525.Az

Avropanın ən ağır kuboku, 8 milyon mükafat - Bakı finalı


 

Avropanın ən ağır kuboku, 8 milyon mükafat - <b style="color:red">Bakı finalı</b>

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb.

Qol.az qurumun rəsmi saytında həlledici qarşılaşma ilə bağlı dərc olunan yazını təqdim edir.

Finalda kim oynayacaq?

Avropa Liqasının baş mükafatı uğrunda “Çelsi” və “Arsenal” yarışacaq. Avrokuboklarda bu iki ingilis klubu bir cütlükdə qarşılaşıblar. Çempionlar Liqasının 2003/04 mövsümünün 1/4 finalında “Çelsi” ümumi hesabda 3:2 qalib gələrək mərhələ adlayıb.

Final nə vaxtdır?

Oyun mayın 29-u, Mərkəzi Avropa vaxtı ilə saat 21.00-da (yerli vaxtla 23.00) başlanacaq. İlk dəfə olaraq Avropa Liqasının finalı Çempionlar Liqasının finalına 4 gün qalmış keçiriləcək. Bu o deməkdir ki, ÇL-in finalı bütün milli assosiasiyaların çempionatı başa çatdıqdan sonra olacaq.

Nominal meydan sahibi kimdir?

Mart püşkatması zamanı inzibati məqsədlər üçün nominal finalçı müəyyənləşib. Bu, “Ayntraxt” – “Çelsi” cütünün (indiki halda “Çelsi” – red.) qalibi olub. Hər iki komandanın futbolçuları əsas formasında oynaya biləcək. Amma əgər rənglər üst-üstə düşsə, nominal qonaqlar (indiki halda “Arsenal” – red.) ehtiyat formanı geyinməli olacaq.

Final haradadır?

İlk dəfə olaraq Avropanın ən nüfuzlu kubokunun finalı Azərbaycanda keçiriləcək. Final Bakıdakı “Olimpiya” stadionunda olacaq. 2015-ci ildə açılışı olan bu arenada “Avro-2020”nin final mərhələsinin 4 matçı (üç qrup, bir 1/4 final oyunu) təşkil ediləcək. Stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt “Parma” və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib.

VAR sistemi olacaqmı?

Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, ilk dəfə komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

Hakimlər kimdir?

Matçı italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Qalib nə qazanacaq?

Avropa Liqasının kubokunu. 15 kiloqram ağırlığı olan bu kubok Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub. Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq (maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq – red.).

 





14.05.2019    çap et  çap et