525.Az

Arılı, ballı tapmacalarımız


 

Arılı, ballı tapmacalarımız<b style="color:red"></b>

Təkrar nəşr edilən "Tapmacalar" kitabında ("Şərq-Qərb" nəşriyyatı, Bakı, 2004)  1500-ə yaxın tapmaca içərisində arıçılıqla bağlı 30-a yaxın tapmaca vardır.

Bu tapmacalarda arı pətəyi, arı, bal, mum, vərəmum, güləm, arı südü ilə bağli sirlər  üstüörtülü şəkildə ifadə edilmişdir. Bu sirlər mənimçün bir qədər aydın olduğundan başqaları üçün də maraqlı ola bıləcəyini düşünərək şərhini vermək istədim. 

Bal Allahın insanlara bəxş etdiyi ən qiymətli, möcüzəli, müalicəvi xüsusiyyətlərə malik nemətdir. Allahın kəlam,  olan "Qurani-Kərim"də arı ilə əlaqədar surə və ayələr vardır. "Ən-Nəhl" ("Bal arısı") surəsinin 68-ci və 69-cu ayələrində deyilir:

"Rəbbin bal arısına belə vəhy (təlqin) etdi;

Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə (evlərin damında,  üzümlüklərdə) özünə yuva tik;"
"Sonra bütün meyvələrdən ye və rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət  vardır!"

İlin isti vaxtında, arının gəliri çoxaldıqda axşamlar arıxanada uğultu çoxalır və xoş qoxu gəlir. Qanadları ilə ventilyasiya yaradıb balın tərkibini dəyişən, buxarlanma yaradan arıların uğultusu xorla Allah kəlamlarını oxuyan insan səslərinə oxşayır. Belə vaxtda pətək çərçivə ilə dolu olur. Bir pətək isə 12 çərçivə tutur. Bu fikirlər tapmacada belə bildirilir:

Dam-damın səsi gəlir,
Damnan dəm səsi gəlir.
On iki pəncərədən
Bir Quran səsi gəlir.

Çöllər, düzlər - Yer üzü Allahın bostanıdır. Bu bostandan qidalananlardan biri də arıdır. Arının yediyi şirə - nektardır. Nektar tərkibi şəkər, zülallı maddələr, üzvi duzlar, mineral maddələr - sulu karbonlar olan şirədir. Heç şübhəsiz, arı topladığı məhsulun müəyyən hissəsini yeyir və bala artımına sərf edir. Belə müqayisə aparmaq olar ki, əgər bir arı ailəsi 5 kq əmtəə balı verirsə, il ərzində orta hesabla 70 kiloqrama qədər balı yemiş olur.

Camışlar, ha camışlar,
Halqabuynuz camışlar.
Tanrısı bostan əkmiş
Yığıb onu yemişlər.

Bal yeganə ərzaqdır ki, ora mikroblar daxil ola bilmir. Arının məhsulları olan bal, arı südü, mum, güləm və vərəmumun hər birinin müxtəlif xəstəliklərə qarşı müalicəvi əhəmiyyəti vardır. Məhəmməd peyğəmbərin (s) hədislərindən birində deyilir: "Balı yeyin, o, minlərlə xəstəliyi sağaldır".

Dini rəvayətə görə, Adəm ata və Həvva nənə cənnətdən qovulduqda özləri ilə yarpaqlar gətirirlər. Ahu, ipək qurdu və arı bu yarpaqlardan yeyir. Odur ki, yeni doğulmuş ahunun göbəyinin qanı quruduqda əmələ gələn müşk, ipək qurdunun hazırladığı ipək, arının məhsulu olan bal cənnət məhsullarına bənzəyir. Otu, gül-çiçəyi yeyən canlıların bağırsaqlarında qida qalığı qalır, balı yeyən insanın bağırsaqlarında qida qalığı qalmır. Orqanizm balı 100 faiz mənimsəyir. Gül-çiçəyi yeyən məhv edən heyvandan fərqli olaraq arı tozlama aparır, şirə çəkərək cənnət məhsuluna bənzər məhsul hazırlayır.

Bir sürü quzu,
Otlayır düzü.
Nə bir izi var,
Nə də ki, tozu.

Arı ailəsinin işini qanunauyğunluqlar əsasında qurulmuş bir cəmiyyətə, dövlətə bənzətmək olar. Yuvada hər kəs öz işini bilir, heç kəs işsiz qalmır, tüfeyli həyat sürmür. Arı ailəsində bir ana arı, minlərlə işçi arı və yay vaxtı bir neçə yüz erkək arı olur. Ailədə artım ana arı ilə bağlıdır. Ana arı qovuqcuqlara mayalanmış yumurtalar qoyur. Həmin yumurtalardan işçi arılar çıxır. Ana arını işçi arılar qışda balla,  yayda isə arı südü ilə yemləyirlər. Yemləyici arılar ana arının ətrafında mühafizəçi kimi dolanırlar. Görünür ki, tapmacada bu ifadə olunub:

Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər.
Nə doğar, nə balalar,
Dalınca bala gəzər.

