525.Az

ADMİU-da yeni sərgi


 

ADMİU-da yeni sərgi <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” rəsm qalereyasında Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Sürətçıxarma sərgisi keçirilib.

Sərginin açılışında çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, bu sərginin Ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunması təsadüfi deyil. Çünki Heydər Əliyev Azərbaycan incəsənətinin, o cümlədən rəssamlığın inkişafı üçün misilsiz işlər görüb: “Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi və vurğunu olan, həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərən Ümummilli Liderin xatirəsi mədəniyyət və incəsənət xadimləri tərəfindən ehtiramla yad edilir. Sürətçıxarma sərgisi ADMİU-da Heydər Əliyevin anadan omasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamıdır. Sərgidə təqdim olunan sürətlər dünya və milli rəngkarlıq və qrafika məktəbinin zirvələri hesab olunan əsərlərdir. Tələbələrimiz fərdi zövqlərinə əsaslanaraq, Repin, Da Vinçi, Pikasso, Vermeyer, Rembrandt, Deqa, Mone, Van Qoq, N.Əbdürrəhmanov, M.Abdullayev və Q.Yunusun əsərlərinə müraciət ediblər”.

Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova sərginin keçirilməsinə göstərdiyi köməyə görə universitet rəhbərliyinə təşəkkür edib və bildirib ki, akademik bədii tədris proqramının mühüm aspektini təşkil edən Sürətçıxarma təcrübəsi rəngkarlıq, qrafika ixtisasının spesifik sahəsidir. “İlk Rəssamlıq Akademiyası olan Bolonya Universitetindən başlayaraq, Sürətçıxarma əsas proqrama daxil olmuş, mütləq tərzdə tətbiq edilmişdir. Rəssamların bədii üslub, fərdi manera və dəsti-xəttinin formalaşmasında, onların ixtisas vərdişlərininin, texniki bacarıqlarının formalaşmasında sürətçıxarma müstəsna yerə malikdir. Sürətçıxarma, tələbələrin “köhnə rəssamlarla” dialoq aparması və yaxud müasirlərinin bədii dilinin ritmini hiss etməsinə ciddi təkan verir”.

Sonra Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva, ali dərəcəli bərpaçı və ekspert, Əməkdar rəssam Natiq Səfərov, layihənin rəhbəri, Təsviri sənət kafedrasının müəllimi Rəşad Cabarov çıxış edərək sərgidə nümayiş olunan işlər haqqında məlumat veriblər .

Sərgi mayın 16-dək davam edəcək.

 





13.05.2019    çap et  çap et