525.Az

Paşinyanın ətrafındakı halqa daralır


 

“KOÇARYANIN HƏBSDƏN AZAD EDİLMƏSİ ERMƏNİ BAŞ NAZİRƏ ƏN BÖYÜK ZƏRBƏDİR”

Paşinyanın ətrafındakı halqa daralır<b style="color:red"></b>

“Ermənistandakı son hadisələr 1990-cı illərdə Azərbaycanda baş verən hadisələri xatırladır. O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq”.
 
Bu sözləri “Atlas” Ararşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsdən azad edilməsinə münasibət bildirərkən deyib.

R.Koçaryanın gözlənilmədən həbsdən azad edilməsinin Qarabağ klanının gücünü göstərdiyini deyən politoloq qeyd edib: “Ermənistanda bir hakim tapılmadı ki, Koçaryanın həbs müddətini uzatsın. Koçaryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Koçaryan və onun arxasındakı güclərin hazırki baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi. Bu cür yalnız Koçaryanı həbsdən azad edən hakim düşünmür”.

E.Şahinoğlu hesab edir ki, Koçaryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoyub: “Koçaryanın həbsi onun dostu, Rusiyanın prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, “mənim dostumu azad et”. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Koçaryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsi idi”.

Mərkəz sədrinin sözlərinə görə, Koçaryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla eks-prezident arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir: “Koçaryan Qarabağ klanının əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Koçaryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Koçaryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Qarabağ separaçtılarının dəstəyinə arxalanaraq Koçaryanın Ermənistanın daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar”.

“Paşinyan-Koçaryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq. Bir qisim Paşinyana, digəri Koçaryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq Qarabağ klanı da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq”, - deyə politoloq bildirib. O əlavə edib ki, Moskvanın Koçaryana verdiyi dəstək Paşinyanı Qərbdən dəstək axtarışına sövq edə bilər: “Ancaq bu, Paşinyan üçün təhlükəlilidir. Çünki özü istəməsə də ölkəsi Rusiyanın ən azı enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar bir gün ona qarşı çıxa bilərlər”. E.Şahinoğlu hesab edir ki, Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyir: “Paşinyanın ətrafındakı halqa daralır. Koçaryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyəti idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır: Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq Qarabağ klanı da tərəfdarlarını hərəkətə gətirə bilər”.

C.ABASOV

 





20.05.2019    çap et  çap et