525.Az

"Jurnalist" - Bakı Dövlət Universitetinin buraxılışı


 

"Jurnalist" - <b style="color:red">Bakı Dövlət Universitetinin buraxılışı </b>

Niyə?..

Bu gün bir çox ailələrdə şiddətə rast gəlmək olur. Çox təəccüblü olsa da, bəzən bu hallara normal yanaşan insanlar var. Valideyn öz uşağını şəxsiyyət olaraq görmək istəyirsə, ona bir fərd kimi yanaşması daha doğru olar. Uşaqların inkişafında, şəxsiyyətinin formalaşmasında ailənin rolu danılmazdır. Çünki uşaq ailə daxilində insani münasibətləri mənimsəyir və cəmiyyətin gələcək üzvü kimi formalaşır. Lakin bir çoxları bu qayğıdan məhrum olurlar. Həmçinin, ailə daxilində şiddətə və zorakılığa məruz qalırlar. Ailədaxili şiddət günümüzün ən qlobal problemlərindəndir. Şiddət deyildikdə təkcə uşağın döyülməsi, təhqir olunması nəzərdə tutulmur. Bu ailə üzvləri arasında yaşanan zorakılıq və şiddət səhnəsinin şahidi olunması, təhqir və hədələrin eşidilməsini də əhatə edir. Şiddətə məruz qalan və ya şiddət göstərilən bir ailədə böyüyən uşaq, sağlam mühitdə böyüyən uşağa nisbətən daha aqressiv olur və böyüdükcə başqa insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir. Hər bir valideyn qarşısında uğurlu, bacarıqlı övlad görmək istəyir. Ancaq şiddət görən uşaqlar özünə inamsız böyüyürlər.

Bu məsələyə psixoloq Sevda Xəlilova münasibət bildirir: "Uşaqlarda ilk növbədə özgüvən problemi yaşanır. Sonradan onlarda özünəqapanma halları müşahidə olunur. Uşaqda formalaşan güvən duyğusu yaşadığı hər dönəmdə həyatına təsir göstərir. Fiziki cəhətdən şiddətə məruz qalan uşaqların ilk olaraq güvən duyğusu zədələnir. Ən çox güvənib etibar etdiyi insandan şiddət görən uşağın psixikası darmadağın olur. Bütün münasibətlərə şübhə ilə yanaşması onun şəxsiyyətinin sağlam inkişafına mane olur. Eyni zamanda, gələcəkdə yarana biləcək xəstəliklərin təməlini qoyur. Əgər uşağın bədəni fiziki şiddətə məruz qalarsa, bədənindəki yaralar onun sağlam düşüncələrini zədələyər. Əgər uşaq 0-3 yaş aralığındadırsa, ən təsirli terapiya oyun terapiyasıdır. Bununla bərabər, musiqili terapiya da uşağı sakitləşdirər və özünü güvəndə hiss etməsini təmin edər. Üç yaşdan yuxarı uşaqlar üçün isə şəkil və hekayə terapiyalarıdır. Ən yaxşı müalicə isə güvənli mühit yaratmaqdır. Ata və ananın edə biləcəyi ən yaxşı şey uşaqla çox vaxt keçirmələridir. Güvəni, etibarı, sevgini, bağlılıq və sevinci inşa etmənin ən təsirli yolu oyundur".

Ümumiyyətlə, bu məsələdə hər iki tərəfə psixoloji dəstək şərtdir. Səbəbi nə olursa olsun, övladına qarşı fiziki cəza tətbiq edən ata - ananın psixikasında az və ya çox dərəcədə problem vardır və mütləq mütəxəssisdən yardım almaları lazımdır. Şiddətə məruz qalmış uşaqların psixi sağlamlığının bərpa olunması üçün ilk növbədə valideynlərin, ardından isə uşaqların psixoloji yardım alması vacibdir.

Zorakılığa məruz qalan uşaqlar insanlar qarşısında əzgin olur. Çünki hər ağzını açdığında şiddətə məruz qalır. İnsanlarla ünsiyyət, söhbət zamanı təzyiqə məruz qala biləcəyini düşünərək daha az özünü ifadə edir.

Fidan Həbibli  

Zaman itkisi

Gündəlik həyatın qaçılmaz bir parçası halına gələn sosial medianın istifadə yaşı hər ötən gün daha da aşağı düşür. Bu vəziyyət uşaqların da idarəsiz bir şəkildə internet mühitinə daxil olmasına səbəb olur. Bəs gəlin görək, sosial aləm uşaqlarda hansı izləri buraxır?

Uşaq beyni ağ səhifədir və o vərəqdə istədiyimiz kimi cızma-qara edə bilərik. Sosial media uşaqlarınızın bu ağ vərəqlərdə qara ləkələr buraxan onların düşüncə və davranışlarını poza bilər. Balacalar yaxşı və pisi ayırd edə bilmir və ya buna çətinlik çəkərlər. Ona görə də uşaqlar internetin  qaranlıq tərəflərindən asanlıqla zərər görə bilər.

Sosial medianın genişliyi məlumatların üzərində nəzarətin olmadığı fikrini yada salır.  Belə hallar uşaqların zərərli saytlara daxil olmasına səbəb ola bilər. Və ya belə deyək, sosial şəbəkələrdən təbliğat qapısı kimi istifadə edən həmin saytlara daxil olmasalar belə, elə həmin şəbəkənin öz içində müxtəlif insanların senzurasız paylaşımlarından yanlış məlumatlana bilərlər.

İnternet istifadəsiylə eyni zamanda, kiber hücum, başqa bir adıyla virtual hücum vəziyyətləri durmadan artır. Mobil telefon, sosial media və bağlantı məkanları, veb saytlar, online oyunlar, elektron poçtlar vasitəsilə bir və ya bir neçə nəfər tərəfindən, başqa birinə qaralayıcı, alçaldıcı və təhqiredici yayımlarla, paylaşımlarla onun insani haqlarına hücumu kiber hücum adlanır. Təhlükəlidir və ölümcül təsirlər qoya bilər. Hər il bir çox qurbanı olduğu iddia edilən bu cinayət uşaqları depressiya və travmaya doğru maqnit kimi çəkir. Kiber hücum normal həyatdakı zorakılığın virtual məkana köçürülmüş halıdır. Şüurlu bir şəkildə həmin insana qarşı tətbiq olunmuş  bu hücum onu təcavüz, hədə və şantajlarla üz-üzə qoymaqdadır. Başqa bir prizmadan yanaşsaq görərik ki, internet üçün var olan bütün təhlükələr gerçək həyatda da qarşılaşa biləcəyimiz hallardır.

Uşaqlarımızı necə gerçək həyatdakı bütün bu təhlükələrdən qorumaq olar? Övladlarımıza internetdən  şüurlu, etibarlı və təsirli şəkildə istifadə etməyi öyrədərək, virtual dünyanın risklərini minimuma endirə bilər, onlarını təhsilini və dünyagörüşünü artırmağı, vaxtlarını gözəl əylənərək keçirməyi təlqin edə bilərik.

Bununla bağlı psixoloqun fikirləri maraqlıdır:

"Zaman itkisi sosial medianın dünyadan xəbərdar olmaq üçün vacib bir platforma olduğunu qəbul edirəm, ancaq böyük bir zaman itkisi olduğunu deməsəm, düz olmaz. Sosial mediada saatlarla vaxtını sərf etmək uşağınıza mənfi təsir edə bilər və texnologiyadan asılılığa səbəb ola bilər. Bağımlılıq müxtəlif simptomlar olaraq özünü göstərir və hətta biraz araşdırdıqda görürük ki, uşağınızın fiziki sağlamlığına ciddi təsir göstərə bilir".

Uzun müddət ərzində sosial mediaya xərclənən zaman uşağımızın şəxsi əlaqələrinə təsir edə bilər. Balacalar virtual mühitdən sonra fiziki qarşılıqlı münasibətdə çox istəksiz ola bilər. Bu, şəxslərarası münasibətləri inkişaf etdirmək qabiliyyətinə təsir göstərir. Sosial media və internet özünəqapanma, depressivlik və asosiallıq kimi simptomlara da səbəb olur. 

Kamal Hüseynli

"Elə etmək lazımdır ki, qəzetçilik ənənələri ölməsin"

Son illər dünyada müzakirə olunan əsas məsələlərdən biri də çap mediası ilə yeni medianın mübarizəsidir. Bu məsələ Azərbaycanda da gündəmdədir. Saytların daha çox operativliyi, əlçatımlığı qarşısında qəzetlər əzmkarlıqla duruş gətirməyə çalışır və bunu hələ ki, bacarırlar. Maraqlıdır ki, hazırda ölkəmizdə mətbuatımızın vəziyyəti necədir. "Jurnalist" qəzeti olaraq bu və bizi maraqlandıran digər suallarla bağlı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olduq.

- Akif müəllim, ölkəmizdə çap mediasının hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu gün print medianın durumu ilə bağlı əsaslı və əsassız olmaqla müxtəlif fikirlər söyləyirlər. Həmin fikirlərdən biri də budur ki, informasiya texnologiyalarının, yeni medianın inkişafı mətbuatı arxa plana salır. Ümumiyyətlə, bu gün yeni media ilə ənənəvi medianın mübarizəsi gedir və balans müxtəlif ölkələrdə müxtəlif cürdür. Nədənsə Azərbaycanda bu gün hesab yeni medianın xeyrinədir. Ancaq özümüzə sual verməliyik ki, bizdə informasiya texnologiyaları o qədərmi inkişaf edib ki, artıq  mətbuatı unutmaq, hətta bəzi məsuliyyətsiz çıxışlarda deyildiyi kimi, çap mətbuatını tarixin arxivinə atmaq səviyyəsinə çatmışıq? Eyni zamanda nəzərə almaq lazımdır ki, ciddi jurnalistika məhz mətbuatdır. Mən çap mediasının yeni mediadan az əhəmiyyətli olması fikri ilə heç cürə barışa bilmirəm və əminliklə deyirəm ki, mətbuat həmişə diqqəti cəlb edəcək və yaşayacaq.

