525.Az

Bəşəriyyətə iman üfürən kitab - Francesco Alfieri Vatikandan yazır


 

Bəşəriyyətə iman üfürən kitab - <b style="color:red">Francesco Alfieri Vatikandan yazır </b>

Prof.Dr. Könül Bünyadzadənin bu illər ərzində apardığı və "Eşqin hikməti: Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr)" kitabında yekunlaşdırdığı təhlillər elm dünyasında Stein araşdırmaları üçün bir çox səbəbdən unikaldır. Bu səbəblərdən bəzilərinin nəzəri ehtivasını şərh etməmişdən əvvəl mən diqqəti belə bir məsələyə yönəltmək istərdim.

İnanıram ki, bu detal kitabı təhlil edən oxucu üçün çox faydalı olacaqdır. Məhz bu detalı Bünyadzadə öz araşdırmalarına əlavə etməklə kitabını əhəmiyyətli dərəcədə fərqləndirib: əsər iki böyük monoteist din, daha dəqiq desək, İslam və Xristianlıq arasında çox sıx ünsiyyətin qurulması üçün möhkəm təməlin qoyulmasına xidmət edir. Mən xüsusi olaraq "xidmət edir" feilindən istifadə etdim, çünki təqdim olunan kitabda müəllif öz mütəmadi araşdırmaları ilə məhz "xidmət edir" və bununla da sözün tam mənasında işinin xidmətçisinə çevrilir. Yalnız belə olan halda, belə bir ciddi araşdırma bir vasitəyə çevrilir ki, biz hər şeyin fövqünə baxaq və biz özümüz ona doğru yol çəkənə qədər "müqəddəs olan"ın özünün bizə doğru gəldiyini görək. Müəllifin işinin mənim kimi digər oxucuları da imkan qazanırlar görsünlər ki, "ortaq" tədqiqat yolu necə çəkilir. Adətən, iki nəhəng moteist din arasında ümumi nöqtələr və ya kəsişmə nöqtələri haqqında danışırlar. Müəllifdə belə ortaq məqamların kifayət qədər çox olmasına baxmayaraq, o, radikal bir dəyişiklik edir: o göstərir ki, Rabiə əl-Ədəviyyə və Edith Stein "ilahi" və "bəşəri"nin birbaşa təcrübəsi vasitəsilə yenidən bir ortaq yol yarada bilirlər. Bu yol imkan verir, anlayaq ki, "ilahilik" və "bəşərilik" mistik təcrübədə əriməklə bərabər gedə bilər. Bu kitabda iddialar çox yüksəkdir, çünki "ortaq nöqtələr" Haqq və deməli, Müqəddəs olanın axtarışında ortaya çıxan "ortaq" maraqla sərt şəkildə sıxışdırılıb çıxarılır. Beləliklə, insan mahiyyətin axtaranına çevrilir, çünki özünün də dərinliyində müqəddəsliyin izləri var.

Bununla da Bünyadzadə Təsəvvüf və Xristianlığı təmsil edən iki qadının müqayisəsini təqdim edir. Belə yanaşma ona görə mümkün olub ki, müəllif yalnız Rabiə əl-Ədəviyyənin deyil, hər şeydən öncə, fenomenoloq Edith Steinin - Göttingen fenomenoloji ictimaiyyətin əhəmiyyətli üzvünün də əsaslı cəhətlərini ustalıqla uzlaşdıra bilib. Edith Stein bir yəhudi ailəsindən gəlsə də, 1922-ci ildə katolikliyi qəbul etmişdir. Steinin intellektual yolçuluğu və onun Təsəvvüflə ilk müqayisə cəhdini Bünyadzadə 2014-cü ildə İtaliyada nəşr olunan antologiyada etmişdi. Bu iş Vatikanın bir çox katolik fiqurları tərəfindən müsbət qarşılandı, çünki Steinin şəxsiyyəti ilk dəfə Quranın (İslamın) "seçilmiş qadınları" ilə - hikmətə doğru yolçuluğa dəvət edən qadınlarla bir müstəvidə araşdırılırdı. Bunyadzadənin "Yenidən Edith Steindən başlamaq" kitabındakı töhfəsi "plüralist düşüncənin" ilk cəhdidir. Faktiki olaraq, burada dünyanın müxtəlif yerlərindən bütün Stein mütəxəssislərinin töhfəsi vardır. Bunların arasında Azərbaycandan da iki mütəxəssisin - hazırkı müəllifin və prof. Səlahəddin Xəlilovun töhfəsi vardır. Onlar yalnız Şərq və Qərbin arasında kəsişmə nöqtələrini təqdim etmir, həm də artıq salınmış yolun davam etməsi üçün təməl qoyurlar.

