525.Az

Tarı dünyaya sevdirən sənətkar - Aqşin Babayev yazır


 

Tarı dünyaya sevdirən sənətkar - <b style="color:red">Aqşin Babayev yazır </b>

Azərbaycanın Xalq artisti, məşhur tarzən, professor Ramiz Quliyev öz ecazkar sənətilə qədim musiqi alətimiz olan tarı bütün dünyaya sevdirən bənzərsiz sənət xadimidir.

Gənclik illərindən tanıdığım, sonrakı illərdə dostluğumuzla fəxr etdiyim Ramiz müəllim Hacı Məmmədov, Əhsən Dadaşov kimi sənətkarlarla yanaşı dayanan, xalqımıza qürur və fəxarət gətirən şəxsiyyətdir. Onu dinləyəndə həmişə gözlərim önünə nakam Mikayıl Müşfiq gəlir: "Oxu tar..." deyən ölməz şairimiz!

Ramiz Quliyevin yaradıcılığı çoxşaxəlidir. İfaçı olmaqla bərabər, o, həm də mahir pedaqoqdur. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında fəaliyyət göstərir, gənc kadrların hazırlanmasında əlindən gələni əsirgəmir. Eyni zamanda, o, dünyanın əksər ölkələrində konsert proqramları ilə çıxış edir, tamaşaçıların dərin rəğbətini qazanır. 1989-cu ildə "Böyük İpək Yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər vermiş sənətkarımız Azərbaycanımızı ləyaqətlə təmsil edib. 1994-cü ildə Türkiyədə, 1997-ci ildə İsraildə və 2002-ci ildə İranda "Ustad dərsləri" verib. Bir çox müsabiqələrdə birincilik qazanıb. "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.

Ramiz Quliyev haqqında qələmə alınmış "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" əsərinin müəllifi Rafiq Hacıyev bir çox dəyərli əsərlərilə respublika miqyasında tanınmış görkəmli yazıçı-jurnalistdir. Onun Ramiz müəllimə həsr etdiyi əsəri (11 hissədən ibarət) "Ədalət" qəzetində çox böyük maraqla oxudum.

Müəllifin yaradıcılığında xüsusi mövqeyə malik olan bu əsər Ramiz Quliyevin keçdiyi həyat yolunu, sənət sahəsində qazandığı uğurları bütün incəliklərinə qədər əks etdirir. Burada görkəmli sənəd xadimlərinin Ramiz Quliyev haqqında fikirləri əhəmiyyətli yer tutur. Bunlardan birinə nəzər salaq. SSRİ Xalq artisti, Rus Xalq Çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, akademik Nikolay Nekrasov Ramiz Quliyev sənətinə belə qiymət verir:

"Ramiz Quliyev adi ifaçı deyil, onun barmaqları oxuyur. Yüksək ifaçılıq mədəniyyətinə, zəngin improvizə qabiliyyətinə malikdir. Hər dəfə onun bizimlə çıxışı Akademik Rus Xalq Çalğı alətləri orkestrinin ifaçıları üçün əsl bayrama çevrilir".

Ramiz Quliyevin repertuarında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, klassik dünya bəstəkarlarının musiqi əsərləri də xüsusi yer tutur. Hər qastrol səfərindən sonra Ramiz müəllimin haqqında müxtəlif ölkələrin mətbuatında, Azərbaycan musiqisinin ecazkarlığından, Ramiz Quliyev sənətinin qüdrətindən maraqlı materiallar çap olunur. Poetik üslubda qələmə alınmış bu kitabda həmin materiallar haqqında geniş məlumat verilir.

Ramiz Quliyev intellektual şəxsiyyətdir. Onun işıq üzü görmüş qiymətli nəzəri əsərləri, müxtəlif tədbirlərdəki çıxışları, bəlağətli nitqi həmişə dərin rəğbət və heyranlıqla qarşılanır.

Mən Ramiz Quliyevin ifasını dəfələrlə dinləmişəm. Onun çalğısında muğamlarımız özünəməxsus çalarları ilə seçilir. Ramiz müəllimin ifasında səslənən "Segah" muğamını xüsusilə çox bəyənirəm. Bu yerdə mən mərhum qardaşım - Bakı Musiqi Akademiyasının sabiq prorektoru Elxan Babayevin anım mərasimində Ramiz müəllimin ifa etdiyi həmin muğamı heç zaman unutmuram. Bu ifa hamını valeh etdi. Çünki Ramiz Quliyevin çalğısında yüksək sənətkarlıqla yanaşı, həssas bir ürəyin döyüntüləri var. Onu yaşadan, ucaldan, dünyaya sevdirən bu ürək var olsun!

Ramiz dostumun ən gözəl əsəri, onun sənətkar oğlu Əyyub Quliyevdir. Xalqımız belə istedad sahibləri ilə fəxr edir. Ramiz müəllimin yetirmələri çoxdur. Onlar öz ustadları ilə qürur duyur, "Mən Ramiz müəllimin tələbəsi olmuşam" sözlərini minnətdarlıqla, sonsuz sevinc hissilə tələffüz edirlər. Belə sözlərin sahibi təkcə azərbaycanlılar deyil, Türkiyədə, İranda və başqa ölkələrdə də Ramiz müəllimin yetirmələri var və onlar öz ustadlarını heç zaman unutmur, şükranlıqla yad edirlər.

Mən məşhur sənətkarımız Ramiz Quliyevə daha böyük yaradıcılıq uğurları diləyir, əsərin müəllifi görkəmli yazıçı-jurnalistimiz Rafiq Hacıyevə yeni-yeni əsərləri ilə oxucularını sevindirməsini arzu edirəm.

10.05.2019.

 





15.05.2019    çap et  çap et