525.Az

Ermənistan diplomatiyasının "sabun köpüyü" məntiqi


 

Ermənistan diplomatiyasının "sabun köpüyü" məntiqi<b style="color:red"></b>

Rəsmi İrəvanın regional miqyasda yeritdiyi xarici siyasət kursu iflasa uğrayıb. Hazırda Ermənistan Avropa İttifaqına assosiativ üzvlüklə Gömrük İttifaqına daxil olmaq arasında vurnuxur. Bunlardan heç biri üzərində sona qədər dayana bilmir. Əvəzində, bölgədə geosiyasi vəziyyət daha qeyri-müəyyən olub. Ekspertlər bu prosesin davam edəcəyi halda meydana yeni risklərin çıxa biləcəyindən ehtiyatlanırlar.

İki yoldan biri: İrəvanın seçim dilemması

Ermənistan rəhbərliyi növbəti dəfə xarici siyasətdə uğursuzluğa düçar oldu. S.Sarkisyanın sentyarbrın 3-də ölkənin Gömrük İttifaqına üzv olacağı haqqında "inamlı" vədi sabun köpüyü kimi partladı. İndi erməni KİV-i Rusiyanın S.Sarkisyana ciddi təzyiq etdiyini açıq yazır. Lakin erməni siyasətinin gülünclüyü və kənardan tam asılı olması yalnız bu faktla məhdudlaşmır.

Məsələ ondan ibarətdir ki, hazırda Ermənistan mediası Moskvaya getmiş S.Sarkisyanın yeni "oyuncaq rolu"nu ifa etdiyini vurğulayır. İndi də iddia edirlər ki, Ermənistan Gömrük İttifaqına daxil olmayacaq! (bax: Армения не вступит в Таможенный союз, и Россия не будет против этого / 1in.am, 18 sentyabr 2013). Bunun səbəbi nədir? Rəsmi İrəvan siyasətində ciddi dəyişiklikmi edir?

Belə deyil. Sadəcə, ermənilər növbəti dəfə müstəqil siyasət şousu düzəltməyə çalışırlar. Bunun üçün də həmişə olduğu kimi Azərbaycan faktorundan yararlanmağa cəhd edirlər. Erməni ekspertlər Rusiyanın Azərbaycana yenidən silah satacağı haqqında danışırlar (bax: əvvəlki mənbəyə). Onlar bunu Moskvanın erməni dövlətini "satması" kimi təqdim edirlər. Kremlin bu addımı onu göstərir ki, Ermənistanın təhlükəsizliyi Rusiyanı maraqlandırmır. Çünki Azərbaycana satılan silahlar erməni əsgərləri üçün təhlükədir.

Bunlardan erməni ekspertlər belə nəticə çıxarırlar ki, S.Sarkisyan komissiya yaradıb, Gömrük İttifaqına daxil olmağın səmərəsiz olduğunu sübut edə bilər. Buna Moskva da etiraz etməyəcək. Ermənilərin məntiqinə görə, Rusiya rəhbərliyi əsas məqsədinə – Ermənistanı Aİ ilə assosiativ üzvlük üzrə müqaviləni imzalamaqdan imtinaya məcbur edə bilib (bax: Лопнувший пузырь "таможенной" безопасности / 1in.am, 19 sentyabr 2013).

Avropa İttifaqının özü də Ermənistanla həmin sazişin imzalanmasının artıq mümkün olmadığını bəyan edib. Təşkilatın genişlənməsinə məsul şəxs Ştefan Füle deyib ki, eyni zamanda həm Gömrük İttifaqının, həm də Aİ-nin assosiativ üzvü olmaq imkansızdır (bax: Тысячи кругов страха Еревана / 1in.am, 16 sentyabr 2013). Hətta erməni jurnalistlər yarızarafat-yarıciddi Ş.Fülenin Ermənistan rəhbərliyinin səbatsız mövqeyinə görə tutduğu vəzifədən peşman olduğunu vurğulayırlar. Həqiqətən də bir neçə ildir ki, Avropa İttifaqının bu ali nümayəndəsinə bol vədlər verən İrəvan qəfil onun etibarına arxadan zərbə endirdi. Üstəlik, Ermənistan dövlət olaraq regiondakı geosiyasi vəziyyəti daha da dolaşdırdı.

Belə ki, rəsmi İrəvan ya Aİ-ni, ya da Rusiyanı seçməlidir. Lakin Ermənistanın müstəqil seçim etmək imkanının olmadığını nəzərə alsaq, yaranmış vəziyyətdə dəyişikliyin baş verəcəyinə ümid etməyə dəyməz. Bütövlükdə bölgə üçün təhlükə yaradan situasiyanın mövcudluğu göz qabağındadır.

Bunların fonunda bəzi erməni ekspertlərin "bu ilin sonuna qədər Aİ Ermənistanla hansısa sənədi imzalayacaq" kimi qeyri-ciddi proqnozlar verməsi yalnız gülüş doğurur (bax: Европейский Союз подпишет с Арменией какой-либо документ до конца года / 1 in.am, 18 sentyabr 2013).

Göründüyü kimi, Ermənistan diplomatiyası "sabun köpüyü məntiqi" ilə hərəkət edir. Yəni onun heç bir addımı ciddi təfəkkürün qəbul etdiyi məntiqi qaydalara əsaslanmır. Onun ömrü sabun köpüyünün "ömrü" qədərdir – xəfif külək partladır. Hazırda Ermənistanın dövlət kimi siyasəti çıxılmaz vəziyyətə düşüb: nə Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalaya bilir, nə də Gömrük İttifaqına daxil olmaqla bağlı qəti addım atır.

