525.Az

Bolqarıstan səfiri Xoreoqrafiya Akademiyasında


 

Bolqarıstan səfiri Xoreoqrafiya Akademiyasında <b style="color:red"></b>

Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) qonaq olub.
 
Səfirlə görüşdə akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, "StaraZagora" Opera Teatrının rejissoru və baş bədii rəhbəri, hazırda akademiyada ustad dərsləri keçən Silviya Tomova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə iştirak ediblər.

Qonağı salamlayan rektor T.Əfəndiyev BXA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib. Səfir Nikolay Yankov isə öz növbəsində Bolqarıstan və Azərbaycanın sənət ocaqlarının gələcək əməkdaşlığına maraqlı olduğunu bildirərək, bu sahədə BXA-nın əldə etdiyi nailiyyət və təcrübələrindən yararlanmaq istədiyini vurğulayıb. Silviya Tomova da BXA haqqında müsbət fikirlər səsləndirərək akademiyada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd edib. S.Tomova, həmçinin onu da bildirib ki, Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Quli xeyli müddət Bolqarıstan Respublikasının Varna şəhərində balet məktəbinə rəhbərlik edərək, bolqar klassik xoreoqrafiyasının inkişafında yaxından iştirak edib.

Görüşdə, həmçinin, hər iki ölkənin ali sənət məktəblərinin birgə konsert proqramlarının təşkil olunması, tələbə-müəllim mübadiləsi, Azərbaycan rəqslərinin Bolqarıstanın xoreoqrafiya təmayüllü məktəblərində tədris edilməsi və qarşılıqlı əməkdaşlıq sazişlərinin bağlanılması müzakirə olunub.

ŞAHANƏ

 





15.05.2019    çap et  çap et