525.Az

Çərək əsrlik Xoşbəxtlik... - Pərvin yazır


 

Azərbaycan Dövlət Pantomima Teatrının 25 yaşı tamam oldu...

Çərək əsrlik Xoşbəxtlik... - <b style="color:red">Pərvin yazır </b>

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri sadəcə bir faciəvi sənətkar taleyini əksi baxımından yox, həm də sənət mühitini dəqiq ifadə etdiyi üçün təsirlidi. Teatrla, sənətlə azca əlaqəsi, yaxınlığı olan adam Cabbarlı personajlarını hər gün görə, onlarla ünsiyyətdə ola bilər.

Yüz ildən çox zaman keçib, sənət də, texnika da inkişaf edib. Hər yeni mərhələdə təzə "izm"lər, ifadə vasitələri, cərəyanlar, dalğalar bir-birini əvəz edib. Amma sənətlə məşğul olan insanları birləşdirən o ümumi cəhətlər - qayğılar, real dünyanın içində qeyri-adiliyi yaratmaq problemləri elə həminkidi.

Azərbaycan Dövlət Pantomima Teatrının 25 illik yubiley gecəsində Oqtay Eloğlunu yadıma salan da, elə o "ümumi cəhətlər" dediyim məqamlardı. Uzun zamandır ki, təkcə Pantomimçilər yox, həm də Gənc Tamaşaçılar Teatrı (məkan olaraq) bu yubileyə hazırlaşdığı üçün çoxdandı bu söhbətlərin, ovqatın içərisindəyik. Amma yenə də sənətlə, həm də bu cür yüksək sənətlə bağlı hadisə həmişə rus şairi Blokun "Gözlənilməz sevinc"i təsirini bağışlayır. Ona görə elə foyedəki qələbəliyi, Pantomima Teatrının keçdiyi yolu əks etdirən sərgini görəndə başqa auranı, sirli ovqatı hiss edirəm. Hələ tədbirdən əvvəl Bəxtiyar Xanızadə qonaqlarıyla birgə sərgini gəzib baxır, olanlardan, keçənlərdən danışır. Bir anlıq düşünürəm 25 il insan üçün də, sənət üçün də az vaxt deyil. Bu illərdə dünyanın da, ölkəmizin də taleyində nələr-nələr olmayıb?! Və heç şübhəsiz bunlar sənətdən, yaxud sənət bunlardan yan keçməyib. Hə, bayaqdan bunu demək istəyirdim, sənət sarsılmaz sevgi kimidi. Fırtınalar, müharibələr, acı və şirin günlər bir-birini əvəz edir, amma əsl sənət sıradan çıxmır...

Nə zamansa elə-belə arzudan, tək bir adamın istəyindən yaranan, özü də sadəcə universitetin bir qrup tələbələriylə doğulan teatr bu gün 25 yaşını qeyd edir və bu ötən zaman haqqında danışdıqca danışır, susduqca susur. Susmaq demişkən, əvvəllər də, indi yubiley gecəsinə baxanda da anladığım o oldu ki, Pantomima teatrı heç də sözsüz sənətlə məşğul olmur. Axı dilə gətirilən söz olduğu kimi, deyilməyən söz də var. Pantomima deyilməyənlərin, sözə sığmayanların ifadəsini göstərir. Nədi əslində sözün bitdiyi an, yaxud sözsüzlük?! Övladının ilk addımlarına baxırsan və nitqin tutulur, sevdiyinin gözlərindəki aşıb-daşan sahilsiz dənizi görürsən və söz tapmırsan deməyə, Malerin hər şeydən "danışan" I Simfoniyasını dinləyirsən və kəlmələrin mənasızlaşdığını anlayırsan... Hə, təkcə gözəlliklər və ülvi hisslər yox, həm də pislər, vicdansızlar, paxıllar, bədbəxtlər danışmaq arzunu sıfıra endirir... Deməli, sözün senzurası əbədidir. Bir də insan genetik yaddaşına, tarixin buraxdığı izlərə, kodlara bağlıdırsa və sənət də gerçək həyatın bədii ifadəsidirsə, sözdən əvvəl hərəkət ünsiyyəti yaranıbsa, bədən yaddaşı beyin yaddaşından daha qədimdirsə, Pantomima teatrının da tarixini elə o zamana aid edə bilərik.

Azərbaycanda isə yalnız 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadə  bu teatrı yaratmaq ideyası irəli sürüb və ilk dəfə elə dərs dediyi bir qrup tələbələrlə "Dəli yığıncağı" adlı ilk Pantomima teatr studiyası yaradıb. Beləliklə, Bəxtiyar müəllimin müəllifi olduğu "Sehrli xalat" adlı yubiley tamaşası bu zamanın içində qazanılanlardan və itirilənlərdən bəhs edir...

Pantomima teatrının ruhuna, estetikasına, ovqatına uyğun ən kiçik detallar bütövlükdə teatr və onun keçib gəldiyi yol haqqında düşündürür insanı. Həm də bunların hər birinin az qala "qrafik" təsvirlərlə verilməsi təsirlidir. Aktyorlar məşq etməyə ərinirlər, rejissor gəlib hirslənir, hər dəfə "niyə işləmirsiz?" - deyib acıqlanır, külqabının ölçüsü gülqabı boyda, siqaret qutularının sayı bilinmir və işə başlayar-başlamaz əməkdaşlardan biri gəlib - kanalizasiya tutuldu, su kəsildi, işıq söndü - deyir. Axı hansı teatr rəhbəri, hansı sənətkar, hansı aktyor yaşamayıb bu problemləri. Oqtay Eloğlu da ona görə yadıma düşmüşdü. Əsərin əvvəlindən yoxdan sənət yaradan Oqtayı ən aid məişət problemləri ilə yükləyirlər... İndi Pantomimçilər iridən iri külqabılardan, kəsilən sulardan, sönən işıqlardan danışanda Mayakovskinin "Eşq qayığı məişətdən dağılar" misraları ağıla gəlir. Amma bu eşq nə boyda eşq imiş ki, məişətdən dağılmayıb?! Dünyaya sığmayacaq qədər böyük imiş, bəli. Və elə böyük ekranda kollaj kimi göstərilən qastrollar da, dünyanın müxtəlif yerlərində mədəniyyətimizin ən gözəl təqdimatları da bu "cahanlara sığmayan" sənət sevdasını  göstərir.

