525.Az

Mükəmməl yalan və yaxud "ağlayan divarlar"la üz-üzə! - Rüstəm Behrudi


 

II YAZI

Mükəmməl yalan və yaxud "ağlayan divarlar"la üz-üzə! - <b style="color:red">Rüstəm Behrudi </b>

Nə vaxtsa gün gəlir xatirələrdən, -
Çör-çöpdən quş kimi ev qurur adam.
Bir də görürsən ki, bitib-tükənir,
Bir də görürsən ki, yorulur adam. 

Ancaq mən bilirəm ki, mən yaşda bir ədəbiyyat adamının yorulması intihara bərabərdi. Və mənim kimi adamlar üçün getdiyi yol yol deyil, özüdür. Yəni mən yolam, özümü gedirəm.

***

Dəyərli dost, Türkiyədə və Azərbaycanda dünyəviliyə yaranan təhlükəni, yenidən baş qaldırmağa çalışan dini cəhaləti görüb həyəcanlanmaya bilmirsən. Cahilliyin, nadanlığın bizi sürükləyə biləcəyi uçurumun kənarında dayanmışıq.

Çox əziz və dəyərli dost! Son görüşümüzdə anlaşa bilmədiyimiz şeylərə aydınlıq gətirmək istədim. Qoy içimizdən gələn səs hər ikimizə yardımçı olsun.

İmana gəl, deyən kəs,
Sevda iman deyil bəs?!
İçimizdən gələn səs,
Ən böyük imanımız. 

Əziz və dəyərli qardaşım. Biz Allahın da, Tanrının da içimizdən gələn səs olduğunu anlamaq zorundayıq.

"İçimdən gələn səs mənə çox zadlar öyrətdi" deyən Mirzə Cəlilin təbirincə desək, bizdə ilahi olan nə varsa, (Allah da istisna deyil), içimizdəki səsin inikasıdır.

Ancaq nə "yaxşı ki, Ateizm tərsinə çevrilmiş panteizmdir" (Feyerbax).

Mən səhrada təkbaşına yüyürən o adamın - Nazaretli İsanın ayaqyalın dolaşdığı İudeyanın gündüzlər günəşin qovurduğu, gecələr küləklərin sovurduğu səhranı keçib, Qüdsə çatanda artıq ölümü aldatdığıma inanmışdım.

Mən bir neçə ay bundan əvvəl həkimlərin dediyinə görə, ölməliydim. Parisdə xəstəxanadan çıxıb, köhnə tanışım Notrdam kilsəsinin baş keşişi ilə görüşdüyümdə hüzur gətirən kilsə zəngilərinin səsi altında bu ölümün qaçılmaz olduğunu qəbullanmışdım belə. Ancaq sən saydığını say! Fələyin saydığı isə o idi ki, mən gəlib Qüdsdə oturub ölümü aldatmışdım. Sən demə, ölümü aldatmaq da mümkün imiş.

O vaxt, Qüdsdə "Ağlayan divarlar"ın önündə məni qarşılayan xaxamın suallarına birnəfəsə cavab vermişdim:

- Məndən Allahı soruşursan. Ona inanıb-inanmadığımı bilmək istəyirsən. Bu boyda pisliyi, namərdi, haqsızlığı, xəyanəti və şeytanı yaradan Allaha mən nə cür inana bilərəm? Məndən ölümü soruşursan, ölümü. Nə vaxtsa bu dünyaya gələcək uşaq (və ya doğulmayacaq uşaq) bu dünya haqqında nə bilirsə, ölümlü olan adam da ölüm haqda ondan artıq heç nə bilmir. Mən də eləcə. Mən bircə şeyi bilirəm ki, ölüm yuxudu. Ancaq heç vaxt röya görməyəcəyimiz yuxu. Bir də onu bilirəm ki, həyat ölümlə tanışlıqdı, ömür də ölümü öyrənməkdən ibarətdi.

Xaxam susmuşdu, kədərli gözləri ilə üzümə baxmışdı. Və mən hiss eləmişdim ki, allahın və onun elçilərinin doğulduğu bu torpaqlarda allahı çoxdan unudublar. Onun elçilərinin - Musanın, İsanın, Məhəmmədinsə yalnız adı qalıb.

Bax mən elə onda, Qüdsdə ən iyrənc üsullarla ölüm hökmü icra eləyən yəhudilərin də, Parisdə gilyotini kəşf eləyən xristianların da, Hələbdə dəri soymaqda mahir olan müsəlman ərəblərin də Allahının doğrudan da eyni Allah olduğuna inanmışdım. Yəni Musanın, İsanın, Məhəmmədin bir nağılı müxtəlif zamanlarda, müxtəlif dillərdə görünməyən birinin adından danışan eyni adam olduğuna inanmışdım. Görünməyən birinin adından sirr pərdəsinə bürüyüb nağıl danışmaq, çoxlu vədlər vermək və sonda da heç birini yerinə yetirmədən adamları özünə inandırmaq asan deyil, məncə. Bu nağılbazlar bunu nə cür başardılar görəsən?

