525.Az

Mədə xəstəliyi - qastrit


 

Mədə xəstəliyi - <b style="color:red">qastrit </b>

İnsanların bir çoxu qarın nahiyəsində ağrı, mədədə ağırlıq hissi, ürəkbulanma, ağızda acılıq, iştahasızlıq, köp, qıcqırma kimi əlamətlərdən şikayətlənirlər.

Bir çox hallarda buna əhəmiyyət vermir və bu simptomların qidadan baş verdiyini zənn edirlər. Ağrıkəsici dərman preparatları qəbul etməklə vəziyyətlərini yüngülləşdirməyə çalışırlar. Ancaq sadalanan əlamətlər mütəmadi olaraq təkrarlanarsa, mütləq həkimə müraciət edilməlidir. Çünki bu insanlar arasında tez-tez təsadüf olunan mədə xəstəliklərindən biri, qastritin ilkin simptomlarıdır.  

Kəskin qastrit   

Həkim-qastroenteroloq Lamiyyə Əliyeva deyir ki, kəskin qastritin inkişafında müxtəlif ekzogen və endogen faktorlar iştirak edir. Kəskin qastrit iki mərhələyə ayrılır. Ilkin və ikincili mərhələ. İlkin qastrit infeksiyon faktorun mədənin selikli qişasına bilavasitə təsiri nəticəsində əmələ gəlir. Bura keyfiyyətsiz qidalardan istifadə edilməsi, ərzaq və qarışıqların düzgün saxlanılmaması, gigiyenik qaydalara riayət edilməməsi aiddir: "İlkin qastrit əsasən keyfiyyətsiz, istifadə müddəti ötmüş ərzaq və qidadan istifadə, qidalanma rejiminin pozulması, həddindən artıq spirtli içki qəbulu, qida-toksik infeksiyaların təsirindən baş verir. Kəskin qastrit zamanı mədə nahiyəsində ağrılar, öyümə, qusma, mədədə göynəmə hissi, ağızda kəskin turşuluq hissi və qızdırma müşahidə olunur. İkincili qastrit ümumi kəskin infeksion xəstəliklər fonunda, virus və bakteriyaların toksinlərinin yayılması, mədənin selikli qişasını zədələməsi nəticəsində inkişaf edir. Məsələn, qrip, difteriya, qızılca, səpkili yatalaq, pnevmoniya, virus hepatit". 

Ümumi narahatlıq, iştahsızlıq, ürəkbulanma, süstlük...  

Həkimin sözlərinə görə, kəskin qastrit mədənin qoruyucu sisteminin zəifləməsi nəticəsində meydana çıxır. Buna turşuluğun aşağı düşməsi, selik hasilatının azalması, xoşagəlməz təsirlərin güclü olması mədənin selikli qişasının zədələnməsinə səbəb olur. Kiçik miqdarda mikroblar mədənin turş mühitində məhv olur. Ağır yerli zədələnmələr kimyəvi maddələrin təsiri nəticəsində olur ki, bu da korroziv qastrit adlanır: "Endogen yolla selikli qişanın iltihabı prossesi hematogen zədələnmələr nəticəsində olur. Bəzən ekzogen və endogen mexanizmlər qarışıq olur. Məsələn, infeksion xəstəlik fonunda dərman maddələrinin qəbulu. Xəstəlik zamanı ümumi narahatlıq, iştahsızlıq, ürəkbulanma, süstlük müşahidə edilir. Göbək nahiyəsində və epiqastral nahiyədə sızıldayıcı ağrılar olur. Təkrari qusuntu kütləsinin tərkibində selik və qan, öd olur. Qusma yüngüllük gətirir. Kəskin allergik qastrit allergik simptomlarla təzahür edir. Səpki, ödem, respirator təzahürlərlə biruzə verir. Ən ağır gedişə malik olan korrozio qastritdir. Bu zaman yalnız mədəyə aid simptomlar olur. Ağızda ağrılar olur, ağrılar dartıcı xarakter daşıyır, qusma zamanı qan gəlir. Ümumi əlamətlərdən taxikardiya, arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. Endogen qastrit zamanı ümumi intoksikasiya fonunda ürəkbulanma, qusma olur".  

