525.Az

Şəkillənən xatirələr, yaxud başı qarlı uca dağ: Xalq yazıçısı Hüseyn İbrahimov


 

Şəkillənən xatirələr, yaxud başı qarlı uca dağ: <b style="color:red">Xalq yazıçısı Hüseyn İbrahimov </b>

İki mininci illərdə ədəbi mühitə təzə-təzə qədəm qoyduğum vaxtlar xalq yazıçısı Hüseyn İbrahimovun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri olduğu dövrə təsadüf etmişdi.

İstedadlı gənc şair dostum, mərhum İlqar Qulusoy (o vaxt İlqar Qulubəyli imzası ilə çıxış edirdi) ilə birlikdə Birliyin İslam Səfərli küçəsindəki 2 mərtəbəli binasının ikinci mərtəbəsinin sol başındakı idarəsinə tez-tez üz tutardıq. Əvvəla ona görə ki, İlqarın uzaqdan-uzağa Hüseyn müəllimlə qohumluğu çatırdı. Mənə isə Hüseyn İbrahimovu özündən eşitdiyim bir fakt daha da doğmalaşdırmışdı. Dəfələrlə Hüseyn müəllimin yanında olduğumuz zamanların birində mənim də hardan olduğumu soruşmuşdu və Şərur rayonunun (o vaxt hələ Kəngərli rayonu yaradılmamışdı) Yurdçu kəndindən olduğumu biləndə mənə xüsusi bir nəvazişlə və bir az da zarafatla ürək qızdırmışdı. O fakt da ondan ibarət idi ki, Hüseyn müəllimin anası Yurdçu kəndindən idi. Hər dəfə görüşəndə zarafata salıb deyərdi ki, atam sizin kəndə gəlib və bir toyda xoşuna gələn Səkinə adlı qızı mağarın ortasından götürərək öz atının tərkinə atıb qaçırıb. Və bunu deyəndə baxışları uzaqlara zillənərdi. Bu cür zarafat etsə də, Yurdçu kəndi haqqında ağızdolusu danışardı, uşaqlıq illərində bizim kəndə gedib gəlməklərindən söz açardı. Hətta bu məqamda onu da deyim ki, Hüseyn müəllimin anasının kəndinə olan hörməti ən çox sevilən "Əsrin onda biri" romanında da öz əksini tapıb. Belə ki, həmin romanda Əcəmi Naxçıvaninin Möminə Xatın türbəsinin tikintisi üçün istifadə etdiyi yumurta sarısını Yurdçu kəndindən gətirdiyi vurğulanır. Təbii ki, bu müəllif təxəyyülü idi. Buna baxmayaraq bu gün yurdçuluların bir çoxu bədii əsərdən doğan bu məqamı özləri üçün bir qürur faktı kimi tez-tez təkrar edir, Möminə Xatun türbəsini ziyarət edəndə, görəndə bu tarixi abidənin tikintisində Yurdçu kəndinin də rol aldığını fəxrlə dilə gətirirlər.

1919-cu ilin may ayının 23-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Hüseyn İbrahimov ucaboy, enlikürək, xasiyyətcə tündməcaz biri olsa da, biz gənclərə qarşı, ümumiyyətlə, istedadlı yazarlara qarşı bir o qədər həlim, mülayim və canyandıran idi. Bunu yuxarıda adını qeyd etdiyim şair dostum İlqarın ilk şeirlər kitabına yazdığı ön sözdə də görmək mümkündür. Dəfələrlə ondan balaca olan istedadlı bir gəncə qarşı bu həssaslığını, nəinki İlqar, eyni yaşda olan biz gənclər də dəfələrlə müşahidə etmişik. Onu da deyim ki, Hüseyn müəllim İlqarla məni həmişə dəyişik salırdı. Mənə İlqar deyərdi, İlqara Elxan.

