525.Az

Ramiz Rövşən rüzgarının yeni dalğası - Reportaj


 

Ramiz Rövşən rüzgarının yeni dalğası - <b style="color:red">Reportaj </b>

Günlərdir, paytaxtımızda elə bir Ramiz Rövşən rüzgarı əsir ki, özüylə şeirin, sənətin, ədəbiyyatın qoxusunu yayır küçə-küçə, dalan-dalan, ev-ev.

Bir neçə gün öncə Bakı Kitab Mərkəzindən başlayan rüzgarın tanış səsi mayın 15-də LİBRAFF-ın "Park Akademiya" filialında eşidildi. Bu dəfə işlərimə görə tez gedə bilməmişdim, amma gecikməmişdim də. Tam vaxtında deyilən məkanda idim. Amma böyük zal artıq ağzına kimi insanla dolmuş, izdiham şairi öz dərinliklərində "udaraq" görünməz etmişdi. Uzaqdan səsini eşitdiyim Ramiz Rövşənə nəinki yaxın düşmək, hətta görmək belə mümkün deyildi. Mən də naəlac qalıb başladım uzaqdan gələn o səsi dinləyə-dinləyə zalı gəzməyə, qonaqları müşahidə etməyə.

Ramiz Rövşən dörd gün arayla keçirdiyi bu görüşlərində sübut elədi ki, Azərbaycan oxucusu var. Oxucu şeiri, sənəti, ədəbiyyatı hələ də sevir. Oxuyacaq, əgər ona oxumağa layiq əsər təqdim edə bilsən.

Bir ara zaldakı insanları saymaq kimi fantastik bir fikir keçdi ağlımdan. Qələbəliyə baxanda isə bu fikir elə öz-özlüyündən "qaçıb getdi". Yəqin utandı o qərib fikir. O gedən kimi dedim, heç olmasa, görüm buraya yığılan oxucuların yaş nisbəti necədir. Gördüm gənc də var, yaşlı da, kişi də var, qadın da, uşaq da var, qoca da, tələbə də var, müəllim də... Yəni həmin gün hər yaşdan, hər təbəqədən olan insanlar Ramiz Rövşən işığına cəm olmuşdular. Bu fikirlərlə zalda dolaşıram, tanış simalara gülümsəyir, səsli-səssiz salamlaşıb diqqətimi bir nöqtədən ayırmıram. O nöqtədən gələn səssə deyir: "Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın".

Artıq bizə çoxdan tanış olan uşaq kitablarından danışır şair. Bayaqdan zalda ora-bura qaçışan balacaların əllərində sevinclə yellədikləri, bəzilərinin bir kənara çəkilib maraqla vərəqlədikləri kitablardan: "Göyərçinim, gəl, görüm", "Gizlənmişəm, tap məni".

Uzaqdakı səs bu dəfə çox maraqlı mövzuya toxunub: "Özünə vurğunluğun, narsisliyin sonu idiotluğa gedib çıxır. Özünü sevməmək, həddindən artıq alturist olmaq isə sonda başqalarını sevməməyə. Odur ki, özünüzü sevin ki, başqalarını da sevə biləsiz. Ancaq həddi aşmamaq şərtilə". Bu fikir yadıma çayda gördüyü əksinə vurulan oğlanın nağılını salır. Günlərlə öz əksinə uzun-uzun baxan oğlan, axır bir gün çayda gördüyünə çatmaq istəyir və çaydaca boğulub ölür. Özünə hədsiz vurğunluq təmsili şəkildə o nağıldakı oğlanın sonuna gətirib çıxara bilir. Sevməmək isə sevgisizliyə.

Yenə də qulağım o uzaqdakı səsdə, gözüm isə oxucuların üzündə zalı gəzirəm. Qarşıma gah Xalq artistləri çıxır, gah tələbələr, gah tanınmış yazıçılar, gah balaca uşaqlar. Artıq uzaqdakı o səs də dəyişib. İndi bir qızın titrək səsini eşidirəm. R.Rövşəni görən, ona sual vermək şansı qazanan çox gəncin oxşar həyəcanı bir daha sevindirir və gülümsədir məni.

Anlayıram ki, tədbir sual-cavab mərhələsinə keçib. Sual isə çox maraqlıdı: "Sizə bu yaşınızda da sevgi şeiri yazdıran hansı bəxtəvərdi?"

Cavabı daha yaxşı eşitmək üçün bir az da o "görünməzliyə" yaxınlaşıram. Deyir ki: "Düzü, indi sevgi şeiri yazmıram, cavanlıqda yazdığım şeirlərdir və hələ indi çap olunur. O ki qaldı sualınıza, mən elə bilirəm ki, o bəxtəvər mənim evimdədir". Bu cavaba cavanlarda can qalarmı?! Hamı bir ağızdan təəccüb nidaları ilə şairin sözünü yarımçıq kəsir. Ramiz müəllim isə fikrini tamamlamağa israrlıdır: "Ancaq mənim ilham pərim indi ildə bir-iki dəfə gəlir, Türkiyədədir. Selcan nəvəmdir".

