525.Az

Böyük ömrün və parlaq zəkanın misilsiz bəhrələri: Şirməmməd Hüseynov


 

Böyük ömrün və parlaq zəkanın misilsiz bəhrələri: <b style="color:red">Şirməmməd Hüseynov </b>

Böyük tədqiqatçı, ustad alim, görkəmli pedaqoq, jurnalistikamızın ağsaqqalı Şirməmməd Hüseynov uca Allahın ona bəxş etdiyi parlaq zəkadan, tükənməz istedaddan olduqca səmərəli istifadə edib və 95 illik ömrünün bütün şüurlu hissəsinin bir dəqiqəsini də boşa verməyib, hədər yaşamayıb. Nə mal-dövlətdə, nə rütbədə gözü olub, nə vəzifədə, nə bir mükafatda. Gecəsini-gündüzünə qataraq çalışıb, xalqı və vətəni üçün misilsiz işlər görüb.

Şirməmməd müəllim Şəki şəhərində doğulub, atası o hələ üç yaşında ikən vəfat edib, anası Sara xanım altı övladını təkbaşına böyüdüb. Əsl müsəlman-azərbaycanlı qadınlara, olan bütün mənəvi keyfiyyətlərə malik olan bu ismətli ana övladlarına, o cümlədən, Şirməmməd müəllimə çox gözəl tərbiyə verib. Şirməmməd müəllim isə onun ümidlərini doğruldaraq gecə-gündüz oxuyub, çalışıb.

Şəkidə orta məktəbi bitirəndən sonra o, 1941-1943-cü illərdə Şəkidə 2 illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alır. 1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük və Oxut orta məktəblərində fizika-riyaziyyat müəllimi işləyir. 1945-ci ilin avqustuna qədər "Nuxa fəhləsi" qəzetində ədəbi işçi kimi çalışır və 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alır. 1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər ADU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetində redaktor müavini işləyir. Eyni zamanda, 1948-1950-ci illərdə "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri vəzifəsində çalışır.

1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil alan Ş.Hüseynov 1954-cü il iyun ayının 25-də həmin universitetin jurnalistika fakültəsinin Elmi Şurasında, MDU Mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir.

Şirməmməd müəllimin sosializm ideologiyası dövründə,  rejimin acı zəhərinə qarşı özünəməxsus çarələri, üsulları var idi. Bildiyimizə görə, o, hələ Sovetlərin tüğyan etdiyi vaxtlarda ən yaxın dostları Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayevlə birlikdə Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbər ağanın məzarını ziyarət eləməyə gedirmiş.

Şirməmməd müəllim xalqımızın iki böyük oğlunun - M.Ə.Rəsulzadənin və Üzeyir bəyin irsinə xüsusi münasibəti barədə fikirlərini "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" adlı kitabının III cildinin təqdimatında bu cür ifadə edib: "Biz onlara borcluyuq. Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm. Mənim ən yaxşı vaxtım o kişilərin yazdıqlarını oxumaqdır. Onlardan biri dövlətimizi, o biri isə musiqimizi yaradıb".

"Maarifçilik" termini dünya dillərində müxtəlif şəkildə izah olunur. Lakin onun əsl mənası "işıq" deməkdir. Maarifçilər əsasən milli oyanışa xidmət edərək öz xalqlarını maarifləndirməklə onların zəkasının işığını artırırlar. Bu baxımdan Azərbaycan maarifçiləri xalqın zəkasının işıqlanmasında çox işlər görmüşlər. Xalqın zəkasını işıqlandıran insanlardan biri də məhz Şirməmməd Hüseynovdur. Publisist-alim Rafael Hüseynov, Şirməmməd Hüseynov haqqında 2018-ci ildə "Elm və Təhsil" nəşriyyatında nəşr etdirdiyi  kitabının adını "Millət yaddaşının keşikçisi" qoymuşdur. Bu, həqiqətən də belədir. Şirməmməd müəllim millət yaddaşının keşikçisidir. O, yaradıcılığa başlayandan millətin qabaqcıl ziyalılarını, millət uğrunda canlarını, ailələrini fəda edənləri, millətin istiqlalı, istiqbalı üçün hər cür zillətlərə, məşəqqətlərə qatlaşmış insanlarını, eyni zamanda, daim millətin ayağının altını qazıyan, ona arxadan zərbələr endirən, böhtan atan, ona qarşı qətliam törədən düşmənlərini öz kitablarında, məqalələrində, çıxışlarında bir ayna kimi göstərərək millətin yaddaşının keşiyində durmuşdur və durmaqdadır.

