525.Az

Musa Yaqubla söhbətlərin unudulmaz dadı - Şahanə Müşfiq


 

Musa Yaqubla söhbətlərin unudulmaz dadı - <b style="color:red">Şahanə Müşfiq </b>

Gah "Öyrətmə özünə, öyrətmə məni"- deyir, gah da "Apar məni bu ümidin dalınca" xahişi ilə aldanışa da, təhlükəli öyrənmələrə də hazır olduğunu göstərir. "Bu dünyanın qara daşı"yla başı dərddədir. Çünki həqiqəti anlayan tək-tük insanlardan biridir. Bilir, yaxşı bilir ki, dünyanın qara daşı göyərən deyil. Gör özü bu həqiqətə necə inanırsa, hamımızı onilliklərdir bircə sözüylə inandırmağı bacarıb. Füzulinin "aldanma ki, şair sözü, əlbəttə, yalandır" fikrini də bir kənara qoyub dünyanın qara daşının göyərməyəcəyi günü "gözləyirik".

Musa Yaqubdur o... Misilsiz şeirlər müəllifi, bircə adıyla, imzasıyla, hər misrasıyla Azərbaycan ədəbiyyatına öz möhürünü vuran şəxsiyyət... Şair adının boyuna, buxununa, şeirlərinə ölçülüb-biçildiyi Adam...

***

Görüşməyi arzuladığım adamlardan biri idi Musa Yaqub. Şeirləri insanla elə söhbətlər edir ki, artıq onu öz səsinlə yox, onun səsiylə dinləmək istədiyini kəşf edirsən. Bu kəşfimi etdiyim günlərdə həm Qafqaz Universitetində oxuyurdum, həm də Bakı Slavyan Universitetində. BSU-da "Yaradıcılıq" fakültəsindəki çevrəmiz elə qələm adamları olduğundan söhbətlərimiz də müasir ədəbiyyat, söz, poeziya, şeir olardı. Musa Yaqub da söhbətlərimizin əsas mövzularından biri idi. Mən onunla hər görüşmək istəyimi dilə gətirəndə yoldaşlar onun İsmayıllıda yaşadığını, Bakıya çox az gəldiyini deyirdilər. Mən də naəlac susurdum...

2015-cı ildə bir təsadüf nəticəsində Musa Yaqubla görüşə biləcəyimizi öyrəndik. Çəkinə-çəkinə zəng edib istəyimizi deyəndə o qədər xoş qarşıladı ki, artıq bizi maraqlı və fərqli bir görüşün gözlədiyini hiss edə bilmişdik. Məqsədimiz heç də yüz-iki yüz adamı bir zala yığıb rəsmi bir tədbir keçirtmək, şairi başda əyləşdirib çıxışlarla şəninə təriflər yağdırmaq deyildi. Biz- bir neçə gənc onunla çay süfrəsi arxasında oturub rahat söhbət etmək, suallarımızı vermək, şeirlərini özündən dinləmək, tövsiyələrini eşitmək istəyirdik. Necə deyərlər, xudmani və səmimi məclis...

Elə də etdik. Musa Yaqubla ilk görüşümüzü bir çay süfrəsi arxasında reallaşdırdıq. Onunla görüşə gedərkən "Azərbaycan" jurnalında şeirlərimin çap olunduğunu öyrəndim. Yolüstü bir jurnal alıb təyin elədiyimiz məkana tələsdik. Bir azdan şair də gəldi. Üzündəki ilıq təbəssüm, mülayim baxışlarıyla hamımızla bir-bir tanış oldu. Hamımız o qədər həyəcanlı və sevincli idik ki... Nə danışacağımızı, nə deyəcəyimizi, hardan başlayacağımızı da unutmuşduq. Bizi vəziyyətdən çıxaran da elə özü oldu. Kim olduğumuzu, nə yazdığımızı, harda oxuduğumuzu, ədəbiyyata, şairə münasibətimizi soruşdu. Sual verməyə gedən bizlər indi Musa Yaqubun suallarını cavablandırırdıq. Bir az sonra artıq hamımız ab-havaya öyrəşmişdik, çox maraqlı söhbətimiz alınmışdı. Musa Yaqub durmadan ədəbiyyatdan, xatirələrindən danışır, ara-bir bizim istəyimizlə şeirlərindən deyirdi.



