525.Az

Beynəlxalq Ailə günü münasibətilə tədbir keçirildi


 

Beynəlxalq Ailə günü münasibətilə tədbir keçirildi<b style="color:red"></b>

Ədliyyə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti Beynəlxalq Ailə günü münasibətilə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda yığıncaq keçirib.

Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak ediblər.

Yığıncaqda Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova çıxış edərək bütün dünyada qeyd olunan Beynəlxalq Ailə gününün ölkəmizdə də geniş qeyd edildiyini bildirib, hazırkı tədbirin planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyini vurğulayıblar.

Ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu xüsusilə vurğulanıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.

Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.

Tədbirdə Heydər Əliyevin və akademik Zərifə Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib. 

C.ABASOV

 





15.05.2019    çap et  çap et