrin prizmasından onun şəxsiyyətinə yanaşanda bu qənaətlərə gəlmək olar. Onunla birbaşa ünsiyyət zamanı isə söylədiyim məqamlar bu insanın açıq-aşkar saçdığı müsbət enerjidən duyulurdu. Bəzən mənə elə gəlir ki, Cəfər müəllim dərsdə bizə açıq mətnlə milli azadlıq hərəkatından... inqilabi çevrilişlərdən... müstəqilliyimizdən... bir sözlə, bu gün aksioma-həqiqətlər olan mövzulardan danışırdı. Əlbəttə ki, belə söhbətlər olmayıb, olubsa da bambaşqa kontekstdə olub, amma bu gün hamımızdan ötrü əziz və doğma ideyalar mənim təsəvvürümdə Cəfər Cəfərovun adıyla bağlıdır. Son illərin keşməkeşli olaylarında “azadlıq” mövzusunu öz inhisarına götürmək həvəsində olanlara xatırlatmaq gərəkdir ki, heç bir azadlıq Ziyasız olmadığı kimi, onun tam qələbəsinə də Ziyalısız yiyələnmək mümkün deyil... Milli mənəviyyatımızın çıraqları olan ziyalılarımızın qanuni varisi Cəfər Cəfərov üçün yalnız “olmaq” məqsədi vardı, mübahisə doğuran məsələ isə “necə” sualı ilə bağlı idi...

 

BƏXTİNƏ DÜŞƏN VƏTƏN...

“...Mənim də bəxtimə bu Vətən düşüb,
Havayı açılmır çiçəkləri də...”
Ramiz Rövşən

lll

Zamanın dərkedilməz məntiqinə görə Cəfər Cəfərov dünyaya Şimali Azərbaycanda gəlməli idi və öz missiyasını SSRİ adlanan nəhəng ximerik qurğunun tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında yerinə yetirməli idi. Artıq tarixə dönmüş bu dönəmin “60-cı illər” fenomeni bu gün də maraq doğurur, çünki o dövr bir çoxlarında ZAMANın alternativ inkişaf cəhdi kimi görünür. Olan olub, keçən keçib, amma alternativ inkişaf ehtimalı bir çox çağdaş aktual problemlərə də işıq salmaq iqtidarındadır. “Xruşşov mülayimləşməsi” dövrünün vəd etdiyi imkanlar bu gün çox sadəlövh görünür, çünki tarix göstərir ki, heç bir avtoritar quruluş kökündən dəyişməsə, özünü islah edə bilməz. Kim bilir, bəlkə o dövrdə “yerlərdə”-müttəfiq respublikalarda “yuxarıdan” icazə alıb yeniləşmə işinə bütün varlıqlarıyla girişən kişilər bunu bizdən əvvəl və bizdən daha dəqiq anlayırdılar, anlaya-anlaya və ya inana-inana, bunun indi bir o qədər əhəmiyyəti yoxdur-ZAMANın içindən bu işi görməkdən ötrü “peyda olan” ziyalılar missiyalarının başlıca məqsədinə çatdılar: “altmışıncılar” nəslinin yetişməsinə şərait yaratdılar, estafeti onlara ötürdülər və ictimai-siyasi arenanı tərk etdilər...

SSRİ-nin ən sakit, ən sözəbaxan əyaləti olan  Azərbaycan Sovet Sosialist Respublikasında bu işin başında Cəfər Cəfərov durdu, milli düşüncənin inkişafına təkan verdi, yeniləşmə həvəsiylə meydana çıxanları, özəlliklə gəncləri başına yığdı, bacardığı qədər himayəçilik etdi və bununla ZAMANın içində gedən prosesləri işə saldı ki, XX əsrin bitəcəyində bu proseslər “torpaq altından” üzə çıxsın və... baş verənlər baş versin...

Azərbaycanda baş verən proseslərin obyektiv araşdırılması qərəzsiz tarixçilərin işidir və əminəm ki, bu iş görüləcək. Ona da əminəm ki, milli azadlıq, müstəqillik hərəkatının genezisini bərpa edən alimlər bu nəhəng, taleyüklü, dünyanın mənzərəsini kökündən dəyişən axarın, selin başlanğıc nöqtəsində Cəfər Cəfərovun əməyini və əhəmiyyətini də qeyd edəcəklər...

