525.Az

Məni həyata yenidən qaytaranlara minnətdaram


 

Məni həyata yenidən qaytaranlara minnətdaram<b style="color:red"></b>

Mən bu ilin mart və aprel aylarında üst-üstə 23 gün Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsində ciddi aorta stenozu diaqnozu ilə xəstə yatmışam.

Bütün müayinələrdən keçməyimə və lazımi müalicələr almağıma baxmayaraq, vəziyyətim  gündən-günə pisləşirdi.

Belə bir anda oğlum və həyat yoldaşım müalicə həkimim Firdovsi İbrahimovla birlikdə qərara gəldilər ki, axırıncı tədbir olaraq ürəyimdə qapalı əməliyyat keçirilsin.

Bu məqsədlə Türkiyədən mütəxəssis dəvət olundu. Firdovsi İbrahimov və onun komandası  aprelin 17-də ürəyimdə əməliyyat apardılar.

Transkateter aortik qapaq implantasiyası adlanan bu əməliyyat TAVİ üsulu ilə həyata keçirildi. Məlumat üçün bildirim ki, TAVİ üsulu əməliyyat dünyada ilk dəfə 2002-ci ildə Fransada keçirilib və 2005-ci ildən başlayaraq digər ölkələrdə də tədbiq olunur.

Mərkəzi Klinik Xəstəxanada ilk dəfə 2013-cü ildə Trasapikal yolla əməliyyat aparılıb. Məndə isə Transfemoral yolla (4-5 mm ilk giriş) əməliyyat həyata keçirilib ki, bu da respublikada birinci dəfədir.

Əməliyyatın 3-cü günü sağlam halda evə buraxılmışam. Hazırda vəziyyətim yaxşıdır. Məni həyata yenidən qaytaran həkimlərə, xüsusilə Mərkəzi Xəstəxananın kardiologiya şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, tanınmış uzman doktor, Türk Dünyası Kardiologiya Cəmiyyətinin prezidenti, Əməkdar həkim, mükəmməl ziyalı, müdrik insan, yorulmaq bilmədən xəstələrə şəfa bəxş edən Firdovsi İbrahimova dərin minnətdarlığımı bildirirəm.

Xəstələrin müayinə və müalicəsi, eləcə də mənim əməliyyatım üçün hər cür şərait yaratdıqlarına görə Klinikanın rəhbərliyinə də öz təşəkkürümü çatdırmaq istəyirəm. Klinikada xəstə yatdığım dövrdə mənə lazımi diqqət və qayğı göstərən tibb bacılarına, texniki işçilərə, məni yoxlamağa gələnlərə, zəng edib halımı soruşanlara "Sağ olsunlar" deyirəm.

Bəbir HÜSEYNOV
Əməkdar jurnalist, "Qızıl Qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 





11.05.2019    çap et  çap et