- Qeyd etdiniz ki, müxtəlif ölkələrdə çap mediası ilə yeni media arasındakı mübarizə fərqlidir. Buna təsir edən nələrdir?

- Avropada çox ciddi demokratik mətbuat ənənələri var. Dünyanın bir çox inkişaf etmiş ölkələrində mətbuatın əsası bizdən təqribən iki əsr əvvəl qoyulub. Bizim ilk mətbu orqanımız 1875-ci ildə nəşr olunmağa başlayan "Əkinçi" idi. Cəmi 56 nömrəsi çıxandan sonra "Əkinçi" bağlandı və "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri fəaliyyətə başladı. Həmin qəzetlərin də ömrü az oldu. Bir mətbuat tədqiqatçısı kimi deyə bilərəm ki, Azərbaycanda demokratik mətbuat Azərbaycan Xalq Cümhuriyyəti dövründə arzuolunan səviyyədə olub. Əfsus ki, iki il sonra, yəni 1920-ci ilin aprelin 28-də Azərbaycan işğal olunur və uzun illər ölkəmizdə birpartiyalı, avtoritar rejimli mətbuat hökm sürür. Bax, bu, indi haqqında danışdığımız məsələyə təsir edən ən ciddi amildir. Avropada demokratik mətbuat ənənələri Azərbaycana nisbətən qat-qat daha güclü və qədim olduğuna görə onlarda yeni media nə qədər çox inkişaf edirsə, mətbuat da bir o qədər öz nüfuzunu qorumağı bacarır.

- Bəs qəzetçiliyi diriltmək üçün nə etmək lazımdır?

- Hər şeydən əvvəl liberal iqtisadiyyat formalaşmalıdır. Əlbəttə, ölkəmizdə liberal iqtisadiyyat var, lakin onu daha da inkişaf etdirmək lazımdır. Konkret qəzet bazarının mövcudluğu əsas şərtlərdən biridir. Bundan başqa, yayım şəbəkələrinin geniş fəaliyyət göstərməsi zəruridir. Əvvəllər bu cür yayım şəbəkələri var idi və həmin vaxtlar "Şərq" 30 min tirajla çap olunurdu. Köşklərin sayı artmalıdır ki, oxucu qəzeti daha tez və rahatlıqla əldə edə bilsin. Bölgələrdə köşklərin sayı çox azdır. Bu isə oxucu ilə mətbuat arasında ünsiyyətin itməsinə səbəb olur. Bundan başqa, məlum olduğu kimi, istənilən mətbuat orqanının varlığını qoruyub saxlaması üçün iki əsas amil olmalıdır: satış və reklam. Ölkəmizdə qəzet sahəsində satış çox aşağıdır, reklam isə demək olar, yoxdur.  Reklam bazarı olmasa belə, satış və abunə imkanlarını artırmalıyıq. Hansısa səbəbdən itirdiyimiz oxucunu geri qaytarmalıyıq. Yeni informasiya texnologiyalarından istifadə etməklə qəzetin cəlbediciliyini artırmalıyıq.

- "Şərq" qəzetindən danışdınız, bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİV DF) müəyyən qərarlar qəbul etdi. Bu, sizin qəzetə necə təsir etdi?

- Şübhəsiz, hər bölgü nisbidir. Qəbul edilən qərar kimilərinə görə haqlı, kimilərinə görə haqsızdır. Sovet dönəmində "Kirpi" jurnalı 60 min, "Kommunist" qəzeti isə yarım milyon tirajla çap olunurdu. Hərəsinin öz informasiya siyasəti və yazı üslubu var idi. Əgər "Kommunist" daha çox quru, rəsmi ideologiyaya xidmət edirdisə, "Kirpi" özünün tənqidləri, maraqlı yazıları ilə oxucuların sevgisini qazanırdı. Bu mənada deməliyəm ki, tiraj heç də hər şeyi müəyyənləşdirmir. Ümumiyyətlə, təkcə tiraja görə qəzetə qiymət vermək olmaz. Peşəkarlığı göstərən xeyli element var ki, tiraj sadəcə onlardan biridir. Məsələn, elə bir sponsor ortaya çıxa bilər ki, gündəlik 2500 deyil, 10 min qəzet çapı üçün vəsait ayıra bilər. Amma bu, 10 min tirajla çap olunan qəzet 2 min tirajlı qəzetə ictimai rəyə təsir imkanlarına görə uduza bilər. Əgər qəzet qarşısına qoyduğu məqsədə çatıb, maarifləndirmə funksiyasını yerinə yetirə, professionallığı ilə oxucu sevgisini qazana bilmirsə, tiraj kimə lazımdır?! Necə deyərlər, əsas kəmiyyət yox, keyfiyyətdir. O ki, qaldı "Şərq"ə, qeyd edim ki, qəzet 23 ildir ki, yaşayır və yaşayacaq.

- "Şərq" qəzeti həmişə istedadlı gənclərə dəstək olur, hətta Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə əməkdaşlıq edir...

- Bəli, elədir. BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli də tez-tez deyir ki, "Şərq" qəzeti ilə "525-ci qəzet" tələbələrin təcrübə laboratoriyasıdır. Bizim məqsədlərimizdən biri peşəkar jurnalistlərin yetişməsinə kömək olmaqdır. Qəzeti, qəzetçiliyi tələbə-jurnalistlərə daha da sevdirməyə çalışırıq. Hər il jurnalistika fakültəsinin IV kurs tələbələri arasından təcrübə üçün redaksiyamıza da üz tutanlar olur. Hətta biz onlardan bəzilərini işə götürürük. Yeri gəlmişkən, bildirim ki, bu yaxınlarda Jurnalistika fakültəsinin tələbələrinin bir qismini qəzetimizə təmannasız abunə yazdıq, hər gün onlara qəzet verilir. Elə etmək lazımdır ki, qəzetçilik ənənələri ölməsin. Həm də nəzərə almaq lazımdır ki, peşəkar jurnalistlər məhz qəzet redaksiyalarında yetişir.

- Mətbuatımızın yaxın gələcəyini necə görürsünüz?

- Mənə elə gəlir ki, pessimist olmağa səbəb yoxdur. Bizim çox istedadlı jurnalistlərimiz və yeni gənc nəsil yetişir. Tez-tez gənc jurnalistlərlə həmsöhbət oluram və görürəm ki, həqiqətən jurnalistikamızın işıqlı gələcəyi var. Bizim də əsas vəzifələrimizdən biri onların inkişafına, özlərini təsdiq etmələrinə kömək olmaqdır.

Kənan Novruzov

Laçın düşməndə qalmayacaq...

Gözlərini dünyaya açandan uca və əzəmətli dağlar görən, o dağların qoynunda böyüyən insanlar üçün gözəllik anlamı elə dağlar özüdür. Yenişlərindən quş kimi üzüaşağı uçan, yoxuşlarından üzüyuxarı buludlara sarı qalxan, zirvələrində dayanıb özündən aşağı ucsuz-bucaqsız genişliklərə qollar açan dağ insanlarının ruhları bu möhtəşəmliyə bağlıdır. Onlar üçün dünya dağların səf-səf düzüldüyü bu gözəlliklər, həyat isə o dağlarda yaşanan ömürdür. Dağ insanına dağ ömrü gərəkdir. Başında şimşəklər çaxan, zirvələrində ildırımlar oynayan Laçın dağları özünə məxsus olan ayrıca gözəlliklərə malikdir.  Böyük Yaradan hər şeyi ümumi eyniliyə malik və ancaq müxtəlif görüntülərlə biri-birindən fərqləndirəndə dağları da bu qanunauyğunluğa aid edib. Hər bölgənin dağları o bölgənin ilahi ruhuna uyğundur. Laçın dağları da Laçın insanlarının bugünkü köçkün ruhunda mübarizlik ünvanıdır, geriyə dönüş ünvanıdır. Aradan illər keçsə də, bu insanların vətənkeş istəkləri bir an da tükənmədi. Laçınlılar üçün Azərbaycan bütöv Vətəndir, amma onların dədə-baba Yurdu Laçındır. Laçın heç bir şərtlə düşmənə qala bilməz. Bu gün yeni nəsillərin vətənpərvərlik dərsi bu anlayışları öyrədir və Milli şüura yeridir. Vətənin bir çınqılı belə düşməndə qala bilməz. Bunu öz varlığına inanan Azərbaycan xalqı deyir. Bunu bu gün gücləndikcə daha qətiyyətli olan Azərbaycan dövləti deyir. Bunu tarix özü deyir.

Böyük şair Məmməd Arazın sözləri ilə ifadə etsək, daşlaşan, torpaqlaşan ulu babalarımızın uyuduğu o məkanlar Vətəndir. Cənubdan şimala, şərqdən qərbə əhatələnən Vətən xalqımızın bütöv həyat məskənidir. Bu məskənin fərqli bölgələri Vətənin canıdır, ruhunun mayəsidir, xalqının məqsəd və qayəsidir. Biz Ana Vətəni bütöv sevmişik. Bu gün itirilmiş torpaqlarımız əyilməz ruhumuzun and yeridir. Bu günün gəncləri bu andı hər gün içməli və hər an mübarizəyə hazır olmalıdır.

"And olsun müqəddəs torpaqlarımızın işğalda qalan ruhuna, and olsun! And olsun gənc şəhidlərimizin göylərə dikilən qara gözlərinə! And olsun bu əzabkeş Vətənə, and olsun!" Bu and bu günümüzün Milli andıdır. Milli ruhumuzun harayıdır. Vətəni güclü dövlətimiz və ordumuzun qüdrəti ilə xilas etməyə yönələn anddır.