2004-cü ilin may ayı idi və mən bir zamanlar Hüseyn İbrahimovun da baş redaktorluq etdiyi "Şərq qapısı" qəzetində müxbir idim. Hüseyn müəllimin 85 illik yubileyi keçirilirdi. Naxçıvan Yazıçılar Birliyində keçirilən həmin tədbirdən reportaj hazırlamaq mənə tapşırılmışdı. Professor Yavuz Axundlu, gənc ədəbiyyatşünas Hüseyn Həşimli, şairlərdən Elman Həbib, Vaqif Məmmədov, Asim Yadigar, Xanəli Kərimli, Hüseyn Bağıroğlu, Allahverdi Aqil, Mətanət Hüseynxanqızı və digərlərinin iştirak etdiyi, ürək sözlərini bildirdiyi, rəsmi hissədən (əslində, elə rəsmi hissə də bədii hissə şəklində keçmişdi) sonrakı çay süfrəsi arxasındakı bədii hissədə məclisin lap aşağısında oturmuş mən də Hüseyn müəllim haqqında bir-iki kəlimə demək cəsarətini göstərmişdim. O vaxtlar qəzet müxbirləri getdikləri tədbirlərdə həm də fotomüxbir funksiyasını yerinə yetirirdilər. Tədbir boyu onlarla fotonu tarixin yaddaşına çevirsəm də, yaşca məndən böyük olan heç kimdən mənim də bir Hüseyn müəllimlə şəklimi çəkməsini xahiş etməyə utanmışdım. Amma həmin tədbirdən bir neçə gün sonra yenə İlqarla Hüseyn müəllimin yanına getmişdik. Redaksiyanın o zamankı digital fotoaparatını da götürmüşdüm ki, Hüseyn müəllimlə xatirə şəkli çəkdirək. Amma Hüseyn müəllimin yuxarıda qeyd etdiyim tüdməcaz xasiyyəti bu arzumuzu gözümüzdə qoymuşdu. Belə ki, "sizinlə xatirə şəkli çəkmək istəyirik", - deyəndə, "siz deyəsən, mənim dünyadan tez gedəcəyimi düşünüb mənlə şəkil çəkdirmək istəyirsiniz, ona görə də olmaz. 90 yaşımda gələrsiz çəkdirərik", - deyərək bizi bir az məyus şəkildə yola salmışdı. O zamandan sonra Hüseyn müəllimlə təəssüf ki, heç bir tədbirdə qarşılaşmasaq da, 90 yaşını səbirsizliklə gözləyirdik. Təəssüf ki, o, ömrünün 89-cu baharında, 2008-ci ilin aprel ayının 10-da əbədiyyətə qovuşdu və bu böyük ürəkli səmimi insanla xatirə şəklimiz olmadı.

Hüseyn müəllim mərkəzdən kənarda, əyalətdə yaşayıb-yaradaraq Xalq yazıçısı titulunu alan yeganə söz adamı idi. Regionda yazıb-yaratması onun bəşəri ideallarına, milli-mənəvi dəyərləri geniş miqyasda təbliğ edən əsərlərinin sevilməsinə mane olmadı. Xalq yazıçısı Süleyman Rəhimovun onun haqqında söylədiyi "Hüseyn İbrahimovun yaradıcılığı "məhəlli ölçü" istəmir. O, bütöv Azərbaycan yazıçısıdır" sözləri də fikrimizi təsdiq edir.

Yuxarıda qeyd etdiyim kimi, onun 85 illiyi ilə bağlı hazırladığım reportajda vurğuladığım bir məqamı eyni ilə bura köçürmək istəyirəm: "Naxçıvan Muxtar Respublikasında yeganə "Xalq yazıçısı" tituluna sahib, sinəsində "Şöhrət" ordeni daşıyan Hüseyn müəllim torpağına, ana yurduna bağlı vətəndaş yazıçıdır. Çoxlarından fərqli olaraq tanınıb şöhrətlənəndən sonra tərk etməyib bu yurdu, paytaxta üz tutmayıb. Əyalətdə də gözəl əsərlər yaratmağın, xalq yazıçısı kimi tanınmağın mümkünlüyünü göstərib. Həm də elə əsərlər yaradıb ki, ürəklərdə daim yaşamasına bəs edər".

Əvvəllər "Şərq qapısı" qəzetində redaktor, Naxçıvan Radio Verilişləri Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri işləyən Hüseyn İbrahimov 1980-2007-ci ilədək Yazıçılar Birliyinin Naxçıvan şöbəsinə rəhbərlik edib. Onunla işləyən insanların hər biri ilə söhbətdə işinə vicdanla yanaşan, məsuliyyətli, tələbkar və eyni zamanda, kollektiv tərəfindən sevilən bir şəxs olduğunu ürək açıqlığı ilə söyləyirlər.

Bəs onu bu qədər sevdirən nə idi? Təbii ki, ilk növbədə yaradıcı şəxsiyyəti. Qələm adamı, söz adamı olması Hüseyn müəllimi humanist və milli ideallar uğrunda mübarizə aparan nurlu bir insana çevirmişdi. 

Ötən əsrin ortalarından başlayaraq Naxçıvanda ədəbi mühitin formalaşmasında, onun respublika miqyasında tanınmasında da Hüseyn İbrahimovun az əməyi olmayıb. Bu gün Naxçıvanda yazıb-yaradan bir çox nəsillərin - şair, yazıçı, publisist və tənqidçinin Azərbaycan miqyasında tanınmasında onun ağsaqqal qayğısı danılmazdır. Neçə-neçə şairə, yazıçıya öz ağsaqqal tövsiyəsini verib, ədəbi mühitdə ilk addımlarını atanların qolundan tutub, həmişə çətin gündə, dar ayaqda olanlarla birlikdə olub, yol göstəribdir.

