525.Az

Türkiyə 23 iyun İstanbul bələdiyyə seçkilərinə hazırlaşır


 

Türkiyə 23 iyun İstanbul bələdiyyə seçkilərinə hazırlaşır<b style="color:red"></b>

Türkiyənin Ali Seçki Qurumunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin təkrar keçirilməsi barədə qərarından iki həftədən çox vaxt keçməsinə baxmayaraq bu məsələ ölkənin siyasi həyatında bir nömrəli mövzu olaraq qalır.

Türkiyə daxilində aparıcı müxalif partiyalar və müəyyən qüvvələr Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul seçkilərinin nəticələrinin ləğvinə səbəb olan şikayətinin əsassız olduğunu iddia edirlər. Ali Seçki Qurumunun AKP-nin şikayətini qəbul etməsi isə ölkənin "demokratik imicinə zərbə" kimi qələmə verilir. Amerika və Avropada fəaliyyət göstərən müxtəlif xarici qüvvələrin təhriki ilə Türkiyənin etibarını sarsıtmağa çalışan bəzi siyasi və ictimai hərəkatların nümayəndələri bu vəziyyətdən mənafelərinə uyğun istifadə etməyə cəhd göstərirlər.

Bəs, əslində həqiqi siyasi mənzərə necədir, Türkiyənin 16 milyonluq meqapolisində seçkilərin ləğv olunması düzgünmü addımdır? Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun iddia etdiyi kimi, YSK-nın qərarı “xalqın iradəsinin” əleyhinədirmi?

Əslində baş verənlər Türkiyədə demokratiyadan və azad siyasi fəaliyyət imkanlarından sui-istifadə hallarının olduğunu, illərindən sınağından çıxmış demokratik dəyərlərə kölgə salındığını göstərir. YSK-nın qərarı da demokratik prinsiplərin qorunması və seçki dəyərlərinə olan ehtiramın nümunəsidir. Türkiyədə hər kəs bilir ki, seçki qutuları millətin namusudur. Bu qutulara haram əl dəydisə, onu təmizləmək lazımdır. AKP-nin əldə etdiyi, üzə çıxararaq YSK-ya təqdim etdiyi təkzibolunmaz fakt və dəlillər də həqiqətən İstanbulda səsvermə prosesində çirkli işlərin, haramın olduğunu göstərir. Türkiyənin Seçki qanununa görə, seçki komissiyası sədrləri və seçki komissiyasının ən azı bir üzvü dövlət məmuru olmalıdır.

İstanbulda 31 min 280 seçki qutusu var, demək 31 min 280 nəfər seçki komissiyasının sədri dövlət məmuru olmalıdır. Martın 31-də isə bu qaydalar qorunmayıb, Ali Seçki Qurumunun araşdırmaları nəticəsində məlum olub ki, 6 min 664 nəfər komissiya sədri və 13 min 98 nəfər komissiya üzvü (cəmi 19 min 742 nəfər) dövlət məmuru deyil. Həmin şəxslər müxtəlif dövrlərdə FETÖ-nün təsir və nüfuz dairəsində olan hərbi vəzifələrdə, təhsil müəssisələrində, şirkətlərdə, CHP-nin biznes qaynağı olan maliyyə sektorlarında, xüsusilə də Türk İş Bankında və digər yerlərdə çalışanlar və işsizlər olublar. Yəni, seçki məntəqələrinin 70 faizinə bu şəxslər daxil ola bilib. Bundan başqa, bülleten siyahıyaalma cədvəllərində baş verən qanunsuzluqların əhatəsi də xeyli böyük olub. Siyahıya alınmış cədvəllərinin 5 min 388 ədədi möhürsüz, 694 ədədi imzasız, 214 ədədi boş, 498 ədədi əskik olub. 919 ədədində rəqəm göstərilməyib, 1135 ədədində say əskikliyi ortaya çıxarılıb.

Komissiya sədri və komissiyanın "məmur" üzvü təyin edilən həmin şəxslərin olduğu seçki məntəqələrindəki 22 seçki qutusunda bülletenləri siyahıyaalma cədvəlinin olmadığı təsdiqlənib. Beləliklə, komissiya sədri və komissiyanın “məmur”larının olduğu seçki məntəqlərindəki 101 seçki qutusundakı bülletenlər imzasız, möhürsüz və yazıları əskik olaraq YSK-ya təsdim edilib.

Bütün bu hallar seçki qanunun tələblərinin tam şəkildə pozulması deməkdir. Türkiyə qanunvericiliyinə görə, seçkidə kiçik nöqsanlara səbəb olan hallar seçkinin nəticələrinə təsir edə bilməz və təkrar seçkinin keçirilməsinə ehtiyac yoxdur. Ancaq prinsip etibarilə çoxsaylı və geniş xarakterli pozuntular seçkilərin demokratikliyinə və nəticələrinə ciddi şəkildə təsir etdiyindən həmin ünvanda seçkilər ləğv olunur və yenidən keçirilir. İstanbulda isə seçki pozuntularının miqyası o qədər böyük olub ki, YSK birmənalı olaraq nəticələrin ləğvinə qərar vermək məcburiyyətində qalıb. YSK ilə yanaşı, Türkiyə Prokurorluğu da İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başlayıb və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual ediblər.