Ermənisayağı "mehriban qonşuluq" siyasəti

Ermənistanı Avropa özü qəbul etmir. Gömrük İttifaqına isə erməni cəmiyyətinin ciddi etirazları var. Ekspertlər bu iki seçim arasında qalan İrəvanın böyük bir problemlə üzləşdiyini vurğulayırlar. Söhbət konkret olaraq Gürcüstanın Aİ ilə assosiativ üzvlük haqqında sazişi imzalamasından sonra regionda yaranacaq vəziyyətdən gedir. Əgər Ermənistan Gömrük İttifaqına daxil olsa, Rusiya Gürcüstan vasitəsi ilə onunla əlaqə saxlaya biləcək. Burada erməni ekspertlər İran amilini elə də nəzərə almırlar. Çünki Qərbin bu ölkə ilə əlaqəli xüsusi planları mövcuddur.

Gürcüstanın Aİ ilə yaxınlaşması bu ölkə ərazisində Avropa standartlarına uyğun gömrük qaydalarının tətbiqinə imkan yaradacaq. Həmin səbəbdən Rusiyanın Ermənistanla Gömrük İttifaqı çərçivəsində əməkdaşlığı səmərəli olmayacaq. Bu aspektdə erməni ekspertlər Belarus prezidenti A.Lukaşenkonun belə bir fikrini misal gətirirlər ki, Gömrük İttifaqı bu ölkənin heç bir problemini həll etməyib. Belə çıxır ki, faktiki olaraq Ermənistan özü üçün daha çətin vəziyyət yaradıb.

Digər tərəfdən, İrəvan Moskvaya etiraz etmək cürətinə sahib deyil. Kreml S.Sarkisyana müstəqil qərar qəbul etməyə imkan verməz. Deməli, Ermənistan odla suyun arasında qalıb – nə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirə bilir, nə də Gömrük İttifaqından faydalanmaq şansına malikdir. Bu, rəsmi İrəvanın "müstəqil, düşünülümüş, erməni dövlətçiliyinə xidmət edən" siyasətinin tipik nümunəsidir.

Bunların fonunda Ermənistanın qonşu dövlətlərlə münasibətlərinin daha qeyri-müəyyən bir mərhələyə keçdiyini proqnozlaşdırmaq olar. Birincisi, Türkiyə ilə hər hansı müsbət dəyişikliyə ümid etmək mümkün deyil. Yaxın Şərqdə gedən geosiyasi proseslər İrəvandakı bəzi başları o qədər qızışdırdı ki, Ankaraya qarşı ərazi iddiaları irəli sürüldü.

Həmin ərəfədə erməni KİV-i dərhal zəbt ediləcək yeni torpaqlardan gen-bol yazdı. Məlum oldu ki, Ermənistan region dövlətlərinə qarşı yeni ərazi iddiaları irəli sürmək üçün sadəcə fürsət gözləyir. Bu da onun demokratik dövlət olmaq iddialarının aldadıcı olduğunu təsdiqləyir. Türkiyənin belə bir ölkə ilə əlaqə qurması ağlabatan deyil.

İkincisi, Ermənistan Qərbin qorxusundan İranla heç zaman səmimi əməkdaşlığa gedə bilməyəcək. B.Obamanın bu ölkə ilə münasibətlərin gələcəyinə dair son müsahibəsində ifadə etdiyi fikirlər, Tehranın hər an bombalanması ehtimalının mövcudluğundan xəbər verir. Bütün bunlar rəsmi İrəvanın İrana qarşı qeyri-müəyyən mövqe tutacağını göstərir.

Üçüncüsü, Gürcüstan rəhbərliyi Avropaya inteqrasiya yolunu tutduğunu bir daha təsdiqlədi. Ermənistan isə tərəddüdlü davranışları ilə Tbilisiyə bu planını reallaşdırmağa maneə olur. İndi İrəvanın Gömrük İttifaqı məsələsini meydana atması ilə Gürcüstan üçün daha çətin durum yaranıb. Şübhə yoxdur ki, rəsmi Tbilisi Ermənistanla münasibətlərdə həmin məqamları ciddi surətdə nəzərə alacaq. Belə şərtlər daxilində iki ölkə arasında real faydalı əməkdaşlıq mühitinin formalaşmasından danışmaq artıqdır.

Nəhayət, Azərbaycanın Ermənistanla hər hansı əlaqə yaratması mümkün deyil. Erməni silahlı qüvvələri Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlardan çəkilməyənə qədər bu haqda söhbət gedə bilməz. Üstəlik, rəsmi İrəvanın qondarma "DQR”-i geosiyasi oyunlara qatmaq istiqamətində yeni addımlar atmağa başlaması mövcud ziddiyyətləri daha da kəskinləşdirir. O cümlədən, bəzi erməni KİV-lərində Xankəndində yeni hava limanının istifadəyə veriləcəyi ilə bağlı informasiyaların yayılması narahatlıq doğurur.

Bütün bunlara ümumi mövqedən nəzər salanda görünür ki, Ermənistanın heç bir qonşusu ilə normal münasibətləri yoxdur. Bütün istiqamətlərdə problemlər mövcuddur. Onun Rusiya ilə quru sərhədinin mövcud olmadığını diqqətə alsaq, İrəvan üçün çox dolaşıq mənzərə alınır. Faktiki olaraq xarici siyasət bütün istiqamətlərdə iflasa uğrayıb. Bu proses getdikcə dərinləşir.

Newtimes.az

 





30.09.2013    çap et  çap et