525.Az

Prezidentin Brüssel səfəri: möhkəmlənən Azərbaycan-Aİ əlaqələri


 

"AVROPA İTTİFAQI AZƏRBAYCANA VACİB VƏ ƏHƏMİYYƏTLİ TƏRƏFDAŞ KİMİ BAXIR, ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR"

Prezidentin Brüssel səfəri:<b style="color:red"> möhkəmlənən Azərbaycan-Aİ əlaqələri</b>

Prezident İlham Əliyevin mayın 13-də Belçikaya reallaşdırdığı rəsmi səfər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, paytaxt Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüş bu baxımdan əlamətdar olub, tərəflər üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən D.Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir. Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti D.Tuska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə də məlumat verib.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin əhəmiyyəti vurğulanıb, söhbət zamanı Azərbaycanın istər "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub.

Daha sonra Azərbaycan Prezidenti "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi ilə əlaqədar təşkil olunan işçi şam yeməyinə qatılıb. Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi yığıncaqda dövlət başçısı çıxış edərək bildirib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən fəal ölkələrdən biridir. Prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Vurğulanıb ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan 9 ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçısı, həmçinin bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edir.

Azərbaycan Prezidenti "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur, bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Dövlət başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Prezident İlham Əliyevin Brüssel səfəri fonunda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur. O, "Trend"ə bildirib ki, BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir.

S.Vəliyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edir. Eyni zamanda, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir.

Deputatın sözlərinə görə, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış tərəfdaşlıq sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. O əlavə edib ki, səfər çərçivəsində dövlət başçısının keçirdiyi görüşlərdə ortaya qoyulan mövqe və səsləndirilən fikirlər bir daha sübut edib ki, Avropa İttifaqı Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir.

Deputat Cavid Osmanov isə qeyd edib ki, Prezident İlham Əliyev Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoyub: "Dövlət başçısı, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan edib ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Bununla yanaşı, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarına çıxarılması, nəqliyyat dəhlizlərinin yaradılması və digər mühüm məsələlərin səfər zamanı gündəmdə olduğunu deyən deputat keçirilən görüşlərdə Azərbaycanın Avropa İttifaqı ilə çox səmərəli və işgüzar münasibətlərinin bir daha qeyd edildiyini vurğulayıb.

C.ABASOV

 





18.05.2019    çap et  çap et