Yəhudilər başqa xalqlardan fərqli olaraq ilk dəfə anlamışdılar ki, insanın özünü qorumaq cəhdi instinktdir. Və ilk başlanğıcda bu özünü qorumaq cəhdini insandan ayrı təsəvvür eləməyə, ayırmağa çalışdılar. Və onların istədiyi şey alındı...

İlkin başlanğıcda təbiət qüvvələri qarşısında aciz qalan insan özündən kənarda, özündən güclü, onu gücü çatmayan şeylərdən müdafiə edəcək bir şeyə ehtiyac duyurdu. Bu ehtiyacını o, ilk başlanğıcda allahlarla ödəməyə çalışdı. Və bu allahlar min illərlə onu "qorudu". Günlərin bir günü yəhudilər məsələni bir az sadələşdirib bu "allahları" bir yerə yığıb, allah elədilər. Yarımçıq qalan işlərini Musaya kitab "göndərməklə" yekunlaşdırdılar. Sonrakı dövrlərdə Yəhudilərin Tövratı, həyatı Roma işğalçılarına qarşı mübarizədən ibarət olan İsa və onun İncil ilə yeniləndi. Əhvalat eyni əhvalat idi - Adəm və Həvvanın əhvalatı.

Sonra da Məhəmməd və Quran...

Ən axmaq adam da bilir ki, İsa elə Musadı, Məhəmməd də, bir mənada, çarmıxa çəkilmiş İsa. Və əsa Musanın, çarmıx İsanın, Quran da Məhəmmədin tənhalığıdı...

O vaxt yəhudi xaxam məni dinləyə-dinləyə birdən-birə ciddi cəhdlə soruşmuşdu: Sən yəhudi deyilsən ki? Mən də cavab vermişdim ki, yox!

O da gülə-gülə demişdi ki, əgər yəhudi deyilsənsə, onda sən dəlisən.

Mən sonralar anlamışdım ki, səmimiyyətin nə olduğunu bilməyən insan üçün onun  həqiqətini bilən istənilən adam dəlidi...

Bu xaxamın istehza ilə gülən gözlərindən bilirsinizmi mənə kim baxırdı - fövqəlinsan yaratmaq naminə bütün insanlığı məhv eləməyə hazır olan filosof kimi bir zamanlar vurulduğum F.Nitsşe. Nitsşe bizi ovsunlaya bilər. Ancaq bütün ovsunlar illüziyadan başqa bir şey deyil.

"Həyəcan var olmaqdan dəyərlidir, həyatın anlamı həyatın özündən dəyərlidir" deyirdi Nitsşe. Musa da elə bu cür düşünürdü. Ancaq var olmayan nə cür həyacanlana bilər? Həyatın özü yoxdusa, həyatın nə anlamı ola bilər? Tam və mükəmməl bir yalan, şirin bir aldanış, başqa heç nə!

Təməlində "Göydə Allah, yerdə hökmdar" düşüncəsinin hakim olduğu dinin zənginlər tərəfindən uydurulduğunu anlamayan adamların axmaq olmadıqlarını kim inkar eləyə bilər.

Xaxam mənə sirr açırmış kimi bir şeyi də anlatmışdı. Bütün peyğəmbərlər nəsil şəcərəsi ilə bir qövmə - yəhudilərə bağlıdır. Və yəhudilər öz uydurduqlarına, öz yalanlarına inanmayan tək millətdir dünyada.

Kim nə deyir desin. Hər bir kəsin içində müqəddəs və qaranlıq bir yalnızlıq var. Və allah belə o yalnızlığı ovutmaq gücündə deyil.

Susuz, havasız ölü toxum kimidi içimizdəki yalnızlıq. Üstünə düşən işıqla oyanmaq üçün bir himə bənddi. Biz yalnızlığı öldürdüyümüzdə o da bizi öldürəcək. Biz içimizdəki yalnızlıqla baş-başa yaşamaq məcburiyyətindəyik.

... İsa çarmıxa çəkiləndən sonra, yaxın adamları ilə təqibdən qaçıb Efes tərəflərdə meşənin içində özünə sığınacaq tapmış Məryəmin evində, yanan şamların işığında Roma papasının o evə hədiyyə elədiyi qızıldan yapılmış xaçlı boyunbağının önündə dayanmışam. Həyatın ironiyasına bax. Papa oğlu qətl edilmiş Məryəmin evinə oğlunun dara çəkildiyi xaçı hədiyyə eləyib. Acı olduğu qədər də gülməlidir. Yəhudilərin uydurduğu, başqalarının oynadığı İlahi bir komediya!

İsa yəhudilər qəddar olduqları üçün çarmıxa çəkilmədi. Yəhudilərin içində heç kim İsa üçün fəda olmağa hazır deyildi.

Xaxam daha gülmürdü, acıqla üzümə baxıb sağollaşmadan çıxıb getdi.

Mən "Ağlayan divarlar"la üzbəüz və təkbaşına qalmışdım.

İnsan əzabları ilə təkbaşına buraxılmış İsadı!