"Eşq" və "mərhəmət" bu kitabın etalonudur. Maskulin/feminin ikiliyinin dinamikasında təzahür edən insanın varlığı haqqında düşüncələr məhz onlardan başlayır. Bünyadzadənin istifadə etdiyi istisnasız şəkildə fenomenoloji metoddur: əgər ilahi çərçivə bütün həcmi göstərirsə, insan burada mərkəz nöqtə hesab edilir. Bu mərkəz nöqtə müəllifin araşdırmada təqdim etdiyi davamlı narahatlığını, axtarışını canlandırır. O mənada ki, bir çox hallarda insanın sosial və dini şərtlər tərəfindən pozulan ləyaqətini bərpa edə bilir. Faktiki olaraq, öz fərdiliyində qəbul edilən insan həmişə əlaqələr üçün açıq olur: bu, nəzəri vəhdət təqdim edilən kitabı yalnız fəlsəfi baxımdan deyil, həm də etika nöqteyi-nəzərindən unikal edir. Nə üçün insana müraciət edəndə "əlaqələrdən" deyil, "əlaqədən" danışırlar? Müəllif kifayət qədər inandırıcı şəkildə göstərir ki, yalnız "əlaqə" termini insanın fəaliyyətinin həqiqətini əks etdirə bilir. Belə ki, yalnız bir "əlaqə" vardır ki, insan özü ilə, ilahi aləmlə, başqaları ilə əlaqədə yaşayır. Beləliklə, yalnız bir əlaqə vardır və o, müxtəlif "səviyyələrdən" ibarətdir. Yalnız bu yolla insanın unikallığı təmin edilir, qadının və ya kişinin hərəkətləri yeni bir keyfiyyət qazanır. Belə ki, "Mən-başqası-ilahi Zat" əlaqəsində insan bilir ki, bu üçlükdə elə bir vəhdət vardır ki, daim qorunmalıdır. Əvəzində, bir çox hallarda "əlaqələr" təcrübəsinə gəlib çıxır ki, o da "Mən-başqası-ilahilik (sifətlər)" üçlüyündə təzahür edir. Bu üçlük elə bir vəhdət ehtiva edir ki, istənilən əlaqələrlə ayrıla bilməz. Beləliklə, Bünyadzadənin əslində, təhlil etdiyi etik həyatın və "tolerantlığın" dəyəri bu üçlükdə yalnız fərqləri deyil, həm də fərqlərin harmoniyasını görmək bacarığından asılıdır. Təsadüfi deyil ki, insan ilk spesifikliyini öz ardıcılları ilə əlaqəni yaşayanda kəşf edir: məhz onun ilk təcrübəsindən biz kəşf edirik ki, daha böyük bir Spesifiklik var ki, bütün dünyanı idarə edir. Buna görə də Başqaya başqalarından təcrid olunmuş yolu seçərək gəlmək mümkün olmur. Düşünün ki, məsələn, Edith Steinin düşüncələrinin yetişdiyi mühit həmişə "ictimai", qarşılıqlı əlaqəli olub. Onun hər bir iş yeri müqayisələrlə, təxminlərlə, başqa müəlliflərə istinadlarla zəngin olub. Elə müəlliflər ki, Steinin görüşlərinin ruhunda, həqiqətə çatmaq üçün aparan yolda fundamental olub; Husserl məktəbində öyrəndiyi metod elə işləri ehtiva edirdi ki, sadə bir monoloq şəklinə tamamilə yad idi. Məhz bu istiqamətdə Bünyadzadənin nəzəri modeli bizə anlamağa kömək edir ki, "etik fəaliyyət" ictimai həyatdan doğulur; xüsusilə oxucusunun anlaması üçün məsuliyyət hiss edən kəslərin fəaliyyəti. Oxucu anlasın ki, İlahiliyin axtarışı təbii şəkildə bizi məqsədi ümumi Xeyirə və insanın, istənilən bir insanın ləyaqətinin qorunması olan keyfiyyətli münasibətlərin qurulmasına aparır. "Mən-Başqa-İlahi Zat" müxtəlifliyi necə bir xəzinənin mənbəyi olmasına nümunədir və heç bir təhlükə ola bilməz. Belə bir iddia irəli sürməyə cəsarət edə bilərik ki, dünyanı idarə edən müxtəliflik vacibdir, hətta mən deyərdim, zərurətdir. Belə ki, hər bir insan dünyada, həyatında öz şəxsi fərdiliyini qoruyub saxlaya bilər (Lebenswelt).