Tarixən Azərbaycan tarixi-coğrafiyasında xalqımız həmişə haqsız hadisələrin qurbanı olmuşdur. Tariximizi oğurlayanlar, özününküləşdirənlər, saxtalaşdırıb mənimsəyənlər bu günə qədər hələ də o yoldadırlar. Lakin unudurlar ki, bu xalq zamanların çox sınaqlarından çıxa bilən güclü xalqdır. Bu xalqın düzənli bir tarixi var, hansı qəsdlərlə də olsa, o düzənin pozulmasının qarşısını ala biləcək insanları var. Bu xalq da tarixinə sahib çıxacaq gücə malikdir. Biz Vətən torpaqlarını itirdiyimiz üçün ağlamırıq, biz o torpaqlara dönmək üçün güc yığırıq. Bunu sübut edən müstəqil dövlətimiz və ordumuz var. Müstəqilliyimizə uzanan əlləri kəsə biləcək oğullarımız var.

Amma hələ ki, gün bu gündür. Köçkünlük həyatından geri boylananlar üçün ümid dolu, qayıdış arzulu və qələbə istəkli gündür. Köçkünlük istəklərdən doğan adi təzahür deyil. Köçkünlük doğmalıqdan məhrum olan dərbədərlikdir. Minlərlə insanların taleyinə təsir edən faciədir. Eldən-obadan, evdən-eşikdən, qohum-əqrəbadan olmaqdır. Yaşanan həyatların gözəl anlarından məhrum olmaqdır. Vətənsiz keçən hər günü ömrünün son günü kimi bilməkdir. Laçının işğalının min cür siyasi oyunları ola bilər. Amma insanlar pərən-pərən düşərək min illərin ənənələrindən uzaq oldular. Hay edəndə səslərinə yetən qohum-əqrabalardan oldular. Köçkünlük ən kədərli muğamımız olan Yetim-Segahı havasıdır, naləsidir, yanğısıdır, bəşəri fəlakətdir...

Düşünürəm ki, tarixi zamanların hadisələr meydanında I Qarabağ savaşı da xalqımız üçün yeni bir sınaq idi. O sınaqdan yenilmiş çıxmaq olar, amma Milli ruhun yenilməsinə imkan vermək olmaz. Heç vaxt olmaz. Qarabağ Azərbaycanın canı, göz bəbəyi, ayrılmaz Vətən sevdasıdır. Bu Vətən sevdası nə qədər ki, xalqımız var, bitməyəcək, bitə bilməz. Bunu düşmənlərimiz də, dostlarımız da bilsin. Tarixdə çox dövlətlər çox ərazilər itirib və sonunda geri alıb. Azərbaycan da bu gün getdikcə güclənən və məqsədində son nəticəyə nail ola biləcək yoldadır. Məqsədin müəyyən edilməsi və ona nail olunması isə güclü dövlətçiliyə aiddir. Ən yüksək dövlət səviyyəsində, həmişə dövlət başçımızdan bu inamlı sözləri eşidirik: "Qarabağ bizimdir və biz orada öz bayrağımızı qaldıracağıq".

Qüvvət mübarizədən yaranır. Bu ifadə təfəkkürün süzgəcindən çıxan hökmdür. Bu gün işğal gününü qeyd etmək əslində, bizi mübarizəyə aparacaq stimul kimi qüvvəmizə inam yaratmalıdır. Qoy düşmən bayram etsin, bu, onun beyninin təhrif edilmiş inancıdır. Biz isə bu günü and günü, qayıdışa səsvermə günü, Qarabağı azad etmə günü kimi görürük. Şuşa kimi Milli ruhumuzun baş şəhərinin, Kəlbəcər kimi dağlar qalasının, Laçın kimi qartallar yuvasının düşməndə qalmasına bu xalq razı ola bilməz. Yaxın tariximizin görkəmli siyasi şəxsiyyəti Heydər Əliyev dəfələrlə öz yaddaqalan çıxışlarında söyləmişdir ki, biz öz torpaqlarımızı mütləq geri alacağıq. Bu gün də dövlətimizin başçısı cənab prezidentimiz, möhtərəm İlham Əliyev öz inamlı ciddiyyəti ilə bu sözləri ən uca kürsülərdə bəyan edir. Bunu Azərbaycan dövlətinin rəhbərləri dünyaya elan edirlər, sübutlarla günahkarları ifşa edirlər. Bu gün bu həqiqətləri görmək istəməyənlər tarixin haqq divanında durmalı olacaqlar. Amma nə olsa da, bu xalq öz torpaqlarını saxta tarixşüvənlərə bağışlamayacaqdır və bağışlaya bilməz.

Laçını müasir nəsildən 27 illik bir məsafə ayırır. Ulularımız bu yaşa bir igidin ömrü deyərdi. Bu, asanlıqla deyiləcək bir ifadə deyil. Bu, 27 illlik ayrılıq faciəsidir. 27 ilin Vətən həsrətidir. 27 ilin göz yaşları, titrək pıçıltıları, ürək ağrıları, suallarla dolu baxışları, niskilli sızıltılarıdır. Bu illər alnımıza yazılan, başımızı yerə dikən köçkünlük qədəridir. Təəssüf ki, milli şüuru zəif olanların bizləri təhdid edəcək qədər kor düşüncəsi köçkünlüyün Milli faciəviliyinin kölgəsində qalır. Yaxşı ki, elələri azdır. Bu gün xalqımız Vətən təəssübkeşliyini də, vətəndaşlığı da dövlət səviyyəsində hiss edir və yaşayır. Bir xalq öz milli yaddaşını itirə bilməz. Milli yaddaşımız başımıza gələn faciələri milli təfəkkürümüzün süzgəcindən keçirməli, düşmənimizi gəldiyi yerlərə geri döndərmənin yollarını Qızıl Qaydaya çevirməlidir.

Mən bu gün Laçından, doğulduğum və adı ilə fəxr etdiyim bir məkandan, Azərbaycan torpağından danışmaq istədim. Düşüncəmin işığında o yerləri dolandım. Dəli dağdan İşıqlı dağına, Əsgəran qalasından Qara-gölədək xəyalən yeridim, hey yeridim. Dünyanın bu gözəl çağında Həkəri çayı sahillərində adama boy verməyən ot-çiçəyin arası ilə Laçın qayasına çıxdım. İstədim ki, bu haqsızlığı görmək istəməyən dünyanın üzünə buradan baxaraq deyəm: "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Canı candan ayırmaq istəyənlərin canı alınar". Bu gün hələ susuruqsa, bu da sülhsevər olmağımızdan irəli gəlir. Amma o da bilinsin ki, sükut və hərəkətsizliyin daxilində böyük bir qüvvə var. Bu qüvvə xalqımızın potensial gücüdür. Bu güc Vətən sevgisinə bürünmüş ideal bir qüvvənin gücüdür. Bu qüvvə torpaqlarımızı zorla işğal edənlərə qarşı qəzəb təməli üzərindədir.

Laçından yazmaq istərkən boy-boya verən işğal edilmiş ərazilərimiz gözlərimə dikildi. Sevdiyim, dərdindən qubar bağladığım Laçının yan-yörəsində cərgələnən itirilmiş torpaqlarımızın səsini duydum. Can Vətənim deyib hər birinin qarşısında baş əydim. BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi haqqında sənədləri nəzərlərimdə sıralandı. BMT-nin tribunalarından dövlət rəhbərlərimizin təkidli səsləri qulağıma gəldi. Haqlı ikən haqsız duruma salınan Vətənimin acılarını duydum. Güclü arxaları olan düşmənə qarşı dövlətimizin dirənişini gördüm. Tək Laçından yazmağa əlim gəlmədi. Gözəl diyarlarımızın köçkün faciəsi ruhumu tərpətdi. Qəzəbim düşmənə yönələn nifrət oxuna döndü. Laçınlı şair İlham Qəhrəmanın səsi gəldi qulağıma.

- Salam Şuşa!
Dustaq qardaş,
Dərdə-qəmə
Ortaq qardaş,
Sən məndən şiş yerdəsən,
Sən məndən qənşərdəsən,
Bakını bir harayla...
Bərdəyə, Tərtərəcən
Dərddi görünən,
Viranə qalan
Yurddu görünən.
Ağdamda -
O tamaşa şəhərdə
Yağılar ağ evləri, ağban evləri
sökürlər...

Həqiqət gün işığıdır deyirlər. Həqiqətin yalanla işi olmaz. Həqiqət Qarabağın adında özünü ifadə edən uca işıqdır.Yurd da bizim, ad da bizim, söz də bizim, ruh da bizimdir. Qarabağ Vətəndir, Azərbaycandır, ayrılmaz candır. Qarabağ Vətən ruhunun ən möhtəşəm mahnısıdır, şikəstəsidir, muğamıdır, Milli harayıdır. Qarabağdan çıxan yollar üzü Laçına, doğma Zəngəzura sarı yönəlir. Laçın bütün ecazkar gözəlliyi ilə möhtəşəmdir. Sıralı dağların sinəsində vətən tarixinin bilinməz və bilinən səhifələri cəm olub. Dəfələrlə xain düşmənlərə qarşı laçınlıların mərd və dirənişli tarixi sənədlərdə sübutlarla əks olunub. Laçın insanları dağ vüqarlı və saf qəlbli insanlardır. Bu gün də o cəhətləri öz xarakterlərində qoruyurlar. Vətənə, dövlətə, xalqa sədaqətlə o böyük qayıdış gününü gözləyirlər. Laçın sevgisi elə bir mənadır ki, heç bir qüvvə onu yox edə bilməz. Laçınlı olmaq mütləq bir gün yenidən Laçına dönməyin mübariz şüarıdır. Bu gün 27 ilin uzaqlığından Laçın dağlarına boylanan yeni nəsilin gözlərində həmin sevgi, düşüncəsində həmin məqsəd, qəlblərində böyük inam var. Onlar azad olunacaq Laçının qurucuları olacaqlarına qəti inanırlar. Dövlətimizin yaratdığı ən üst şəraitdə təhsillərini davam etdirərək o böyük gələcəyə potensial qüvvə olaraq davam edirlər. Yetişən nəsil nəinki Laçınlılığı unutmur, hətta onu şüurlarında əzəmətli ideal məqsədə çevirirlər.

