525.Az

Xalq yaradıcılığına sevginin Ərtoğrol Cavid nümunəsi


 

Xalq yaradıcılığına sevginin Ərtoğrol Cavid nümunəsi<b style="color:red"></b>

Naxçıvan özünün yetirdiyi görkəmli şəxsiyyətlərlə həmişə tanınıb. Belə şəxsiyyətlərdən biri də böyük Cavidlər ailəsinin üzvü Ətroğrol Caviddir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 aprel 2019-cu il tarixdə imzaladığı "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı musiqiçi-bəstəkar, şair, rəssam, folklorşünas tədqiqatçı Ərtoğrolun yaradıcı şəxsiyyətinə verilən böyük qiymətdir. Dahi Üzeyir Hacıbəylinin sinifində dərs almış gənc Ərtoğrulun Azərbaycan musiqi folklorunun toplanmasında və tədqiqində də mühüm xidmətləri olub. Hüseyn Cavidin Bakı şəhərindəki ev muzeyinin kollektivi, xüsusilə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, professor Gülbəniz Babaxanlının başçılığı ilə Ərtoğrul Cavidin folklorumuzun toplanması və tədqiqi sahəsindəki fəaliyyəti xüsusi diqqətlə öyrənilərək kitab halında oxuculara təqdim edilib. "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adı ilə təqdim olunan 13 cildlik külliyyatda Ərtoğrolun Azərbaycanın müxtəlif bölgələrindən topladığı folklor materialları, eləcə də həm özünün, həm də digərlərini topladığı mətnlərə gənc folklorşünasın özünəməxsus yanaşmasının əks olunduğu elmi əhəmiyyət daşıyan məqalələri toplanıb. Həmin 13 cildlik topluda onlarla aşığın müxtəlif janrlarda dilə gətirdikləri yüzlərlə şeir nümunələri, çox sayda xalq mahnılarımız, dastanlarımız, bir çox bayatılar, ağılar, holavarlar və digər folklor nümunələri öz əksini tapıb.

Çox təəssüf ki, uzun illər nəinki Azərbaycan folklorşünaslıq, eləcə də, musiqişünaslıq, sənətşünaslıq elmi sahələrində Ərtoğrol Cavid diqqətdən kənar qalmışdı. Bu təbii ki, ilk növbədə Hüseyn Cavid kimi "xalq düşməni"nin oğlu olmasından qaynaqlanırdı. Cavidin bəraətindən sonra isə canlarında repressiya və Stalin xofu çıxmamış tədqiqatçılar bu mövzuya müraciət etməkdə, ola bilsin, tərəddüd etmişdilər. Ulu Öndər Heydər Əliyevin Cavid irsinə xüsusi qayğısı, əsasən də 1981-ci ildə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı qərar, Turan Cavidin sözləri ilə ifadə etsək, "Cavidə verilən əsl bəraət oldu". Bu, eyni zamanda, Cavidin oğlu Ərtoğrola da şamil ediləcək bir etiraf kimi qəbul edilməlidir.

Bəhs etdiyimiz 13 cildlik topludakı materialların böyük bir qismini xalqımız arasından toplanmış nağıl və dastanlar, aşıq poeziyası örnəkləri təşkil edir ki, Ərtoğrol Cavid bu sahədə də öz erudisiyası və biliklərini həmin folkor materiallarına yazdığı rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi fikirlərdə  yüksək səviyyədə ifadə etməyə nail olmuşdur. Ən çox razılıq doğuran odur ki, gənc alim, həmin materialları yalnız dar bir xronoloji çərçivədə deyil, tarixi-didaktik  perspektivdə nəzərdən keçirməyə və qiymətləndirməyə üstünlük verir ki, Ərtoğrol Cavid Azərbaycanın zəngin folklor irsinə mücərrəd bir anlayış kimi deyil, tarix boyu hərəkətdə olan və gənc nəsillərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi yönündə necə böyük əhəmiyyət daşıya biləcəyini sayıq bir vətəndaş kimi anlayaraq təbliğ etməyə çalışır".

