525.Az

"Əsrin beşdə üçü arxada qalıb..." - Natiq Qubadoğlunun 60 illiyinə


 

"Əsrin beşdə üçü arxada qalıb..." - <b style="color:red">Natiq Qubadoğlunun 60 illiyinə</b>

Biz jurnalistikaya gələndə dünya tamam başqaydı.

Ötən əsrin 80-ci illərini nəzərdə tuturam.

Onda yazmaq indiki qədər asan və sadə deyildi.

Xüsusən Qarabağ münaqişəsinin başlaması jurnalistikaya və bütövlükdə mətbuata qeyri-adi bir nəfəs vermişdi. Hər söz, hər yazı qığılcım rolunu oynaya bilərdi. Ona görə də yazı-pozu ciddi məsuliyyət tələb edirdi.

O dövr həm də "yazsam öldürərlər, yazmasam ölləm" zamanı idi. Bir tərəfdə dağılmaqda olan sovet imperiyasının sərt senzurası, o biri tərəfdə mitinqlərə axışan milyonlar, odlu-alovlu nitqlər...

Natiq Qubadoğlu jurnalistkaya belə bir ağır zamanda - səksəninci illərin sonlarında gəlmişdi. Özü də bu sahəni özü şüurlu şəkildə seçmişdi. Baxmayaraq ki, o vaxtlar gənclik və fəhlə şəhəri kimi tərənnüm edilən Sumqayıt şəhərində yaşayır və fəhlə kimi çalışırdı. Ali təhsil almaq arzusu onu o vaxtın yeganə universitetinin jurnalistika fakültəsinə gətirmişdi. Bu universiteti bitirəndən sonra isə yenə də o vaxtın yeganə televiziya kanalında - Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlamışdı.

Elə o vaxtlar həyat da, insanlar da, ictimai-siyasi quruluş da tamam dəyişdi. Yeni mətbuat orqanları yarandı, yeni televiziyalar açıldı. Və Natiq Qubadoğlu uzun illərdən bəri çalışdığı iş yerini 2005-ci ildə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları şirkətinə dəyişdi. Bu kanalda maraqlı bir layihənin müəllifi və aparıcısı oldu: "Bir kəndin nağılı"...

Uzun illər bu veriliş İctimai Televiziyanın efirini bəzədi, çoxsaylı tamaşaçı auditoriyası yığdı. Amma Natiq bu illər ərzində bir kəndin yox, onlarla kəndin, yaşayış məntəqəsinin tarixini - nağılını, əfsanəsini və həqiqətini danışdı.

Necə danışdı?

Bunu görənlər bilir.

Görməyənlər üçün onu deyim ki, məşhur ziyalılarımızı, tanınmış şair və yazıçıları, necə deyərlər, qolundan tutub doğulduğu kəndə-kəsəyə apardı. Xalq yazıçısı Anarı Ucarın Çiyni kəndində danışdırdı. Çünki baba yurdu bu kənd olub...

Musa Yaqubla Buynuzun tarixi ilə yanaşı, indiki gözəlliklərini də göstərə bildi.

Nəriman Həsənzadə ilə Ağstafaya qədər gedib çıxdı. Vaxtilə o tərəflərdə ad çıxaran İsrafil Ağanın xaraba qalmış yurdundan, Qaçaq Kərəmdən, Qıraq Kəsəmən kəndinin tarixindən danışdı.

Taleh Həmidlə Şəmkirin Dəllər-Cəyir kəndinin keçmişinə işıq saldı...

Beləcə, Natiq Qubadoğlu "Bir kəndin nağılı"nı danışa-danışa az qala bütün Azərbaycanın kəndlərinin nağılını - həqiqətini öyrəndi. Tamaşaçıya bu kəndlərin necə yaranması, adının haradan qaynaqlanması, Azərbaycan tarixində oynadığı rol, yetirmələri və s. barədə ətraflı məlumat verdi. Sadəcə məlumat vermədi, bu verilişləri hazırlaya-hazırlaya kəndlərimizin, bütövlükdə toponomikamızın tədqiqinə maraq göstərdi...

Bu maraq onu kitabxanalara, arxivlərə çəkdi. Bu dəfə o, illərdən bəri televiziya ekranından söhbət açdığı mövzularla bağlı elmi mənbələrə müraciət elədi, bu vaxta qədər "nağıl kimi" danışdıqlarının elmi əsaslarını araşdırdı, tədqiq etdi və günün birində də namizədlik dissertasiyası müdafiə elədi. Kəlbəcər-Laçın regionundakı tarixi toponimlərlə bağlı...

