525.Az

55 yazıçı - 55 hekayə - Seyfəddin Hüseynli yazır


 

ÇAĞDAŞ TÜRKİYƏ NƏSRİNİN AZƏRBAYCANDA YENİ TƏQDİMATI HAQQINDA BİR NEÇƏ SÖZ

55 yazıçı - 55 hekayə - <b style="color:red">Seyfəddin Hüseynli yazır </b>

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin "Türkiyə: hekayə" sayı çağdaş mədəni-ədəbi mühitimiz üçün əlamətdar sayılacaq hadisələrin - yubileylərin qovuşuğunda işıq üzü görür. Bu ərəfədə Azərbaycan Yazıçılar Birliyinin 85, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 30 illiyi, "Dünya ədəbiyyatı" dərgisinin isə 15 yaşı tamam olur.

1934-cü ildən təşkilat halında davamlı fəaliyyət göstərən Yazıçılar Birliyi Azərbaycanın həm ötən yüzilliyin mühüm bir hissəsindəki, həm də bu əsrin arxada qalan beşdə birinə yaxın bölümündəki mədəni, ədəbi və ictimai həyatında ciddi rol oynayıb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi də 1989-cu ildə Birliyin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü və dəstəyilə bu təşkilatın nəzdində yaradılıb. İlk rəhbəri olmuş mərhum alim və ictimai xadim Aydın Məmmədovun misilsiz əməyi nəticəsində qısa müddətdə formalaşıb fəaliyyətilə ciddi təqdir qazanan, sonralar da diqqətəlayiq işlər görən bu Mərkəz, indi də yeni mərhələnin, müasir dövrün tələblərinə uyğun səviyyə və keyfiyyətdə, daha ardıcıl çalışır.

2004-cü ildə nəşrə başlamış "Dünya ədəbiyyatı" dərgisi ötən 15 ildə bədii tərcümə və ədəbi mübadilə işinə, müxtəlif ölkələri, ayrı-ayrı xalqları təmsil edən yüzlərlə ədibin yaradıcılığının Azərbaycanda tanıdılması prosesinə sanballı (hər halda, bu əlamətdar günlərdə təvazönün sərhədini bir azca keçmək də olar!) töhfələr verib.

Dərginin qurucusu və ilk baş redaktoru - şair, tərcüməçi Səlim Babullaoğlu bu nəşrin yaranması, tanınıb-yayılması üçün fədakarlıqla çalışıb, böyük əmək sərf edib. Çətin şərtlər altında, bu profilli nəşrlər üçün son dərəcə sıxıntılı illərdə dərginin olduqca dəyərli saylarını ortaya qoymuş S.Babullaoğlu "Dünya ədəbiyyatı"nı Azərbaycan ədəbi mətbuatının sanballı örnəyinə çevirib. 2014-cü ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri təyin edildikdən sonra isə nisbətən genişlənən imkanlarla "Dünya ədəbiyyatı" dərgisinin müntəzəm nəşrinə nail olub. Sözsüz ki, bu baxımdan həm ümumən Mərkəzə, həm də birbaşa "Dünya ədəbiyyatı" dərgisinə AYB sədri Anarın, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin fəal, məqsədyönlü dəstəyi xüsusi minnətdarlığa layiqdir. Bu 15 ildə dərginin nəşrində əməyi olan hər kəsin - redaktor, tərcüməçi, texniki işçi heyətinin də xidmətlərini minnətdarlıqla xatırlayırıq.

"Dünya ədəbiyyatı"nın son illər fərqli bir konseptlə nəşr olunduğu bəllidir. Artıq 5 ildir ki, dərginin hər sayında ya ayrıca bir ölkənin (Ukrayna, Rusiya, İran, Oman, İngiltərə, Moldova) ədəbiyyatını, yaxud hansısa növün və ya janrın mənzərəsini ("Dünya dramaturgiyası", "Serbiya poeziyası") təqdim edirik. Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə isə dərginin 2018-ci il üçün 1-ci sayı bütövlükdə onun tərcümə yaradıcılığına ayrılmışdı.

