525.Az

“Azərsu” Suraxanıda yeni layihələrin icrasına başlayıb


 

“Azərsu” Suraxanıda yeni layihələrin icrasına başlayıb<b style="color:red"></b>

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
 
ASC-dən verilən məlumata görə, “Azərsu”nun Tədbirlər Planına uyğun olaraq Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Suraxanı rayonunda icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb, əhali içməli suya olan tələbatına maşınlarla daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılıb və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradımasına və yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə, bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.

Yeni Günəşli qəsəbəsi D massivinin relyef baxımından yüksəklikdə yerləşən hissəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borularla 3,2 km su xətləri çəkilır. Görüləcək işlər nəticəsində bu ərazidə 10 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Qaraçuxur qəsəbəsinin Şərq massivində, həmçinin, Nazim İsmayılov, Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əli Məmmədov, Əmircan qəsəbəsi Malik Mustafayev, Elxan Həsənov, Park, Vladimir Balandin küçələrində müxtəlif diametrli borularla 12 km uzunluğunda yeni su şəbəkələri yaradılacaq. Bununla da adıçəkilən ərazilərdə 11 mindən çox sakinin içməli su təchizatı yaxşılaşacaq.

Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin 7 km-lik hissəsi tikilib.
Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələrdən 30 mindən çox sakin faydalanacaq.

C.ABASOV

 





13.05.2019    çap et  çap et