Bu gün köçkün deyilən biz vətəndaşlar Ali Baş Komandanın əmrinə müntəzir Vətən mübarizləriyik. Hər an, hər əmrdə sıralanıb döyüşlərdə qalibiyyət qazanmağa, Vətən üçün şəhid olmağa hazırıq. Bu köçkünlüyün ruhundan doğulan faciənin həqiqəti, düşmənə qəzəbidir. Bu, elə bir həqiqətdir ki, qarşısından qaçmaq mümkünsüzdür. Keçmişlərə təəssüf etməyin zamanı deyil, dərs almağın və mümkünsüzlükdən qurtarmağın zamanıdır. Bu gün hər bir laçınlının könlündən yurda dönüş amalı keçir. Doğma torpağa baş əymək, səcdə etmək və uçurulmuş evlərimizi yenidən dikəltmək istəyi keçir. İlham Qəhrəmanın "Laçınla Şuşanın söhbəti" şeirinin sonu belə bir istəklə bitir:

- Şuşa!
Sən şiş yerdəsən,
Sən məndən qənşərdəsən...
O gün olsun zirvəndə -
VƏTƏN bayrağı dalğalansın,
Qırçın-qırçın...
- Sənnən belə, Laçın! 

Şöhrət Namazova
ADPU-nun Cəlilabad filialının Ümumelmi fənlər kafedrasının baş müəllimi, tarixçi

Qan ləkəsi

"Qan ləkəsi" məndə kitablara qarşı həvəs yaradan çox gözəl bir sənət nümunəsidir.

Kitab oxumağı heç sevmirdim. Bir gün şəhərdə gəzərkən bir kitab mağazasına rast gəldim. Mağazanın pəncərəsindən baxanda qəribə hiss keçirdim. Heç durmadan içəri daxil oldum. Kitablar o qədər gözəl idi ki, onları sevmədiyimə peşman olmuşdum. Bir az içəridə gəzdikdən sonra gözüm bir kitaba sataşdı. Kitabı rəfdən götürüb baxdım. Üzərində "Qan ləkəsi" yazılmışdı. Kitabın dedektiv bir əsər olduğunu başa düşdüm. Mən onu aldım.

Evə gəldikdən sonra müəllif haqqında bir az məlumat topladım. 1962-ci il dekabrın 19-da Şamaxı rayonunun Sis kəndində dünyaya göz açmış Elxan Əbdürrəhman oğlu Osmanov. Orta təhsilini doğma kəndində aldıqdan sonra Bakıdakı Fizika-riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata çox böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü "Qızıl Qələm" mükafatının sahibidir.

Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Leopard obrazının xronikası adlandırmaq mümkündür. Leopard məxfi şöbənin əməkdaşıdır. Milliyətcə Azərbaycan türküdür. Ali kəşfiyyat məktəbini bitirib. Şöbənin ən etibarlı agenti hesab olunur. Güclü qavrama, müşahidə qabiliyyətinə malik son dərəcə cəsarətli kəşfiyyatçıdır. Rus, ingilis, erməni dillərini mükəmməl bilir. Qeyri-adi fiziki gücə və hazırlığa malikdir. "Qara kəmər" sahibidir.

"Məxfi Şöbənin rəisi, polkovnik Baratov Leopardı Ermənistana azərbaycan əsirlərin olduğu əraziyə kəşfiyyata göndərir. Leopard erməni dilini yaxşı bildiyi üçün oraya jurnalist kimi gedir. Lakin işləri heç də yolunda getmir. Hələ sovet ittifaqının dağılmadığı, ermənilərin azərbaycanlılarla bir yaşadığı vaxtlarda Leopardın uşaqlıqda bir məhəllədə qaldığı, Sovet ittifaqı dağılandan sonra Rusiyaya qaçan və orda kirli işlərlə məşğul olan Artur Saqiyanla həmin ərazidə rastlaşması Leopardın jurnalist olmadığını ortaya çıxarır. Sən demə, əsirlərmizin olduğu əraziyə Artur başçılıq edirmiş. Onlar Leopardı əsir alaraq iki mərtəbəli binanın ikinci mərtəbəsinə salırlar. Leopard orada tək olmur. Həmin otaqda bir qadın da var idi. Bir müddət sonra qadınla aralarında dialoq olur və qadının azərbaycanlı olduğunu öyrənir. Bu an həyətdən "tapdala canını qurtar", deyə səslər ucaldı. Qadın yenidən danışmağa başlayır: Azərbaycan bayrağını əsgərimizin qarşısına ataraq onu tapdalamağı əmr edirlər. Hər dəfəsində əyilərək bayrağımızı yerdən qaldıraraq öpüb alnına qoyur. Buna görə də onu döyüb işgəncə verirlər".

Əsəri oxuduqca ayrıla bilmirdim. Hadisələrin necə qurtaracağını çox böyük həvəslə düşünürdüm. Oxumağa davam etdim. Hər şey Əlifağa Sadıqovun oğlunun qətli ilə başladı.

"Qətldən günahkar Əlifağanın sürücüsü bilinərək həbs edildi. Bir müddət sonra Sadıqovun Rusiyadan önəmli qonağı gəlməli idi. Onu qarşılamağa yeni sürücüsü Qanturalı və Nihatı göndərir. Bu hadisə “Məxfi Şöbəyə” kimi çıxmışdır. Gələn şəxs axtarışda idi. Lakin o gəlmədi. Yerinə başqasını göndərdi".

Öz-özümə onun günahsız olduğunu düşünürdüm. Birdən qarşıma yeni obraz Ələmdar Məlikov çıxdı. O, avara həyat tərzi keçirən bir şəxs idi. Qətli onun törətdiyini düşündüyüm anda Qantural adlı bir obrazla qarşılaşdım.

"Arvadını başqa kişi ilə tutan Qantural arvadının və yanında olan Nihadın başını kəsərək aradan çıxır və bununla da namus hirsini yatırmayaraq Nihadın dörd günahsız qardaşını öldürdü". Açığı Sadıqovun oğlunun qətlində Ələmdardan şübhələnirdim. Əsər o qədər gözəl idi ki, özümü dedektiv kimi hiss edirdim. Ələmdardan şübhələnməkdə səbəbim hələ Əlifağanın oğlu sağ ikən onunla parkda mübahisələrinin düşməsi və Ələmdarın onu yumruqla vurub yerə sərməsi oldu. Əlifağanın oğlu çox nadinc idi.

"Əlifağanın oğlu, atasının bankında işləyən Nihadın bacısına göz dikmişdi. Nihadın bacısı Fatimə isə nişanlı idi. Dərsdən sonra nişanlısı ilə parkda görüşməli olan Fatiməni görən Əlifağanın oğlu onun yanına gedir. Bu zaman parkdan keçən Ələmdar məsələyə qarışaraq oğlanı vurur. Oğlan isə Ələmdarı gedərkən ölümlə hədələyir". Bu hadisədən sonra Ələmdarı Əlifağanın oğlunun qətlində şübhəli olduğunu düşünürdüm.

Əsərin sonuna yaxınlaşdıqca qətllərin kim tərəfindən və nə üçün törədildiyi məlum olurdu. Əslində qatil kimi düşündüyüm Ələmdar tam başqa bir adam idi. Hər şey başladığı yerdəcə bitir Əlifağa Sadıqovun bağ evində.

Əsəri oxuduqdan sonra mənfur erməni cəlladının şeytan kimi aramıza girib günahsız insanları qətlə yetirib və ən acısı da bir azərbaycanlının bunları etməsi üçün ona pul verməsi məndə çox pis təsir bağışladı.

İlahə Rəhimova

"Dünya durduqca "Çölçü" aktual olaraq qalacaq"

"Bu kino ki var, bu, çox qəliz məsələdir. Həm qəlizdir həm də ki, vacib"

Müsahibim ömrünün 28 ilini Azərbaycan kinosuna həsr edən, istedadı ilə kino aləminin gözəgörünməz canlı əfsanələrindən birinə çevrilən, ona həvalə edilən filmlərin yükünü "Oscar" mükafatına qədər daşıyan, Azərbaycan filmlərindən ən çox mükafat alan "Çölçü" filminin rejissoru Şamil Əliyevdir.

- “Oscar”a qədər uzanan "Çölçü" filminin uğur qazanmasının sirri, sizcə, nədədir?

- Film çəkərkən onun uğuru haqqında düşünmək lazım deyil. Tamaşaçının və ya festival əhlinin xoşuna gəlmək məqsədilə də kino çəkmək olmaz. Bu zaman mütləq uğursuzluğa düçar olacaqsan. Hər bir filmi çəkəndə niyyətin olmadır. "Çölçü"nü çəkərkən tamaşaçıya, bəşəriyyətə mənim mesajım nədir deyə düşünmüşəm, uğuru haqqında yox. "Çölçü"nün uğur qazanmasının səbəbi, onun toxunduğu mövzu, reallaşdırdığı fikri idi. Ümumbəşəri dəyərləri təftiş eləmək, mədəni özgürlükdür. Ona görə "Çölçü" bu gün də ilk günkü kimi aktualdır. "Çölçü" beş qitədə göstərilən yeganə Azərbaycan filmidir. Film 44 beynəlxalq festivalda iştirak edib, 30-a qədər mükafat qazanıb. 10-dan yuxarı ən yaxşı bədii film, yəni baş mükafat alıb. Dünya durduqca "Çölçü" aktual olaraq qalacaq.

