525.Az

Mədəniyyət: ənənə və müasirlik - Uzaq və yaxın Meksika


 

Mədəniyyət: ənənə və müasirlik - <b style="color:red">Uzaq və yaxın Meksika</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Müasir Meksika digər inkişaf edən ölkələr arasında nisbətən yüksək iqtisadi səviyyəsi ilə fərqlənir, onun inkişafı bol xammal bazasına əsaslanır. Ölkənin yerinin təki çox sayda böyük metal filizi, neft, təbii qaz və kükürd ehtiyatlarına malikdir. Öyrənilmiş və istifadə edilən iri enerji resurslarının, hər şeydən əvvəl neftin, qazın və hidroenerjinin bol olması iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edir.

Meksika Braziliya və Argentina ilə birlikdə sosial-iqtisadi inkişaf səviyyəsinə görə Latın Amerikasının ən çox sənayeləşmiş ölkələri siyahısına daxildir. Burada əsas yeri emal sənayesi tutur. Nəqliyyat infrastrukturasının ümumi geriliyi sahələr və rayonlar arasında daxili iqtisadi əlaqələr yaradılmasında çətin keçilən maneə rolunu oynayır. Əvvəllərdə olduğu kimi, Meksika qonşu ABŞ-ın təsərrüfatı ilə sıx bağlıdır. Sənayedə işləyən meksikalıların gəliri isə Birləşmiş Ştatlarda olduğundan 6 dəfə, kənd təsərrüfatında çalışanlara nisbətən isə müvafiq olaraq 15 dəfə aşağıdır.

Az məhsuldar əkinçilik meksikalıların xeyli hissəsinin əsas məşğuliyyət növüdür, lakin bu sahə sürətlə artan əhalinin tələbatını bütünlüklə ödəmək qabiliyyətində deyildir. Meksika kənd təsərrüfatında pambıq, kofe, meyvələr və müxtəlif tərəvəzlər istehsalı xüsusi əhəmiyyətə malikdir. Emal sənayesində isə transmilli korporasiyalar əsas mövqelərə nəzarət edirlər. Məhsulun xeyli hissəsi Birləşmiş Ştatlara daşınır. Beynəlxalq əmək bölgüsündə Meksika hələ də bazara xammal əmtəələrini göndərən ölkə rolunu oynayır.

Latın Amerikasının bütün ölkələrindən Meksikaya daha çox turist gəlir. Onları mayya və asteklərin qədim mədəniyyət abidələri, gözəl dəniz kurortları, unikal landşaft cəlb edir. Dövlət turizm industriyasının inkişafına ciddi fikir verir, yeni turist mərkəzləri yaradılır, köhnələr modernləşdirilir.

Neft və qaz, əsasən Meksika körfəzinin sahilində, Tampiko limanının yanında çıxarılır. Neft hasilatını xarici inhisarçılar bütünlüklə öz əllərinə almışlar. Yeni yataqların kəşfi isə Meksikanı dünyanın ən iri neft ölkələri sırasına daxil etdi.

Meksika həm də hidroresurslarla zəngindir. Təbii isti su mənbələrindən də elektrik enerjisi alınır. Qara metallurgiya da möhkəm xammal bazasına malikdir. Əsas Latın ölkələri arasında Meksika ənənəvi olaraq əlvan metallurgiyanın inkişafı səviyyəsinə görə seçilir. Ölkədə yerin təki əlvan metal filizləri ilə zəngindir.

Təbii iqlim amillərinə görə Meksika ərazisi kənd təsərrüfatı məhsulları istehsalına az yararlıdır. Ölkənin sahələrinin 40 faizini səhralar və yarımsəhralar tutur, ikinci 40 faizini isə dağlar və meşələr təşkil edir. Ərazinin yalnız 15 faizinə yaxını, özü də suvarma şərti nəzərə alınmaqla kənd təsərrüfatı üçün yararlıdır. Hazırda Meksikada 4 milyon hektardan artıq suvarılan torpaq vardır və bu göstəriciyə görə ölkə dünyada aparıcı yerlərdən birini tutur.

