525.Az

Avropa Liqasının Bakı finalı: anti-Azərbaycan dairələrin növbəti hədəfi


 

“AZƏRBAYCAN QARAYAXMA KAMPANİYALARINA HƏR ZAMAN TUTARLI CAVAB VERİB VƏ QARŞI TƏRƏFİN ÖZÜNÜ İFŞA EDİB”

Avropa Liqasının Bakı finalı: <b style="color:red">anti-Azərbaycan dairələrin növbəti hədəfi</b>

Məlum olduğu kimi, mayın 29-u Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. İngiltərənin “Arsenal” və “Çelsi” klubları Bakı Olimpiya Stadionunda 2018/2019-cu illər mövsümünün qalibini müəyyənləşdirəcək.

Final oyununa təxminən 1 ay qalmış bütün biletlərin satılması, 30 mindən çox əcnəbi azərkeşin London derbisini izləmək üçün Bakıya gəlməyə hazırlaşması Azərbaycanın təşkilatçılığı ilə keçirilən həlledici qarşılaşmaya böyük marağın olduğunu göstərir.

Lakin mötəbər yarış ərəfəsində bəzi xarici dairələrin yenidən Azərbaycan əleyhinə qarayaxma aparmağa başlaması, hər iki klub azərkeşlərinin ölkəmizə səfərinə mane olmağa çalışması, guya Bakıda onların terrorla üzləşə biləcəkləri ilə bağlı həqiqətə uyğun olmayan çağırışlar səsləndirmələri bu cür kampaniyaların ənənəvi xarakter daşıdığını bir daha təsdiqləyir. 2012-ci ildə Avroziya musiqi yarışması, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-ci ildə İslam Hərməyliyi Oyunları, eləcə də ölkəmizin evsahibliyi etdiyi digər beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində eyni mövqe nümayiş etdirən dairələr bu dəfə də oxşar addımlar atmağa başlasalar da, əvvəlki yarışları yüksək səviyyədə tamamlayan Azərbaycan növbəti tədbirləri də uğurla keçirmək əzmindədir. Məhz UEFA İcraiyyə Komitəsinin 2017-ci ilin sentyabrın 20-də final qarşılaşmasının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərar bu reallıqdan irəli gəlir. Avropanın ali futbol qurumu Bakı Olimpiya Stadionun idman yarışlarını yüksək peşəkarlıqla keçirmək təcrübəsinə əsaslanaraq, Azərbaycanda terror riskinin ən aşağı səviyyədə olduğunu nəzərə alaraq seçimini ölkəmizdən yana edib. 2017-ci ilin sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Roma”, noyabr 22-də “Qarabağ” – “Çelsi”, 2018-ci ilin oktyabrın 4-də Avropa Liqasının qrup mərəhələsi çərçivəsində “Qarabağ” - “Arsenal” və digər beynəlxalq əhəmiyyətli qarşılaşmalara uğurla ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA İcraiyyə Komitəsinin qərarın da yanılmadığını, paytaxtımızın final oyunu üçün ən ideal məkanlardan biri olduğunu təsdiqləyib.  Buna baxmayaraq, Böyük Britaniya Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa davam edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı bildirib ki, UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur:
 
“Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən, beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir”.

L.Abdullayeva vurğulayıb ki, müxtəlif idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlik mühitindən və bu kimi irimiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar: “Azərbaycan turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”.

İddialardan biri də odur ki, viza rejimi xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir. Cari ilin martın 11-də Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında imzaladığı sərəncam xarici azərkeşlərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı verir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da hesab edir ki, bəzi dairələr idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrə əsaslanaraq bir sıra iddialar irəli sürür və məqsədyönlü şəkildə beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışır. Onun sözlərinə görə, hələ UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən, təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, kampaniyalar təşkil edilməyib.

E.Əhmədov bildirib ki, kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq deyillər: “Buna baxmayaraq, Azərbaycan bütün məsələləri ən yüksək səviyyədə təşkil etməyə hazırdır və bunu dəfələrlə əməldə sübut edib. Bütün bunlar onu deməyə əsas verir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar”.

Professor vurğulayıb ki, hazırda irəli sürülən iddialar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi daşıyır: “Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalayacağından, 2019-cu ildə dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatının zirvə toplantısına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin ölkəmizə qarşı növbəti qarayaxma kampaniyaları həyata keçirəcəyi hələ də ehtimal olunur.

Onu da qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb.
 
Eyni zamanda, bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması anti-müsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulur. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Bütün bu səylərə baxmayaraq, onların etdiyi cəhdlər indiyə kimi heç bir nəticə verməyib. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin”.

Bəzi hallarda Avropa ölkələri daxili futbol turnirlərinin final oyunlarını uzaq Asiya ölkələrində keçirməyə maraq göstərirlər. Misal olaraq, İtaliya Super Kubokunun finalının son illərdə Liviya (Tripoli), ABŞ (Nyu York), Çin (Pekin, Şanxay), Qətər (Doha), Səudiyyə Ərəbistanında (Ər-Riyad) keçirilməsini qeyd edə bilərik. Halbuki daxili yarışlar üçün belə bir məcburiyyət yoxdur. Həmin ölkələr könüllü olaraq bu seçimi edir. Kommerasiya maraqları ilə yanaşı, məqsəd böyük klubları digər ölkələrdəki azərkeşləri ilə görüşdürməkdir. Məhz UEFA-nın final oyunlarının hər il müxtəlif ölkə şəhərlərində keçirilməsinin əsas səbəbi də mötəbər turnirə dünyada olan maraqla izah olunmalıdır. Ona görə də hazırki situasiyada belə nəticəyə gəlmək olar ki, bəzi dairələrin məramı heç də üzdən təqdim olunduğu kimi öz vətəndaşlarını hansısa təhlükədən sığortalamaq deyil. Əgər real təhlükə olsaydı, UEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunun Bakıda keçirilməsinə icazə verməzdi.

C.ABASOV

 





13.05.2019    çap et  çap et