525.Az

Botanika İnstitutunda Mayis Qasımovun 80 illik yubileyi - Foto


 

Botanika İnstitutunda Mayis Qasımovun 80 illik yubileyi - <b style="color:red">Foto </b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda görkəmli botanik, ixtiraçı alim, “Lenin mükafatı” laureatı Mayis Ələkbər oğlu Qasımovun 80 illik yubileyi qeyd olunub.

Botanika İnstitutundan verilən məlumata görə, tədbiri institutun direktoru, akademik Validə Əlizadə açaraq M.Qasımovun həyat və fəaliyyətindən, botanika elmində xidmətlərindən danışıb. O bildirib ki, alim uzun illər ərzində elmi-tədqiqatlar aparıb və topladığı herbari materiallarını araşdıraraq Azərbaycanın boyaq bitkiləri, onların qida və xalçaçılıq sənayesində istifadə olunması üzrə uğurlu nəticələr əldə edib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova M.Qasımovun apardığı elmi araşdırmaların nəticələrinin botanika elminin və ölkəmizdə boyaqçılıq sənətinin inkişafına böyük töhfələr verdiyini deyib. O qeyd edib ki, alim işlədiyi müddətdə elmi fəaliyyətlə yanaşı institutun ictimai həyatında da fəal iştirak edib. M.Qasımov institutun Elmi Şurasının üzvü, namizədlik və doktorluq dissertasiyalarının opponenti, bir çox əsərlərin rəyçisi və elmi redaktoru olub.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov M.Qasımovun elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. O bildirib ki, 1973-cü ildə M.Qasımov “Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Respublika “Lenin Komsomolu” mükafatına layiq görülüb. Həmin il təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan “İxtiralar va səmərələşdiricilər Komitəsi”nin fəxri fərmanı ilə təltif olunub. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə görə I dərəcəli diplom və qızıl medala layiq görülüb. Elə həmin il “SSRİ-nin ixtiraçı alimi” adı verilib va döş nişanı ilə təltif edilib.

İnstitutda işlədiyi müddət ərzində M.Qasımov 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap edib, 20-yə yaxın patent alıb, 70-dən artıq səmərələşdirici təklif hazırlayıb və istehsalatda tətbiqinə nail olub. 600-dən artıq elmi-populyar əsər yazraq dərc edib. 2017-ci ildə yüksək maraq kəsb edən “Boyaqçılıq” adlı sonuncu kitabı çapdan çıxıb.

Tədbirdə zoologiya üzrə fəlsəfə doktoru Adil Əliyev, kimya elmləri doktoru Siracəddin Sərkərov və digərləri alimlə bağlı xatirələrini bölüşüblər.

Alimin həyat yoldaşı, Botanika İnstitutunun elmi işçisi Tüzalə Qasımova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda M.Qasımova həsr olunan video-çarx nümayiş etdirilib.

C.ABASOV





 





20.05.2019    çap et  çap et