525.Az

"Türkiyənin toy adətləri azərbaycanlılara ibtidai görünər"- İlhamə Qasımlının bloqu


 

"Türkiyənin toy adətləri azərbaycanlılara ibtidai görünər"- <b style="color:red">İlhamə Qasımlının bloqu</b>
İlhamə Qasımlı
Ankara

Siyasi şüarda deyildiyi kimi, "bir millət-iki dövlət olan" Türkiyə ilə Azərbaycanın adət-ənənələrindəki köklü fərqi ilk dəfə bir həmkarımın qızının toyunda görmüşdüm.

Türklərin toy ənənəsi, toyunda-yasında masada barmaq qoymaqa yer olmayan azərbaycanlılar üçün bir qədər ibtidai kimi də görünə bilər.

BBCAzərbaycanca

Azərbaycanın toy ənənələrinin dəbdəbəsini Türkiyədə qismən, kübar təbəqədə gormək olar. Yəni, kübar toylarında qonaqlara yemək, içki təklif edilir. Lakin bu toylarda da Azərbaycan toylarındakı geniş menyü seçənəyi olmur.

Aşirət, yəni qəbilə toyları əsasən, Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində keçirilir. Lakin əsasən açıq havada keçirilən belə toylara minlərlə dəvətli qatılır. Qonaqlara türk üslubunda plov, üstündə ət və içki olaraq ayran paylanılır.

Amma Türkiyədə ümumiyyətlə, toyların senarisi oxşardır.

Toy keçirilən məkana gəlincəyə qədər təxminən Azərbaycandakına bənzər ssenarini görürsən - bəylə gəlin və onların yaxınlarının mindiyi maşınlar siqnalların müşaiyəti ilə evdən çıxırlar.

Fərqli mənzərə "Düyün salonu"ndan başlayır. Masaların üstündə adətən, fanta, kola, ləbləbi və bəylə gəlin tərəfindən kəsilərək toyun sonuna yaxın paylanılan tort dilimləri olur.

Bəzən toy sahibləri, heç, düyün salonu belə kirayələmədən elə yaşadıqları binanın həyətində mərasimi keçirirlər - cadır qurmadan, elə binanin həyətində stulları düzüb otururlar.

Burda toyda çoluk-çocuğun sayı gözə çarpacaq qədər çox olur.


Toylarda təvazökar və məhdud menyü verildiyi üçün toy salonu Azərbaycandakı kimi adambaşı hesabı kirayələnmədiyinə görə dəvətli qonaqlar gələrkən geniş tərkibdə ailə üzvləri ilə, o sıradan kiçik yaşlı uşaqları ilə gəlir.

Düzdür, bəzi toylarda yemək verilir, amma burda da aşirət toylarındakı kimi ətlə türk üslubunda plov hazırlanır. İçəcək olaraq isə fanta, kola və ya ayran verilir.

Orta statik türklərin toya geyim və bəzənmək hazırlığı Azərbaycandakı toylarla müqayisədə yox kimidir. Dəvətlilərin coxu elə gündəlik geyimdə toya təşrif buyurarlar. Gənc qızlar və gəlinlə bəyin yaxınlarından başqa qonaqlar cox vaxt toya xüsusi hazırlıqla gəlmir.

Toyun ən önəmli hissəsi isə "takı töreni", Azərbaycanda deyildiyi kimi, nəməratma mərasimidir. Toyun sonuna yaxın keçirilən bu mərasimdə nəmərlər qutuya yox, birbaşa gəlinlə bəyin üstündəki lentlərə taxılır. Bu zaman 10 lirə (təxminən 5 dollar) də taxan olur, 20, 30 da, 100-lük də.

Amma türk toylarının əsas qazancı və prestiji yüksək əyarlı qızıldan əskinas və bilərziklərdir. "Cümhuriyyət altını"nin çeyrek (dörddə bir), yarım və tam məbləğli əsginasları, bilərziklər, qızıl dəstləri, aşirət toylarında hətta qızıl kəmərlər taxılır.

Türklər takı mərasiminin aciq keçirilməsi ilə qonaqların bir-birləri ilə bəhsə girərək və ya toy sahibindən ayıb olmasın deyə daha çox pul taxılacağına ümid edirlər.

Kübar təbəqə toylarında isə gəlinlə bəy qonaqlara yaxınlaşaraq görüşür və onların hədiyyələrini qəbul edirlər.
Türkiyədə ənənəyə görə evlənən cütlük bir-birinin eyni olan evlilik üzüyü taxırlar. "Alyans" deyilən bu üzükləri oqlan tərəfi almalıdır.

Musiqiyə gəlincə, toy sahiblərinin sosial təbəqəsindən, mənsub olduğu bölgəsindən asılı olaraq qonaqların şənləndikləri havalar da dəyişir.

Kübar toylarında müasir musiqi tərzləri ifa olunub oynanıldığı halda, aşirət və adi toylarda əsasən, toy sahibinin mənsub olduğu bölgənin yerli folklor havaları hakim olur. Və qonaqlar daha çox halay çəkərək şənlənirlər.

Amma sadə türk toylarının əyləncəsi dəbdəbəli Azərbaycan toylarından geri qalmır.

Bu əyləncənin ətrafa verdiyi tək narahatçılıq isə toyun bitdiyi və çoxlarının yuxuda olduğu gece saatlarında bəylə gəlinin fişəng, güllə və siqnal səsləri ilə yola salınmasıdır.
 





01.10.2013    çap et  çap et