525.Az

Sualların ən gözəli - İlqar Kamil


 

Sualların ən gözəli - <b style="color:red">İlqar Kamil </b>

Əslində, ilk dəfə deyildi onu belə yana-yana ağlayan gördüyüm, namazında, səcdəsində, duasında... dəfələrlə necə iç çəkdiyini öz qulaqlarımla duymuşdum; bir də görürdün, yemək yediyi yerdə doldu gözləri, bir də görürdün, qızını oynadan yerdə tutdu ağlamağı... yəqin səhhətiylə bağlıydı bu, yəqin əsəbləri yerində deyildi, yoxsa adam "o atın gözlərindəki kədər dəhşətiydi" deyib niyə uşaq kimi hönkürsün ki? Üstəlik, televizorda görüyü atın, üstəlik, filmə baxdığından neçə gün sonra. Amma bu, başqaydı, bu dəfə, dayısı oğlu şəhid olanda ağladığı kimi ağlayırdı.

Ustufca açdım qapısını, girdim otağına: qardaşım, hər şey yaxşıdı? Başını qaldırdı masasından, qanrıldı mənə sarı: əşşi, fikir vermə, dəliyəm də! Amma sonra hər şeyi danışdı, başa düşürsən, dedi, suallarıma cavab tapa bilmirəm, dedi, buna imkanım, şəraitim, vaxtım yoxdu, dedi: Bir azdan gedib o lənət məişət problemlərinin arxasınca düşməliyəm, 3-5 manata görə axşamacan əlləşib vuruşmalıyam, amma axı, suallarım qalır, axı... Qalın bir dəftər uzatdı mənə, "suallarım" yazılmışdı üstünə, vərəqlədikcə gözlərim kəlləmə çıxdı: bu nə suallar idi, ilahi!

Ondan sonra qoymurdum tək qala, gecələr zəng edirdim: sizə gəlmək olar? Qımışırdı: sualın varsa, buyur! Mən də tez bağlamamdan bir ovuc qəlyanaltılıq sual götürüb kəsdirirdim qapılarını. Deyirdim, qaqam, filankəslərlə niyə oturub-durmursan? Başını bulayırdı: sualsız adamlarla yoldaşlıq eləyə bilmirəm! Deyirdim, bəs mən? Qəh-qəhəsi götürürdü aləmi: mənim ən böyük sualım elə sənsən də!

Jan Piyajenin, Solomon Aşın, Stenli Milqremin qeyri-adi eksperimentlərindən danışdı mənə bir dəfə və alman Vundtun ilk psixoloji laboratoriyasından, dedi ki, adamlar bəxtəvər olublar, imkanları olub, suallarına cavab tapmaqçün illərlə gen-bol eksperimentlər aparıblar, laboratoriyalar qurublar, mənsə kitab oğumağa belə vaxt tapmıram: məsələn, indi dədə malı kimi faydalandığımız uşaq psixologiyası bilirsən nəyin, kimin sayəsində yaranıb? Jan Piyajenin suallarının! Müsəlman dünyası sünni-şiə söhbətlərinin astarını üzünə çevirdiyi zamanlarda bu isveçrəli psixoloq öz doğmaca balasını (langitüd metodla) illərlə, gecə-gündüz izləyir, izləyir, izləyir... ta ki, bu haqda ilk elmi bir kitab yazır.

Bir gün necə oldusa həvəslənib ona ad da qoydum: "sual adam" və bu, onu xoşnud elədi, hiss etdim. Sualları haqda elə qorxa-qorxa, ehtiyatla danışırdı ki, elə bil, əsgər, avtomatının darağına toxunur. Bilirdim ki, onların nazını da, qeyrətini də çəkir. Kefi yaxşı olanda sandığını açıb mənə göstərirdi də bəzilərini: bax, bu üzügöyçəyi görürsən? Bunun belinin ən incə yerindən tuta bilsəm, nə dərdim... bu natarazsa adamı gün altında işıqsız qoyar.

Hərdən də müsəlman gənci haqda danışırdı mənə, bizim gənclərin sualı yoxdu, deyirdi, tək-tük sualına da dayaz cavablar verib toxtayıb; hərdən də yazığım gəlirdi ona, az qalırdım deyəm, ay qardaşım, camaat nə hayda, sən nə hayda? Lakin demirdim, əsəbi hallarını da, ərköyünlüklərini də, hər şeyini bağışlayırdım, bilirdim ki, hamısı altında qaldığı, cavab tapa (hətta cavab axtara) bilmədiyi suallarının fəsadlarıdı. Dəhşət idi: cavabların yerini çox dəqiq bilirdi, amma onları ordan götürməyə vaxtı, imkanı, şərayiti yox idi...

Bu günsə özü zəng eləmişdi mənə, bildim ki, yeni nəsə var. Hal-əhval tutduqdan sonra dərhal suallara çevirdi valı, qara qüvvələr bəşəriyyətin sualını dəyişiblər, dedi, hərzə sualın mərzə də cavabı olacaq, dedi, yanlış sual səni doğru qapıya apara bilməz, dedi. Bəs çarə nədir? - Ehtiyatla soruşdum. Dirçəldi: Çarə - Tanrının etdiyi kimi etməkdi: tikan haqda soruşanlara gül haqda cavab vermək!

Bu yeni tapıntısına görə o qədər sevincli, o qədər həyəcanlıydı ki, deyə də bilmədim: qardaşım, bəsdi, deyəsən, artıq mən də yorulmuşam...

 





18.05.2019    çap et  çap et