Kənd təsərrüfatının aparıcı sahəsi əkinçilikdir. Belə ki, bitkiçilik bütün kənd təsərrüfatı məhsulu dəyərinin 60 faizindən çoxunu verir. Heyvandarlığın payına isə 34 faizə qədəri düşür. Becərilən əsas ərzaq bitkiləri qarğıdalı, buğda, düyü və lobyadır. Qarğıdalı və lobya ölkənin hər yerinə yayılmışdır və başlıca ərzaq bitkiləri hesab olunur. Meksika alimləri quraqlığa davamlı buğda sortları yetişdirmişlər. 1970-ci illərdə Azərbaycanın Muğan rayonlarında "tritikale" adlanan Meksika sortu becərilirdi, bu buğda formasında olan, əslində, çovdar-buğda hibridi idi. Bu yem bitkisi bizdə ərzaq buğdası kimi becərilir və buğda kimi də tədarükə təhvil verilirdi. Sonralar bu rayonlaşdırılmamış bitki sortuna aludəçililik azaldı və həmin özfəaliyyət həvəsi uzun sürmədi. Meksikanın özündə isə suvarma zonalarında texniki bitkilərdən pambıq becərilir.  

Mədəniyyət: ənənə və müasirlik 

Öz ispan əcdadlarından dili bir vərəsə kimi götürən müasir meksikalılar maddi və mənəvi mədəniyyət sferalarında həm də müxtəlif hindu xalqlarının bir sıra xüsusiyyətlərini qəbul etmişlər. Onları dəyişdirib, bu mefamorfoza prosesində həmçinin, formalarını inkişaf etdirərək, əslində, yeni səviyyədəki Meksika mədəniyyətini yaratmışlar. Bu mədəniyyət, hindu xalqlarınınkından olduğu kimi, ispan mədəniyyətindən də fərqlidir.

Meksika mədəniyyətinin ikitərəfli mürəkkəb mənşəyi onun bütün ifadələrində nəzərə çarpır. Belə ki, yuxarıda deyildiyi kimi, Meksika əkinçiliyində qarğıdalının əhəmiyyəti indi də saxlanılır, o isə təmiz ənənəvi hindu ərzaq bitkisidir. Hələ Kolumbdan əvvəlki dövrdə Meksika iqtisadiyyatı bu bitkinin becərilməsinə və onun məhsulunun istehsalına əsaslanırdı. Buğdanı isə buraya ispanlar gətirmişdilər.

Meksika əkinçiliyi başlıca olaraq hindu irsi əsasında inkişaf etmişdi, heyvandarlığı isə yalnız ispanların bir töhfəsi saymaq olar. Avropalıların gəlişinə qədər hindu tayfaları ətini yemək üçün və ov üçün yalnız it saxlayırdılar, indi də meksikalılar əziz qonaqlarına it kəsir və ya belə təkliflə müraciət edirlər. Akapulkonun bir il əvvələ kimi üç il müddətinə meri işləmiş professor bizi evinə dəvət edəndə, it kəsməyi təklif etdikdə, mən müxtəlif bəhanələrlə boyun qaçırdım. Onun həyətinə maşınla girəndə portağal bağının arasında iri budlu, qısa tükləri olan iki it bizə yaxınlaşdı. Eks-mer, yəqin ki, onlardan birini kəsməyi nəzərdə tutmuşdu. Bundan beş il əvvəl Özbəkistanda olarkən koreyalıların yaşadığı və işlədiyi məşhur "Politotdel" kolxozuna getmişdik. Vaxtilə bu kolxozun futbol komandası bizim "Neftçi"miz və Daşkəndin "Paxtakor"u kimi SSRİ çempionatının "B" qrupunda oynayırdı və hələ 50-ci illərdə kolxozun böyük futbol stadionu var idi. Məşhur sədr, Sosialist Əməyi qəhrəmanı Xvan, Qdlyan və İvanovun respublikada apardıqları kütləvi repressiya əməliyyatı nəticəsində həbs edildiyindən, onu cavan bir adam əvəz edirdi. O, bizə yerli koreyalıların həyətlərindəki ətlik kiçik itləri göstərdi və hörmətli qonaq kimi bizə it kəsməyi təklif etdikdə, mən razılıq vermədim, ona görə də kolxozun fermasından olan bol bildirçin qızartmasına və soyutma yumurtalarına qonaq olduq. Bir xalq kimi koreyalılarda, vyetnamlılarda it əti istehlakda əslində, xüsusi yer tutur.