Uzun illərdir, Şirməmməd müəllim milli Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına işıq tutur. Onun 1920-ci ilə qədərki yaradıcılığını əhatə edən beşcildliyini nəşr etdirib. Lakin bununla kifayətlənmir, Rəsulzadənin mühacirətdə yaşadığı dövrlərdə də yazdığı əsərləri, məqalələri tapıb üzə çıxarmaq, bütünlüklə nəşr etdirmək fikrindədir. Həmin əsərləri uzun zamandan bəri "525-ci qəzet"in şənbə saylarında dərc etdirən Şirməmməd müəllim deyir ki, Rəsulzadənin xaricdə buraxdığı məcmuələrdə Azərbaycan milli istiqlal hərəkatına, gerçək tarixinə dair o qədər dəyərli sənədlər, yazılar, məqalələr var, bunların burda olması bizim tariximizi öyrənmək üçün vacibdir.

Bir sözlə, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin bütün irsini çap etdirib xalqa çatdırmaq fikrindədir. Onu da qeyd etmək mütləq lazımdır ki, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə aid bütün yazıları öz şəxsi vəsaiti hesabına çap etdirib.

Şirməmməd müəllim sözün yüksək mənasında mühafizəkardır, onun kimi dəyərli insanlarımız gerçək tariximizin yorulmaz mühafizləridir.

Yəqin ki, çoxlarının xatirindədir, 1988-ci ildə erməni cəlladları xalqımıza qarşı növbəti qətliam planı həyata keçirməyə hazırlaşarkən, Şirməmməd müəllim Azərbaycan xalqını bu barədə məlumatlandırmaqdan ötrü, ermənilərin nə qədər riyakar, minsifətli, qəddar, təxribatçı və yalançı olduqlarını olduqca ətraflı, mənalı çıxışları ilə bəyan edirdi. Şirməmməd müəllim öz publisistik çıxışları ilə istər ermənilərin, istər onlara arxa duranların iç üzünü açıb göstərir, xalqımıza ayıq olmağı, düşmənin işğalçı siyasətinə qarşı səfərbər olmağı tövsiyə edirdi. O vaxt bir sıra "beynəlmiləlçilər" Şirməmməd müəllimi araqızışdıran adlandırırdı. Lakin çox keçmədən o adamlar Şirməmməd müəllimin nə qədər uzaqgörən, nə qədər dərin düşünən bir ziyalı olduğunu gördülər.

Son illər ərzində Şirməmməd müəllimin "Milli haqq və ədalət axtarışında", "Mətbu irsimizdən səhifələr", "Publisistik miras və müasirlik", "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr", "Üzeyir Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri", "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri", "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" (Üç cilddə) kimi sanballı, qiymətli kitabları çapdan çıxıb.

Şirməmməd müəllim həm də uzun illərdir ki, nümunəvi bir pedaqoq kimi çalışır. O, 1954-cü ildən, yəni M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasında həmin universitetin mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb doğma vətənə dönəndən sonra Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin jurnalistika kafedrasının baş müəllimi kimi çalışmağa başlamış, sonra dosent kimi işləmiş, 1962-1969-cu illərdə ADU-da filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə jurnalistika fakültəsininin dekanı, 1976-1980-ci illərdə mətbuat tarixi və ideoloji metodları kafedrasının müdiri olmuşdur. Şirməmməd müəllim hal-hazırda da Bakı Dövlət Universitetində professor kimi çalışmaqdadır. O, bu illər ərzində vətənə, torpağa, xalqa, millətə, dövlətə ləyaqətlə xidmət edən yüzlərlə elm adamı yetişdirib. 

