525.Az

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək


 

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək<b style="color:red"></b>

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə mayın 13-17-də “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

ONA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, həftə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində təşkil olunur.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı, tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Memorandum əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi, onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaq, məlumatda deyilir.

Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası, digər aidiyyəti dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyası, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, bir sıra banklarda fintexlər üçün “Açıq qapı” günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcək.

 





11.05.2019    çap et  çap et