525.Az

Onun qəlbində hər kəsə yer var


 

Onun qəlbində hər kəsə yer var<b style="color:red"></b>

Gələcəyi düşünən, həyatın kələ-kötür yollarını büdrəmədən keçmək istəyən hər bir gəncin bu yolların çox hissəsini geridə qoymuş, çətinliklərini yaşamış, uğurlarını görmüş, öz ömrü ilə başqalarına nümunə ola biləcək insanların məsləhətlərinə ehtiyacı var. Belələrini Müəllim də adlandırırlar, Himayədar da, İdeal da...

Mən də taleyimdə öz yeri olan, daim məsləhət aldığım, rəyinə dəyər verdiyim müdrik bir insan haqqında söz açmaq istəyirəm. Səksən yaşını qeyd edən yaxın qohumum, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Müasir Azərbaycan dili" şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev haqqında... Onun elm və təhsil sahəsindəki peşəkarlığından, uğur və nailiyyətlərindən danışmayacağam. Bu barədə uzun illər çiyin-çiyinə çalışdığı tanınmış həmkarları, elm və təhsil xadimləri yetərincə  geniş və peşəkarcasına yazıblar... Mənim məqsədim başqadır: mən onun insanlıq xüsusiyyətlərindən, əziz bir qohum kimi həyatımdakı rolundan bəhs edəcəyəm...

***

Xasiyyətcə tez-tələsik qərar qəbul etməyi və işə başlamağı sevən adam deyiləm. Hər hansı addımı atmamışdan qabaq hər şeyi yaxşıca ölçüb-biçməyə çalışıram. Daim atamla, əmilərimlə məsləhətləşmişəm. Ağıllı sözü, məsləhəti, necə deyərlər, yaddaşıma həkk etmişəm. Qara müəllim də mənim üçün belə söz, hikmət sahiblərindən biridir.

Biz onunla eyni nəsildən-kökdən olsaq da, ayrı-ayrı kəndlərdə yaşayırdıq. Amma  babamdan, atamdan hər zaman haqqında xoş, səmimi sözlər eşidərdim.  Bəlkə elə buna görədir ki, uşaqlıqdan Qara müəllimə qəlbimdə dərin hörmət və ehtiram yaranmışdı. Üzünü hələ görmədiyim vaxtlarda belə, dünyagörüşü formalaşmamış, həyatın gerçəklərindən xəbərsiz bir yeniyetmə kimi mən onu özüm üçün örnək seçmişdim. Həmin dövrdə  zəhmətkeşliyi, işgüzarlığı, təhsilə bağlılığı ilə Gəncənin və xüsusən də, paytaxt Bakının  şəhər həyatında öz cığırını tapmağı bacaran qohumlar, tanışlar, həmkəndlilər bizim üçün bir nümunə idilər. Qohum-əqraba arasında belələri az deyildi, xüsusən də texniki ixtisas sahibləri... Lakin mən humanitar sahəyə meylli olduğumdan Qara müəllimi özümə yaxın bilirdim.  Bir az irəli gedib deyim ki, xasiyyətimiz də tutur. O da tələsik qərarları sevməyən, ehtiyatlı və təmkinli, yumor hissi olan çox nikbin adamdır.  Mənim ən çox xoşuma gələn isə hər hansı mübahisədə həmişə kompromis tapmağı və məsələni yoluna qoymaq üçün müdrik qərarlar verməyi bacarmasıdır.  Qara müəllim həm də səxavəti, xeyirxahlığı, qonaqpərvərliyi ilə tanınır. Bax, buna görə də hamını başına yığa bilir. Təsadüfi və təəccüblü deyil ki, tək mən yox, neçə-neçə başqası da onu özünə müəllim, himayədar, bələdçi hesab edir. Yaddaşıma həmişəlik həkk olunmuş bir neçə epizod var ki, məncə, bunlar yubilyarın portretini tamamlayan cizgilər sayıla bilər.      

***

Düz beş il keçsə də, elə bil dünən olub. 2014-cü ilin aprel ayında Qara müəllimin 75 illiyi ilə əlaqədar film hazırlayan çəkiliş qrupu ilə birlikdə Bakıdan onun doğma kəndinə - Gədəbəyin Şınıx mahalındakı Düzrəsulluya gedirdik. Yubilyardan başqa dəstəmizə müxtəlif nəşrlərdən jurnalistlər də qoşulmuşdular. Bir az yorulmuş və yüngülcə mürgü vuran qonaqlarımız maşınlar düzəngahdakı Şəmkirlə dağlıq Gədəbəy arasında bir növ sərhəd olan məşhur dolamalara çatanda sanki yuxudan ayıldılar. Yaşıl xalıya bürünmüş dağlara, dərələrə, üfüqədək uzanan füsunkar mənzərəyə kim biganə qala bilərdi?! Adamı bihuş edən dağ havasından cana gələn hər kəs maşınların şüşəsi arxasından bu gözəlliyi seyr edirdi. 

