525.Az

Dövlət Uşaq Filarmoniyasının təmirdən sonra açılışı oldu


 

Dövlət Uşaq Filarmoniyasının təmirdən sonra açılışı oldu <b style="color:red"></b>

Mayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub.

Açılışda iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Uşaq Filarmoniyasının fəaliyyəti haqqında danışıb.

Uşaq Filarmoniyasının açılışının ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirən nazir təəssüratlarını bölüşərək deyib: "Nəhayət uzun illərdən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışını edirik. Azərbaycan Dövlət Filarmoniyası 1991-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın müxtəlif mədəniyyət kollektivində çalışan adlı sanlı sənətkarların bir çoxu bu mədəniyyət ocağının yetirməsidir. Dövlət Uşaq Filarmoniyası bizim təhsil sisteminin ayrılmaz bir hissəsidir. Burada təhsil alan uşaqlar bir neçə istiqamət üzrə özlərini formalaşdırıb inkişaf etdirirlər. Hazırda burada 500-dək uşaq təhsil alır. Bu ocaqda həm rəqs, həm rəssamlıq, həm də digər sənət növləri tədris edilir. Dövlət Uşaq Filarmoniyasında iki məşhur orkestr - Uşaq Simfonik Orkestri və Uşaq Xalq çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Düşünürəm ki, burada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə bu işin gerçəkləşməsində bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm".

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva çıxış edərək rəhbəri olduğu qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub, saxlamaq Filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir.

İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir.

D.Əliyeva göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə rəhbəri olduğu qurumun kollektivi adınadan təşəkkür edib.

Tədbir konsert proqramı ilə davam edib.

 





22.05.2019    çap et  çap et