525.Az

"Brakonyerlik bəzi balıq növlərinin nəslinin kəsilməsinə səbəb olur"


 

"Brakonyerlik bəzi balıq növlərinin nəslinin kəsilməsinə səbəb olur"<b style="color:red"></b>

“Brakonyerlik balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, Azərbaycana balıq ovu müvafiq qanununvericiliklə tənzimlənir: "İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər. Bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.

Qanunvericiliyə əsasən, sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir. Balıqovlama biletlərini ETSN verir. Biletləri elektron qaydada almaq mümkündür.
Balıqovlama bileti almış şəxslər hər ilin birinci yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə Nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir.

Departament direktoru deyib ki, 2019-cu il üçün ETSN tərəfindən 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayrılaraq balıqovlama biletləri verilib: "Lakin sənaye məqsədləri ilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla il boyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar.

Birinci növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edlməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürü tökmə dövrü olduğundan onların ovlanması sentyabr ayının 1-dək qadağan edilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən qoruqların, milli parkların, yasaqlıqların ərazilərində, ümumiyyətlə sənaye balıq ovuna icazə verilmir. Ən əsası isə balıq ovunda qanunla qadağan olinmuş ov alətlərindən istifadə yolverilməzdir.

Təəssüf ki, bu hallara hələ də rast gəlinir və bu da ölkədə balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. Bütün balıqçılara müraciət edirik, qaydalardan kənar ov edilməsinə son qoysunlar, balıq ehtiyatlarının kökünün kəsilməsinə səbəb olmasınlar.  Bu qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun sərt və ciddi tədbirlər görülür".

 





14.05.2019    çap et  çap et