525.Az

"Yaşamağım az olar bu sevginin ömrünə..." - Nuranə Təbrizin şeirləri


 

"Yaşamağım az olar bu sevginin ömrünə..." - <b style="color:red">Nuranə Təbrizin şeirləri </b>

Darıxmaqla baş etməyən adamların yanında,
Darıxmağa şükr edirəm, bundan betər ağrım var.
Xaricimdə baharıma qar tökülür şaxtadır,
Daxilimdə alov almış, külə dönmüş bağrım var.

Qələm aciz, tənhalığın görnüşünü yazmağa,
Sükutumun qulaq deşən cingiltili səsi sən!
Heç üzülmə yoxam deyə, möhkəm sarıl inada,
Bu sevginin tərslik adlı canda son nəfəsisən!

Daş bildiyin ürəyimlə bacarmazsan bilirəm,
Çəkisi çox ağır gələr, qaytar özüm götürüm.
Uduzduğum oyunumdur həyat adlı bu yarış,
Çox uzatmaq lazım deyil, gərək bu gün bitirim...

***

Ürəyimi özümdən tez göndərdim bu dünyadan,
Ölü üçün ölüm yoxdur, sən özünə yaxşı bax.
Mən gedəcəm ürəyimin arxasıyca bu gecə,
Heç nigaran qalma nədə, qarşıma kim çıxacaq...?

Deyirəm ki nə bədbəxtdir, haqqı gözdən düşən kəs!
Əyrilərin qarşısında, düzü yerə çırpılan...!
Taleyimdən asılmışam qopha-qopdur kəndirim,
Bir boşluğa düşmüşəm ki, üzü yerə çırpılan...

İnsanların dəryalardan sevinc çıxaran çağı,
Mən mamırlı kədərlərə qarmağımı keçirdim.
Daş-kəsəkli bir qayadır tutmuşam həyatımdan,
Zaman-zaman sürüşdükcə, dırnağımı keçirdim

Nə ümidin səbri qalıb, nə arzumun səbri var,
Məsləhəti kimlər verdi, bəs bizə gözləməyi?...
Ya gülməli, ya doğurdan dəhşətli görüntüdür,
Bəxti dönük çıxanların, möcüzə gözləməyi...

***

Üzüm çoxdan bəridir, belə gizli gülməyir...
Nə şirin duyğu imiş, sevginin həyəcanı.
Qorxularımdan qaçıb vəfasına sığındım
Ruhuma ölüm yoxdur, qoruyanım var canı.

Bu gecə bir başqadır, gözəl görünür həyat
Bir saatlıq vüsalın əbədi müjdəçisi...
Sanki serenadadır pəncərəmdən o yanda,
Sevmədiyim küləyin vahiməli nəğməsi.

Arzular da utanmır daha məni görəndə,
Bir arzumun içində, min reala çatmışam...
Həyat gözəl deyənlər, həyat beləmi olur?...
Ayrılıqlar içində bir vüsala çatmışam.

Daha əcəldən qaçıb yaşamaq istəyirəm
Yaşamağım az olar bu sevginin ömrünə...
Mən ömrümü sevginlə daşımaq istəyirəm,
Bu günədək çəkdiyim zülümlərin yerinə.

***

Bax yenə qısılmışam təkliyin soyuğuna,
Get gəlişli ümidlər, qanımı isitməyir.
Nə var kimi varımdır, nə yox kimi yox olur,
Var olan yoxluqlarım canımı isitməyir.

Arzularım qor edib, dilim yanır ağzımda
Yaxın məsafələrə uzaq dayanmaq varmış...
Qismətə bax, qalxanlar yuxu yatmaq istəyir,
Oyaqların bəxtində bir də oyanmaq varmış...

Sən onu günəş bilib işığına qaçanda,
O zülmətdən ayrılan qaranlıq kölgə imiş...
"Güvən" deyə zənn edib ruhuna sarıldığın...
Qərarları dolaşıq, sevgisi "bəlkə" imiş.

Yadlaşmısan hər kəsə ona doğma olandan
Güzgüdəki üzün də özünə tanış gəlmir.
Eh nə qədər olar ki, danlamaq öz özünü,
Lap ona minnətini Allaha danış, gəlmir.

Yazıq gələsi bəndə, sən nə qədər acizsən?..
Yalanların uğrunda özünü aldadırsan.
Ürəyin susqun baxır, hisslərin dediyinə,
Qırıq duyğularınla, gözünü aldadırsan.

O geriyə çəkilər, sən ona yol getdikcə...
Heç cürə qısalmayar arada məsafələr.
Çox özündən çıxırsan eşqinin sorağıyla,
Toparlan özünə dön, gəlmək istəyən gələr!

 





22.05.2019    çap et  çap et