Niyə Kəlbəcər-Laçın?

Artıq onda Kəlbəcər də, Laçın da, bütövlükdə o region da düşmən tapdağı altında idi. Natiq bu regionun toponimlərini tədqiq etməklə heç olmasa ordakı yer-yurd adlarının bizim olduğunu elmi cəhətdən əsaslandırmağı, sənədləşdirməyi qarşısına məqsəd qoydu. O torpaqlar işğaldan azad edilincə yer-yurd adlarımız silinməsin, unudulmasın deyə...

Natiq Qubadoğlu indi də İctimai Televiziyada "Ocaq" adı ilə silsilə verilişlər hazırlayır. Ad fərqli olsa da, mövzu oxşardır, Natiq Qubadoğluna doğma olan temadır: Vətən torpaqları, onun ayrı-ayrı yaşayış məntəqələri, bu məntəqələrin dünəni və bu günü...

Bütün bunlarla yanaşı, Natiq Qubadoğu hələ gənclik illərindən şeir yazmağa başlamışdı. Çünki onu jurnalistikaya şeirə, sənətə, ədəbiyyata maraq gətirmişdi. Bu şeirlərdə həzin məhəbbət lövhələri də var idi, ictimai ağrı-acı da, sadəcə qəm-kədər də...

Düzdür, sonralar Natiq ailə qurur, iki gözəl övlad böyüdür, qayğıları, çətinlikləri bir az da artır. Amma həyatın bütün qeylü-qallarına, çətinliklərinə, sevinc və kədərinə baxmayaraq, həzin və lirik şeirlər yazmaqda davam edir. Və yaza-yaza da "dünyanın ən qısa yolunu" tapa bilir:   

Kim çəkib bu tərsə yolu? -
Gedirsən get kəsə yolu.
Dünyanın ən qısa yolu -
Ömürd ən ölümə kimi.

Natiq Qubadoğlu bu qısa yolda çox şeylər görür. Hətta Vətən sevgisini nəfsinə qurban verənləri də:

Hamısı Vətəndir, Vətənimizdir -
Bu sərvət, bu dövlət, bu da xəzinə.
Bir düşün nəfisin səni incidir?
Hərdən hesabat ver özün-özünə.
Alov da, ocaq da, tüstü də Vətən, -
Torpağın altı da, üstü də Vətən!

Natiq Qubadoğunun şeirlərində Vətən sevgisi, torpağa məhəbbət bəzən həm də ictimai-siyasi motivlərə köklənir, günümüzün qlobal problemlərinə yönəlir. Onun 1990-cı ilin 20 Yanvar faciəsinin qurbanlarından olan İlham və Fərizənin faciəli taleyinə ayrıca bir əsər - poema-elegiya həsr etməsi, həmin əsərin motivləri əsasında film-operanın hazırlanması da şairin ictimai narahatlıqlarından xəbər verir.

Faciələrimiz isə 20 Yanvarla bitmir...

Sonralar daha böyük faciələrlə üzləşməli oluruq. Torpaq uğrunda, Vətən yolunda qurbanlarımızın sayı artır. Laçından əl üzürük, Şuşanı itiririk...

Bax, o günlərdə Natiq Qubadoğlu hiss edir ki, "bu yaz lalələrdən... qan iyi gəlir":

Dönüb üzünə də baxa bilmirəm,
Bu yaz lalələrdən qan iyi gəlir.
Torpağın üstündə şəhidlər bitir,
Torpağın altında can inildəyir!
Borçalım, Zəngəzur, İrəvan, Təbriz..,
Şuşaya əl qoyub, Laçınım dəhliz?
Ürək çat verdikcə büküləcək diz,
Deyəsən, yenə də qan iyi gəlir...

Natiq Qubadoğlu sanki cəmiyyətdəki naqisliklərin doğurduğu narahatlıqlarla yaşayır. Hər xırda problemi özünə dərd edir. Bütün bunların fonunda, hətta bəzən təbiət hadisələrinə də etiraz etmək istəyir. Çünki bir dağın, bir budağın da "yüklənməsi" onu incidir, düşündürür:

Bu yarpaqlar böyüdükcə
budağın yükü artır.
Zirvələrə qar yağdıqca
bu dağın yükü artır.
Çox başlar papaqsız qalıb
papağın yükü artır.
Hər evdə qazan qaynamır
qonağın yükü artır.
Ürək düşkün, söz qiymətsiz
dodağın yükü artır.
"Keçilər" əcəl axtarır
çomağın yükü artır.
Tısbağa qınından çıxmır
çanağın yükü artır.
Göz yaşı qəlbə təsəlli
yanağın yükü artır.