Gədəbəyin kəndlərini bir-bir keçirik: Xar-xar, Zəhmət, mənim doğma Slavyankam, Maarif... Fikir verirəm - yaşayış məntəqələri arasında məsafə nə qədər qısalıb, bəzi yerlərdə bir-birinə birləşiblər, yol göstərən lövhələr olmasa, yad adam hansı kənddən keçdiyini çətin anlayar... Maarif kəndinə təzəcə girmişdik ki, Qara müəllim yoldan o qədər də uzaq məsafədə olmayan köhnə tikilini əli göstərib maşını saxlamağı xahiş etdi: - İnstitutu bitirdikdən sonra  ilk dəfə işə başladığım, əmək kitabçamda ilk sətirlərin yazıldığı məktəbdi bu, - bir az həyəcanla dedi, - gəlin yaxınına gedək...

Köhnə məktəbin yanında iki kənd adamı dayanıb söhbətləşirdi. Onlara yaxınlaşdığımızı hiss edib çevrildilər və onlardan biri diqqətlə gələnləri seyr edib qəfildən səsini qaldırdı: "Ayə, məncə, bu, Qara müəllimdi, Məşədiyev Qara... Yadındadı, 35-40 il əvvəl bizə alman dilindən dərs deyirdi". Xoş mənzərə idi. Gör, neçə illər keçib, amma kənddə ilk rastımıza çıxanlar Qara müəllimi tanıdılar. Xatirələr dilə gəldi... Ötən illəri yada saldılar. Söhbət qızışdı, əhval-ruhiyyə yüksəldi. İş həyatına başladığı məktəbin həyətində, kəndin küçələrində gəzərkən Qara müəllimin necə qəhərləndiyini gördüm. Hətta gözlərinin nəmini bir neçə dəfə xəlvətcə dəsmalla sildi də...

***

... Beş il əvvəl Maarifdəki görüş mənim yaddaşımda bu kəndlə, Qara müəllimlə bağlı başqa bir səhnəni də yenidən canlandırdı. Bu, uşaqlığımın xoş bir xatirəsidi...

İndi deyəcəklərim yaşlı birisinin "eh, bizim vaxtımızda..." eyhamı ilə köhnə əyyamların xiffətini eləməsi kimi anlaşılmasın. Hər kəsin öz xatirəsi var, yada düşəndə bəzən hisslərini cilovlaya bilmirsən.

Dəqiq yadımda deyil, 11 və ya 12 yaşım olardı, Slavyanka kəndinin gənc rus dili və ədəbiyyatı müəllimi olan əmim Zirəddin Məmmədov, adətinə xilaf,  evə bir qədər erkən gəldi və məndən zəhmlə soruşdu: "Dərslərini hazırlamısan?" Sual həmişəki kimi o qədər sərt idi ki, bütün dərslərimi bildiyimə baxmayaraq,  hər gün təkrarlanan ciddi mini-imtahanın xofu basdı məni. Amma əmim qəfildən dedi: "Hazırlaş, Yaqut bibigilə gedirik". Sevincimin həddi-hüdudu yox idi. Yaqut bibim bir müddət əvvəl qonşu Maarif kəndinə təyinatla gəlmiş müəllimə ərə getmişdi.  Ərinin adı Qara idi və bizim qohumumuzdu. Anlaya bilmirdim, niyə onu belə çağırırlar və o zaman  təsəvvürümdə yaratdığım qara adamı şəxsən görməyi çox istəyirdim. Şər qarışanda əmim atını yəhərlədi və bir cürdək də ev çaxırı götürərək məni tərkinə aldı. Biz gənc mütəxəssis - kənd müəllimi Qara Məşədiyevgilə yola düşdük. Mənim təsəvvür etdiyimin əksinə olaraq, bizi nur çöhrəli, xoşxasiyyət və ünsiyyətcil köhnə qohumumuz, təzə kürəkənimiz gülər üzlə qarşıladı. Bu işıqlı insanla ilk tanışlığım belə baş tutdu.