- Maraqlıdır, 21-ci əsrdə niyə məhz çölçü?

- Niyyətimi qabarıq vermək üçün... Hər birimizin içərisində çölçülük var... Çöl həm də zona kimi şəffaf, təmiz, sənayenin, qloballaşmanın, ifrat mədəniyyətin ayaq aça bilmədiyi zonadır. Ona görə çöl götürülmüşdür.

- Şamil müəllim, müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında nə düşünürsüz?

- Azərbaycan kinosu sovet kinosunun tərkib hissəsi idi. Müstəqil Azərbaycan filmini ilk mən çəkmişəm. "Etiraf filmi". SSRİ vaxtı çəkilişə başladıq, bitirəndə isə Azərbaycan müstəqil idi. Təsadüf belə gətirdi.

Azərbaycan özünün kino sənayesinin sistemləşdirməlidir. Başqa yolu yoxdur. Kino istehsalı olmalıdır, müstəqil studiyalar fəaliyyət göstərməlidir. Təkcə dövlət sifarişi ilə yox, müstəqil filmlər çəkilməlidir. Filmlərin yayımı da özünü doğrultmalıdır. Azərbaycan kinosunun çıxış yolu “Hollywood” ilə mübarizəyə girməmək, özünün filmlərini yaratmaq, dünya kino sisteminə yavaş-yavaş inteqrasiya olmağı bacarmaqdır.

- Rejissorlara kino çəkilisi zamanı dövlət və ya özəl qurumlar tərəfindən hər hansı maliyyə yardımı göstərilirmi?

- Filmlərimin əksəriyyəti dövlət sifarişi əsasında çəkilib. İlk filmim - "Etiraf" isə müstəqil çəkilib. Hazırda Azərbaycanda həm müstəqil, həm də dövlət sifarişi ilə çəkilən filmlər var. Bu, kino sahəsinin vacib tərəfidir. Bu sahədə də görüləcək çox işlər var.

- İlk film çəkilişinizdə hansı çətinliklərlə qarşılaşıb, hansı təcrübələr qazandınız?

- Mən ilk filmimi tammetrajlı çəkmişəm. Dünyada çox az rejissor ilk dəfədən tammetrajlı film çəkir. Əvvəlcə qısametrajlı, sənədli film çəkirlər. Mən dərhal böyük filmə atıldım. Bu da ətrafda hamı tərəfindən qəbul olunmadı. Kino çəkərkən yaranan problemlərin hamısı ilə qarşılaşdım. Film çəkərkən ətrafında yaxşı komanda olmalıdır. "Etiraf" filminin çəkilişində həmfikirlərim olmayanlar da var idi. İlk filmdə çox təcrübələr qazandım ki, gələcək filmləri çəkəndə o maneələrin qarşını ala bildim.

- Növbəti layihəniz bildiyim qədər ilə "Xalı" bədii filmdir. Bu filmi çəkməyə necə qərar verdiz?

-  Bu yaxınlarda, Cənab Prezident kino çəkilişi üçün beş milyon vəsait ayırıb. Dünyanın hər yerində kino çəkilişləri üçün komissiyalar var. Komissiyaya ssenaristlər, rejissorlar öz əsərlərini  təqdim edirlər. Jürilər tərəfindən seçilən əsərlər üçün müəyyən vəsait ayrılır, film çəkilir. Bu yaxınlarda bizdə də komissiyya yaradıldı, ancaq ideal deyil. Komissiyanın üzvləri peşəkar kinematoqraflar olmalıdır. Mən də iki ssenari vermişəm - "Xalı" və "Qız qalası". Xalının ssenarisini 2014-cü ildə yazmışam. 10 il bundan öncə yazmağa başlamışdım. "Çölçü" filmini çəkəndən sonra yenidən "Xalı" filminə döndüm. 10 il üzərində iş gedirdi, lakin mən konflikti tapa bilmirdim. 1 ay ərzində ssenarini tamamlayıb, 2014-cü ildə Mədəniyyət Nazirliyinə təqdim etmişdim. Bu il yenidən təqdim etmişəm.

- Kino sahəsində bir çox uğur qazanmış biri olaraq gənc rejissorla hansi tövsiyələriniz var?

 - Yaxşı rejissor olmaq üçün, çoxlu kitab oxumağı - dünya ədəbiyyatı, öz ədəbiyyatımızı oxumağı, öz xalqının mədəniyyətinə hörmətlə yanaşmağı bacarmağı, xalqını sevməyi tövsiyə edirəm.

- Bəs öz həyatınızdan film çəksəniz, onun janrı nə olardı?

- Mən ümumiyyətlə, özümü komediya, melodramatik janrda görmürəm. Dram janrında çəkərdim, mən axtarardım, öz həyat yolumu axtarardım... Keçmişimə, həyatı öyrəndiyim yerə qayıdardım...

Aytac Məlikova 

Əlvida silah

Ernest Heminquey dünya ədəbiyyatının ən dahi yazıçılarından biri hesab edilir. O, bir çox maraqlı və bestsellerə çevrilən kitabların müəllifidir. Bu kitabların içində ən çox bəyənilənlər sırasında 1929-cu ildə çap edilən "Əlvida silah" əsərini göstərmək olar. Adından da göründüyü kimi, əsər müharibə mövzusunda qələmə alınıb. Heminquey müharibə mövzusunda başqa əsərlər də yazıb. Lakin heç biri bu əsər qədər təsiredici olmayıb.

Əsər Frederik Henri tərəfindən hadisələrin baş verdiyi yerin və zamanın təsviriylə başlayır. Birinci dünya müharibəsi illəridir. O illərdə italyan orduları Avstraliya orduları qarşısında ard-arda böyük qalibiyyətlər əldə edir. Bu qalibiyyətlərin ardından Frederik Henrinin də tərkibində olduğu bölük döyüşlərin getdiyi xətdən geri çəkilərək gözəl və sakit bir kənd olan Qariziaya qayıdır.

Frederik Qariziada keçirdiyi vaxt ərzində gündüz dostu Rinaldi ilə birlikdə olur, axşam isə əsgər yoldaşları ilə söhbət edirdi. Ketrin Berkliylə tanış olana qədər onun üçün bu yer elə də əhəmiyyətli deyildi. Lakin bu tanışlıqdan  sonra ona aşiq olur.

Sonra Frederiklə birgə 4 əsgərin yaşadığı evə bomba atılır və o, dizindən çox ağır yara alır. Frederiki tapıb yaxşı müalicə alması üçün Milandakı xəstəxanaya göndərirlər.

Xəstəxanada Frederikin dizindəki yaraya baxan həkimlər əməliyyat üçün ən azı altı ay gözləmək lazım olduğunu söyləyirlər. Bununla qətiyyən razılaşmayan Frederik üçün başqa həkim axtarılır. Nəhayət Valentini adlı həkim bu əməliyyatı etməyə razılaşır. Əməliyyat uğurlu keçir. Bu zaman ərzində Ketrin ona Qariziada ehtiyac olmadığı üçün Frederikin olduğu xəstəxanaya tibb bacısı təyin edilir. Bir müddət sonra yara sağalır və onu yenidən orduya çağırırlar.

O, yenidən orduya qayıtdığı üçün Ketrindən ayrılmaq məcburiyyətində qalır. Cəbhəyə gəldikdən sonra görür ki, avstraliyalılar itirdikləri torpaqları geri almağa başlayıblar. Hətta Qariziaya qədər gəliblər. Geriyə çəkilmək məcburiyyətində qalan Frederik və əsgərləri yolda bir digər italyan bölüyü olan Karabinerlərə rast gəlirlər. Geri çəkilməyi rüsvayçılıq kimi qəbul edən Karabinerlər onları öldürmək istəyir. Frederik çaya tullanaraq xilas olmağı bacarır. Daha sonra isə Milana gedən bir qatara gizlincə minir. Qatardan Milana yaxın bir stansiyada tullanır. Sonra Ketrini tapmaq üçün Milana gəlir. Lakin üstündəkilər əsgər paltarı olduğu üçün ordudan qaçdığı anlaşıla bilərdi. Xəstəxanada tanış olduğu Ralf Simmons sayəsində mülki geyim tapır. Ancaq əsgərlərə mülki geyim qadağan olunduğu üçün kimsə onu tanısaydı, bu, Frederik üçün çox pis olardı. Onun tək çıxış yolu İsveçrəyə getmək idi.

Nəhayət, o, Ketrini tapır və birlikdə qayıq vasitəsilə ilə gölü keçərək İsveçrəyə çatırlar. İsveçrəyə çatan kimi Frederik və Ketrin gömrük işçiləri tərəfindən saxlanılır. Frederik onlara İsveçrəyə turizm üçün gəldiklərini, qayığı isə idmanı sevdikləri üçün istifadə etdiklərini söyləyir. Bir müddət İsveçrədə dağ kəndində yaşayırlar. Ketrinin doğum vaxtı yaxınlaşdığı üçün Lozannada böyük xəstəxanaların yanında bir oteldə qalmağa məcbur olurlar.

Nəhayət doğum vaxtı gəldiyində Ketrin xəstəxanaya gətirilir. Lakin onun doğumu heç də asan olmur. Onların körpələri ölü olaraq doğulur. Bir gün sonra isə Ketrin həyata gözlərini yumur. Bütün bu olanlardan sonra Frederik son dəfə Ketrin ilə baş-başa qalmaq istəyir. Bu səhnəni yazıçı belə şərh edir. "Hər dəfə otaqdan bayıra çıxdıqdan sonra işığı söndürdüm. İşığı söndürəndə bir yararı olmadığını anladım. Bir heykələ əlvida demək kimi bir şeydi bu. Az sonra bayıra çıxdım, xəstəxanadan ayrılıb, yağmur altında otelə qədər yeridim".