Hindu tayfaları o vaxtlar Şimali və Mərkəzi Amerikada bol olan vəhşi hinduşkanı da əhilləşdirmişdilər. Bundan başqa, onlar həm də bal arısı saxlayırdılar. Meksikalıların ispanlara qədər heyvandarlıq təsərrüfatı yalnız bu üç növdən ibarət idi.

Avropalılar gələnə qədər Amerika, ümumiyyətlə, kotan əkinçiliyini də tanımırdı və indiki dövrdə də Meksikada sərt maili torpaqlar, dağ yamacları şumlanmır, orada torpaqlar və bitkilər qazan dirək vasitəsilə becərilir. Onlardan istifadə təkcə məhsul istehsalına xidmət etmir, həm də torpaqları güclü yağış yağanda yuyulmadan, sürüşmədən, sərt eroziyadan qoruyur. 

Bitkilərin becərilməsində həm də universal əhəmiyyətli ağır bıçaqdan - maçetedən istifadə olunur, bu alət avropalılar gələndən sonra meydana çıxmışdır. Maçete ilə torpağı kollardan təmizləyirlər, həm də şəkər qamışını biçirlər. Maçete daha çox bizə Kubadakı şəkər qamışı plantasiyalarındakı biçin prosesindən tanış idi. Fidel Kastro da şəxsən biçində əlində maçete iştirak edirdi. Gələcək ispan dili mütəxəssisləri olacaq sovet tələbəri də Kubada staj keçdikləri müddətdə əllə şəkər qamışı biçininə cəlb olunurdular. Sonralar kombaynlar meydana gəldi.

Meksikada qədimdən, ispanlara qədər olan dövrdən əkinçiliyə həm də kəndlərdəki kustar istehsallar da əlavə olunurdu. Qədim dulusçular, daşyonanlar, toxucular və zərgərlər qəribə ustalığa yiyələnmişdilər.

Meksikalıların evləri yerli şəraitdən asılı olaraq müxtəlif materiallardan - gildən, çiy kərpicdən, daşdan, çubuqlardan və qamışdan tikilirdi. Tropik zonada evlərin damı hündür idi, samandan olurdu, mülayim zonada isə onlar kirəmitdəndir. Kasıb adamların komalarında, adətən, pəncərələr olmurdu, onlar olduqca kasad şəraitə malik olurdu. Adamlar, adətən, həsir üstündə yatırdı, cənubda isə bəzi hallarda qamakda yatırdılar, qamak yatanları sürünən həşəratlardan qoruyurdu, evin müxəllifatı xörək üçün qabdan, su üçün böyük küpədən və alət kimi isə taxılı döyən metatedən ibarət idi.

Varlıların evində isə ispan ənənələri nəzərə çarpırdı. Meksikalıların da daxili həyətində, ispanlarda olduğu kimi, isti və bürküdən adamı azacıq xilas edən patio - yaşıl bitki kollarının və kiçik fəvvarənin olduğu məkanın olması vacib sayılırdı.

Maddi mədəniyyətin daha bir sferasında ispan və hindu irsinin təsiri aydın nəzərə çarpır. İspanlar gələnə qədər hindu xalqlarına təkərdən istifadə prinsipi məlum deyildi. Məhz buna görə də onlar dulusçuluq dövrəsini bilmirdilər. Bundan əlavə, Meksikada yük heyvanları da yox idi və belə dağlıq ölkədə XVI əsrə qədər bir yerdən başqa yerə getmək növü ayaqla yerimək idi. Su yollarından da, demək olar ki, istifadə olunmurdu, bütün yüklər beldə və ya əllə daşınırdı. Maraqlı cəhət odur ki, Meksikada indi də müasir nəqliyyat növləri ilə yanaşı, bəzi rayonlarda hambal sənəti kimi tameme qalmışdır, bu ağır işlə daha çox hindular məşğul olurlar. Hindular yükü beldə daşıyırlar, onun bərkidildiyi boyun qayışı hambalın alnından keçir.

