525.Az

"Vətən də bir qolunu itirib, sən də..." - Mina Rəşidin şeirləri


 

"Vətən də bir qolunu itirib, sən də..." - <b style="color:red">Mina Rəşidin şeirləri </b>

Amma səmimi, həyati, saf gülüşə tamarzı qalan bizlər neyləsin, Əliağa müəllim?
Mina RƏŞİD

VƏTƏN DƏ BİR QOLUNU İTİRİB, SƏN DƏ...

Qardaşım Talibə və bütün igid oğullarımıza

Mən də müharibəyə getdim
on səkkiz yaşımda
hamıdan balaca olsam da,
qorxmurdum düşməndən
bəziləri kimi yayınmırdım
döyüşlərdən...
Qanlı döyüş gedirdi o gün
bir də baxdım sağ qolum yanır...
...bir də gözlərimi açdım
ağ xalatlı adamlar var yanımda...
...bir də baxdım
sağ əlim...
hanı?...
sağ əlim yox...
duyunca həqiqəti yıxıldım
ölən əlimin yerinə...
sanki yuxu görürdüm
amma bu gerçək idi...
...sol əlimi divara vurmaq,
parçalamaq istədim...
amma dayandım... 
əlimi üzümə sürtdüm,
göz yaşımla əzizlədim...
təsəlli verdim tək qalan əlimə,
bəs ürəyimə?
necə təsəlli verəcəm ona, axı necə?...
...Bu müharibədi, dostum, deyəcəm,
Sən tək deyilsən ki...
Vətən də bir qolunu itirib
bu haqq savaşında...
Bilirəm, sən yenə döyüşəcəksən
o tək əlinlə
Qarabağ uğrunda...
 
SU KİMİ OLMAQ

Suya hər baxanda
tutub saxlar səni...
İlahi, bu necə bir möcüzə!
deyə, düşünərsən və
zikr edərsən Allahın uca adını...
... Bir damla su yetər
Səni sevməyə, Ya Rəbbim!
Su bir güzgü olar
Səni sənə qaytarar,
haqqı göstərər, doğrunu anladar...
Söndürər nifrət ocağını,
kini, qəzəbi məhv edər,
arındırar qəlbini...
və düşündürər...düşündürər...
... Bir ovuc Su götürərsən
sən də, sən də... 
Su kimi olmaq istərsən...

AY PAYIZDAN KÜSƏN QIZ

Ay payızdan küsən qız,
Gördün, bahar da gəldi.
Ağaclar çiçəklədi,
Qaranquşlar da gəldi...

Hamı baharı sevər
Bu nə asan bir peşə...
Bir də küsmə payızdan,
Yaz olmaz ki, həmişə...

GÜZGÜ YALAN DEYİR

Sən yenə gözəlsən, yenə...
Kim deyir dəyişmisən, kim?..
Güzgü yalan deyir...
güzgüyə inanma
Güzgülər görməz bizi,
bizi mələklər görər...
güzgü mənəm, güzgü sənsən
... Səni görəcəyəm deyə,
Bilsən necə titrəyirdi qəlbim...
Kaş bilsən indi necə gözəlsən
şipşirin, zərif təbəssümünlə...
 
GÜLLƏ YAĞIR ÜSTÜMƏ

Uşaqlığımdan məni
Əzizləyən olmayıb.
Nəğmə dolu könlümü
Bir dinləyən olmayıb.

Çoxlu uşaq içində
Elə bil, gizlənmişdim.
Oxumaq həvəsilə
Sanki günah etmişdim.

Çox erkən saçlarımı
Ağ tellər əzizlədi.
Müharibə ömrümü
Güllələrlə bəzədi.

Güllə kimi sözlərin...
Nə durmusan qəsdimə?
Taleyə bax, bu gün də
Güllə yağır üstümə...

BİR CÜT QUŞ KİMİ

Bir cüt quş kimi
İki balam var.
Səs-səsə verib
Hey oxuyurlar.

Kimsə qəlb qırır
Gülməyə qoymur.
Bu səslər məni
Ölməyə qoymur...

GÖZ YAŞI İMANDAN GƏLƏR

Yox-yox dərddən ağlamıram
Dünya yüküm deyil mənim.
Bir buludam göyüzündə
Nə qüssəm var, nə də qəmim...

Gah yağışda, gah küləkdə,
Gah da qarda ağlayıram.
Dünya dəyməz göz yaşına
Dualarda ağlayıram.

Bulud dolar göz yaşıyla
Dağ başını duman bələr.
Haqq aşiqi qərib olar,
Göz yaşı imandan gələr...

 





15.05.2019    çap et  çap et