Adicə "göz yaşının... yanağa yük" olmasından üzülən şairin insanların min sifətə düşməsindən təəccüblənməsi tamamilə təbiidir:

Sonu nədir, bəllidi ki?
Gözü doymur dəlidi ki?
İlahi, lap zəlidi ki,
Nə hala düşərmiş adam?

Natiq Qubadoğlunun jurnalistika yaradıcılığında olduğu kimi, şeirlərində də torpaq eşqi, Vətən sevgisi, yurd-yuva məhəbbəti əsas mövzulardandır. O, özünü yurdun-yuvanın, bu torpağın məlhəmi hesab edir:

Köküm torpaqdadır, göy zəmiyəm mən,
Mənə yananların həmdəmiyəm mən,
Bu ana yurdumun məlhəmiyəm mən,
Ölsəm, demək onun yarasındayam.

Adi bir kənddəki sadə abidə də, uca bir dağ zirvəsi də, tariximizin sirli-sehirli yadigarı olan Qobustan qayaları da şairin ilham pərisini coşdura bilir:

Çox fırladır bizi bu yer kürəsi,
Qulağımda Araz səsi, Kür səsi,
Sevincimin zirvəsisən, zirvəsi,
Kədərimin dəryasısan, Qobustan.

Bəzən adama elə gəlir ki, Natiq Qubadoğlunun şeirlərində kədər yükü bir az ağır gəlir:

Kövrəldi qəlbimin simi,
Mən kimi gözlədim, kimi?
Axtarıb tapıram qəmi,
Sevinci itirən yoxdu.

Kim itirəcək sevinci? Onsuz da çoxumuz bu qarışıq dünyada bəzən tamarzı qalırıq sevincə...
Amma Natiq Qubadoğlu hərdən girdabına düşdüyü bu qəm dünyasında da nikbin motivlər axtarır, heç olmasa xəyali bir dünya qurmaq arzusuna düşür:

Nə yaxşı azı da, çoxu da gördüm,
Bu gecə acı da, toxu da gördüm,
Dərviş buta verdi, yuxuda gördüm,
Bir dünya quracam özümə durub.

Və beləcə şair özünə bir dünya qurur, öz aləmini qurur və bu dünyadan həzz alır. Çünki ətrafında yaxşılar var:

Mənim dostlarıma inamım olub,
Ümid sönən yerdə gümanım olub,
Yaxşılar həmişə həyanım olub,
Ürəyi təmizlər sırasındayam.

Bu sətirləri yaza-yaza onun sosial şəbəkələrdə bu günlərdə paylaşdığı bir şeirin ilk bəndini xatırladım:

Əsrin beşdən üçü geridə qalıb,
Ömrün görən indi harasındayam?
Sağımda gül açıb, solum saralıb,
Kədərlə sevincin arasındayam,

- deyir şair...

Əslində, elə hamımız beləyik, daha doğrusu, həyat belədir: bir yanı sevinc, bir yanı kədər...
Oğul istəyirəm ki, kədəri mərdi-mərdanə unuda bilsin, sevinci dostlarla ürəkgenişliyi ilə paylaşsın. Onda həyat maraqlı olur.

O ki qaldı indi ömrün harasında olmağa...

Bax, bu, sual ritorikdir. Onu müəyyənləşdirməyə hətta şair ilhamı da kifayət eləmir, eləməyib, bundan sonra da eləməyəcək.

Bunu ulu tanrıdan başqa kim bilə bilər ki!?

Amma bu qəmli misraların müəllifinin fiziki mənada ömrün harasında olduğunu özü bir az "üstörtülü" nişan verib...

"Əsrin beşdən üçü geridə qalıb..."

Bax, əsas məsələ budur!

Şair dostum Natiq Qubadoğlu da altmışı haqladı!!!

Deməli, narahat olmağa dəyməz, şair. Sən ömrün lap yaxşı yerində, gözəl mərhələsindəsən...

Elə bir mərhələsində ki, evə dax il olanda iki gül nəvənin əhatəsinə düşürsən (Baba olmayanlar bu gözəlliyin miqyasını hardan bilsinlər?!).

Bax onda, şair demiş, hələ yaşamağa dəyər... özü də çox yaşamağa dəyər...

 





20.05.2019    çap et  çap et