Ağrını azaldan spazmolitiklər 

Qastroenteroloq bildirib ki, xəstəlik simptomatik xarakter daşıyır. Əvvəlcə 2-3 stəkan ilıq su içirtməklə xəstə qusdurulur. Kimyəvi və toksikoinfeksiya zamanı mədə və yoğun bağırsaq təmiz ilıq su ilə təmizlənir. Xəstəliyin ilk günündə su-çay dietası, tez hal olan qida verilir. Tədricən xəstəyə sup, duru kaşa, kisel, meyvə jelesi, ağ unun suxarısı verilir. Ağrını azaltmaq üçün spazmolitiklər təyin edilir. Xəstəyə, həmçinin, antasidlər və adrorbentlər də verilir: "Kəskin toksiko infeksiyalar zamanı xəstəyə antibiotiklər təyin olunur.  Xəstəliyin ağır gedişi zamanı su-duz mübadiləsini bərpa etmək üçün qlükoza, fizioloji məhlul, kalium təyin edilir". 

Xroniki qastritin iki asas klinik variantı mövcuddur 

Həkim-qastroenteroloqun dediyinə görə,  əhali arasında geniş yayılan xroniki qastrit isə əsasən ekzogen və endogen mənşəli olur. Xəstəliyi yaradan əsas səbəblər qidalanmanın requlyar olmaması, qida rasionunda zülalların və vitaminlərin çatışmaması, qidanın quru olması, kofe və alkoqoldan həddən artıq istifadə. Psixoemosional faktorlar və vegetativ disfunksiya da xəstəliyin yaranmasına səbəb olan amillərdəndir. Endogen qastrit başqa orqanizmlərin xəstəliyi fonunda meydana çıxır. Əsasən şəkərli diabet böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı, xroniki böyrək çatışmazlığı zamanı inkişaf edir. Bu xəstəliklər zamanı metobolizmin pozulması ilə əlaqədar olaraq mədənin selikli qişasında müəyyən dəyişikliklər olur: "Xroniki qastritin iki asas klinik variantı mövcuddur. Bunlar xorayabənzər və qastritəbənzər forma. Xorayabənzər formada klinik simptomlar xora xəstəliyinə oxşayır. Xəstə müxtəlif intensivlikli sızıldayıcı ağrılardan şikayətlənir. Ağrılar acqarnına və ya qida qəbulundan 1,5-2 saat sonra başlayır, əsasən gecələr olur. Ağrıların əsas xarakter xüsusiyyəti qida qəbulundan sonra yavaşıması və ya itməsidir. Xəstədə qıcqırma, turş xarakterli gəyirmə, qusma az hallarda olur və yüngüllük gətirir. Ümumi simptomlardan tez yorulma, baş ağrısı, emosionallıq, tərləmə, kürək nahiyyəsində ağrılar. Qastritəbənzər forma zamanı epiqastral nahiyədə, qida qəbulundan sonra isə göbək nahiyəsində ağrılar olur. Xəstə ağırlıq hissindən, epiqastral nahiyyənin dolmasından və iştahanın aşağı düşməsindən şikayətlənir. Gəyirmə, ürəkbulanma, qusma olur. Xəstəliyə diaqnoz aparılan analiz, klinik və endoskopik müayinəyə, rentgenoloji müayinəyə əsasən qoyulur". 

Siqaret, spirtli içki, turş, acı qidalardan istifadə etmək olmaz 

L.Əliyeva vurğulayıb ki, xroniki qastritdən əziyyət çəkən xəstələrin müalicəsi kompleks şəkildə aparılır. İlk öncə xəstəliyi yaradan səbəb müəyyən edilərək aradan qaldırılır. Xəstəyə pəhriz təyin olunur, siqaret, spirtli içki, turş, acı və mədəni qıcıqlandıran qidalardan istifadə etmək qadağan edilir: "Xroniki qastriti yaradan Helicobacter pylori (HP) bakteriyasıdır. Bu virus ağız  yoluyla  orqanizmə daxil olaraq mədədə yerləşir. Spiral şəkilli bu bakteriya mədədə qastrit adlandırılan iltihaba səbəb olur. Mədə mikozasının altında yerləşdiyi üçün virus mədə şirəsinin təsirindən qorunur. Bakteriya ifraz etdiyi toksiki maddə ilə mədə divarını zədələyir. Xəstəlik endoskopik müayinə, qan, nəcis analizi zamanı aşkarlanır. Bakteriyanın təmizlənməsi üçün xəstəyə xüsusi dərman preparatlarından ibarət müalicə kursu təyin olunur.     

Bu müalicə 80-85 faiz müsbət nəticə verir".

S.QARAYEVA

 





22.05.2019    çap et  çap et