Söhbətin maraqlı yerində qəfildən qarşımdakı jurnalı göstərib "hər sayını oxuyuram, maraqlı yazılar olur, bu dəfə nə var?"- deyə sual verdi. Qeyri-ixtiyari ağzımdan "mənim şeirlərim" cavabı çıxdı. İmkanım olsa, sözü elə havadaca tutar, yerinə qaytarardım, amma ağzımdan çıxmışdı artıq. Yerini rahatlayıb: "Hə? Nə yaxşı, gətir, oxuyum"-dedi. Getdim, yanında oturub, jurnalı verdim. Jurnalda çap olunan bütün şeirlərimi bir-bir oxudu, sonra isə "maraqlı yazırsan, yaxşıdı, davam elə"- dedi. Özümlə apardığım kitabına da "gənc şair qızıma..." başlıqlı avtoqraf yazdı. Sevdiyin şairdən belə bir qiymət almaq xoşbəxtliyin özü olmalı idi yəqin ki... Xoşbəxt idim...

***

Şairlə bu cür səmimi görüşün dadı damağımızdan uzun müddət getmədi. Növbəti il dostlarımız yenə də onunla görüşmək istədiklərini dedilər. Bu dəfə də şairlə danışıb görüşə razı saldıq. Məkanımız rəssam Nəvai Mətinin rəssamlıq mərkəzi idi. Yenə də özümüz idik: on-on iki nəfər. Məclisin moderatorluğunu Musa müəllim mənə tapşırmışdı. Və onun istəyiylə bu dəfə görüşümüz fərqli oldu: gənclər şeir oxudu, şair isə oxunan şeirlər haqqında fikirlərini dedi, tövsiyələrini verdi. Ara-sıra suallarımızdan da yan keçə bilmirdi amma. Həm də şeirlərini oxumasını xahiş edirdik. Hər iki görüşdə mənim istəyimlə oxuduğu şeir isə təkcə, Musa Yaqub yaradıcılığında deyil, müasir poeziyamızda ən sevdiklərimdəndir: 



Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə. 

Müasir poeziyadan danışarkən şairin dediyi bir fikir hamımızın diqqətini çəkmişdi: "Gənclərin bu qədər maddi sıxıntılar arasında bir yerə yığışmağı, ədəbi söhbətlər etməyi elə poeziyanın yaşamağı deməkdir".

Yenə də ümid tökülürdü, təmkin süzülürdü sözlərindən. Onunla dadına doymadığımız görüşlərin bir özəlliyi var: Musa Yaqub hər zaman işıqlıdır, sözü də, üzü də. Heç bir mövzuda ümidsizliyə qapılmır, bizi də ruhdan düşməyə qoymurdu. Hər iki görüşdə hər şeyə müsbət tərəfdən baxmağı, mütləq gözəllik axtarmağı, heç zaman ümidsizliyə düşməməyi öyrətdi bizə. "Şairin ümidi olmasa, nə yaza bilər, nə yaşaya"- deyir Musa Yaqub. Bir də "gəncsiniz, hissləriniz hələ çox üzdədir, amma onları cilovlamağı, yonub öz istədiyiniz hala salmağı bacarın"- deyir. Hə, bir də azadlıq var- Musa Yaqub azadlığı... Biz gənclərə də "daxilinizdəki azadlığı itirməyin, onu heç kimə, heç nəyə qurban verməyin" - deyirdi. Bu tövsiyələri təkcə yazdığımız şeirlərə aid deyildi, elə həyatın özünə də aid idi. O gün, bu gündür qulağımızda səslənir, heç susmur.

***



Mayın 10-u təbiət şairi, vətən şairi, insanlıq şairi Musa Yaqubun doğum günü idi. Şair uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Hələ illər öncə bizimlə görüşündə də "ölüm haqdır" - deyib vəsiyyətini etmişdi, nə istədiyini də bilirik. Amma nə onda, nə indi, nə də heç zaman ona yoxluğu yaraşdırmayacağıq. Musa Yaqub kimi insanlar nə qədər yaşasa, yenə də azdır.

Əziz şairimizi doğum günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

 





11.05.2019    çap et  çap et