525.Az

Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd olunub


 

Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd olunub<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
 
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən akademik bildirib ki, alim ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb. Bundan əlavə, alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işləri işıq üzü görüb.

İsmayıl Hacıyev görkəmli akademikin 700-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, dərsliklərin müəllifi olduğunu diqqətə çatdırıb.

Konfransda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Akademik Məmməd Cəfərin elmi irsində dil məsələləri”, dosent Ramiz Qasımovun “Azərbaycan elmində Məmməd Cəfər məktəbi”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Cəfər və ədəbi əlaqələr” və  filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Məmməd Cəfər yaradıcılığında Hüseyn Cavidin ədəbi irsi” mövzusunda məruzələri dinlənilib.

Tədbir çərçivəsində alimin əsərlərindən ibarət  sərgi də təşkil olunub.

 





13.05.2019    çap et  çap et