525.Az

Xalq yazıçısı Anar Serbiyada səfərdə olub- Fotolar


 

Xalq yazıçısı Anar Serbiyada səfərdə olub- <b style="color:red">Fotolar</b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın Xalq yazıçısı Anar 19-24 sentyabr 2013-cü il tarixlərində Serbiya Yazıçılar İttifaqının Sədri Radomir Andriçin dəvəti əsasında Yazıçıların 50-ci Belqrad Beynəlxalq Qurultayında iştirak etmək məqsədi ilə Serbiyada səfərdə olub. Qurultayın təntənəli açılış mərasimində Serbiya Respublikası Hökumətinin üzvləri, dini icmaların təmsilçiləri, dünyanın 30-dan çox ölkəsindən gəlmiş ziyalılar və ədiblər, Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak ediblər.

Səfər zamanı Anar qurultay çərçivəsində keçirilən bir neçə sessiyada iştirak edib, Serbiyanın aparıcı mətbuat orqanlarına müsahibələr verib, serbiyalı ədiblərlə birgə Azərbaycan hökumətinin maddi dəstəyi ilə təmir və bərpa edilmiş “Taşmaydan” parkını ziyarət edib, burada ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri və 1999-cu ildə Belqrad şəhərinin bombalanması nəticəsində həlak olmuş uşaqların xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri qoyub, Nobel Mükafatı Laureatı serb yazıçısı İvo Andriçin mənzil-muzeyini və görkəmli serb yazıçısı və rəssamı Curi Yakşiç Evini ziyarət edib. Burada Anarı milli geyimli serb uşaqlar rəqslərlə qarşılayıb, ona ədəbi portreti təqdim olunub, eyni zamanda Serbiya Yazıçılar İttifaqının fəxri üzvü vəsiqəsi verilib.

Anar səfər çərçivəsində həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Belqrad şəhərində təmir və bərpa edilmiş “Bayraklı Cami” məscid kompleksini ziyarət edib. Azərbaycanın Serbiyadakı səfirliyi, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə tanış olub. Habelə Anar Serbiya Yazıçılar İttifaqının yüksək səviyyəli qonaqlar üçün təşkil etdiyi xüsusi proqramla Serbiyanın digər şəhərlərində, o cümlədən Novi Sad şəhərində olub, burada Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilmiş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksini və əsaslı təmir edilmiş kilsəni ziyarət edib. Qurultayın sessiyaları zamanı Azərbaycanın Xalq şairi Rəsul Rzanın “Rənglər” toplusundan müxtəlif şeirlər səsləndirilib.

Qurultay çərçivəsində baş vermiş əlamətdar hadisələrdən biri Azərbaycan Yazıçılar Birliyi ilə Serbiya Yazıçılar İttifaqı arasında əməkdaşlıq haqqında Protokolun imzalanması olub. Bu tədbir Serbiya KİV-də geniş işıqlandırılıb. İmzalanma mərasimindən sonra Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən ziyafət təşkil edilib.



 





30.09.2013    çap et  çap et