Müəllif bizi geri - "bərabər işin" əhəmiyyətinə doğru geri aparır ki, o, bir həyat tərzinə çevrilə bilər. Belə ki, "Haqqın" axtarışı təcrid olunmuş şəkildə aparıla bilməz və məqsədə çatmaq üçün "çoxlarının" köməyinə ehtiyac var. Ancaq bu yolla hər özünəistinad vəziyyəti daha artıq təsdiq tapmır, çünki bizim üçün yeni bir ölçü açılır: "vəhdət" (Gemeinschaft). Bununla belə, daim "daxili baxışın" (əlaqənin ilk səviyyəsi) müşayiət etməsi də lazımdır. Çünki o bilir ki, özünün və başqalarının fərdiliyində ən böyük Başqanın ilk nüvəsini görüb tanıya bilir. Bizim başqalığımız daxilidir və bizə Varlığın sonsuzluğuna bənzəyən alter ego-nun (əlaqənin ikinci səviyyəsi) transsendentliyini açmağa imkan verir. Beləliklə də, vəhdətdəki həyatın qarşılıqlı əlaqəsində insan daha böyük transsendentliyə (əlaqənin üçüncü səviyyəsi) doğru özünün ikinci imkanını yaşayır.

Bütün bu aspektlər və müəllifin onların təhlil etdiyi üslub bu kitabı yalnız unikal (unicum) deyil, həm də yeni edir. O, bizi idarə etməyi "Hikmətə" həvalə edəndə necə bir yol cızmağın mümkünlüyünü göstərir. "Hikmət" sakitcə bizimlə bərabər gedən yol yoldaşı kimidir və yalnız bu sakitliyi pozmaqla biz anlaya bilirik ki, bu sakitlikdən ucalan sözlər bizim gündəlik işlətdiyimiz sözlər kimi deyil, biz burada ancaq məna dolu sözlər eşidə bilərik. Bünyadzadənin əvəzsiz xidməti ondadır ki, bu "sözləri" Rabiənin poetik dili və Editin artıq Auschwitz-Birkenau həbs düşərgəsində bitirdiyi "Xaçın elmi" Kreuzeswissenschaft (Scientia crucis) əsəri vasitəsilə bərpa edir.

Mənim üçün böyük bir şərəfdir ki, bu kitabla bəşəriyyətə iman üfürdüyünə görə professor Könül Bünyadzadəyə öz minnətdarlığımı bildirim. Eyni zamanda, bu həm də davamlı olaraq düşünməyə dəvət edən bir etik borcdur: Müəllif böyük bir səxavətlə bizi ruhlarımızın səylərini təkrar birləşdirməyə dəvət edir. Bu, həm də vəhdətə bir dəvətdir. Düşünməkdə davam etmək lazımdır ki, düşünə bilək.

Hörmətli oxucular! Akademiklər, Professorlar, əziz Tələbələr.

Belə bir əhəmiyyətli kitab haqqında bu yazı ilə münasibət bildirmək mənim üçün böyük fəxrdir. Çünki mən Professor Könül Bünyadzadənin ziyalı səmimiyyətini dərindən qiymətləndirirəm və hər zaman onun elmi araşdırmalarını böyük maraqla izləyirəm.

