525.Az

İctimai varidata keçən əsərlərin dövlət varidatı elan edilməsinin şərtləri açıqlandı


 

İctimai varidata keçən əsərlərin dövlət varidatı elan edilməsinin şərtləri açıqlandı<b style="color:red"></b>

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nı təsdiqləyib.

ONA-nın məlumatına görə, Qaydalara əsasən, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun ilə müəyyən edilmiş müəlliflik hüququnun qüvvədəolma müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət əsərləri ictimai varidata keçir.

Əqli Mülkiyyət Agentliyi qorunma müddəti bitdiyinə görə ictimai varidata keçmiş əsərləri müəyyənləşdirir və onların uçotunu aparır. Agentlik ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Nazirlər Kabinetinə təkliflər verir.

İctimai varidat dairəsinə aid edilmiş əsərlərdən dövlət varidatı elan edilməsi üçün təklif olunan əsərlər Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilir. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadə edən hüquqi və fiziki şəxslər həmin əsərlərdən istifadə barədə Agentliyə məlumat verir və istifadənin hər növünə görə müvafiq xüsusi ödənişləri  Agentliyin xəzinə hesabına köçürürlər. Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını təşkil edir və onların elektron məlumat bazasını yaradır. Dövlət varidatı elan edilmiş əsərlər istisna olmaqla, ictimai varidat dairəsinə keçmiş əsərlərdən istifadə sərbəstdir və onlardan istifadəyə görə qonorar ödənilmir.

Agentlik dövlət varidatı elan edilmiş əsərlərdən istifadə ilə bağlı məlumatları ümumiləşdirir və nəticələr barədə Nazirlər Kabinetinə ildə ən azı bir dəfə hesabat təqdim edir. Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır.

Bu Qaydalar dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.

 





11.05.2019    çap et  çap et