Sakinlərin paltarına gəldikdə, ABŞ sərhədinə yaxın olan yerlərdə kombinezon geyinirlər. Kombinezon Uinston Çörçillin də sevimli ev paltarı idi. Çiyinə baş üçün deşiyi olan və həm qabağı, həm də arxanı örtən və sarape adlanan bürüncək atırlar: başqa hindu xalqlarında bu "panço" adlanmaqla, həm paltar rolunu oynayır, həm də yatanda yorğanı əvəz edir. Qızmar günəşdən qorunmaq üçün başı müxtəlif formadakı samandan toxunan şlyapalar ilə örtürlər. Onun iri dəyirmi kənarları olduqda sombrero adlanır (ispan sözü olan "sombra" "kölgə" deməkdir). Meksikalı dostlarımız sombreronun şərəfinə poetik dildə uzun monoloq söyləməyə daim hazırdırlar. Onlar əziz qonaqlarına nazik qızıl saplarla işlənmiş sombrerolar bağışlayırlar, bizə də belə hədiyyə verdilər.

Qadın milli geyimi isə olduqca müxtəlif və rəngarəngdir. Bu geyimin mütləq hissəsi reboso adlanan şaldır, onunla lazım gəldikdə başı örtürlər, hindu qaydasında uşağı beldə gəzdirmək və ağır yükü daşımaq üçün də ondan istifadə edilir. Köhnə dövrlərdə Azərbaycan qadınları da uşağı beldə gəzdirmək üçün hindulara oxşar qaydada şalı həm də bu məqsəd üçün istifadə edirdilər. Meksikalı qadınlar bəzək şeylərini çox sevirlər, bu məsələdə onlar bizim yaxşı tanıdığımız kürd və qaraçı qadınlarına bənzəyirlər.

Kişi paltarının bir yaraşıqlı növü də vardır və o, milli geyimə çevrilmişdir. Bu, çarro adlanan atlı kostyumudur. Bu paltar dar qara şalvardan, uca dabanı olan qara çəkmədən, qalstuk və ya boyun ləçəyi ilə bağlanmış ağ köynəkdən və gödək jiletdən ibarətdir. Kostyumun xoş təsirini iri sombrero tamamlayır.

Meksika milli mətbəxində, əsasən, qarğıdalıdan istifadə olunur, onu isladıb, metatedə döyürlər. Yumşaq kütlə əmələ gəlir. Onu sadəcə olaraq suya qarışdırıb içirlər, bu yemək növü atole adlanır. Daha çox isə ondan kökələr - tortilya bişirirlər. Bəzən onu azərbaycanlıların pendir dürməyi kimi büküb, içinə ət qoyurlar. Əlavələr rolunu pendir və çile bibərinin başlıca rol oynadığı müxtəlif souslar oynayır. Əhalinin qidalanmasında qarğıdalı ilə yanaşı, lobya və düyü də böyük yer tutur.

Çile bibəri olduqca acıdır, onunla tanış olmayan adam onu yedikdə dodaqlarının yanında suluq əmələ gəlir. Ancaq meksikalılar süfrədə ondan çox istifadə edirlər. Şorba yeyəndə, çileni onun suyuna batırıb, sonra ağızlarına ötürürlər.

Meksikada çox yayılmış milli içki pulke və ya maqey aqavasının qıcqırdılmış şirəsidir. Pulkeni hazırlamaq üçün aqavanın tikanlı budaqları kəsildikdən sonra onun çox iri qarpız boydakı kökü çıxarılır və şirəsi emala məruz qalır. Mavi aqavadan isə dünyada məşhur olan tekila adlanan araq hazırlayırlar. Tekilanın başqa növ araqlardan tam fərqli olan öz içilmə qaydası vardır və onda limondan, həm də duzdan istifadə olunur.

(Ardı var)

 





21.05.2019    çap et  çap et