Məsələ ondadır ki, səsləri oğurlanan siyasi tərəf AKP-dir. Təkcə Türkiyədə deyil, bütün dünyada qanunsuzluğu danışır, səslərinin oğurlandığını deyirlər. Belə vəziyyətdə AKP iqtidar partiyası olaraq bu prosesə necə sakit qala bilərdi? Ölkədə demokratiyanın, azad seçkilərin təminatçısı olmaq məsuliyyətini daşıyan iqtidar ədalətsizliklərin üstünü örtməli idimi? Təbii ki, yox. Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, ləğv edilən etibarsız bülletenlərin sayılması zamanı fərqin azalması bizi şübhələndirdi: "15 min seçicinin iradəsinin qəsb edilməsi yolverilməzdir. Buna görə də ədalətin bərpa olunmasını tələb etdik. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edildi. Bu müddətdə fəaliyyət göstərərək seçkini qazanmağa çalışacağıq”.

YSK-nın qərarından sonra baş vermiş saxtakarlıqları həzm edə bilməyən CHP guya ölkədə demokratiyanın pozulduğunu, İstanbul seçicilərində haqlarının yeyildiyini bildirir. Ancaq gerçək sənəd və sübutlar kimin saxtakarlıq, oğurluq etdiyini ortaya qoyur. Məsələ ondadır ki, CHP-nin kampaniyasına dəstək verənlərin böyük bir qismi FETÖ il bağlılığı olan keçmiş məmurlar, 15 iyunda vətənə xəyanət etmiş keçmiş hərbçi və bürokratların yaxınları, separatçı kürdlər, HDP, hətta PKK üzvləridir.

CHP-nin bələdiyyə seçkilərində öz namizədi Əkrəm İmamoğlunu dəstəkləməsi təbiidir. Ancaq PKK və FETÖ ünsürlərini də bu prosesə qoşursa, dəstək umursa, bu, artıq demokratik və ədalətli mübarizə deyil, ölkənin milli iradəsinə xəyanətdir. Hər şeyi səbir və təmkinlə izləyən, xarici və daxili ünsürlərin hərəkətlərinə öz müdrikliyi ilə yanaşan hakim AKP hökuməti isə pozulmuş ədalətin bərpası, demokratiyanın inkişafı və millətin iradəsinin təmin olunması yolunda inad və inamla addımlayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, YSK-nın qərarını demokratiyanın möhkəmlənməsinə töhfədir və hökumət ölkədə demokratik prinsiplərin pozulmasına heç vaxt imkan verməyəcək, ölkədə ədalətli və demokratik mübarizənin keçirilməsini təmin edəcək.

AKP üçün əsas məqsəd Türkiyə Cümhuriyyətinin təhlükəsizliyini və sabitliyini qoruyaraq demokratiyasını davam etdirməsi, dövlətin və xalqın iradəsinin əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısının alınmasıdır. 23 iyuna hazırlıqlara qol çırmayan AKP seçkiyə indi daha mükəmməl taktika ilə gedir. AKP-nin namizədi Binalı Yıldırımın qeyd etdiyi kimi, meydanı boş tapanlar nə qədər iftira və böhtan atsalar da, xalq onların kim olduqlarını yaxşı bilir: "Onlar meydanı boş görüb çox şeylər danışdılar, narahat olmasınlar, 31 martda insanların səslərini qəsb edənlərə, 23 iyunda hesabını soruşacağıq".

Hazırda Türkiyədə əsas siyasi rəqiblər- AKP və CHP İstanbul Bələdiyyə başçısı uğrunda mübarizəyə başlayıblar. Türkiyənin inkişafını istəməyən qüvvələr, xüsusilə də, FETÖ yönümlü qüvvələr isə ölkədə gərginlik yaratmaq üçün iqtisadi təxribatlara əl atırdır. Ölkənin bəzi xarici iş adamlarının təsiri altında olan biznes qrupları məqsədli şəkildə maliyyə bazarında gərginliyə cəhd edir. Lirənin ucuzlaşması, xarici sərmayədarların müdaxiləsi və digər amillər siyasi mübarizədə iqtidar partiyasına qarşı yönəlmiş sabotajlardır. Ancaq AKP iqtidarının uzaqgörən və mükəmməl inkişaf proqramı sayəsində Türkiyənin iqtisadi mücadilə strategiyası öz müsbət bəhrəsini verməkdədir. Türkiyə xalqı bu cür siyasi və iqtisadi təxribatlara aldanmayaraq öz siyasi liderinin arxasında dayanıb.

 





21.05.2019    çap et  çap et