Görüşləri zamanı həmişə bildirirdi ki, ədəbi yaradıcılığa çoxları kimi o da şeirlə başlayıb. İlk mətbu əsəri hələ 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə nəşr olunan "O, düşməndə qoymadı anasının qanını" adlı şeiri idi. Daha sonra nəsrin geniş imkanlarında öz sözünü deməyə başlayıb. "Göyərçinin məhəbbəti", "Səhv edəndə", "Quşlar öləndə oxuyurlar", "Kamalın ad günü", "Göyərçinlər uzağa uçmurlar" adlı povestləri də oxucular tərəfindən rəğbətlə qarşılanıb. "Torpağın övladları", "İtirilən sağlıq" pyesləri Naxçıvan teatrında səhnə təcəssümünü tapıb. Əcəmi Əbubəkir oğlu Naxçıvaniyə həsr etdiyi "Əsrin onda biri", dahi Hüseyn Cavid haqqında qələmə alınmış ilk roman olaraq ədəbiyyat tariximizə keçmiş "Böhtan", həmçinin, "Sabahın sorağında", "Bahar yağışı", "Günəş doğan yerdə" adlı  əsərləri Azərbaycan romanları içərisində öz layiqli yerini tutub.  "Əsrin onda biri" romanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə 25 min tirajla nəşr olunub. Yeri gəlmişkən həmin kitaba "Şəxsiyyətin və sənətin zirvəsi" adlı ön söz yazmış akademik İsa Həbibbəylinin bu fikirlərini xatırlatmaq istərdim: "Xalq yazıçısı Hüseyn İbrahimov Azərbaycan yazıçılarının ağsaqqal nəslinə mənsub olan görkəmli sənətkardır. Yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə o, ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdır. Maraqlı hekayələri, povestləri, romanları ilə o, Azərbaycan ədəbiyyatına sanballı töhfələr vermişdir".

Hüseyn İbrahimovun yazıçı şəxsiyyəti dövlətimiz təərfindən də dəfələrlə qiymətləndirilmişdir. Hələ 75 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Hüseyn İbrahimova ünvanladığı təbrik məktubunda deyirdi: "Qırx illik yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, ziylı mövqeyiniz Sizə hörmət gətirmişdir".

Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə 1994-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 1998-ci ildə isə "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.

Bu cür şəxsiyyətin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı "Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında" 13 may 2019-cu il tarixli Sərəncamı da xalq yazıçısına ehtiramın daha bir nümunəsidir. Həmin sərəncamda qeyd olunduğu kimi, "Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır".

100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman, bir sıra sənədli oçerklərin, saysız qədər publisistik məqalənin müəllifi olan, əsərləri ondan çox dilə tərcümə olunan, haqqında Mətanət Saraclı tərəfindən "Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı" adlı monoqrafiya - tədqiqat əsəri yazılan Hüseyn İbrahimovun ədəbi irsi xalqımız tərəfindən həmişə sevilərək oxunacaqdır. Bundan əlavə, Hüseyn İbrahimovun türkiyəli yazıçı Əziz Nesindən, suriyalı yazıçı Murad Sibaidən, özbək yazıçısı Abdullah Rəhhardan, misir yazıçısı Şixata Ubeyddən dilimizə çevirdiyi hekayələr öz bədii sənətkarlıq cəhəti ilə də diqqəti cəlb edir.

Hüseyn İbrahimov kimi böyük yazıçını şəxsən gördüyüm, ondan dəfələrlə yaradıcılıq məsləhətləri aldığım üçün bu yazını xalq yazıçısının 100 illik yubileyi günlərində həm də bir mənəvi borc kimi qələmə almaq ehtiyacı hiss etdim. Bu günün oxucuları isə onun hekayələrini, romanlarını və digər əsərlərini oxumaqla xalq yazıçısı Mirzə İbrahimovun dediklərinin də şahid olacaqlar: "Hüseyn İbrahimovun gözəl, mənalı, xalqımız üçün, ədəbiyyatımız üçün çox faydalı olan yaradıcılığı adama xoş gəlir. Yaxşını pisdən, xeyiri şərdən, təmizi çirkabdan, düzü əyridən seçməkdə oxucuya kömək edir. Böyük qayədir!.. Humanist ədəbiyyatın qədim zamandan bu günə kimi ən müqəddəs qayəsidir... Müəllifin əsərləri də bu uca amala xidmət edir".   

Yazımın son cümləsini yazıb nöqtəni qoymaq istəyirəm. Xəyalımda arxaya daranmış ağsaçlı, asta yerişli, ucaboy və nəhəng bir yazıçı portreti canlanır. Sonuncu iş yerindəki skamyasında əlində qələm (eynən Naxçıvan şəhər qəbiristanlığındakı məzarı başındakı büstü kimi) yazısından ayrılıb qapıya boylanır və adlarını həmişə dəyişik saldığı iki gənc şairə başı qarlı uca dağdan əsən səmimi rüzgar kimi ənənəvi müraciətini edir:

- Gəlin, ay şair kəndçilərim. Hərəniz bir tərəfimdə dayanın, bir xatirə şəkli çəkdirək...

Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist

 





22.05.2019    çap et  çap et