525.Az

"Muzalar məbədi"nə yolunuz açıq olsun! - Aytac Sahəd


 

"Muzalar məbədi"nə yolunuz açıq olsun! - <b style="color:red">Aytac Sahəd </b>

1978-ci ildən bəri qeyd olunan 18 May Beynəlxalq Muzeylər Günündən əsas məqsəd muzeylərin mədəni-ictimai həyatdakı önəminə diqqət çəkməkdir. Həqiqətən, muzeyin həyatımızdakı əhəmiyyəti nədən ibarətdir? Muzeyə niyə getməliyik?

"Muzey" yunan sözüdür, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən yerlər bu cür adlandırıldı.

Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılıb. Burada 40 mindən artıq eksponat - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və təsviri sənət nümunələri toplanmışdı. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də Yunan-Roma mədəniyyəti haqqında təəssürat yaradırmış.

Azərbaycanda ilk muzeylər XX əsrin əvvəllərindən yaranmağa başlayıb. İlk milli muzeyimiz 1919-cu il dekabrın 7-də yaradılan İstiqlal Muzeyidir. Bu gün ölkəmizdə 180-dən çox muzey fəaliyyət göstərir. Bu muzeylərin hamısı eyni səviyyədə olmasa da, maraqlı muzeylərimiz də kifayət qədərdir. Belə muzeylərə Xalça, Tarix, İncəsənət muzeylərini və digərlərini nümunə göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün muzeylərə ziyarətə gələnlərin sayı azdır. Buna səbəb kimi bir çox amilləri göstərmək olar. Həm muzeylərdən, həm muzeyə  gəlməyənlərin özündən asılı olan müxtəlif səbəblər var. Ancaq əsas səbəb muzeylərə maraq göstərilməməsidir. Ümumiyyətlə, muzey ziyarəti intellektual istirahətdir və gələnlərin əksəriyyəti intellektual ziyarətçilər olur. Buna baxmayaq, hər yaş dövründə muzeyə olan munasibət dəyişir. Əgər biz uşaq yaşlarında gördüyümüz muzey əşyasına uşaq təfəkkürümüzlə qiymət veririksə, gənc və yaxud yaşlı dövrümüzdə tamam başqa aspektdən baxırıq. Uşaq yaşlarında muzeyə getmək uşaqda mədəni-estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması baxımından önəmlidir. Xüsusilə, Qarabağ kimi bir dərdi olan xalqın övladları hələ uşaq yaşlarından bu tərbiyəni görməlidir. Uşaqda vətənpərvərlik hissini formalaşdırmaq üçün, təəssüf ki, danışmaq kifayət etmir. Uşağın danışılan dövr və ya hadisəni əks etdirən eksponatı görməsi daha təsirlidir.

Dünyanın ən məşhur muzeylərində artıq ziyarətçi müştəriyə çevrilib. Əslində, bu, normal haldır. Nəzərə alsaq ki, kapitalizm bütün sahələrə az və ya çox təsir göstərir, muzeylər də istisna edilmir. Belə ki, bu tip muzeylər  özü-özünü maliyyələşdirir. Bu müxtəlif yollarla ziyarətçilərin hesabına reklamlar və yaxud sponsorların hesabına baş verir. Bir sözlə, muzey özü öz başının çarəsinə baxır. Bizim muzeylərdə isə bu sistem hələ tam formalaşmayıb. Bunun üçün formalaşması üçün uzun zamana ehtiyac var. Məsələn, ABŞ-da "Təbiət tarixi" muzeyində insanların marağını artırmaq məqsədi ilə "Muzeydə gecə" adlı ekskursiya təşkil edirlər. Bu zaman ziyarətçi gecəni səhərə qədər muzeydə macəralarla dolu vaxt keçirir. Ziyarətçi əylənərək öyrənir, həm də muzey qazanır. Muzeyi insanlar üçün maraqlı edən digər bir amil eksponatlardir. Bəzən bir eksponat belə ziyarətçilərin sayına təsir göstərir. Məsələn, "Luvr" muzeyində saxlanılan dünyaca məşhur Mono Liza portreti ildə bir dəfə təmizlənmək üçün endirilir. Həmin gün "Luvr"un ən sakit günü olur. Deməli, bir eksponat belə, muzeyə gələnlərin sayına böyük təsir göstərir.

Bizim muzeylərimizdə kifayət qədər dəyərli eksponatlar mövcuddur. Əgər bu eksponatların reklam və təbliği düzgün aparılarsa, mütləq şəkildə bəhrəsini verəcək.

Son illər Azərbaycanda muzey işinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Muzey binalarının təmiri, ixtisaslı kadrların yetişdirilməsi, muzey işçilərinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən dəyərli işlər göz qabağındadır. Artıq bu sahədə müəyyən dəyişiklik və inkişaf özünü göstərir.

Muzeylərə getməyin ən gözəl tərəfi odur ki, insan ona maraqlı olan bir dövr və ya hadisənin canlı şahidini görə, hətta ona toxuna bilir. Yüz dəfə bir eksponat haqqında eşitməkdənsə, bir dəfə gedib muzeydə görmək yaxşıdır. Muzeyə aparan yollarınız açıq olsun!

 





19.05.2019    çap et  çap et