525.Az

Azərbaycan standartı və ingilis cığallığı


 

Azərbaycan standartı və ingilis cığallığı<b style="color:red"></b>

Yenə də ingilislər şuluq salmağa başlayıb. Yenə də cığallıq edirlər. Hay-küy salıblar ki, niyə bu UEFA Arsenal və Çelsi (Chelsea) klublarının final görüşünü Bakıda keçirir? Deyirlər ki, komandaların hər ikisi ingilislərindir və məntiqlə Londonda da görüşə bilərlər. Onlar deyir ki, niyə bizim azarkeşlərimiz 5 min km ötədəki bir ölkəyə gedib öz komandalarının oyununa baxmalıdır?

Belə baxanda, məntiqli görünür. Lakin bir balaca araşdıranda cığallıq açıq-aşkar gözə girir.

Yavaş-yavaş bu fikrimizə aydınlıq gətirək. Yəni niyə düşünürük ki, ingilislər cığallıq edir?

Çox sadə bir səbəbdən: UEFA bu final oyununun Bakıda keçirilməsi üçün qərar verəndə hardan biləydi ki, sonda iki ingilis komandası üz-üzə gəlməli olacaq? Bilə bilməzdi. Bunu heç ən peşəkar futbol proqnozçuları da görə bilməyib. Ona görə də Bakının final oyunu üçün seçilməsində nəsə bəhanə axtarmaq doğru deyil.

Hə, elə bəhanəçilər sadəcə bu tutarqanı irəli sürmür. Onlar deyir ki, Bakıya getmək xərc tələb edir. Üstəlik, təyyarə biletini gec alacaqları üçün qiyməti bahadır. Otellər də dolu olacağına görə, qiymətlər kəllə-çarxa çıxır. Hələ viza məsələsi də var. Üstəlik bir Mxitaryan soyadlı erməni oyunçunun da söhbətini edirlər ki, Azərbaycan onun ölkəyə girişinə guya əngəl olacaqmış…

Təbii ki, bunların hamısı bəhanədir. Final oyunu bütün dünyanın diqqət mərkəzindədir və yer kürəsinin harasında keçirilməsindən asılı olmayaraq azarkeşlər oyuna baxmaq üçün axışacaqlar. İndi beş-on ingilis öz rahatlığını düşünür deyə, örnək üçün, Avstraliyalı azarkeşlər daha 5 min km yol uçmalıdır? Yaxud da Azərbaycana coğrafi olaraq daha yaxın məsafədə yerləşən ərəb ölkələrinin ad çıxarmış azarkeşləri 2 min km-lik məsafəni qoyub niyə 5 min km daha uçmalıdır? Ona görə ki, ingilislər belə istəyir?

Erməni oyunçunun öz komandasının tərkibində Bakıya gəlməsində heç bir problemin olmadığını demək artıqdır. Çünki bu yaxın illərdə Bakıda keçirilmiş bir yarışda medal qazanmış Ermənistanlı erməninin təltif edilməsi dünyanın gözü qarşısında baş verib. Özü də onun medalını Prezident İlham Əliyev təqdim etmişdi. Kimsə də onu döyməmişdi, söyməmişdi. Yəni bizim üçün siyasət başqa, idman başqadır.

Bütün bu deyilənlərin yetərli tutarqa olmadığını ingilislərin özləri də yaxşı bilir. O üzdən daha fərqli, bir qədər də həssas dünya insanını yerindən oynada biləcək bəhanə də uydurublar.

Görün, The Guardian nə yazır: “Kampaniyaçılar deyir ki, Liverpul və Tottenhəm arasındakı oyunu Madriddə, Arsenal və Çelsi arasındakı oyunu Bakıda təşkil etmək Çempionlar Ligası və Avropa Ligasının tərəfdarlarını daşıyacaq təyyarələrdən minlərlə ton karbon dioksidin havaya atılmasına səbəb olacaq”. (Campaigners say staging games between Liverpool and Tottenham in Madrid and Arsenal and Chelsea in Baku, in Azerbaijan, will trigger the release of thousands of tonnes of carbon dioxide from planes carrying supporters to the Champions League and Europa League finals.)

İndi bu ingilis cığaldır, ya deyil? Sanki hər gün göylərdə uçan təyyarələr bu qazla havanı çirkləndirmir. Sanki bu futbol oyunları Londonda olsa dünyanın başqa yerlərindən azarkeşlər ora uçmayacaqmış. Təbii ki, uçacaqlar. Təbii ki, təyyarələr hər zaman olduğu kimi sərnişin daşıyacaq və təbii ki, havanı çirkləndirəcəklər. Bəs necə olur ki, ingilis azarkeşlərin yadına futbolla bərabər havanın çirklənməsi də düşür? Özü də dünyada özlərinin idarəolunmazlığıyla ad çıxarmış azarkeşlərin? Doğrudanmı onları havanın çirklənməsi narahat edir?

Bizcə səbəb başqadır. İngilislər də yaxşı bilir ki, Bakı o oyunu keçirmək üçün ən yüksək standartları təmin edəcək durumdadır. Eyni zamanda azarkeşlərin gəlməsi, burada qonaqlaması, rahat şəkildə gəzib-dolaşması və evinə dönməsi üçün də hər cür şərait var. Viza isə Azərbaycan üçün ümumiyyətlə problem sayılmır. Çünki ölkəmiz dünyanın ən rahat viza təmin edən ölkələrinin önündə gedir. Bir ingilis elə Londonda evində oturduğu yerdə Azərbaycana vizasını ala bilirsə, bunu bəhanə etmək haqsızlıq deyilmi?

Səbəb başqadır. Hər zamankı səbəbdir yəni. Hər kəs yaxşı bilir ki, Azərbaycan istənilən qlobal əhəmiyyətli tədbir keçirəndə bədxahlarımız hər cür bəhanə uydurub üstümüzə gəlirlər. Hələ yadımızdadır: 2015-ci ildə Bakıda 1-ci Avropa Oyunları keçiriləndə elə bu ingilislər bir it ölüsü tapıb onun ətrafında kampaniya aparırdılar. Dünyaya sübut etməyə çalışırdılar ki, Azərbaycan dövləti küçə itlərini öldürür və ona görə də Avropa oyunlarını keçirə bilməz. Nə oldu? Dövlətimiz ən yüksək səviyyədə həmin oyunları keçirdi, öz adını tarixə yazdı. Heç bir idmançı və onları müşayiət edənlər ölkəmizdən narazı getmədi. Əksinə, onların bir xeylisi sonradan buraya turist kimi gəlməyə başladı.

Əslində, elə səbəb də budur axı. Bizə qarşı olanlar bilir ki, Azərbaycan əl qoyduğu istənilən tədbirdə elə yüksək standart tətbiq edir ki, ondan sonrakılar bizimlə ayaqlaşa bilmir! Elə yenə də Avropa Oyunlarını örnək göstərə bilərik. Bizdən sonra bu oyunlara ev sahibliyi edəcək Hollandiya açıq şəkildə bəyan etdi ki, “biz o standartlara uyğun davrana bilməyəcəyik” və oyunlardan imtina etdi…

Bizə qarşı olanların qorxduğu budur yalnız! Azərbaycan standartı deyilən bir şey artıq illərdir ki, çoxlarının yuxusuna haram qatır! Yoxsa kim idi “hava çirklənir, yol uzaqdır” deyib futbol matçını belə siyasi alver vasitəsinə çevirən?

Azər HƏSRƏT
ikisahil.az

 





13.05.2019    çap et  çap et