Keçmişə və gələcəyə aparan "Sehrli xalat"ı isə Stanisklavski hədiyyə edir Pantomima Teatrına... Rejissor, Xalq artisti Ramiz Həsənoğlu Stanislavski rolunda səhnəyə çıxıb dünya və Azərbaycan teatrlarındakı əlamətdar hadisələrdən danışanda yerdən kimsə "Ne veryu" - "İnanmıram" - deyir və zal gülüb alqışlayır. Amma o sehrli xalat gah teatrın bugünkü aktyorlarını keçmişə, lap ilk məşqlərə Bəxtiyar Xanızadəylə birgə teatrın təməlini qoyan  Rövşən İsax, Siyavuş Hüseynli, Azər Şabanov, Nicat Kazımov, Əsəd İsmayılov, Elman Rəfiyev, Nargilə Hüseynovanın məşqlərinə aparır, gah da Bəxtiyar müəllimin özünü keçmişə, bir muzey eksponatına çevrilə biləcəyi zamana göndərir. Və bu zaman get-gəllərində Pantomim Teatrının 25 yaşı bütün dillərdə, hətta Bakı və Gəncə ləhcəsində də təbrik edilir... Amma bu dillərin, ləhcələrin təsiri altında göstərilən nömrələr hər biri başa düşülür, sevilir. Deməli, sənətin dili yoxdur, bütün dillərdə və ləhcələrdə eyni ucalıq, peşəkarlıq nümayiş etdirmək mümkündür.

Bu mənada "Nağaraçalanlar", "Pantomima buketi" nömrələri daha çox yerinə düşür. Nağaraçalanlar nömrəsində Bəxtiyar müəllim köhnə tələbəsi, yetirməsi Nicat Kazımovla "dialoqa" girir... Az qala hər "dabbala-duba, dubbala-duba"nı sözə çevirmək mümkündü. Əbədi bir ustad-şagird münasibətini, atalar-oğullar problemini bu qədər sadə, ironik, komik təqdim etmək sadə deyil yəqin. Amma Pantomimçilərin bu rahatlığının, sərbəstliyinin arxasında bioqrafiya durur. Yetirmələri indi ölkənin ən nüfuzlu, sevilən, peşəkar sənətkarlarına çevrilmiş Bəxtiyar Xanızadə üçün bu mövzu ağrılı olmamalıdır axı... Necə ki özünü gələcəkdə muzey eksponatı kimi görmək ağrılı deyil.

"Sehrli xalat" yubiley-tamaşasının az qala hər anından xeyli danışmaq, hər nömrəsini yozmaq olar. Amma məndən ötrü bütün nömrələrin və məqamların bir ümumi, üstün cəhəti həyatla sənəti vəhdətdə, keçmişlə indini və gələcəyi dialoqda verməsidir. İndiki uğurların kökü keçmişdədir, bu gün başlanan problemlər gələcəkdə pis fəsadlar verə bilər və bu baxımdan səhnədən ötürülən mesajların içərisində itib-batır adam... O mesajların yüzündən birini seçib yubilyarlara təşəkkür etməyi özümə borc bilirəm. Gələcəyin aktyorları, döşəmə əskisini əyinlərinə geyinmiş kreativlər teatrın "qadından imtina"sından danışanda anladım ki, bax bu, həyəcan təbilidir. Qadını sadəcə əşya ilə, ayaqqabı ilə, müqəvva ilə, nə bilim kəllə ilə əvəz edən "sənət" məhvə məhkumdur. Və elə bu yerdə təbiətə qalib gələ bilmədiyimiz üçün bir emosional etiraf edim ki, məncə, bütün bəlalar qadından imtinadan başlanır. Həyat da, sənət də, insan da, sənətkar da qadından imtina rejiminə keçəndə fəlakət qopur. Və bu problemin belə gözəl ifadəsi yubiley təntənəsində o qədər yerinə düşdü ki...

Beləliklə, bir yandan gülə-gülə, digər tərəfdən gözündəki yaşı silə-silə sona yaxınlaşdıq... Tamaşaçı alqışlamır - deyənlərin ən gözəl cavabını verdik... Və yubiley-tamaşanın məhz sonuna çatanda anladığım həm də bu oldu ki, bu günün də, sənətə aid bütün bayramların da ən vacib sloqanını, tezisini Mədəniyyət naziri Əbülfəs Qarayev dedi əvvəldə... Dedi ki, sənəti şəxsiyyət idarə edəndə hər şey gözəl olur və bu teatrın bəxti gətirib ki, keçmişdə də, indi də şəxsiyyəti var... 25 yaşında şəxsiyyət vəsiqəsi dəyişdirilir, əziz Pantomimçilər! Sənədinizə yeni "Yaşayış yeri" yazılması arzusu ilə, təbrik edirəm hamınızı!

 





18.05.2019    çap et  çap et