525.Az

“Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatdı


 

“Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatdı<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatıb.

“İrəli”dən verilən məlumata görə, layihənin final mərhələsi Ağdam rayonunun Quzanlı qəsəbəsində, Olimpiya İdman Kompleksində keçirilib. Yarışların qalibləri müəyyənləşdikdən sonra Mədəniyyət Evində layihənin bağlanış mərasimi təşkil olunub.

Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Allahverən Əliyev, Ağa Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev, Ağdam Olimpiya İdman Kompleksinin rəhbəri Bəhruz Kazımov və Qarabağ qazisi Loğman Məmmədov iştirak ediblər.

Əvvəlcə “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. O bildirib ki, layihə çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün 3 minə yaxın gənc müraciət edib, min nəfərin yarışlarda iştirakına şərait yaradılıb.

Daha sonra “İrəli” İctimai Birliyinin sədri M.Seyidov ölkəmizdə hərbi-vətənpərlik mövzusuna olan diqqət barədə fikirlərini bildirib: “Torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdilməsidir”.

Gənclər Fondunun icraçı direktoru F.Cəfərov isə 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə Ordumuzun əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildirib, milli ruhda yetişən gənc nəslin torpaqların işğlalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.

Tədbirin sonunda “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.

Ağdam səfəri çərçivəsində “İrəli” komandası və layihə iştirakçıları N saylı hərbi hissədə də olub, əsgərlərlə görüşüblər.

Qeyd edək ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşlərinə həsr olunub.

C.ABASOV

 





13.05.2019    çap et  çap et