525.Az

Şanapipik - Fidan Malikqızı yazır


 

Şanapipik - <b style="color:red">Fidan Malikqızı yazır </b>

Məncə, fəsillərdən ən şıltağıdır bahar. Evin ərköyün sonbeşiyi kimi. Bir az küsəyən, bir az kövrək. Hərdən şən, hərdən qəmli. Hansı anda nə edəcəyi bəlli olmaz. Lakin necə  dəyişkən olur-olsun, ətri, rəngi bir başqadır. Səsi isə baharın bambaşqadır. O səslərin hərəsi bir nağıldır. Əgər bir anlıq ayaq saxlayıb, təbiəti diqqətlə dinləsək, xüsusən də baharın bu çağında, o zaman hər canlının əsrarəngiz səsini, hekayəsini eşitmiş olarıq.

Yəqin ki, yazın bu vaxtlarında ən azı bir dəfə sübh vaxtı işə gedərkən, ya da yürüşə çıxarkən yolunuz şəhərin parklarından keçib. Hərgah şəhərdən kənar təbiətdə olmuşsunuzsa, nə əla! Təbiətdə ikən quşların bir-birindən fərqli, gözəl nəğmələri bizi başqa bir aləmə alıb aparır. Gündəlik qayğıları bir anlıq unutmuş oluruq. Canlı olduğumuzu xatırlayırıq. Quşlar hamısı səs-səsə versə də, biz hər birinin nəğməsini ayrıca eşidirik. Bir anda bu səslərin içindən qulağımıza hop-hop-hop və ya up-up-up səsi gəlir. Bir az sonra yenə də təkrarlanır. Qeyri-adi bir nəğməsi olmasa da, bu quşun səsi digər quşların səsiylə bir ahəng təşkil edir. Musiqi orkestrindəki zərb alətləri kimi. Sanki öz ritmiylə digər ifaları müşayiət edir. Bu quşun adı Hop-Hopdur. Kəkili darağı xatırlatdığına görə isə ona Şanapipik də deyirlər.

Əfsanəyə görə, Hop-Hop və ya Şanapipik - bir gözəl gəlin imiş. Saçları özündən də gözəlmiş. Xınayı rəngiylə günəştəki işıq saçarmış. İki övladı varmış. Birinin adı Hop-Hop, o birinin Up-Up imiş. Hər səhər ərini işə yola salandan sonra balalarıyla gözəl vaxt keçirərmiş. Ərinin yolunu gözləyərmiş. Günlərin bir günü gəlin yenə də ərini yola salandan sonra saçlarını yumaq üçün hazırlıq görməyə başlayarmış. Çünki saçları o qədər uzun imiş ki, yumaq çox vaxt apararmış. Beləcə gəlin uşaqlarını yedizdirər, əzizləyər, həyətə oynamağa göndərər. Saçlarını isladıb, daramaq istəyəndə qapının eşiyindən səs eşidər. Qayınatasının səsini. Baba nəvələrlərlə hal-əhval edincə, gəlin saçında daraq, ortalığı yığışdırmağa tələsər. Qoca nəvələrilə qapıya bir addımlığında ikən gəlin çaşıb qalar. "Qayınatası onu yaş saçlarla görərsə, utancından bir daha onun üzünə baxa bilməz" həyəcanıyla əlini göyə tutub Allaha yalvarar: - "Allahım, məni bu utancdan qurtar deyər!". Evin qapısı açıldığı anda qapıdan balaca bir quş pırr eliyə uçub gedər. Bax beləcə həmin gəlin, quş olub saçında daraqla ağaca qonar. İnsanlardan bir az kənar gəzər. Amma övladlarından narahat qaldığı üçün tez-tez onları "Hop-hop-hop", "Up-up-up", - deyə səsləyər. O gündən o quşa Hop-Hop quşu, ya da Şanapipik deyərlər.

Əslində isə Şanapipik - orta ölçüdə, uzun, nazik dimdiyi, başında isə kəkili olan açıqrəngli kiçik quşdur. Yazın ortalarında Avropanın və Asiyanın cənub və mərkəzi hissələrindən və demək olar ki, Afrikanın hər yerindən bizim təbiətə köç edir və iyulun ortalarına qədər qonağımız olur. Bu quşa meşələrdəki talalarda, çəmənliklərdə, düzənlərdə, üzüm bağlarında rast gəlmək olur. Yuvasını, əsasən, ağacların koğuşunda, bəzi hallarda isə qayalıqlardakı oyuqlarda və digər gizli yerlərdə qurur.  Başındakı yelpəyə oxşayan və darağı xatırladan kəkilini əhvalına görə açıb-bağlayır. Bədəni və başı oxra rənginə yaxın sarımtıl və ya xınayı rəngə çalır. Qanadları isə ağ-qara xətlərdən ibarətdir. Həşəratlarla qidalandığından təbiət üçün faydalı sayılır.

Səsi də özü kimi çox maraqlıdır. Durmadan 5 saniyə ərzində up-up-up, hop-hop-hop, bəzən də ud-ud-ud nəğməsini oxuyur. Elə adı da buradan irəli gəlir.

Şanapipik insanlardan uzaq gəzsə də, qorxaq quş deyil. Sadəcə ehtiyatlıdır. Vaxtının çox hissəsini yerdə keçirir. Təhlükə anında qanadları açıq vəziyyətdə yerə yıxılıb özünü ölülüyə vurur və ağac qabığını xatırladır. Beləcə özünü düşməndən qorumuş olur. Yuvada ikən isə balalarını qorumaq üçün xoşagəlməz iy ifraz edir və buna görə də yuvaya erkək və dişi şanapipikdən başqa heç bir canlı yaxınlaşa bilmir. Şanapipik çox tez əhilləşən quşlardandır. Sahibinə sadiq quşdur.

Deyimlərə görə, bəzi qədim xalqlarda bu quş bərəkət və bahar rəmzi sayılırdı. Bu səbəbdən onun həyətdə yuva qurması da yaxşı əlamət kimi qəbul edilirdi.

Bax beləcə!  Bu balaca, ala-bəzək quşun səsi qeyri-adi gözəl olmasa da, özü çox gözəldir. Faydalıdır. Ən əsası zərərsizdir. Bir də hekayəsi çox gözəldir. Əslində, məncə, hər bir canlının bir hekayəsi vardır. Sonu qəmli və ya şən bitən. Duya bilənə. Dinləyə bilənə.

Odur ki, işdir bu günlərdə yolunuz təbiətdən keçərsə, bir anlıq  ayaq saxlayıb onu dinləyin, çünki onun sizə danışacağı daha çox hekayəsi var...

 





17.05.2019    çap et  çap et