525.Az

“Qadın seçicilər öz namizədlərini müəyyənləşdiriblər”


 

“Qadın seçicilər öz namizədlərini müəyyənləşdiriblər”<b style="color:red"></b>

AYNUR CAMALQIZI: “GÖRÜŞDÜYÜMÜZ QADINLAR PREZİDENT İLHAM ƏLİYEVİN İŞİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR VƏ ONA SƏS VERƏCƏKLƏRİNİ AÇIQ İFADƏ EDİRLƏR” 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Qadınlar və Seçkilər” koalisiyasının həyata keçirdiyi “Prezident seçkilərində qadın seçicilərin aktivliyinin artırılması” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda koalisiyanın üzvlərinin Azərbaycanın 10 rayonunda-Şamaxı, Quba, Qusar, Ağsu, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Xızı və Qobustan, eləcə də Bakının Səbail və Yasamal rayonlarında yerli qadınların iştirakı ilə keçirtdikləri görüşlərin nəticələrindən bəhs edilib.

Bildirilib ki, görüşlərdə ölkənin tanınmış elm adamları və ictimai xadimlər – professor Məhərrəm Qasımlı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, professor Alxan Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü, professor Rəna Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili, fəlsəfə doktoru Naibə Rzayeva, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, gender məsələləri üzrə araşdırmaçı Fainə Hənifəyeva, respublikanın xalq və əməkdar artistləri Nəzakət Teymurova, Gülüstan Əliyeva, Elza Seyidcahan, Ağalar Bayramov da iştirak ediblər.

Koalisiyanın rəhbəri, Qadın Konsensus Mərkəzinin sədri Aynur Camalqızı bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin qadınların seçkiyə münasibətini, ölkədə gedən ictimai-siyasi proseslərə münasibətini öyrənmək olduğunu bildirib. O, belə deyib: “Hər görüşdə 250-300 nəfərin iştirakı ilə maraqlı konfrans keçirdik. Görüşlərdə sənət və elm adamlarının iştirakı, seçici aktivliyinin artırılmasında xüsusən çox önəmlidir. Bu görüşlərdə bir daha aydın oldu ki, 9 oktyabr seçkisində qadınlarımız seçici hüquqlarından aktiv şəkildə istifadə edəcək və səsverməyə gedəcəklər. Azərbaycan qadını çox müdrikdir, ölkəsinin taleyi ilə maraqlanır, seçki prosesini izləyirlər. Keçirdiyimiz görüşlərdə qadınların prezidentliyə iddialı olan şəxslərlə bağlı fikirlərini də öyrəndik, necə ağıllı seçim edə bilmələrinin şahidi olduq. Onlar artıq namizədlərini müəyyənləşdiriblər. Görüşlərimizdə təkcə ali təhsilli qadınlar yox, müxtəlif sosial qruplar, eyni zamanda evdar qadınlar da iştirak edirdi. Həmin qadınların seçki ilə bağlı bu qədər məlumatlı olmaları bizi çox sevindirirdi. Keçirilən görüşlər qeyri-rəsmi ictimai rəy rolunu oynadı, 9 oktyabr seçkilərinin nəticələri koalisiyaya bəllidir. Görüşdüyümüz qadınların Prezident İlham Əliyevin işini yüksək dəyərləndirdiklərini, regionlarda aparılan quruculuq işlərini qiymətləndirdiklərini gördük, bu işlər onların daim diqqətindədir, açıq şəkildə seçkidə kimə dəstək olacaqlarını ifadə edirlər. Seçicilərin yarısı qadındır və bu da seçkilərin taleyinə qadınların da həll edə biləcəyini göstərir. ABŞ-ın sonuncu prezident seçkilərində qadınların 56 faizi Barak Obamanı dəstəkləmişdi. Mətbuat da o zaman yazmışdı ki, Obamanı qadınlar seçdi. İnanıram ki, 9 oktyabr seçkilərindən sonra İlham Əliyevi qadınlar seçdi deyə biləcəyik”.

Tədbirdə çıxış edən Gülüstan Əliyeva keçirdikləri görüşlərdə qadınlarımızın ictimai hadisələrə heç də biganə olmadıqlarını müşahidə etdiyini deyib. Görüşlərdə iştirak edən qadınların artıq seçimlərini etdiklərini deyən G.Əliyeva bu səfərlərin qadınların seçkiyə marağının artırılmasında böyük rol oynadığını qeyd edib: “Onlar ölkənin gələcəyinə, inkişafına güc verən İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada inkişaf müşahidə edilməsin. Bu görüşlərdə qadınların ölkə, cəmiyyət üçün nə qədər dəyərli olduqlarını hiss etdirməyə çalışdıq”.

“Sahibkar Qadınlar” İctimai Birliyi sədri Zemfira Ağayeva isə deyib ki, görüşlərin məqsədi qadınları maarifləndirmək olsa da, onların əksəriyyətinin seçkilər barədə nə qədər məlumatlı olduqlarını müşahidə ediblər. O bildirib ki, bölgələrdə savadlı, dünyagörüşlü qadınların olması bizi çox sevindirdi: “Qadınlar bu cür görüşlərin tez-tez keçirilməsini istədilər. Seçkilərdən də sonra da bu cür görüşlər keçirməyi planlaşdırırıq”.

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynlinin sözlərinə görə, qadınların seçkilərdə iştirakı həmişə aktual olub, nəticələrin hər dəfə necə dəyişdiyini müşahidə edirik. Qərb regionunda görüşlərdə olduqlarını deyən V.Hüseynzadə görüşlərdə gənclərin seçkilərdə aktiv iştirak etmək istəyini müşahidə etdiklərini bildirib. Onun fikrincə, regionlarda da gənclərimizin bu qədər aktiv olması müsbət haldır. O, gənc qadınlar bu siyasi kursun davamını istədikləri üçün, Prezident İlham Əliyevə səs vermək istədiklərini söyləyib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bu il başlanandan vətəndaşların seçkidə iştirakı ilə bağlı fəallıq müşahidə olunduğunu qeyd edib: “Keçirilən layihələr hansı namizədə səs verməsindən asılı olmayaraq, vətəndaşların seçkidə öz payını töhvəsini verməsi stimullaşdırır. Bizi sevindirən başqa bir məqam isə, gəncliyimizin növbəti 5 ildə kimi seçdiyi, etimad etdiyi namizədi müəyyənləşdirməsidir. Çünki həmin şəxs hər gün xalqla bərabərdir, hər gün onlara hesabat verir. Prezident İlham Əliyevin təkcə, ölkənin sosial-iqtisadi yox, eyni zamanda gənclər siyasətində verdiyi töhvələr göz qabağındadır. Buna görə də, gənclərimiz artır prezidentlərini seçiblər”.

“Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində “Qadınlar və seçkilər” mövzusunda bülletenlər hazırlanıb və regionlarda yaşayan qadın seçicilərə paylanıb.

Qeyd edək ki, “Qadın və Seçkilər”koalisiyası prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb və özündə 5 qadın təşkilatı- “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi, “Sahibkar Qadınlar” İctimai Birliyi, “Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi, “Regional Gender Mərkəzi” İctimai Birliyi və “İnkişaf” Sosial-İqtisadi Araşdırmalar Mərkəzini birləşdirir.

AQİL

 





01.10.2013    çap et  çap et