525.Az

"Arsenal"ın üç oyunçusu gələndə Azərbaycan təhlükəli olur?”


 

"Arsenal"ın üç oyunçusu gələndə Azərbaycan təhlükəli olur?”<b style="color:red"></b>

"Bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər".

Bunu deputat Fazil Mustafa parlamentin dünənki iclasında çıxış edərkən deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər: "Ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər.  Vətəndaşın ödədiyi pulu  səfirliklər mənimsəyir. Bütün sahədə çalışmalıyıq ki, boşluqları dolduraq". Deputat, həmçinin, hava limanlarına giriş üşün taksilərin ödədiyi  rüsuma da toxunub.  F.Mustafa bildirib ki, hava limanına metro getmir, ona görə də vətəndaş məcbur taksiylə ora getməlidir:  "Bir taksiylə 10 dəqiqə girib çıxmağa görə pul ödənilməməlidir".

Birinci vitse-spiker Ziyafət Əsgərov isə millət vəkil vəkilinə iradını bildirib: "Fazil müəllim, dediklərinizin müzakirə olunan məsələyə nə dəxli var axı?! Bu fikirlərinizi "Facebook"da, "Tvitter"də, mediada deyə bilərsiniz. Axı, bu məsələlərin qanun layihəsinə heç bir aidiyyatı yoxdur?! Xahiş edirəm, müzakirə olunan məsələdən danışın. Sanki çoxunuz ürəyinizi boşaltmaq istəyirsiniz".

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da  birinci vitse-spikerlə razılaşmayıb: "Axı, elə məsələlər var ki, onları sosial şəbəkələrdə, "Facebook"da demək o qədər də səmərəli olmur. Həm də bura Milli Məclisdir, millət vəkilləri onları, xalqı narahat edən məsələləri məhz burada deməlidirlər. Bu, bizim hüququmuzdur. Bu gün idmanı siyasətə qatırlar, hansı ki, bu, yolverilməzdir. Böyük Britaniyanın şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə o zaman yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir. Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma "Arsenal"ın "üç oyunçusu" gələndə Azərbaycan təhlükəli zona olur: "Özlərinin gəlməsini ilə bağlı fikir söyləyirlər.  Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar?  Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var. Əfqanıstana buradan yük daşıyanda  təhlükə yox idi. Amerikaya antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi.  İndi nə oldu, iki futbol komandası oyunu keçirəndə hava tutulur, hava açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən 5 manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar".

Z.Əsgərov  həmkarının fikirlərini dəstəkləyib. Z.Əsgərov bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir: "Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə Avroviziya Mahnı yarışması keçiriləndə, 2015-ci ildə Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyalar aparılıb. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır". Z.Əsgərovun sözlərinə görə, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur: "Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur... Bunlar açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər bir kəs çəkici bir yerə vurmalıdır".

Kamil HƏMZƏOĞLU

 





19.05.2019    çap et  çap et