Sonra kimsə R.Rövşəndən sevdiyi şairləri soruşdu. O da dedi ki: "Sevdiyim şair çoxdur, ancaq hər zaman qəlbimdə gəzdirdiyim iki şair var: biri Füzulidir, biri isə Müşfiq".

Ara-sıra yenə də şeirlərini oxuyurdu. Çoxunu öz dilindən eşitmişdim. "Azadlıq" şeirini isə ilk dəfə eşidirdim. Şair həmişə olduğu kimi yenə də düşündürməyi bacarmışdı:

Vicdan azadlığı, söz azadlığı,
Bu şirin kəlmələr dilimə yaddı.
Bununçün şüarlar nə lazım axı,
Özün azadsansa, hər şey azaddı.

"Barmaqlıq dalında, çeşmək dalında, Zəncirli, zəncirsiz qullar görmüşəm" - deyən şair şeirində "qulluğun fəlsəfəsi"ni elə böyük məharətlə açıb ki, oxucuda sözlərinə zərrə qədər də şübhə yeri buraxmayıb.

Sual-cavab mərhələsini də tamamladıqdan sonra növbə gəlib çatır imza mərasiminə. Saatıma baxıram: 17:00-ı göstərir. Deməli, tədbirin rəsmi və sual-cavab hissəsi birgə cəmi bir saat çəkib. Görək imza mərasimi nə qədər çəkəcək. İzdiham deyirəm e sizə. Bu izdiham asan bitənə oxşamırdı. Və, gözlədiyimiz kimi də oldu.

Əvvəlcə sıraya qoşulub növbəmi gözləyirdim. Sonra isə fikrimi dəyişib bir küncə çəkildim. Qərarlı idim, bu imza mərasimini axıra qədər izləyəcək, ən sonuncu imzanı da özüm alacaqdım. Baxıram. İnsanlar əllərində kitab sevimli şairlərini elə böyük həsrət, elə ülvi sevgiylə gözləyirdilər ki, bu sevgiyə saatlarla yox, günlərlə tamaşa etmək olardı. Bu qədər böyük sevginin ünvanına isə yaxşı mənada həsəd aparmamaq əldə deyildi. Ramiz müəllimin kitabını imzaladığı oxucuların sanki böyük bir mübarizədən qalib ayrılmışcasına sevinci, o imzanı göstərib bir-birlərini təbrik etməkləri əsl əllərini çənənin altında birləşdirib ləzzətlə seyr edəsi mənzərə idi. Bu mənzərə qarşısında zaman da, saatın əqrəbləri də öz mənasını itirmişdi. Şair isə səbrlə kitabları imzalayır, ona doğru yönələn telefonlara, fotoaparatlara gülümsəyirdi.

Nəhayət, düz iki saatdan sonra oxucu növbəsinin sonu göründü. Bayaqdan səsiylə görüşdüyümüz şairi də bu neçə saat ərzində ilk dəfə görə bildik. Yavaş-yavaş biz də imza masasına yaxınlaşdıq. Və çox maraqlı, şair ürəyinin həssaslığını bir daha sübut edən qeyri-adi hadisənin şahidi olduq.

Bir qız əlindəki kitabı şairə uzadıb iki ada imzalamağını xahiş etdi: özü və yanındakı oğlan üçün. Şair hər iki adı yazdı. Qızla da, oğlanla da şəkil çəkdirdi. Elə onlar sağollaşıb getmək istəyəndə birdən Ramiz müəllim dedi:

- Siz dostsunuz, bacı-qardaşsınız, ya birgə gələcək qurmağı planlayırsınız?

İkisi də utancaq təbəssümlə öncə bir-birlərinə, sonra isə şairə baxdılar, dinmədilər. Ramiz Rövşən, təbii ki, anlamışdı:

- Bəs onda verin kitabı, bir xoşbəxtlik arzulayım da sizə.

Yenidən kitabı götürüb adların altında "xoşbəxtlik arzusuyla" sözlərini yazdı. Kitabı geri verəndə isə məzəli bir əhvalat danışdı: "Dərs dediyim vaxtlarda tələbələrimdən bir qızla oğlan nişanlı idilər. İmtahanda qıza "beş" yazdım, oğlan isə bir az zəif idi deyə, "dörd". Oğlan dedi ki, müəllim, mənə "dörd" yazmayın, qızı sonra mənə verməzlər".

Hamımız buna gülərkən bir az utanmış, daha çox isə sevinc içərisində olan cütlük sağollaşıb ayrıldı. Bir neçə gənc qızdan sonra nəhayət, növbə bizə də çatdı. Ramiz müəllimə əvvəlki görüşdən yazdığım reportajın çıxdığı qəzeti verəndə: "Müəllim, burada da sizin görmədiyiniz gizli sevgilər vardı, reportajımda oxuyarsınız" - dedim. O isə: "Hə? Mütləq oxuyacam. Amma heyif, arada bəzi uşaqların kitabına adlarını yaza bilmədim, tələsiyə düşdü, eləcə imzaladım, onlar ürəyimdə qaldı" - dedi. Onunla sağollaşanda eşitdiyim son sözlər bu oldu. Daha demədim ki, o oxucular sizin narazı qaldığınız o imzanı necə bağırlarını basıb əzizləyirdilər, görməniz lazım idi, Şair!

 





18.05.2019    çap et  çap et