Ana arının yumurta qoyması yayda məhsul güclü olduqda ən yüksək səviyyəyə çatır. Normal şərait varsa, ana arı gün ərzində 1500-dən çox yumurta qoya bilir ki, bu da öz çəkisinə bərabər olur. Bir ananın minlərlə balası yaranır.

Əzizim bir anası,
Hərənin öz anası.
Quşlarda hansı quşdur,
Min bala, bir anası.

Arı ailəsində bal, mum, güləm, vərəmum hazırlayan işçi arılardır. Erkək arılar isə yalnız beçəvermədən sonra cavan ana arılara görə gərəkli olurlar. Bal mövsümü başa çatdıqda işçi arılar erkək arıları pətəkdən qovur, məhv edirlər. Tapmacalarda pətək beşiyə bənzədilir, erkək arının yuvada qalıb işçi arıların bağlara, çəmənliklərə şirə toplamağa getməsinə işarə edilir.

Hazar-hazara gedər,
Bu yol bazara gedər.
Atası beşikdədir,
Oğlu bazara gedər.

Arı ailəsi çoxaldıqda ailədə beçəvermə başlanır və arı ailəsi bölünür. Bu zaman pətəkdəki ana arı qovuqcuqlardakı ana arıların səsini duyur və əsasən, cavan işçi arılarla yuvanı tərk edir. El arasında ana arıya şah arı da deyilir. Yuvadan gedən arılar şah arı ilə ağaca, kola, münasib yer tapmadıqda damın qırağına qonurlar. Bu tapmacada belə ifadə olunub:

Dəniz qırağı düzdü,
Sayı əllidi, yüzdü,
Şah küsdü, oba köçdü,
Əlin bağçadan üzdü. 

Beçəvermə fikrinə düşən arı ailəsi ilk olaraq erkək arı yuvaları hörür. Ana arı bu yuvalara mayalanmamış yumurtalar qoyur. İstər yeni analar üçün, istərsə də erkək arılar üçün yumurtalar 3-5 gün fasilə ilə, mərhələlərlə qoyulur.

Yuvada müəyyən qədər erkək arı olduqdan sonra beçəvermə baş tutur. İkinci və üçüncü beçədə cavan ana arılarla xeyli erkək arı uçur. Cavan ana, yəni qız ana təxminən on gündən sonra ana olub yumurta qoymağa başlayır. İl yaxşı olduqda bəzən ilk beçə yenidən beçə verir. Beçəvermə dövrü ilə bağlı tapmacalarda bu fikirlər obrazlı şəkildə xalq dili ilə belə verilmişdir:

Əzizinəm dün doğar,
Aşiq aşiqi qovar.        
Anası beşikdəykən
Qızı bir oğlan doğar.

Bir qüvvəli arı ailəsinin arıları bal dövründə gün ərzində 40 milyondan çox çiçəyə qona bilir. Bir kiloqram bal yığa bilmək üçün arılar 120-150 min uçuş edir, 6-10 milyon çiçəkdən nektar toplayır. Bir qaşıq bal üçün 200 arı yaxşı bal yığımı dövründə bir gün nektar toplamalıdır. Bir o qədər arı isə yuvada nektarın hazırlanması, tərkibindəki suyun buxarlanması ilə məşğul olur. Arı belə zəhmətkeş olması ilə bir çox canlılardan fərqlənir:

Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.

Yeri gəlmişkən qeyd edək ki, arı sancmasının xeyirli cəhəti də var. Belə ki, arı zəhəri təbii şəkildə və təbabətdə bir sıra dərmanların tərkibində müəyyən xəstəliklərin müalicəsində işlədilir.

Havalar istiləşdikdən və əsas gəlir başladıqdan sonra cavan işçi arılar mum şirəsi ifraz edərək şan hörür. Arıların hördüyü qovuqların dibi üç romb bucağı şəklində olur. Daha sonra qovuqlar altıbucaqlı silindrik forma alır. Təxminən 140 qram ağırlığa malik hörülmüş şan 4-5 kiloqramadək balı asanlıqla özündə saxlaya bilir. 

İlim-iynəsi var bunun,
Zərli libası var bunun.
İynə ilə dəlik-deşik,
Gör nə libası var bunun.
 