Böyüklərin söhbəti gecəyarısınadək uzandı. Onların yaxın-uzaq qohumlar, iş yoldaşları, dostları haqqında canınyananlıqla danışmaları, hər birinin dərd-sərindən xəbərdar olmaları, xoş sədalarından ürək açıqlığı ilə söz açmaları, doğma yurda bağlılıqları mənim üçün bir dərs idi... Həmin vaxtdan çox illər keçib. Maarif kənd orta məktəbində müəllimliyə başladığı vaxtdan ötən 50 ildə Qara müəllim çətin və gərgin, eyni zamanda, məhsuldar, zəngin, maraqlı və şərəfli əmək yolu keçib.   

***

Bizim növbəti görüşümüz 1974-cü ildə, mən orta məktəbi bitirib Bakıya gələrək, sənədlərimi Azərbaycan Dövlət Uniersitetinin Hüquq fakültəsinə verəndə oldu. Hüquq-mühafizə orqanlarında işləməyi çox istəyirdim, müstəntiq olmaq arzusundaydım. Qohumlarla görüşümüz sevindirici olsa da, nəticəsi məni xeyli kədərləndirdi. Hüquqa pulsuz və tapşırıqsız girməyin mümkünsüzlüyünü əsas gətirən "ailə şurası" mənim planlarıma dəyişiklik eləməyi qərara aldı. Qara müəllimin rəyinin həlledici rol oynadığı qənaətin nəticəsi belə oldu ki, mən sənədlərimi geri götürüb, respublikadankənar təhsil üçün Moskva Dövlət Universitetinin Klassik filologiya fakültəsinə verdim. Sərt rəqabətin getdiyi dörd imtahandan sonra Azərbaycana ayrılmış 1 yerə  70-80 adam arasından 4 iddiaçı qaldı. Onlardan biri də mən idim. Moskvaya ən yüksək qiymət almış bir qızı göndərdilər, biz - qalan üç nəfər isə imtahansız ADU-nun Filologiya fakültəsinə qəbul edildik. Bu, mənim ürəyimcə deyildi, burada oxumaqdan imtina eləməyi düşünürdüm. Amma Oqtay əmim sənədlərimi geri götürməyə imkan vermədi, "kim bilir, gələn il necə olacaq", - deyib məni inandırdı. Qara müəllim də onu dəstəklədi. Mənim elmə-biliyə həvəsim, çalışqanlığım onun xoşuna gəlirdi. Sözün düzü, qərar qəbul etməyimə də məhz Qara müəllimin məsləhət və tövsiyələri ciddi təsir göstərdi. Üstəlik, onun təkidi ilə Bakıya köçdüm. Mənim şəhər qeydiyyatına düşməyimə, işə düzəlməyimə kömək elədi, hər bir gəncin həyatında ən əsas məsələ olan ailə qurmaqda da yardımını əsirgəmədi. Elə həmin vaxtdan Qara müəllim şad gündə də, dar gündə də yanımdadı. Mən bütün mühüm qərarlarımı onunla razılaşdırıram. Hətta mənə nə deyəcəyini irəlicədən bilsəm də, qərarımın düzgünlüyünə bir daha əmin olmaq üçün rəyini soruşuram.

Bu gün, 80 yaşında da o, yenə öz qohumları və həmkarları arasında böyük nüfuz sahibidir. Evi həmişə qonaq-qaralıdır, əvvəlki tək yenə məsləhət və kömək üçün Qara müəllimə müraciət edirlər. Bilirlər ki, onun qəlbində hər kəsə yer var. Mən təsadüfi demədim ki, qabaqlar insanların daha xeyirxah və  mərhəmətli, qohumluq əlaqələrinin daha səmimi, görüşlərin daha çox və təmənnasız olması barədə sözlərim yaşlı adamın deyingənliyi kimi qəbul edilməsin. Bu gün ən yaxın adamları belə bir-birindən biganəlik divarı ayırır, münasibətlər isə əvvəlki istiliyini itirib. Mənim bəxtim gətirib ki, yanımda hər zaman Qara müəllim kimi bir insanı, işıqlı, müdrik şəxsiyyəti görmüşəm. Aramızda 20 yaş fərq olsa da, biz dostuq. Həyatı necə yaşamağı, böyüklərimizin ənələrinə hörmət eləməyi, xeyirxah işlər görməyi və qohumluq əlaqələrini möhkəm saxlamağı belə ağsaqqallardan öyrənməliyik.

Xanlar MƏMMƏDOV
Əməkdar mədəniyyət işçisi

 





15.05.2019    çap et  çap et