"Əlvida silah" romanında Ernest Heminquey müharibənin ortasında iki gənc insanın həm öz sevgi dolu dünyalarında, həm də müharibənin hər şeyi məhv edən rəhmsiz dünyasında necə yaşadıqlarını çox peşəkarlıqla göstərmişdir.  

Emil Məmmədov

"Qumlar"a qarışmış 14 melodiya

Bir çox melomanın (meloman - musiqi dinləməyi dəlicəsinə sevən biri) xüsusi olaraq "qış musiqisi", "yaz musiqisi", "gecənin musiqisi" anlayışları mövcuddur. Bu anlayışlar dinlədikləri musiqilərin onların vaxtına, yer aldığı atmosferin yükü ilə bağlıdır. Bəzi musiqilər də var ki, onları uzaq yola çıxdığınızda  çox xoşbəxt olduqda, yaxud "kitablarda yaşayan, xəyalları geniş"  birinin musiqisi kimi səciyyələndirmək olar. Uzun, qara, səliqəsiz saçlı, saqqallı və Şərq insanı qiyafəli həmin musiqiçi də öncəki cümlədə təsvir edilən kateqoriyada melodiyalar yaradır. Mark Eliyahu. Dinlərin və irqlərin sərhədində çox incə kamança simindən "asılı" qalan 36 yaşlı musiqiçi...

Gəlin öncə tanıyaq sonra dinləyək:

Mark Eliyahu - Rusiyanın bir hissəsi olan Dağıstan Respublikasında dünyaya gəlmiş, yəhudi əsilli kamança ifaçısıdır. Musiqiçi atası Piris Eliyahunun təsiri altında beşikdəki uşaqlıq günlərindən bu vaxtacan notların, simlərin, instrumental melodiyaların təsirində qalmışdır. Kamançaya düşkünlüyünü daha da şiddətləndirən isə 16 yaşından mərhum kamança ustamız Habil Əliyevin ifasını dinləməsi olur. Bundan təsirlənən gənc oğlan Bakıya köçür və Ədalət Vəzirovun kamança dərslərində iştirak edir. Ruhən tanıdığı aləti, savadlı formada da öyrənməyə başlayır.

İlk konserti 1999-cu ildə təşkil olunan Markın konsertinin ümumi bəstəkarı atası Piris Eliyahu idi. Konsertdə Alim Qasımov və Fərqanə Qasımova da yer almışdı. Hazırda 3 solo albomu mövcuddur. Onlar "Voices of Judea" (Yəhudilərin səsləri, 2004), "Mark Eliyahu - Roads" (Yollar, 2016), "Sands" (Qumlar, 2017) adlı albomlarıdır.

"Sands" albomu onun sonuncu, indiyədək hazırladığı ən iriçaplı albom hesab edilə bilər. Musiqi və məna yükü yüksək albom 2017-ci il, 24 fevralda işıq üzü görmüşdür. Albom adı bilindiyi kimi Şərqin bir çox avropalıların beynində iz qoyduğu faktora əsasən götürülüb. Dilimizə tərcümədə "Qumlar" deməkdir. CD-nin üz qabığında qara fonda Markın ironiyalı, bir o qədər də maraqlı baxışlı fotosu yer alıb. Albomun adı ivrit və ingilis dillərində qeyd edilib. Albomda 14 trek yer alır. "Journey" (Səyahət)  və "Caravan" (Karvan) kimi sinqıllar isə alboma ən çox populyarlıq gətirən ifalardır. 14 parçadan yalnızca "Journey" əsərinin klipi lentə alınıb.

Albomu dinləməyə  başladıqda bizi ilk növbədə "Caravan" (Karvan) treki qarşılayır. Trekdə ümidini pozmadan, səhrada inamla irəliləyən karvan təsvir edilir. Bu karvanın bütün xəyalları hədəflərinə, gedib çatacaqları yerə köklənməyib. Məsələ daha böyükdür. Söhbət karvanın dözümündən, iradəsindən gedir.

İkinci parça "Journey - Theatrical version"dur  (Səyahət). Məşhur əsərin bu versiyasında səs rejissoru kamança ifasını önə çəkir, digər səsləri arxa plana ötürür. Eliyahu bu parçanın aranjemanına xüsusi diqqət yetirmişdir.

"Longing" (Darıxmaq) adından göründüyü kimi, özlüyündə həsrəti, darıxmağı, arzu və istəyi təsvir edir.

"Ballad for Weeping Ballad"ı (Ağlayan Bahar üçün Ballada) bütün mahnılardan fərqləndirən xüsusiyyət parçadakı hind boğaz və çalarlarının olmasıdır. Musiqinin vokalında İshar adlı xanımın səsi yer alır.

Siz "Krav Shtiya", "Sands"  adlı parçalarda ərəb və türk xalqlarının öyrəşdiyi sürətli, həm də hərəkətli tempdə bir musiqi dinləyib, "Neigun Nava"da ata Pirisin oğluna göndərmək istədiyi mesajları duyacaqsınız.

"I will seek for you at down" (Mən şəfəqdə sənin üçün axtaracağam)  adlı trekin arxa fonunda Markın öz səsi yer alarkən, "Shur və Habit"də (Şur və Vərdiş)də istədiyiniz qədərdə Azərbaycan köklü musiqi və muğamı hiss edə biləcəksiniz.

"Firebird"də hansısa əziyyətdən savaşla qurtulmağa çalışan varlıq, "Impro Isfahan"da isə sufi tərzindəki həzin, dərin ney və kamança səsi "sizi sizdən alacaq".

Albomun sonlarına doğru getdikcə Markın kədərinin dərinliyinə də enirsiniz. "İlahi, bu gənc bu qədər kədər topasını özünə necə çəkib, incə formada, süzgəc kimi kamança simlərindən keçirə bilir" deyə bilərsiniz. Ehtiyatlı olun.

"Coming Back", "Journey" kimi sənət əsərlərində sadəcə bütün əsəblərinizi sakitləşdirib, yaşadığımız həyatın dibi görünməyən quyusunda dərindən nəfəs ala biləcəksiniz.

"The Magnificent Nine" (Möhtəşəm doqquz) parçasında Markın sizə olan vidasını dinləyib, xeyir-duasını almadan albomdan uzaqlaşmamağı tövsiyə edirəm. Trekdə kamança və zərb alətində olan ifasında müasir musiqi proqramında işlənmiş vida melodiyası duyuruq. 

Albomun gətirdiyi maliyyə, qazandırdığı dinləyici kütləsi kifayət qədər idi. Markın albomunda etdiyi tək səhv içindəki kədəri bol-bol bizə yansıtmaması olmuşdur. Kompozisiya və ideya gözəl olsa da, Markdan bacardıqca ideyanı pozmayacaq müasir musiqi gözləyirik.

Möhsün Mirvəlişli

Analar, qızlar, üsyankarlar 

Gülçin Vəfa 

"Qadınları geridə buraxan cəmiyyətlər, geridə qalmağa məhkumdur".

Atatürk 

Qadının tarixi məğlubiyyəti, insan həyatına xüsusi mülkiyyətin girişi ilə başlayır. Qadın bununla bütün ictimai funksiyalarından azad olunub, digər hər şey kimi kişinin mülkündən sayıldı, ondan doğulacaq uşaqların anası, evin və bu uşaqların baxıcısı olaraq görüldü. Bununla da qadın cinsi, insanlığın tanıdığı ilk kölə oldu. Quldar, feodal, dindar və kapitalist cəmiyyətlərində funksiyaları dəyişsə də, əsas etibarı ilə qadın kişi qarşısında bu "statusunu qorudu". Bir əsr öncə yaşanan şiddətli mübarizə sonrasında belə hələ də "qadın olmaq", sənin haqqında qərarların atan, qardaşın, həyat yoldaşın, sevgilin tərəfindən verilməsinə razı olmaq, onların verdiyi azadlığa qane olmaq, əks halda nəticələrinə qatlanmaqdır. Uşaq yaşlarından "qız kimi" olmaq üçün ədəb dərsləri alıb, cəmiyyət təzyiqini şah damarında hiss etməkdir. Ən müasir kişinin belə onun səlahiyyətlərinə ortaq olmaq fikri ağlına gəldikdə sənə yerinin mətbəx və yataq otağı olduğunu xatırlatmasıdır. Sənə söz atılırsa, istismara, təcavüzə məruz qaldınsa, "kim bilir sən nə etdin" ilə başlayan cümlələrini eşitməkdir. Vaxtı gələndə "xalxın oğluna" layiq olmaq üçün savadın, dünyagörüşün, diplomun deyil, hazırladığın plovun və qonşuların rəyinin vacib olduğunu anlamaqdır. Örtünməyi qorunmaq üçün ən yaxşı vasitə kimi göstərən dindarların 15 yaşında qızı özünə həyat yoldaşı etdiyini bilməkdir.

Qadın haqları deyə tanınan, əslində isə insan haqlarına daxil olan bu haqqı qazanmaq üçün hər millətin tarixində qadınlar çox böyük əziyyətlər çəkdi. Təəssüf ki, qazanmaq üçün insanların canını verdiyi  bu haqqı ölkəmizdə və müsəlman cəmiyyətlərində bir çox qadın təqdir etmək əvəzinə əlləriylə qarşındakına təslim etmə eşqindədir.