Arı ailəsi bal gəliri yaxşı olduqda özünə lazım olandan artıq bal yığa bilir. Bu da məhsuldarlığın artımına səbəb olur. Arı səxavətlə insanlara qiymətli məhsul verir.

Cığ-cığa quşlar,
Cəmi durmuşlar
Özü qazanar,
Sizə bağışlar.

Arı ailəsində təxminən 20 günlüyədək arılar yuva daxilində təmizlik, yumurtalara qulluq, şan hörmək və s. İşləri görür. 20 günlükdən yuxarılar isə bal və güləm yığımında iştirak edir. Deməli, arılar insan kimi daimi olaraq hərə bir peşə ilə məşğul deyil. Tapmacada bu, belə söylənir:

Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu 
Hamısı bir peşəli.

Keyfiyyətli bal həm bir çox xəstəliklərin müalicəsi üçün dərman, həm də ən yaxşı qidadır. Balın rəngi, ətri, dadı onun hansı növ çiçəklərdən toplanması ilə əlaqədardır. Qeyd etməliyəm ki, balın rəngi, dadı fərqlənsə də, ümumilikdə özünəməxsus ətri, qoxusu var.

Bir balaca xallı şey,
Üstü qızıl altı şey.
Qoydu bizim dolçaya
Şirin, sarı, dadlı şey.

Keyfiyyətli süzülmüş bal soyuqlar düşdükdə xarlanır. Bal hansı bitkilərdən toplanmasından, saxlanma şəraitindən asılı olaraq tez, ya gec xarlana bilər. Lazımi şəraitdə, həm də süzülmədən çərçivələrdə saxlanılan bal uzun müddət olduğu kimi qala bilir. Xarlanma isə müxtəlif cür ola bilir. Çox vaxt tapmacada deyildiyi kimi, ərinməmiş yağa bənzəyir.

Ay nənə, bizə yağ gətir,
İnəkləri sağ gətir. 
Çalxalanmamış nehrədən
Ərinməmiş yağ gətir.

Arı məhsullarından biri də çətinliklə və az əldə edilən arı südüdür. Arı südünün təzəsi qaymağa bənzəyir. Bir qədər saxlandıqda isə əvvəl sarı, sonra isə qəhvəyi rəng alır. Arı südü sürfələrin qidalanması üçün işlədilir və vitaminlərlə zəngindir. Ondan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

Əcaib bir quşum var,
Yerdə gəzər, izi yox.
Əti haram, südü halal,
Boğazladım, qanı yox.

Çərçivələrdə balla birlikdə güləm də olur. Güləm çiçək tozudur, arılar üçün bir qidadir. Çiçək tozunda zülal,  C vitamini, B vitaminləri və başqa maddələr vardır. Arılar çiçək tozuna ağız suyu fermentlərini və bir az da bal əlavə edərək onu "kon-servləşdirirlər". Çiçək tozu güləmə çevrilir. Güləm uzun müddət qiymətli, zülallı yem kimi xarab olmadan qalır. Toplandığı çiçəklərdən asılı olaraq güləm müxtəlif rənglərdə olur. Balla qarışıq güləm  də yeyilə bilər. Digər arı məhsullari kimi güləmin də müalicəvi əhəmiyyəti vardır.

Arılar təmizliyi çox sevir. Onlar pətəyi, qovuqcuqları təmizləyir. Arıların nəcisi, hətta qışda belə yuvaya tökülmür. Onlar bu işi yuvadan kənarda görürlər. Amma el arasında şanlı balda güləmi gördükdə ona bilməməzlikdən arının nəcisi deyirlər. Ona görə də bu fikir tapmacada belə əks olunub:

Sarıdı, zəfəran deyil,
Qanadlıdı, quş deyil.
Yediyi gül-çiçəkdi,
Nəcisi çox göyçəkdi.

Bal illərlə öz tərkibini dəyişmədən qala bilir. Ona görə də qurumur, çürümür, əksinə, belə proseslərin qarşısını ala bilir. Arı ailəsi əvvəllər toxunma səbətlərdə saxlandığından tapmacada səbət xəlbirə bənzədilir və balın başqa qidalardan üstün əlamətlərinə işarə edilir:

Xəlbir içində 
Təpbəcə təzə.
Yaşdır qurumaz,
Duzsuz çürüməz.

Balın həm dadlı, həm də özünəməxsus, təkraredilməz olmasını isə xalqımız belə bir müqayisə ilə bildirir:

Bala dadı, bal dadı,
Bala adam aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır.

Söz sözü gətirər... Uzunçuluq da yaxşı iş deyil. Zənnimcə, dediklərim də kifayət edər.

Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi

 





13.05.2019    çap et  çap et