... Uzaq - çox uzaq - dünyanın qurtardığı bir yerdə Afrikanın iki okeana (Sakit və Atlantik) açılan yerində, savannada ayaqyalın yüyürən zulu qəbiləsinin qadınlarının oxuduğu kədərli nəğmələr hələ də qulaqlarımdadı. Dünyanın ən kədərli nəğmələridi bu nəğmələr. Çünki bu nəğmələrdə ümid adına heç nə yoxdu.

Bu da qara Afrika. Yəni CAR. Yəni ingilis və Afrikaner dilləri ilə yanaşı, 9 rəsmi dili, Pretoriya, İohannesbur, Keyptaun adında üç paytaxtı olan bir qəribə ölkə. Bu ölkə yadımda ayağıyalın qadınları gün batımına doğru savannada yüyürə-yüyürə kədərli nəğmələr oxuyan adamların vətəni kimi qalıb. Afrika hər gecə o kədərli nəğmələri ilə yuxuma girir. Niyə kədərlidi mahnıları? Bəlkə onların bizim kimi allahları yoxdu ona görə. Üstündən uzun müddət keçməsinə baxmayaraq, o kədərli nəğmələr indi də öldürür məni.

Keyptaunda pəncərələri okeanın körfəzinə açılan oteldən yerli əhalinin "Masa dağı" adlandırdığı dağ ucalır.

Qarşı tərəfdə gəlmələrin "Şeytan qaya"sı adını verdiyi qayalıqlar.

Sirli və heyrətamiz görüntü içimdə qəribə hisslər oyadır. Gəlmələr - xristianlar Afrikanı koloniyaya çevirməmişdən əvvəl Allah anlayışı olmayan Afrikada şeytan da yox idi. İndi afrikalıların da həm Allahı, həm də şeytanı var. Gəlmələr özləri ilə gətirdiyi Allah anlayışı ilə birgə Şeytanı da gətirib, Afrikanın girişində ona heykəl qoymuşlar - "Şeytan qayası".

Keyptaunda dənizdən 150-200 km məsafədə gəmilərdən görünən "Masa dağı" və "Şeytan qayası" dağ-qaya olmaqdan çıxıb simvolik bir məna daşıyır. Yerli camaata Allahın nə olduğunu anlada bilməyən missionerlər onlara ilk olaraq Şeytanı anlatmağa və onları qorxutmağa çalışıblar. İstədiklərinə nail olan gəlmələr daha da irəli gedərək Afrikanın girəcəyindəki qayalıqlara "Şeytan qayası" adı veriblər. Və Afrika ilk əvvəl allaha yox, Şeytana təslim olub.

Səyahətdə içimizdə 20-30 nəfər hacı olsa da, rəhbərimizin oradakı, osmanlılardan qalma yeganə tarixi məscidə baş çəkmək təklifini heç kim qəbul etmədi, adamların hamısı "Şeytan qayası"nı görməyi üstün tutdular. Onlar üçün "Şeytan qayası" Allahın evindən daha önəmli bir şey imiş!

... Son 30-40 il bundan əvvəl buralarda hər bir ağ vətəndaşın ildə 5 zənci öldürə bilmək haqqı var idi. Bunu bildiyimdən dostlaşdığım otel inzibatçısından buna nə cür dözdüklərini soruşdum. Cavab çox ağrılı idi: - Bizim onlara gücümüz çatmırdı. Bircə təsəllimiz var idi - və nə yaxşı ki, var idi - onlar da nə vaxtsa öləcəklər.

... Bu cavab nə qədər ağrılı və qorxunc olsa da, bundan daha qorxulu, ətürpədici bir şey ağlıma gəldi. Görəsən, şeytan o qədər güclü və məğlubedilməzdir ki, Allah, 1400 ildir, hər il 5 milyon insanı Şeytana daş atmaq üçün Məkkəyə, öz evinə çağırır? Allahın şeytanla savaşında bəndələrə ehtiyacı olduğunu bilməzdim, dəyərli dost!

Çox dəyərli dostum! Bilirsənmi içimdəki səs mənə nəyi anladır? 

Heç kəs heç kəsin deyil,
Yazı deyil yazı da.
Görüntüdü haqq-nahaq,
Bəlkə Allah özü də. 

Sonsuzluq, əbədiyyət, hər şey keçmişi və gələcəyi ilə ya içimizdədir, ya da heç yerdə.

Dəyərli dostum. Sizə yazdığım son məktubda heyrətamiz bir hadisəni xatırlatmaqdan vaz keçə bilmədim.

Siciliya tiranı Böyük Dionis Platona hirsləndiyi üçün, onu kölə olaraq satır. Platonun düşmənlərindən biri - Platona düşmən fəlsəfə məktəbinin filosofu Annikerus verdiyi fidyə müqabilində onu köləlikdən qurtarır. Bax, budur böyüklük, bax budur ucalıq. Bax, budur insanın insana verdiyi dəyər. Yazdıqlarıma dəyər verdiyiniz üçün qoy yer, göy - bütün hər şey sizin yardımçınız olsun!

P.S. Və Allah deyir ki, mən sizə boynunuzdakı şah damardan da yaxınam. Onda yaşasın içimizdəki Allah! Yaşasın içimizdən gələn səs!

 





17.05.2019    çap et  çap et