525.Az

Gənc Ədiblərin yeni layihəsi baş tutdu - Fotolar


 

Gənc Ədiblərin yeni layihəsi baş tutdu - <b style="color:red">Fotolar </b>

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən "Kitab qurdu" Klubu və Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki Gənc Ədiblər Məktəbinin birgə təşkilatçılığı "Oxu, danış və qazan" layihəsi reallaşıb.

Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan layihədə 40-dan çox gənc iştirak edib. Tədbir çərçivəsində iştirakçılar iki dəqiqə ərzində özləri seçdikləri bədii əsər haqqında danışıb, bir dəqiqəyə isə "biz niyə kitab oxumalıyıq?" sualına cavab veriblər. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs münsif qismində iştirak edərək çıxışları qiymətləndiriblər. Yekun nəticələrə görə, Rəhman Mirzəlizadə, Kənan Novruzov, Kənan İsmayıl, Ulucay Akif və Nərminə Nəcəfova ilk beşliyə düşüblər. Onlar yerli və xarici yazarların kitabları ilə mükafatlandırılıblar. Həmçinin, qaliblərə AYB-nin sədri, Xalq yazıçısı Anarın və AYB-nin katibi, Xalq şairi Fikrət Qocanın imzalı kitabları da hədiyyə edilib.

Qeyd edək ki, layihənin ideya müəllifi, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Ümid Oruc bu tədbirin hər ay Azərbaycan Yazıçılar Birliyində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Şahanə MÜŞFİQ

 





22.05.2019    çap et  çap et