525.Az

Böyük bəstəkar, böyük vətəndaş - Xalq yazıçısı Anar Arif Məlikovdan yazır


 

Böyük bəstəkar, böyük vətəndaş - <b style="color:red">Xalq yazıçısı Anar Arif Məlikovdan yazır </b>

Arif Məlikovun vəfatı çağdaş musiqi sənətimiz üçün ağır itkidir. Parlaq bəstəkarlar nəslinin sonuncu moqikanlarından birisi  də dünyasını dəyişdi.

Ariflə çoxdan tanışdıq. 1987-ci ildə birlikdə ABŞ-da olmuşduq, dəfələrlə Türkiyəyə birgə səfərlərə çıxmışıq. Deyirlər insanı ən yaxından yolda tanıyırsan. Arifin çox yaxşı yol yoldaşlığı vardı və xarakterinin ən üstün cəhətləri bu səfərlərdə üzə çıxırdı. Amma mən bu böyük bəstəkarımızı  daha yaxından 1989-1991-ci illərdə SSRİ Xalq deputatı olduğumuz zaman tanıdım.

Bu illər xalqımızın taleyində ən çətin, ən ağır illər idi. Sovet parlamentinin İttifaqlar Şurasında Azərbaycanın iyirmidən artıq deputat  yeri vardısa, Ariflə mənim üzvü olduğumuz  Millətlər Sovetində respublikamızın yalnız beş  yeri vardı. Bu beş Azərbaycan deputatından yalnız Ariflə mən rusca danışa bilirdik. Odur ki, bu palatada bütün ağırlıq bizim üstümüzə düşürdü. 1990-cı ilin Qara yanvarından sonra tətildən qayıtmış parlamentin elə ilk iclasında Ariflə  mən dəfələrlə çıxış etdik, xalqımızın başına necə dəhşətli müsibət gətirdiklərini dedik. 

Amma Arif Məlikov bu  deputat fəaliyyətindən başqa,  rus dilində "Ya obvinyayu" ("Mən ittiham edirəm") adlı kitab da yazdı. Bu  kitab mənə Arifin daha bir cəhətini tanıtdı - qanlı hadisələrin  obyektiv, ciddi, eyni zamanda, hiddətli salnaməçisi olduğunu bildim.

Arif Məlikov ölkəmizin  tarixində yalnız dünyanı gəzmiş  baletiylə, samballı simfoniyalarıyla, başqa dəyərli  musiqi əsərləriylə deyil, həm də xalqın faciəsini sənədlər əsasında açıb göstərən vətəndaş yazar  kimi qalacaq. Arif  böyük bir ardıcıllıqla,  dəqiqliklə  Qara yanvarda  həlak olanların, yaralananların, zədə alanların adlarını bir-bir sadalamaqla, o günlərdə şəhərimizdə törədilən başqa vəhşilikləri göstərməklə  bunları yaddaşlara əbədi həkk etdi. Belə bir kitabı bir qrup jurnalist, tarixçi alim hazırlaya bilərdi. Bu kitabı bir nəfər - bəstəkar Arif Məlikov hazırladı və çap etdi. Rus dilində çıxan kitab mütləq azərbaycanca da nəşr olunmalı, başqa  dillərə çevrilməlidir.

SSRİ  Ali Sovetinin iclaslarında  o vaxtki  müdafiə naziri Yazov  Bakı qırğınını danmağa çalışdı. "Orda heç bir qoca, ya uşaq həlak olmayıb deyəndə" biz - Azərbaycan deputatları nümayişkaranə şəkildə salonu tərk etdik. Sonra Qanlı yanvarda şəhid olanların - o cümlədən, qoca və uşaqların siyahısını da Qorbaçova təqdim etdik. Yazovun bir yalanı da o idi ki, Bakıya hücum axşam saat 12-də yox, gecə  saat 4-də başlayıb, yəni sözünün məğzi bu idi ki, gecənin bu çağında küçələrdə qocalar, ya uşaqlar ola bilməzdi. Arif Məlikov bircə-bircə toplayıb nəşr etdiyi  faktlarla gələcəkdə  QKÇP avantürasının fəal iştirakçılarından olan marşal Yazovun   ağ yalanlarını darmadağın edir. Bütün bunları biz Ali sovetdə çıxışlarımızda  da deyirdik, amma  Qarabağla və Qara yanvarla bağlı məsələlər müzakirə olunanda adətən iclas translyatsiya edilmirdi, TV kanallarında yer almırdı.

Arif Məlikov  bu  kitabının yaranma səbəbini izah edərək yazırdı: “Sual verilə bilər ki, niyə görə bu işlərlə bəstəkar  məşğul olur. Mən bu işi könüllü şəkildə boynuma götürdüm. İki ay yuxu nədir bilmədim. Bütün günü öz "Volqa" maşınımla şəhəri gəzib dolaşırdım". Məhz bu fəaliyyətiylə Arif Məlikov dürüst və təkzibolunmaz faktlar əldə etmişdi. Amma SSRİ-nin o vaxtkı rəhbərliyi bu faktları vecinə almırdı. İnsan haqlarına guya ki, həssas yanaşan dünya ictimaiyyəti isə  sanki kor və kar olmuşdu.

O məşum günlərdə Arif həm vətəndaş, həm bəstəkar idi. Tez-tez o vaxtkı Şmidt, sonra Səttərxan adlanan zavodda görüşlər keçirirdi və kimsə rişxəndlə "sizin royalınızı da zavod direktorunun otağına qoyaq" deyəndə yanılmırdı. Doğrudan da  ictimai fəaliyyətinin ən gərgin anlarında belə Arif bəstəkar olduğunu unutmurdu, qəlbində yeni musiqi əsərinin ilk qığılcımları alışırdı. Qorbaçov yarı zarafat, yarı kinayəylə:  "Bəlkə bu hadisələrlə bağlı bir simfoniya yazısınız" - deyəndə, bəstəkar: "Amma bu, çox faciəvi simfoniya olacaq" cavabını verdi  və sözünə əməl etdi.

Hər xalqın həyatında elə zamanlar olur ki, hamı ilk növbədə siyasətçilərin deyil, sənətkarların sözünə ehtiyac duyur. Başqa daha dinc və sakit zamanlarda sənətkarları unutmaq da olar, onlarla hesablaşmamaq da. Amma  tarix gec-tez hər şeyi yerbəyer edir. Faciəvi hadisələr haqqında simfoniya, roman ya  poema yazmağa mənəvi haqqın olması üçün bu hadisələrin kənardan  müşahidəçisi yox, onların içində yaşamalısan. Səhhətinin, sağlamlığının  bahasına belə... Öz həyatını riskə atmalı olsan da.

Arif Məlikov bu haqqı həm ölməz musiqi əsərləriylə, həm də fədakar vətəndaşlıq əməlləriylə qazanmış insanlarımızdandır. Əsərləri daima bizimlə qalsa  da, vətəndaş kimi, müəllim kimi, dost kimi  yeri həmişə  görünəcək.

Allah Arifə rəhmət eləsin!

9 may 2019

 





13.05.2019    çap et  çap et