...Məndən ötrü bu məsələnin bədii-mistik məqamı da var. İş bundadır ki, hələ tələbəlik illərində dərslərin birində MÜƏLLİMimiz dramaturgiyada adların simvolikasından bəhs edərək bizim-tələbələrin adlarını da bu baxımdan təhlil etməyə başladı. Öz adının etimoloji mənası haqqındakı suala cavab verməzdən öncə adətinə görə susdu, sonra harasa uzaqlara baxa-baxa, dodaqlarında müəmmalı təbəssümünü oynada-oynada açıqladı ki, imam Cəfərin adı ərəbcə “ca fər”-dilimizdə “kiçik çay” anlamına gəlir... Söhbəti zarafatla bitirib dedi ki, bəs, mənim “kiçik çay” olmağım adımda və soyadımda təkrarlanır ki, mən bunu unutmayım...

...Biz də unutmayaq ki, Yer üzündəki bütün nəhəng çayların axarını onlara qovuşan kiçik çayların suları təmin edir...

 

DİRİLİK UĞRUNDA

“...Tfu sizin üzünüzə, ölülər!...”
Mirzə CƏLİL

“Ölülər”

lll

XX əsr Azərbaycan milli teatr prosesinin dönüş nöqtəsini görkəmli rejissor Əhməd Tofiq Kazımovun “Ölülər” tamaşası müəyyənləşdirdi.

...Hər hansı milli mədəniyyətin tərkibində inkişaf edən teatr prosesinin mühüm amillərindən biri məhz “insan amili”dir. Azərbaycan milli teatr prosesi bu mənada istisna təşkil etmir: bütün başqa şərtlərə toxunmadan deməliyik ki, ZAMAN İÇİNDƏ CƏFƏR CƏFƏROVla Tofiq Kazımov bir nöqtədə rastlaşmalı idilər. Cəfər Cəfərov kifayət qədər səlahiyyətli olmalı, Tofiq Kazımov sənətçi kimi istedadının ən yüksək pilləsində durmalı idi, ixtiyarında Azdrama və bu teatrın başda Məlik Dadaşov və Həsənağa Turabov kimi dövrünün yeni tələblərinə cavab verməyi bacaran aktyor dəstəsi olmalıydı...

Bütün bunlar oldu və “Ölülər” kimi fövqəladə sənət fenomeni yarandı.

Başqa şeylər də oldu: dövrün “görkəmli sovet alim və sənətkarları” birləşib tamaşaya qarşı adətləri üzrə “kampaniya”ya başladılar. Və əgər “düşmənlər dəstəsi”nin başında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideologiya üzrə katibi Cəfər Cəfərov olmasaydı... Çox amansız və səriştəli hücumlardan qorudu yeniləşən teatr sənətini Cəfər Cəfərov, amma Tofiq Kazımovun ilk dəfə tamaşanın afişasında yazdığı “tamaşanın müəllifi” ifadəsini və onun içində cəm olan çoxşaxəli mənaları qoruya bilmədi, görünür, bunun ZAMANı hələ gəlməmişdi...

...O günləri xatırlayan mərhum dostumuz, böyük aktyor və şəxsiyyəti istedadına mütənasib olan Həsənağa Turabov deyirdi:

–...Tamaşadan sonrakı müzakirə zalda keçirildi... Qızğın mübahisə ilk çıxışdan başlandı və sona qədər səngimədi... Bir də başımı qaldırıb zala göz gəzdirəndə gördüm ki, tamaşanın tərəfdarları bir tərəfdə, əleyhdarları başqa tərəfdə oturublar-elə bil kimsə bu mizan-səhnəni düşünüşlü qurub... Bir də baxıb gördüm ki, tərəfdarlar cərgəsində Qara Qarayev... Tahir Salahov... İlyas Əfəndiyev... Sabit Rəhman... Rəsul Rza... Abbas Zamanov... Mirəli Seyidov... Məsud Əli oğlu... Toğrul Nərimanbəyov... Yaşar Qarayev... Elçin Aslanov... əyləşiblər. Cəfər müəllim yox idi, amma sanki bütün çıxışlar-sağdan da, soldan da Ona yönəlirdi. Onu nəzərdə tuturdu... Məhz buna görə tamaşaya və rejissora yönəlmiş iradlar siyasi ittihamlara dönmədi... Məhz buna görə Tofiq müəllim son çıxışını “Gedin, əsəri bir də oxuyun!” sözləriylə bitirməyə cəsarət tapdı...

...Məni də müdafiə edərdi... Qocaman aktyorlar danışığımı, səhnə davranışımı kəskin tənqid edəndə Cəfər müəllim deyərdi ki, yeni teatr düşüncəsi şərtiliyin və canlı səhnə varolmasının sintezini tələb edir-Turabovda hər ikisi var...

Zamanın paradoksları bəlkə də dünyanın ən maraqlı tapmacalarındandır: az keçmədi ki, hər şey öz əvvəlki vəziyyətinə qayıtdı, amma mübahisələrdə səpələnən “səmərəli toxumlar” məhv olmadı-cücərdi, böyüdü və bu gün AZADLIQ AĞACIndan hər kəs istədiyi meyvəni dərir... O vaxtın “sadiq leninçiləri” də... “gizli millətçiləri” də... “konservatorlar” da... “novatorlar” da...

Varolmanın dirilik bulağının gözü tutulmayıb, Cəfər müəllim!...

 

UZAQ PROQNOZ

“...Mən öz üfüqümə çatdım bu səhər...”
Kamal Abdulla 

Böyük rus alimi, türk elinin mahir bilicisi Lev Qumilyov etnosu yaşadan, onu inkişafa, hərəkətə sövq edən fenomeni-İDEALI “UZAQ PROQNOZ” kimi müəyyənləşdirib. Bu “Uzaq proqnoz” üfüq kimidir-həmişə irəlidə görünən, amma heç zaman ona çata bilmədiyimiz Yerlə Göyün birləşməsindəki xəyali xəttdir.

...Çox tez anlamışdıq ki, Cəfər müəllimi başqalarından kəskin tərzdə fərqləndirən onun, sözün əsl mənasında idealist olmasıdır. Aydın məsələdir ki, onun hər an gözünün önündə olan İDEALı haqqında bu gün də nə isə konkret söz demək çətindir: Cəfər Cəfərovun  UZAQ PROQNOZU mürəkkəb tərkibli bir fenomen idi ki, ZAMAN İÇİNDƏ inkişaf edirdi, dəyişirdi. Amma məndən ötrü danılmaz həqiqətdir ki, onun qayəsini, həmişəyaşar canını “HƏRƏKƏT” başlanğıcı təşkil edirdi. Cəfər Cəfərov istənilən hərəkətin önünü kəsən hər hansı əngəlin, maneənin, qeyri-təbii yasaqların barışmaz düşməni idi: mənə elə gəlir ki, bu sehrli insan istədiyi vaxt öz İDEALına qovuşur... ondan həyat və yaradıcılıq enerjisini alır... özünə lazım olan qədərini özündə saxlayır... ürəyinə, düşüncəsinə, sözünə sığmayan miqdarını isə insanlara paylayırdı... Bəlkə buna görədir ki, Onunla ünsiyyətdə olan hər kəs özünü gümrah, nikbin, işgüzar, cəsarətli və... ağıllı hiss etməyə başlayırdı!!...

Amma onu da deməliyik ki, Cəfər müəllimin “idealistliyi” öz zamanında başına çoxlu bəlalar da gətirmişdi...