Özümü bildim biləli həm fiziki, həm də mənəvi gücün vəhdəti olan qadınlara heyran olmuş və onlara bənzəməyi xəyal etmişəm. Bu mövzuda məni həyacanlandıran, motivasiya edən filmlərin başında "Suffragatte" gəlir. Baş rollarını  Helena Bonham Carter, Meryl Streep, Carey Mulligan, Ben Whishaw və Brendan Gleesonın canlandırdığı filmin rejissoru Sarah Gavrondur. Film fəhlə sinifinə mənsub, əməyi istismar edilən, kişilərdən daha çox iş yükünə sahibkən, daha az əmək haqqı alan qadınların "seçmə və seçilmə" hüququnu əldə etmək uğrunda mübarizəsini gözlər önünə sərir. İşçi qadınlar əvvəl olduqca dinc üsullarla bunu dilə gətirir. Lakin iş yerlərində  məruz qaldıqları təcavüzlər, məvaciblərinin ödənilməməsi, iş şəraitində sağlamlığı təhlükə altına alan amillər onları mübarizəni fərqli  üsullarla davam etdirməyə məcbur edir. Filmin daha çox önə çıxan obrazı Maud (Carey Mulligan) olsa da, əslində, bütün qadınları baş qəhrəman hesab etmək olar. Maud uşaqlıqdan istismara məruz qaldığı camaşırxanada hələ də səsini çıxarmadan işləyən, həyat yoldaşı və övladı qarşısında bütün vəzifələrini məsuliyyətlə icra edən bir qadındır. Lakin bir gün iş yoldaşı Violeti aktivistlərin arasında gördükdə bütün həyatı dəyişir. Maudun baxışlarındakı heyranlıq və maraq Violetin diqqətini cəlb edir, onu hərəkata cəlb etməyə çalışır. Hərəkatın başçısı Emmeline Pankhurtsun "dünyaya göz açan hər qız uşağının qardaşıyla bərabər şansa sahib olacağı zamanlar üçün mübarizə aparırıq. Qanunları pozanlardan deyil, qanunları yaradanlardan olmaq istəyirik" sözləri ilə başlayan monoloqu onu hərəkata daha da yaxınlaşdırır. Bundan sonra ailə həyatında böyük çətinliklər yaşamağa başlayır. Həyat yoldaşı onu evdən uzaqlaşdırıb uşağını görməsinə mane olur. Amma təslim olmayan Maud mübarizəni əsla yarıda buraxmır, bütün çətinliklərə sinə gərməyə çalışır. Bu mübarizəyə kişilərin baxışı çox məlumdur. Onlara görə qadınlara bu gün seçmə hüququ verilsə, sabah seçilmək, hakim, vəkil olub, onların yerində əyləşmək də istəyərlər. Filmin mənim üçün ən maraqlı səhnələrindən biri heç şübhəsiz, polis zabiti və Maud arasında yaşanan dialoqdur. Söhbətin ən pik nöqtəsi isə Maudun polis zabitinə dediyi "Hamımızı həbs edəcəksiz? Hər evdəyik, insan irqinin yarısıyıq. Hamımımızı dayandırmağa gücünüz yetməz" sözləridir.

Hekayənin zəfərlə bitirməmiş olmağı filmin ən müsbət tərəflərindən biridir. Əksinə, ölümlə, fədakarlıqla, əzmlə mübarizəyə davam etmək məcburiyyətində olduqları göstərilir. Suffregatte eyni zamanda, bir çox “mədəni” Avropa ölkəsində belə XX əsrin ortalarına qədər qadının ən təməl haqlarından məhrum buraxıldığını vurğulayır.

Nietzscheyə görə "cahil bir cəmiyyət, azad buraxılıb özünə seçki hüququ verilsə belə, heç bir zaman azad bir seçki edə bilməz. Yalnız seçki etdiyini zənn edər. Cahil cəmiyyətlə seçim etmək, oxuma, yazma bilməyən adama hansı kitabı oxuyacağını soruşmaq qədər axmaqlıqdır!" Qadınlarımızın təhsildən yayınmadığı, haqlarının qəsb edilmədiyi kamil cəmiyyət diləyi ilə... 

Onları küsdürməyək

Emin Şirvanzadə

Hazırda ictimai nəqliyyat vasitələrindən ən çox sərnişindaşıma gücünə malik olan metrodur. Azərbaycanda  gün ərzində ortalama olaraq 590.000-dən çox insan  bu nəqliyyatdan istifadə edir və vaxt baxımından mənzil başına tez çatırlar. Amma təəssüf ki, sağlamlıqları məhdud olan, əsasən də əlil arabasına məhkum olan şəxslər bu ictimai  nəqliyyatdan rahatlıqla  istifadə edə bilmirlər.

Qəribədir, qatarlarda  əlil şəxslər üçün ayrıca yer ayrılıb. Lakin stansiyaya əlil şəxsin necə enməsini düşünməyiblər. Həmin şəxslər təkcə metrodan deyil, avtobuslardan, taksilərdən, yeraltı və yerüstü keçidlərdən istifadə edərkən ya çətinlik çəkir, ya da  ümumiyyətlə istifadə edə bilmirlər. Bunun başlıca səbəbi  keçidlərdə, metrostansiyalarda  əlil şəxslər üçün nəzərdə tutulmuş xüsusi yerlərin olmamasıdır. 23 stansiyadan təkcə avtovağzal və M.Əcəminin yeni təmir olunmuş hissəsində lift var. Ölkəmizə gətirilən müasir avtobuslar və London taksilərindəki kimi bütün başqa nəqliyyat vasitələrində də bu olmalıdır. Danılmaz faktdır ki, keçidlərdə padnus quraşdırılıb. Lakin əlil arabasının rahat enib - qalxması üçün bu, 45° radiusunda olmalıdır. Əfsus ki, bu dərəcə çox olduğu üçün, fiziki məhdudiyyətli şəxs tək olduqda rahatlıqla ordan istifadə edə bilmir.

Bütün bunlar əlillərin metrodan istifadəsinin qarşısını alır və onlar mənzil başına getmək üçün alternativ variant axtarırlar. Alternativ kimi taksini seçirlər. Amma  pul itirirlər. Əlil şəxs bu "alternativ"dən hər gün istifadə etsə, onun aylıq gəlirinə ciddi şəkildə təsir göstərəcək.

Bəlkə də onun cəmiyyətə adaptasiya olması illərini alıb. Bu zəhməti qiymətləndirib onlara kömək etməliyik. Hansımızsa, bu problemi ictimailəşdirməklə, hansımızsa, həll yollarını tapmağa cəhd etməklə.

İnsanlığın faciəsi

Zeynəb Mirzəyeva

"Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik"
Fyodor Dostoyevski

Uşaqlar gələcəyimizin təminatçıları, ailənin inkişaf sütunlarıdır. Onları qorumaq təkcə bir ailənin deyil, bütün cəmiyyətin ümdə borcudur. Bəlkə də görkəmli rus yazıçısı F.Dostoyevskinin dediyi kimi, insanlığı sevmə səbəbimiz də elə uşaqlardır. Parlaq gələcək naminə bu sevgiyə sadiq qalmaq insanlıq göstəricisidir.
Təəssüf ki, bəzən gələcəyimizi öz əllərimizlə məhv edirik. Uşaqların intiharı nəinki ayrı-ayrı fərdlərin, bütün insanlığın faciəsidir. Bu gün hansısa körpə ona edilən təzyiqlər, hədə-qorxular, qısnamalar, "vəhşi davranışlar" səbəbindən canına qəsd edirsə, bu hadisədə hamımız günahkarıq.

XX əsr alman yazıçısı Erix Mariya Remark deyib: "Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır. "Bu gün hər birimiz insan ölümünə biganə yanaşırıqsa, onu yalnız statistik göstərici kimi qəbul ediriksə, artıq bu hal daxilimizdə insanlıq keyfiyyətlərinin yavaş-yavaş daşlaşdığından xəbər verir.
Dünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə intihar statistikasına əsasən, dünyada il ərzində 800000 nəfər intihar səbəbilə həyatını itirir. Bu hər 40 saniyədə 1 nəfərin ölümü deməkdir. Son dövrlər Azərbaycanda azyaşlılar, xüsusən də məktəblilər arasında intihar hallarının artmasının  ciddiliyini bir daha gündəmə gətirir.

Təhsil üzrə ekspert Kamran Əsədov mediaya açıqlamasında bildirib ki, 2019-cu ilədək ölkədə 11 məktəbli intiharı faktı qeydə alınıb.  2019-cu ilin 9 fevralında Biləsuvar rayonunda 2004-cü il təvəllüdlü, Çinarlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. 4 aprel tarixində Bakı şəhərində 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. E.Hacıyevanın vəfatından sonra məktəbli intiharlarıdaha intensiv hal almağa başladı.

İntihar hallarının baş verməsinin əsas səbəbləri, səbəblərin aradan qaldırılması yolları, eləcə də məktəbliləri intihara sövq edən amillər barədə ətraflı məlumat əldə etmək üçün ekspertlərin rəyini öyrənmək daha məqsədəuyğundur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bildirdi ki, tədqiqatçılar intiharların 800 səbəbini araşdırıb və belə qənaətə gəliblər ki, xüsusilə yetkinlik yaşına çatmayanlar arasında intiharın müxtəlif formalarına rast gəlmək mümkündür. Azərbaycan intihar statistikasına görə, dünya ölkələri arasında 3-cü, yəni ən aşağı göstərici üzrə qərarlaşıb. Qeyd edək ki, dünyada intihar statistikasına görə ölkələr 3 yerə ayrılır: ən çox intihar olan ölkələr, orta intihar göstəricili və ən aşağı göstəriciyə sahib ölkələr.
Ekspert bildirdi ki, şəxsiyyətin yetişkənliyi dövründə uşaqlarda iradə zəifliyi yaranır. Nəticədə müəyyən qədər psixoloji təsir belə uşaqlarda neqativ hallara gətirib çıxarır ki, ən dəhşətli halda bu intiharla nəticələnir. Uşaq intiharlarının bir sıra səbəbləri var: ailədə şiddət, ailədaxili münaqişələrin davamlı baş verməsi, atanın anaya qarşı aqressiv münasibəti, valideynin zərərli vərdişlərə meylliliyi, diqqət mərkəzindən kənarda qalmaq, ailədə radikal təriqətin formalaşması, uşaqlarda erkən sevgi hisslərinin yaranması, biganəlik, psixoloji sarsıntılara səbəb olan internet oyunları və s.

