525.Az

“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülüb


 

“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülüb<b style="color:red"></b>

AMEA-nın Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir”  kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Kitab Beynəlxalq Sərgi-Yarmarkasında “Ən yaxşı kitab” nominasiyasının xüsusi mükafatı ilə təltif olunub. Mükafat sentyabrın 25-də Bakı Beynəlxalq Sərgi-Yarmarkasının bağlanışı münasibətilə keçirlən tədbirdə qalibə təqdim olunub. Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirib ki, bu cür dəyərli bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin mədəniyyətlə bağlı siyasətinin davamıdır. V.Bəhmənli çıxışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin kitab sənətinin inkişafında atılan addımlara hər zaman dəstək olduğunu, gələcəkdə də ölkəmizin bu cür beynəlxalq kitab sərgilərinin keçirilməsinə böyük töhfələr verəcəyini və bütün bu addımların Azərbaycanda kitaba olan marağın artmasına xidmət edəcəyini vurğulayıb.

Daha sonra Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmiş  nəşriyyat və təşkilat nümayəndələrini mükafatların təqdimi üçün səhnəyə dəvət edib. İctimai xadimlərin, sənət və ədəbiyyat adamlarının, naşirlərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimetmə mərasimində çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) göstərilən diqqətə və verilən dəyərə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, sərgi çərçivəsində 100-dən çox milli və beynəlxalq təşkilat və nəşriyyat təmsil olunub, ədəbi-mədəni tədbirlər keçirilib. Sərginin sonunda üç gün davam edən beynəlxalq tədbirdə fəal iştirak edən nəşriyyatlar diplomlarla mükafatlandırılıb. “Ən yaxşı nəşriyyat” nominasiyasında isə Azərbaycan ədəbiyyatının Türkiyədə çapı və təmənnasız yayılmasında göstərdiyi xidmətlərə görə Türkiyənin “Bengü” Yayınlar Evi xüsusi mükafata layiq görülüb.

Mükafata layiq görülən kitaba gəldikdə, qeyd edək ki, Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 2012-ci ildə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırlayıb. İnstitutun bir çox əməkdaşı layihənin icrasına cəlb edilib. Layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Layihə çərçivəsində artıq dörd kitab çap olunub. Bu kitablarda 90-dan artıq mifoloji mətn, 400-dən artıq əfsanə və rəvayət, 180-dən artıq nağıl, 200-dən artıq lətifə, 500-ə yaxın atalar sözü, 1000-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr çap olunub oxuculara təqdim edilib. Bundan başqa, kitabda bölgədə yaşayan nəsillər və tayfalar, sovet rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında, bölgə əhalisinin məişətinə, həyat tərzinə dair maraqlı etnoqrafik məlumatlar öz əksini tapıb. Bununla belə, bu cildlər bölgə folklorunu hələ tam əhatə etmir. Şübhəsiz, bu iş gələcəkdə də davam etdiriləcək, Qarabağın bütün rayonlarına və məcburi köçkünlərin məskunlaşdığı məntəqələrə ardıcıl ezamiyyələr təşkil etməklə bütövlükdə bölgənin folkloru, şifahi irsi haqqında dolğun təsəvvür yaradan kitablar ortaya qoyulacaq.

S.ABDULLAYEVA

 





30.09.2013    çap et  çap et