"Eşqin hikməti: Rəbiyyə əl-Ədəviyyə və Edith Stein" kitabının ərsəyə gəlməsi təkcə Stein Elmi Cəmiyyəti üçün əhəmiyyətli olmayıb, hər şeydən əvvəl İslam və Xristian mədəniyyətinin birgə "dialoqda" birləşdirə biləcək bir "körpü"dür. Biz bu "görüşü" "dialoq" yolu ilə mümkün etdiyi üçün Professor Könül Bünyadzadəyə borcluyuq.

Bir neçə il əvvəl, bir tədbir münasibəti ilə Romada Professor Könül ilə görüşdüm və ondan bu kitabı yazmasını xahiş etdim. Çünki mən onda öz spesifik sahəsində rəngarəngliyi və müxtəlifliyi inkişaf etdirmək üçün mədəniyyəti faydalı alətə çevirə bilən şəxslərin həssaslığını və elmi gücünü sezmişdim.

Hörmət, dinləmə qabiliyyəti, intellektual məsuliyyət, təfəkkür, müxtəlifliyin qəbulu - tolerantlıq Professor Konül Bünyadzadənin elmi yaradıcılığının fərqləndirici tərəfidir və o, mütəxəssislər üçün "birlik" rəmzi olan bu kitabın ərsəyə gəlməsində bu göstərilən keyfiyyətləri bir araya gətirməyi bacardı.

Bununla yanaşı, onu da demək istərdim ki, qadın həssaslığı bu kitabın rəmzidir (ölçüsüdür). Düşünürəm ki, heç bir kişi müxtəlif tarixi dövrlərdə yaşamalarına rəğmən "xoş məramlı" hər bir insanın təqib edə biləcəyi "yolu" vurğulayan Rəbiyyə əl-Ədəviyyə və Edith Steinin mənəvi yolunu təsvir edə bilməzdi. Qadın Allahdan ruh aldı və ilahi biliklər öyrədildi. Əvvəlcə mələklər onlara səcdə etdilər (Quran 2, 34). "İlahi bilik" hədiyyədir və güclü məsuliyyət daşıyır! Bu hədiyyəni sadəcə qəbul etməklə kifayətlənməməli, bu hədiyyəni həm də insanlara "çatdırmaq", "ötürmək" lazımdır. Yalnız bu zaman insan Allahın güvənini qazana bilər. İnsanlara bu "ötürmə" prosesi yolu ilə işlərimiz ilahi işıqla aydınlanacaq və biz, təəssüf ki, insan ləyaqətini alçaldan yalançı yoldan qaytarmaq ideyasının gücü ilə xatırlanan tariximizin inkişafına kömək edə bilərik.

Professor Könül Bünyadzadənin, bütün zamanların ziyalılarının, bizim hər birimizin hər bir insanın ləyaqətini qorumaq və yüksəltmək məsuliyyəti vardır və mədəniyyət bu həssasiyyəti yetkinliyə çatdırmaq üçün hərtərəfli xidmət göstərir. Bu məsuliyyət Professor Könül Bünyadzadə tərəfindən dərindən dərk edilmişdir və bu kitab bunun əyani "sübutudur".

Mən sizin hər birinizə və özümə arzu edirəm ki, mədəniyyətin xidmətçisi olaq və mədəniyyəti öz şəxsi maraqlarımıza çatmaq üçün "istifadə" etməyək.

Hər birimiz üçün "xidmətçi" olmaq, ardıcıl olmaq deməkdir. Bu, Allahın necə ardıcılı olmaq lazım olduğunu bilmək  və özünü Onun yerinə qoymamaq deməkdir.

Bu xoş duyğularla, Sizin hər birinizə bütün yaxşılıqları arzu edirəm və Professor Könül Bünyadzadəyə  təşəkkür edirəm ki, məndə "məsuliyyət" hissini yenidən dirçəltdi!

Prof.Dr. Francesco ALFİERİ
Pontifik Lateran Universiteti - Vatikan

 





16.05.2019    çap et  çap et