A.Veysəlova qeyd edir ki, uşaqlara valideyn nəzarəti ən önəmli faktordur. Valideyn övladının kimlə dostluq etməsinə, hansı mühitdə təhsil almasına və s. daim diqqət etməlidir. Əgər övladınız həyətdə yoldaşları ilə vaxt keçirməyə deyil, evdə telefon və digər vasitələrə üstünlük verirsə, bu halda belə diqqətli olmaq lazımdır. Çünki uşaqlar telefonla daha çox təhlükə ilə qarşı-qarşıyadır, nəinki yoldaşları ilə münasibətdə.

Müasir dövrdə texnologiyaların inkişafı, yeni-yeni internet oyunlarının yaranması uşaqlara təsir edən əsas psixoloji amillərdir. Son dövrlər azyaşlılar arasında "Mavi balina" və s. kimi internet oyunlarına həvəs təəssüf ki, onlarda intiharları intensivləşdirən əsas amillərdən biridir. Nəticədə uşaqlar potensial suisid hallarına meylli varlıqlara çevrilir.

Biganəlik və laqeydlik uşaq intiharlarına səbəb ən aparıcı faktorlardır. Komitə rəsmisi deyir ki, bu gün Elina Hacıyevanın hamının gözü qarşısında özünü məktəbin pəncərəsindən atması, çox ağır məsələdir. Bu məsələdə hamının üzərinə məsuliyyət düşür: mənim, şagirdlərin, onların valideynlərinin, müəllimlərin və s. Orada təhsil alan bütün uşaqların hüquqları eynidir. Müəllim və şagirdlər elə şərait yaratmamalıdır ki, hər hansı bir şagird özünü sinifdə narahat hiss etsin.

Bu kimi məsələlərin ictimaiyyətə çatdırılmasında əməli addımlar atılmalı, maarifləndirici tədbirlər görülməlidir. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda uşaq və ailələrə dəstək mərkəzi fəaliyyət göstərir. A.Veysəlovanın açıqlamasına görə, komitə beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməyə çalışır.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin "Sosial və pedaqoji psixologiya" kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lalə Cabbarova yetkinlik yaşına çatmayanlar arasında intiharlara səbəb olan sosial-psixoloji amillərdən söz açdı: "Uşaqlarda mənlik şüurunun böhran dövrü olduqca həssas bir mərhələ kimi xarakterizə olunur. Mənlik şüurunun böhran dövrü 2 mərhələyə ayrılır: 3 yaşında mənlik şüurunun böhranı və yeniyetməlik dövrü böhranı. Uşaqlarda cinsi yetişkənlik dövründə mənlik şüurunun böhranı daha da kəskinləşir. Bu dövrdə onlara uşaq münasibəti ətraf-mühitlə həmin uşaqlar arasında konfliktlərin yaranmasına səbəb olur. Belə olan halda həmin uşaqlar onları böyük kimi qarşılayacaq insanları axtarmağa səy göstərir. Psixoloji cəhətdən bu dövr daha təhlükəli dövr hesab edilir, belə hallarda uşaqların müəyyən dairələrə qoşulmaq ehtimalı daha yüksək olur. Nəticədə özünü böyük kimi göstərmək üçün zərərli vərdişlərə də əl ata bilərlər. Ümumiyyətlə, hər intihara 100-200 cəhd düşür. Bəzən uşağın "özümü öldürəcəm" ifadəsinə valideynlərin laqeydliyi bağışlanılmazdır. Çünki bu ifadələr də intihara cəhd kimi qiymətləndirilir. 10-15% uşaqlar isə məqsədsiz olaraq sırf intihar etmək üçün intihara cəhd göstərir. Qalan 80-85% şəxslər isə kömək axtarmaq, diqqət çəkmək məqsədilə intihar edir. Ailədə və yaxın qohumlarda kimsə intihara təşəbbüs göstəribsə, uşaqlarda müəyyən qədər bu hadisədən yaranan intihara cəhd hallarına da rast gəlmək mümkündür".

BDU-nun Jurnalistikafakültəsinin "Beynəlxalq jurnalistika" kafedrasının müdiri, professor Həmid Vəliyev intihar məsələlərinin işıqlandırılmasında KİV nümayəndələrinin məsələyə birmənalı yanaşmasının doğru olmadığını vurğuladı. H.Vəliyev deyir ki, KİV-də intihar məsələlərinin bütün detallarınadək işıqlandırılması qəbulolunmazdır. Çünki bu insanın psixoloji sarsıntılarından, məruz qaldığı neqativ hallardan doğan bir məsələdir. Hətta elə hallar da olur ki, insan intihara cəhd göstərərkən daha kəskin yollara əl atır. Məsələn, 3-cü mərtəbədə yaşamasına baxmayaraq, özünü ən yüksək mərtəbədən ataraq intihar etməyə səy göstərir. Burada məqsəd birbaşa intiharın baş tutmasına təşəbbüs göstərməkdir, xəsarət alaraq kimdənsə asılı vəziyyətə düşmək yox. Hətta bəzən mediada qız uşaqları haqda yazılması lazım olmayan informasiyalar, cinsi istismara məruz qalmaq, zorakılıq və s.  yer alır. Lakin qeyd etmək lazımdır ki, bu hallara yol vermək beynəlxalq uşaq hüquqlarına ziddir. Belə halların qabardılması həmin uşaqlara psixoloji təsir edir, hətta onun özünə qəsd etməsinə də səbəb ola bilər.

El dili ilə desək, məktəb şagirdlərin ikinci evidir. Ancaq bu evin qapıları zülmət qaranlığa açılmamalıdır.

Uşaqların psixoloji durumuna amansızcasına təsir göstərənlər, onları mənəvi olaraq incidənlər təkcə hakimiyyət qarşısında deyil, bütün cəmiyyət qarşısında cavab verməli olacaqlar. İnsan həyatını təhlükədə qoymaq, onu intihara sürükləyəcək addımlar atmaq qanunvericilikdə müvafiq maddələr əsasında nizamlanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinə görə,  həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 314-cü maddəsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) bəndinə əsasən, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Suisid dövrün ən aktual və həssas problemidir. İşıqlı gözlərin bu faciənin qurbanına çevrilməməsi üçün sevinc və məhəbbət dolu dünyamızın kiçik sakinlərini bütün mənfiliklərdən qorumağa çalışaq. İnsanlığın faciəsinə körpə mələkləri qurban verməyək!

Şahmat

Əliş Abdulla

Səyahət edir uzaqları yaxın adama
Gəmidə bir mənəm, bir də yolun yoldaşları
Gizlincə, bəlkə, səmadan kimsə baxır adama
Hamı əvvəl olur yar, kaş ola sonun yoldaşları.

Görürəm yığışıbdır cümlə edir cəmə nəzər
Şahmat fiqurları yerin dəyişir sakitcə
Həmişə yuxarı gəzən şah, piyadanı qismən əzər
Məğlub olan altda qalar, qəlbdə əgər insaf itsə.

Deyirəm dövranın gedişin də səhv var
Müdaxiləm daxil olur, təəcüb edir oyunu xaliq
Gözlərəm əlimə düşsün hər kəsdən səhv an
Burda mən ən zəifəm, qarşımda varolur ali.

Gedişlərim gəlir oyuna, vəziyyət tamam dəyişir
Baş verənlər anlaşılmır, gözlər baxır bir-birinə
Qazandığım etimad dəyişir kökündən hər işi
Qorxuram qalmaz gizli, sirlərim açıq bilinər.

Məni də bir günlük oyuna edirlər dəvət
Ən güclü qarşısında köhlən kimi durmalıyam
Zənlərdə doludur məndə fiqur elmindən sərvət
Yazılanı əbədi pozub, bir də başdan qurmalıyam.

Dostum, bircə dəqiqə dinlə məni ol agah
Mənim də keçmişimdə vardır əlbət qarlı bahar
Gecəmdə gah günəş, gah bir sətir, hənirti ola gah
Kasıb yatan yuxularımı ayıldardı varlı nahar.

Əməllərimə vuruldu səhv damğası, itirildi azadlığım
Zindana girməyimin səs küyündə çox kar idim
Bu qədər mübarizə, cəhd, döyüş, bitirdi qazandığım
Təklikdə iki fikirlə: "Hə yox idim, yox var idim".

Yox idi dildən bir söz, sözdən bir səs
Ən tənha insanların qəlblərində sıxılırdım
Beynimdə eyni fikir, birdən əgər başqası girsə
O dəqiqə dizlərim üstəalnımyerəyıxılırdım.

İşgəncə saatında xoş hal oldu gözlənilmədən
Sevindim gözlərim bir anda başqa bir şey ki tapır
Tez yaxınlaşıb aldım əlimə, ətrafda gözdən itmədən
Gördüm bəyaz içində zülmət saçır şahmat kitabı.

Başladı kitabla şahmat, fiqurları yox əlimdə
Təsəvvürüm oyuna məkan, bağlanıb bütün qapılar
Axı bəs rəqib yoxdur, qarşı-qarşıya gəlim mən
De görüm məndən başqa mənə heç rəqib tapılar?

İki fikrə can verdim, bir ağ oldu, birisə qara
Hər günün oyununda ağ qaraya tərs gedirdi
Birinin əlində açmışdı çiçək, birisə yara
Elə bil, ağ müəllim, qara şagird otaqda dərs gedirdi.

Beləcə fiqurlarda artan əzab dartar məzarı
O güclümü? Mən zəifəm? Mən təsliməm? O isə məğrur?
Kaş oyun bitərdi bilərdim, mən ikican oldum bezar
Qalib gəldi hansımız, hansımızsa oldu məğlub.

 





17.05.2019    çap et  çap et