...O vaxtlar ziyalılardan ötrü bu gün əcaib görünən cəza, “həbs tədbiri” var idi: EV DUSTAĞI... Deyilənlərə görə, əlaqədar ictimai və dövlət təşkilatlarının nəzərində “həddini aşan”, amma əməllərində “cinayət tərkibi” olmayan sənətkara müəyyən müddətə evdən çıxmamaq (!) əmri verilirdi. Adını çəkməyəcəyim “görkəmli yazıçı, ictimai və dövlət xadimi”nin təhrikiylə Cəfər müəllim “ev dustaqlığı”nı yaşamağa məcbur olmuşdu. Adamın Allahı var, Cəfər müəllimə qarşı irəli sürülən ittihamlarda “millətçi”, “pantürkist”, “burjua agenti” və bu kimi güllələnməyə aparan ifadələr yox idi. Cəfər müəllimin ünvanına söylənilən “nihilist” və “kosmopolit” ittihamları nisbətən yumşaq olduğuna görə, onu QULAQ düşərgələrindən qoruyaraq, öz evində dustaq qalmağa məcbur edirdi...

Atalar deyib ki, “şər deməsən, xeyir gəlməz...”. Cəfər müəllimi şərləyib evində guşənişinlik etməyə məcbur edən adını çəkmədiyim “görkəmli xadim” bilsəydi ki, bu sayaq cəzaya məhkum olunmuş dustaq “həbsxana”sında nə qədər kitab oxuyurdu!... Nə qədər qeydlər aparırdı!... Əsərlər yazırdı!... Nə qədər yeni ideyalar üzərində rahat düşünürdü! Bunu bilsəydi, bəlkə də başqa imkanlarından faydalanacaqdı, nə yaxşı ki, bilməyib...

Cəfər müəllim özü də oxuduğu kitabların dəqiq sayını bilmirdi...

İdealına sarı hər an hərəkətdə olan ZİYALIdan ötrü bu, xırda məsələ idi...

Onun UZAQ PROQNOZunda güclü... savadlı... yaradıcı enerjisi tükənməz... kökənlərinə bağlı... Dünyaya açıq AZƏRBAYCAN görünürdü...

 

NATAMAM NƏTİCƏ

“...Heç kəs sevdiyinə çatmır dünyada, Hər sevginin sonu dərin bir ahdır”.
Vaqif CƏBRAYILZADƏ

lll

...O danışmağa başlayanda, biz susurduq...

Desəm ki, o vaxtlar MÜƏLLİMimizin dediklərini tam həcmdə anlayırdıq, başlıca isə-sözlərinin ZAMAN İÇİNDƏN gəlib ZAMANa yönəldiyini dərk edirdik-həqiqətdən uzaq olar.

...Bu yazı üzərində işlədiyim zaman sevgili dostlarımdan biriylə çoxlu söhbətlər elədik, gəncliyimizə dönüb-qayıtdıq, duyğusal xatirələrimizi bölüşdük, amma söhbətimiz çox sərt bir notda bitdi. Dostum birdən dedi ki, Cəfər Cəfərovun milli düşüncəmizdə yerini və əhəmiyyətini necə var dəyərləndirməkdən ötrü vaxt, hələ ki, yetişməyib. Fikrini açıqlayaraq davam etdi ki, Cəfər müəllimin hər şeydən çox sevdiyi və üstünlük verdiyi İNTELLEKTUAL YETKİNLİK məsələsi Azərbaycanda hələ ki, həll olunmayıb. Məsələ onda deyil ki, tarixi hadisələrin nəticəsində bir çox əski mexanizm və strukturlar dağıldı, məsələ onda da deyil ki, “bazar iqtisadiyyatı” adamdan daha çox çeviklik, zirəklik tələb edir. Məsələ ondadır ki, ZAMANın hərəkət sürətindən xeyli geri qalmışıq və Cəfər müəllim kimi birbaşa ZAMANIN İÇİNDƏN “dürlü xəbərlər verən” kişilərimiz qalmayıb...

Mən razılaşmadım, mübahisəmiz düşdü, hətta bir qədər küsülütəhər ayrıldıq...

Yolda Cəfər müəllimin müəmmalı təbəssümü canlandı gözlərimin önündə. Özümdən ixtiyarsız mən də gülümsədim...

Nəticə çıxartmaq hələ ki, tezdir...

Susmaq məsləhətdir...

 





30.09.2013    çap et  çap et