Həmin 13 cildliyin XI cildi "Balaman məktəbi" və Ərtoğrol Cavid", XIII cildi "Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri" adlanır. Bunları ona görə qeyd etməyə ehtiyac duyduq ki, 13 cildin XI və XIII cildləri qismən, digər 11 cildi isə birbaşa Ərtoğrol Cavidin folklorla bağlı fəaliyyətini özündə əks etdirir. 

Ərtoğrol Cavidin xalq ədəbiyyatına bağlılığı təsadüfi deyildi. Axı o, Hüseyn Cavid kimi bir dahi şəxsiyyətin övladı idi və atasının öz əsərlərində xalq ruhuna, xalq yaradıcılığı nümunələrinə, folklor motiv və mövzularına müraciəti təhtəlşüur olaraq Ərtoğrola da təsirini göstərmişdi. Məhz buna görə də onun ədəbiyyata marağı var idi. Belə ki, 1936-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakultəsinə qəbul olunması da təsadüfi sayılmamalıdır. Burada oxuduğu illərdə filologiya tələbələrinin yay tapşırıqları kimi çöl tədqiqatlarında olması, xalq yaradıcılığı nümunələrinin toplanması kimi tapşırıqlar hazırlanması Ərtoğrolun sevdiyi bir sahədəki fəaliyyəti üçün yaxşı bir fürsət idi. Tələbəlik illərində, xüsusilə 1939-40-cı illərdə Qarabağ, Gəncə, Quba, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı kimi bölgələrdə topladığı el mahnıları, deyimlər, folklor örnəkləri, toy və yas adətlərinə aid etnoqrafik materiallar sonrakı mərhələdə toplanan bu cür folklor materialları haqqında öz rəylərini yazmaqda ona böyük köməklik göstərmişdir.

Ərtoğrol Cavidin Azərbaycanın digər bölgələrindən topladığı toy adətləri içərisində bir məqam xüsusilə diqqətimizi çəkir. Naxçıvanda da, müxtəlif bölgələrdə adətən toyların sonunda icra olunan, "Qazı-qazı", yaxud "Çöpüdü" yallı-oyunu ilə eyni funksiyanı daşıyan, lakin fərqli adla təqdim olunan bir ad diqqəti cəlb edir. "Zurnaçı Camal Cəfərovun söylədiyi toy adətləri haqda" başlığıyla 1940-cı ildə yazdığı rəyində Tərəkəmə toy adətləri ilə bağlı bir məqama, fikirlərə diqqət edək. "Zopa" adlı oyundan danışan gənc Ərtoğrol yazır ki, "oyunun əsası məcburi təqliddən ibarətdir. Oyun başçısı nə etsə hamı etməlidir".  Həmin rəyinin sonunda müəllifin yetkin bir folklor bilicisi kimi təklifini oxuyuruq: "Kənd toylarında qadın və kişi toyları yaxın, bəzən qarışıq olur. Şəhərdə bu, çərçivə içərisindədir, kənddəki kimi sadə və saf deyildir. Toy adətlərinə aid materiallar məcmuə halında hazırlanarkən bunları bir daha yoxlamaq, artırıb əksiltmək lazım gələcəkdir".

Yaxud onun digər bir rəyində maraqlı fikirləri ilə qarşılaşırıq. "XIX əsrin sonu Dərbənd şəhəri toy adətləri haqda" danışarkən söyləyici Tavat Abbas Mirzə qızının verdiyi məlumatların müfəssəlliyinin yaxşı olduğunu qeyd edir, materialların hissələrlə verilməsini yüksək qiymətləndirir, toplanan materialın bəzi yerlərində nə kimi fikirlərin doğru-yanlış olduğuna diqqət çəkir, sonda isə belə yazır: "Materialın yaxşı tərəfi müfəssəllik ikən çatmayan bir tərəf də var. Lap kasıblar necə toy edirdilər? Bu momenti əlavə etdikdən sonra tam  mükəmməlləşər.