Ədəbiyyatlar arasında ögey-doğmalıq salmaq, əlbəttə, qəbuledilməzdir, xüsusən də "Dünya ədəbiyyatı" adlanan bir dərgi üçün. Ancaq bu yubileylərin qovuşuğunda işıq üzü görən, yeni konsept üzrə 10-cu (daha bir əlamətdar cəhət!) sayımızın məhz qardaş Türkiyənin ədəbiyyatına həsr edilməsindən duyduğumuz məxsusi məmnunluğu gizlətmək qeyri-səmimilik olardı. Çünki yaşadığımız bu il Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni - Qurtuluş Savaşını başlatmaq üçün 1919-cu ilin mayında İstanbuldan Samsuna gəlişinin 100 illiyilə də əlamətdardır. "Dünya ədəbiyyatı" dərgisinin belə bir parlaq tarixi hadisənin 100 illik yubiley günlərində işıq üzü görəcək bu sayının məhz Türkiyə ədəbiyyatına həsr olunması barədə təşəbbüsümüzü dəstəkləyən, yardımını əsirgəməyən Bakı Yunus Əmrə İnstitutuna, şəxsən hörmətli müdir Cahan Özdəmirə dərin təşəkkürümüzü ünvanlayırıq.

Dərginin bu sayında Türkiyə ədəbiyyatından 55 yazıçının hekayə yaradıcılığından nümunələr (hərəsindən bir əsər olmaqla!) öz əksini tapıb. Üstəlik, Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala yer verilib.

Müəlliflərin hər birindən mümkün qədər həm ən uğurlu, həm də onun yaradıcılığı üçün spesifik-xarakterik hekayəni seçib təqdim etməyə çalışmışıq. Heç şübhəsiz, 55 müəllifin və hekayənin hamısına münasibətdə buna tam nail olmaq son dərəcə çətin, bəlkə də, mümkünsüzdür, ona görə də belə bir iddiadan uzağıq. Ancaq ayrı-ayrı müəlliflərlə bağlı (S.F.Əbasıyanıq, Leyla Ərbil, Oğuz Atay, Onat Qutlar, Hüseyn Su, Halikarnas Balıqçısı və bir çox başqaları) bu nəticəni aldığımızı inamla vurğulaya bilərik. 

Türkiyə ədiblərinin ad, soyad və təxəllüslərini mümkün qədər Azərbaycanca rahat, düzgün səslənib-qəbul ediləcək formada verməyə çalışmışıq. Azərbaycan türkcəsində tam ekvivalenti, yaxud çox yaxın qarşılığı olanların sadəcə bəzi sait və samit fərqlilikləri nəzərə alınmaqla təqdimatını əsas götürmüşük. Bəzi imzalarda yalnız bir, ya da iki səs-hərf fərqliliyindən söhbət gedir: Mustafa Qutlu - Mustafa Kutlu,  Xalidə Ədib Adıvar - Halide Edib Adıvar... Odur ki, "bu adlar və kəlmələrin bir qismi dilimizdə ya tarixən bu formada işlənib, ya da bəlli bir fərqliliklə indi də işlənir, yaxud dilimizdə olsaydı, məhz bu şəkildə işlənərdi" kimi bir prinsiplə davranmışıq. Azərbaycancada heç qarşılığı olmayan, işlənməyən adlar və kəlmələrdə isə orijinala sadiqliyi rəhbər tutmuşuq. Maraqlıdır ki, burada imzasının bütün komponentləri azərbaycancaya yad müəllif, demək olar, yoxdur. Fərid Edgü (Ferit Edgü), Sevinc Çokum (Sevinç Çokum) kimi imzaların isə bir tərəfinin Azərbaycan dilində tam uyğunluqla verilməsi mümkün olubsa, digər tərəfi eynilə saxlamaq lazım gəlib. Aydınlıq üçün sonda - "Bioqrafiyalar" bölümündə Türkiyə ədiblərinin imzaları həm Azərbaycan dilindəki, həm də əslində olduğu şəklilə verilib.

Əziz oxucular! Sadaladığım bu yubileylərin, əlamətdar məqamların, eləcə də "Dünya ədəbiyyatı" dərgisinin "Türkiyə: hekayə" sayının sevincini sizinlə bölüşür, hər birinizə xoş arzularımı bildirirəm.

 





19.05.2019    çap et  çap et