525.Az

TRT-nin baş direktoru İbrahim Şahin Bakıda mükafatlandırılıb- Fotolar


 

TRT-nin baş direktoru İbrahim Şahin Bakıda mükafatlandırılıb- <b style="color:red">Fotolar</b>

Ötən gün Odlar Yurdu Universitetində TRT – Türkiyə Radio və Televiziya Qurumunun baş direktoru İbrahim Şahinə sözügedən universitetin fəxri doktor diplomunun təqdimolunma mərasimi keçirilib.

İbrahim Şahinə Odlar Yurdu Universiteti və TRT işbirliyi çərçivəsində rektorluq tərəfindən fəxri doktor diplomu Türk mədəniyyətlərinin dünyaya tanıdılması, Azərbaycanın Qarabağ problemi və Xocalı soyqırımı həqiqətlərini hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə verilib.

Tədbiri açan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Universitetin 1995-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası və özünün təşəbbüsü ilə yaradıldığını bildirən rektor universitetdə gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, xüsusilə Türkiyə ali məktəbləri ilə əməkdaşlığa üstünlük verildiyini qeyd edib: “ Biz qərara almışıq ki, daha çox qardaş Türkiyənin ali məktəbləri və müxtəlif təşkilatları ilə bağlantılarımızı, əlaqələrimizi genişləndirək”. Ə.Vəliyev TRT-nin Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini hər zaman dünyaya olduğu kimi çatdırdığını və bundan sonra da bu istiqamətdə məqsədyönlü işlərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Çıxışdan sonra TRT-nin tanıtım videosu yayımlanıb. Çarxda TRT-nin Azərbaycanla bağlı çəkdiyi verilişlərdən, reportajlardan görüntülər təqdim edilib. Tanıtım çarxında “Azərbaycanın gündəmi TRT-nin gündəmidir. Azərbaycan Prezidenti İlham Əliyevin “ Azərbaycanın ən birinci dostu və müttəfiqi Türkiyədir” fikri xüsusi vurğulanıb.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov TRT rəhbərinə Odlar Yurdu Universitetinin fəxri doktor adının təqdim olunmasını çox gözəl hadisə kimi dəyərləndirib: “Doktor olmaq kolay deyil, amma fəxri doktor olmaq heç kolay deyil. İstər-istəməz həm məsuliyyət, həm də şöhrət artır. Bundan sonra İbrahim müəllim Odlar Yurdu Universiteti ilə fəxr edəcək, həm də Odlar Yurdu Universiteti İbrahim bəylə qürur duyacaq. Arzu edirəm ki, TRT həmişə olduğu kimi bundan sonra da Azərbaycanla bağlı olsun”.

Millət vəkili Qənirə Paşayeva İbrahim Şahinin həyat yoluna nəzər salıb, TRT haqqında ətraflı çıxış edib: “İbrahim Şahin bəyin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında böyük xidmətləri var. TRT həmişə bizim kanalımız olub. İbrahim Şahin bəy 2007-ci ildə TRT rəhbərliyinə gəlməsi ilə “bizim kanalımız” missiyasını daha uğurla həyata keçirməyə başlayıb. TRT özündə 14 televiziya, 15 radio, 35 dil və ləhcədə xidmət göstərən, 3 dərgini təqdim edən nəhəng bir qurumdur. 2009-cu ildən TRT-Avaz fəaliyyətə başlayaraq bütün türk dünyasını birləşdirməyə xidmət edir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında bir media rəhbəri kimi İbrahim bəyin müstəsna xidmətləri var. TRT-nin Azərbaycanla bağlı etdiyi hər şeyə görə minnətdarlığımızı bildiririk. Bu minnətdarlığımız həm də ona görədir ki, xüsusilə Qarabağ problemi, Xocalı soyqırımı hər zaman TRT vasitəsilə yayımlanıb. Türkiyənin heç bir kanalı TRT qədər Azərbaycanın səsini dünyaya duyurmadı. TRT həqiqətən bizim səsimizdir və hər zaman Azərbaycanın uğurlarını öz uğurları kimi görür. İndiyə qədər TRT Azərbaycanla bağlı 13 mindən artıq xəbər hazırlayıb. Bu çox ciddi bir rəqəm deməkdir. Azərbaycanın tanıdılması ilə bağlı təxminən mindən yuxarı 30 dəqiqəlik proqram çəkilib”. Q.Paşayeva həmçinin İ. Şahinin keçdiyi həyat yolundan danışıb.

Daha sonra İ.Şahinə fəxri doktor diplomu və hədiyyələr təqdim olunub.

Təqdimatdan sonra çıxış edən fəxri doktor öz növbəsində universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə edib, bu günün həyatında xüsusi bir gün olduğunu vurğulayıb: “Bu gün həyatımda xüsusi bir gündür. Bu gün Türkiyədən kənarda ilk fəxri diplom alıram. Türkiyə hazırda beynəlxalq aləmdə söz sahibi olan bir ölkədir, bundan qürur duyuruq. Əminəm ki, yaxın illərdə öz hədəflərimizə çatacağıq”. Azərbaycanın sürətli inkişafından danışan İ.Şahin 9 oktyabrda keçiriləcək prezident seçkilərində xalqımızın daha bir demokratik sınaqdan uğurla keçəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxışında qardaş ölkənin dostluğunun əbədi olduğunu və Türkiyənin gələcəkdə də Azərbaycanın yanında olmaqda davam edəcəyini bildirib.

Qeyd edək ki, bununla yanaşı, İbrahim Şahin Azərbaycanın üç qeyri-hökumət təşkilatı tərəfindən Türk Dünyası Üstün Xidmət Mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu İbrahim Şahini Türk Dünyasına göstərdiyi xidmətlərə və TRT AVAZ kanalının iş fəaliyyəti, göstərdiyi nailiyyətləri münasibəti ilə mükafatlandıracaq.

Sevinc MÜRVƏTQIZI

 





01.10.2013    çap et  çap et