Təklif: Material çapa layiqdir. Azərbaycan rayonlarının toy adətlərini göstərən kitabın maraqlı hissəsi də bu material ola bilər".

Bu kimi digər rəylərində də biz Ərtoğrol Cavidi folklor materiallarını məharətlə təhlil edən, fikir bildirən, onlara tədqiqatçı baxışı ilə yanaşan, hətta redaktə qabiliyyətli bir alim kimi müşahidə edir, yetişkin folklorşünas kimi fikirlər irəli sürdüyünü görürük.

Ümumiyyətlə, Ərtoğrol Cavidin topladığı bir çox toy mahnı və nəğmələri də vardır. "Xoş gəldin", "Əcəb səfal dağlar", "Verin bizim gəlini", "Ay yol açın, gəlin gəlir", "Yeri-yeri", "Toyun mübarək olsun", "Aman nənə, zalım nənə", "Qayınana mahnısı" və sair kimi mahnıları, həmçinin, holavarlar, ağılar, bayatılar, nağıllar, dastanlar toplaması, Cabbar Qaryağdının  topladığı və söylədiyi nəğmələr haqqında fikir bildirməsi, Molla Cümə, Aşıq Ələsgər, Aşıq Məhəmməd, Ağdabanlı Qurban, Növrəs İman, Zodlu Abdulla, Tufarqanlı Abbas, Hüseyn Bozalqanlı, Aşıq Alı və bu kimi onlarla aşıqların yaradıcılığından nümunələr toplaması digər keyfiyyətləri ilə Ərtoğrol Cavidi bir folklorşünas kimi də qiymətləndirməyə imkan verir.

Aşıq Məhəmməd Rzayevin, Gülbalı Tapdıqovun, Aşıq Şirinin, Aşıq Mehdinin və digər aşıqların söylədiyi "Koroğlunun Bağdad səfəri", "Aşıq Qərib", "Kərəm", "Qulam Kəntər", "Əli xan", "Əmrah", "Göynüklü Əhməd", "Şah İsmayıl", "İbrahim", "Gəncəli Aşıx Qurban", "Bəhmən şah", "Səyyad"  və sair dastanlar haqqında fikirlər bildirməsi, bir çoxunu hətta özü tərəfindən toplayıb təqdim etməsi olduqca əhəmiyyətlidir. Biz bu toplama materiallarını və onlara yazılmış rəyləri oxuyanda Ərtoğrol Cavidin dastan poetikasını açan dastanşünas kimi tədqiqatçı obrazı gözlərimiz önündə canlanır. 

Paşa Cəfərov tərəfindən təqdim olunan "Nizaminin  əsərlərinin el variantları"na yazdığı "İskəndər xalq yaradıcılığında" başlıqlı qovluq haqda" rəyində maraqlı mülahizələr irəli sürən Ərtoğrol Cavid bu mövzunun dünya xalqları arasında geniş yayıldığını qeyd edərək bildirir ki, bu tema həm yazılı ədəbiyyatda, həm də şifahi ədəbiyyatda geniş yayılmışdır. Daha sonra toplayıcının təqdimatına işarə edərək yazır: "Onu qeyd eləməli ki, heç kim deyə bilməz ki, bu nağılların yaranması səbəbi Nizaminin "İskəndərnamə"si olmuşdur. Çünki folklor bəzən temanı çox uzaqlardan alır (səyyah, yolçu və ya başqaları vasitəsilə), bundan başqa, 2300 il bundan əvvəl olmuş bir hadisənin xalqda olması təəccüb yaratmamalıdır. Ola bilər ki, bu nağılların bir hissəsi hələ Nizamidən əvvəl xalq arasında vardı. Yoldaş Paşa Cəfərov hamısının üstündə "Nizaminin el variantları" yazarkən tam doğru hərəkət etmir. Şübhəsiz ki, Nizaminin əsərindən sonra İskəndər obrazı xalqa daha çox tanış oldu. Lakin folklordakı nağılların (İskəndər haqda) səbəbini Nizaminin əsəri ilə bağlamaq əsassız fikirdir".

