525.Az

Zərin qədri - İlqar Kamil


 

Zərin qədri -<b style="color:red"> İlqar Kamil</b>

Yazılanlara görə, balaca Bəhmənyar ilk dəfə İbn Sinanı belə təəccübləndiribmiş; ocaqçıdan evləri üçün yanar köz götürmək istəyəndə ocaqçı ona get bir qab gətir, deyib, əlin yanmasın, deyib. Bəhmənyarsa dərhal həyətdə ovuclarını torpaqla doldurub qayıdıb: Usta, buyurun! Közü torpağın üstünə qoysaz, əlimə heç nə olmayacaq!

Bəs mən necə eləyim, bu boyda lopabığ kişilərə necə deyim ki, ay atam, ay qardaşım, burda mənim böyrümdə nərd oynamayın, başım ağrıyır, ürəyim bulanır... başa düşürsüz, xoşum gəlmir! Götürüm nərdtaxtanı gizlədim? Bir dəfə gizlətdim, tapdılar, ikinci dəfə yaxşı çıxmazdı. Qalmışdım avara, ta ki, bir gün bizim Bəhmənyara danışdım dərdimi. Bəhmənyar deyirəm e sizə, müasir, cinsli-telefonlu, amma ağıllı. Bir də baxdım, pəncəsi üstdə qalxdı ayağa, elə bil, pişik mətbəxdən ət oğurlayır, elə bil, siçan xırmandan buğda qaçırır, ustufca götürüb gizlətdi nərdtaxtanın iki zərindən birini, vəssəlam!

O-bu, həll oldu məsələ. Dedim, ay qaqam, bəs niyə birini götürdün, bəlkə ikisini də...? Qımışdı: ikisi yoxdusa qəsdən götürülüb, biri yoxdusa itib! Təsəvvür edin, indi həmin bu əldən-ələ gəzən bərli-bəzəkli nərdtaxta masanın üstündə soyunmuş halda uzana qalıb, ona gözünün ucuyla da baxan yox: zərsiz qutu kimə lazım!

Dünən Bəhmənyara deyirəm; deyirəm, ay qa, yəqin Tanrının da işləri belədir; bizdən nəyisə almaq istəyəndə səs-küy salmadan, söhbəti böyütmədən, sənin kimi, ustufca ən vacib detalını alır, heç ruhumuzun da xəbəri olmur. Dönüb kor-kor həyatımıza baxırıq ki, ilahi, axı hər şey yerindədi, bəs niyə heç nə yolunda deyil? İtirdiyimizin fərqində olmuruq. Nədən ki, alınan xırda şeydi, detaldı, bir gilədi, bir dənədi.... amma zər qədər həyatidi, zər qədər vacibdi, nə bilək? Atalar demişdi axı:

Zərin qədrin zərgər bilər!

Bizsə heç olmasa Bəhmənyar da deyilik ki, sobamızın köz payını götürməkçün yollara düşüb qab axtarmayaq, qab axtarmayaq, qab... axtarmayaq (Oxu: vaxt itirməyək, gecikməyək). Dərhal həyətə düşək, ovuclarımızı pak torpaqla doldurub qayıdaq ki, buyurun, Tanrım!!! Közümü torpağın üstünə qoysaz, əlimə heç nə olmayacaq!

 





12.05.2019    çap et  çap et