60-cı illərdə Şirməmməd müəllimin tələbəsi olmuş, hal-hazırda BDU-nun professoru Həmid Vəliyev, Şirməmməd müəllim haqqında maraqlı bir tarixçə nəql edir: "Günlərin bir günündə mühazirəsini oxuyub başa çatdırdıqdan sonra mövzu ilə heç bir əlaqəsi olmadan söylədiyi fikir hələ də qulaqlarımda səslənir: "Stepan Şaumyan haqqında, 26-lar haqqında ağızdolusu danışırlar. Onların fəaliyyətini şişirdirlər. Azərbaycana vurduqları ziyan barəsində isə heç nə demirlər. Çünki bunları demək hakimiyyətə əl vermir. Arxivlərdə Şaumyanın bəd əməlləri haqqında çoxlu materiallar vardır. Böyük Sovet Ensiklopediyası baş redaktorunun müavini vəzifəsində çalışan, tarix elmləri doktoru Levon Şaumyan SSRİ-nin bütün arxivlərinin qapılarını qıfıllayıb açarları cibində gəzdirir. İstəmir ki, azərbaycanlılar arxivə girib atası barəsində mövcud olan materialları görsünlər. Elə buna görə də azərbaycanlılardan tarix elmləri doktoru alimlik dərəcəsi alanlar son dərəcə azdır. Olanlar isə kolxoz quruculuğunun tarixini, sosializmin nailiyyətlərini və sair bu kimi mövzuları araşdırırlar".

Şirməmməd müəllimin başqa bir tələbəsi Cahangir Məmmədlinin də  bununla bağlı bir xatirəsi var: "Sovet dövründə "Kollektiv sosializm yarışını genişləndirərək dövlət planını ikiqat yerinə yetirmişdir" tipli dəbdə olan basmaqəlib jurnalist cümləsinə qarşı Şirməmməd müəllim hələ o zaman tez-tez deyirdi: "Bu sosializm yarışını çox genişləndirib, axırda partladacaqlar". Auditoriyada "Sovet adamı" anlayışının absurdluğunu subut edirdi. Ədəbi ictimaiyyətin, tarixçilərin vəsf etdiyi "26-lar"ın Azərbaycana vurduğu zərbələri üstüörtülü eyhamlarla bizə çatdırırdı. Mətbuat tarixini, mədəniyyət tarixini Təbrizdən başlayırdı, mühacirət mətbuatının yaradıcılığından söz açırdı".

Azərbaycan musiqisinin sərkərdəsi olan Üzeyir bəy Hacıbəylini xaqımızın böyük bir qismi sadəcə olaraq bir bəstəkar-dramaturq və musiqi pedaqoqu kimi tanıyır. Lakin Üzeyir bəyin məziyyətlərini saymaqla qurtarmaz. Əslində, Üzeyir bəy sözün əsl mənasında vətən fədaisi idi və bütün həyatını vətənə təmənnasız xidmətlə keçirmişdi. Təsadüfi deyil ki, 1918-ci ildə başlarında Stepan Şaumyan olmaqla ermənilərdən ibarət daşnak-bolşevik neofaşist hərbi birləşmələri xalqımıza qarşı qətliam törədəndə Üzeyir bəy Fransa mətbuatında bu qırğınlar haqqında silsilə məqalələr dərc etdirmişdi.

Şirmməməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə irsinə təmənnasız əmək verdiyi kimi Üzeyir Hacıbəyli irsini də ardıcıl təbliğ etməkdədir. O, Üzeyir bəyin 120-yə yaxın məqaləsini 19 çap vərəqi həcmində "Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri" adıyla öz şəxsi hesabına çap etdirdiyi kitaba salmışdır.

Şirməmməd müəllimin fəaliyyəti olduqca çoxşaxəlidir. O, həqiqətləri üzə çıxartmaqdan ötrü təkcə bizim özümüzə məxsus, eyni zamand, hər tarixi hadisəyə obyektiv qiymət verən xarici mənbələrdən topladığı tarixi sənədlərlə, arxiv materialları ilə kifayətlənmir. Azərbaycan və türk xalqının qatı düşməni olan ermənilərin arasındakı tarixə əksər ermənilər kimi yox, düzgün qiymət verən insanların qələmə aldığı həqiqəti əks etdirən yazılarını tapıb bir arxiv sənədi kimi informasiya vasitələrinə təqdim edir.

Şirməmməd müəllim 95 yaşında da tariximizlə bağlı lazımlı, maraqlı, indiyədək gizli qalan həqiqətləri üzə çıxarmaqdan ötrü bütün qüvvət və bacarığını ortaya qoyur. O, sözün həqiqi mənasında Azərbaycan xalqının sərvətidir və xalqımız üçün son dərəcə dəyərli bir şəxsiyyətdir. Şirməmməd müəllimə, ustadımıza, ağsaqqalımıza möhkəm can sağlığı, fəaliyyətində yeni uğurlar və əlbəttə ki, 100 illiyini özünün iştirakı ilə təntənəli şəkildə qeyd edilməsini arzulayıram. 

 





17.05.2019    çap et  çap et