Ərtoğrol Cavidin toplayıcılıq və tədqiqatçılıq yaradıcılığında naxçıvanlı aşıqların fəaliyyəti də diqqəti çəkir. Belə ki, o, Aşıq Nabat, Ululu Kərim, Allahverdi Naxçıvanlı barədə də fikir bildirib, əsərlərindən nümunələr toplamışdır.  Xüsusilə "Ordubadlı Kərim" dastanı olduqca maraqlı folklor nümunəsi kimi qeyd olunmalıdır. "Ordubadlı Kərim" dastanı haqqında" başlıqlı məqaləsində Ərtoğrol Cavid fikirlərini bu cür ifadə edir: "Ordubadlı Kərim" nağılını (nağıl sözü burda oxucuları çaşdırmasın. Bəzi məqamlarda dastanlar həm də nağıl kimi təqdim olunmuşdur - E.Y.M.) sevdirən ondakı realizm, obrazlardakı aktivlik və səmimi ifadəsidir.

Nağılın əsas teması aktiv qadın aşıq Susanı verməkdir. Onun hökmü ağırdı: bağladığı aşıqlar  qırxa çatanda hamısının boynunu vurduracaqdır. Folklorda dərin optimizm var, heç bir nağıl oxucuda pessimistik  passiv əhvali ruhiyyə oyatmaz. Qəhrəman məğlub olsa belə ("Koroğlu", "Nəbi"...) oxucuda intiqam duyğusu oyadır. Nağılın optimist kansovka ilə bitməsi üçün  Süsəndən məharətli ordubadlı aşıq Kərim obrazı yaradılmışdır". Fikirlərinin davamında dastanın bir çox məziyyətləri haqqında danışan Ərtoğrol Cavid həmin dastanı da oxuculara təqdim edir.

Bütün bunların hamısı onu deməyə əsas verir ki, Ərtoğrol Cavid musiqiçi-bəstəkar, rəssam, şair kimi keyfiyyətləri ilə yanaşı, xalqımızın söz yaddaşının toplanmasında iştirak edən, toplanmış nümunələr əsasında öz dəyərli fikirlərini yaşından böyük düşüncə tərzi ilə təhlil edərək ortaya qoyan bir folklorşünas kimi, folklor sevdalısı kimi də özünəməxsus irs yaratmağı bacarmışdır.

Bu yerdə filologiya üzrə fəlsəfə doktoru Azər Turanın Cavidlər ailəsinin son yadigarı Turan Cavidlə müsahibəsindən ibarət "Turan Cavidin son söhbəti... son yaşantıları... son günü..." kitabından bir məqamı xatırlatmaq istəyirəm. Azər müəllimin Ərtoğrolla bağlı suallarını cavablandıran Turan xanım qardaşının arxiviylə bağlı məqama toxunarkən qeyd edir ki, "bəstəkarlar içərisində ədəbiyyatı, folkloru, dili, mətni onun səviyyəsində bilən yox idi..." Təbii ki, bu dünyadan nakam köçmüş bir qardaş haqqındakı fikirlərdən daha çox, görkəmli bir ziyalının istedadlı bir bəstəkar, musiqçi, folklorçu haqqında fikirləri kimi olduqca mühüm əhəmiyyətə malikdir.

Bu mənada 24 illik ömründə həmin ömür çərçivəsinə sığmayacaq böyüklükdə xidmətlər göstərmiş, yaradıcılıq irsi formalaşdırmış bu görkəmli həmişəcavan şəxsiyyətin öyrənilməsi, tanıdılması, təbliği istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən işlər həm də xalqımıza, onun dəyərli insanlarına, böyük şəxsiyyətlərinə verilən qiymətin bariz nümunəsidir.

 





10.05.2019    çap et  çap et